Məhkəmə qərarları › İş №2-1(105)-20/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-20/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-20/2023 14.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(118)- 490/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının 2-ci dərəcəli əlillilyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdən etibarən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən olunan etiologiyasından asılı olmayaraq aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması meyarına əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əsası ilə ikinci dərəcə əlillik qrupuna daxil edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixdən etibarən xx.xx.2021-ci il tarixədək maneəsiz ikinci dərəcə əlilliyə malik şəxslər üçün nəzərdə tutulan müavinəti almışdır. Lakin sözügedən tarixdən ona heç bir səbəb və əsas göstərilmədən müavinətin verilməsi dayandırılmışdır. Bununla bağlı dəfələrlə tərəfindən müraciət olunmasına baxmayaraq ona heç bir cavab verilməmişdir. Sonuncu dəfə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və nazirliyin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə ərizə göndərilmiş, lakin 3 aydan çox müddət keçməsinə baxmayaraq yenə də heç bir cavab almamışdır.

4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinka şöbəsinin xx.xx.2016cı il tarixli 0530003AAC6Z göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20- M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Sağ qamış sümüyü köhnə bitişmiş sınığı. Sağ qamış sümüyü odlu silah yaralanmasından sonrakı xr.osteomieliti, remissiya fazasında, Oynaqların kontrakturası-Sağ diz oynağının postravmatik artrozu və kontrakturası, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80- G80.9) səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinka şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAF1G saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ qamış sümüyü yuxarı 1/3nin köhnə bitişmiş sınığı və yad cismi.(qəlpə) Sağ baldırın, sol budun orta 1/3 nin odlu silah yaralanmasından sonrakı çapıqları. Ağırlaşma M86.6 Digər xroniki osteomielit, Sağ qamış sümüyünün postravmatik xroniki osteomieliti, remissiya fazası. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ diz oynağının hərəkət məhdudluğu, artrozu, ağrı sindomu ilə, funksiyanın pozulması ilə. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya. İİ mər; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması, Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

5. Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(118)-490/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim Vəfa Əzizova)

6. Qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçıya verilmiş Forma 88 arayışına əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Nəticədə iddia qismən təmin edilmiş, İddiaçı 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Agentliyin üzərinə qoyulmuşdur. İddiaçının əlillik vəziyyətinin sonuncu dəfə Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAF1G saylı göndərişi əsasında qiymətləndirilməsi həyata keçirilmiş və tam reabilitasiya olması müəyyən edilmişdir. Qeyd edilən səbəbə görə iddiaçıya əlillik dərəcəsi verilməkdən haqlı olaraq imtina edilmişdir. Halbuki, məhkəmə qərar qəbul edərkən qanunvericiliyin tələblərinə məhəl qoymadan sadəcə formal mülahizələrə istinad etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 2.5-ci bəndinə göndərişlər görə həmin qaydaların 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

11. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun:

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə:

2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə:

4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası

1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; (-). 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia təmin edilməməlidir.

19. İş materiallarında olan Y.Məmmədkərimovun adına Sumqayıt şəhər X4 xəstəxanası tərəfindən tərtib edilmiş ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, o, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə “sol qamış sümüyünün köhnə bitişmiş sınığı, və yad cismi (qəlpə) yarası sonra deformasiyası” diaqnozu ilə müalicə edilmişdir.

20. Y.Məmmədkərimovun adına Sumqayıt şəhər X4 xəstəxanası tərtib edilmiş ambulator, stasionar xəstənin tibbi kartasından kitabından çıxarışdan görünür ki, o, xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə “sol qamış sümüyünün köhnə bitişmiş sınığı, və yad cismi (qəlpə) yarası sonra deformasiyası” diaqnozu ilə müalicə edilmişdir.

21. Y.Məmmədkərimovun adına Sumqayıt şəhər X4 xəstəxanası tərəfindən tərtib edilmiş xəstənin ambulator kitabından (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə “odlu silah yaralanmasından sonra sol bud və sağ baldır nahiyəsinin çoxsaylı çapıqları” diaqnozu ilə müalicə edilmişdir.

22. İddiaçının adına Sumqayıt şəhər X4 xəstəxanası tərəfindən tərtib edilmiş xəstənin ambulator kitabından (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə “odlu silah yaralanmasından sonra sol bud və sağ baldır nahiyəsinin çoxsaylı çapıqları” diaqnozu ilə müalicə edilmişdir.

23. Sumqayıt şəhər X4 xəstəxanası tərəfindən tərtib edilmiş xəstənin ambulator kitabından (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “odlu silah yaralanmasından sonra sol bud və sağ baldır nahiyəsinin çoxsaylı çapıqları” diaqnozu ilə müalicə edilmişdir.

24. TSEK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı həmin tarixdən ikinci dərəcəli əlillik verilmişdir və növbəti müayinənin tarixi xx.xx.2021-ci il göstərilmişdir.

25. xx.xx.2021-ci il tarixli müayinə zamanı isə (səh.30) iddiaçının tam reabilitasiyası barədə qərar qəbul edilmişdir və əlillik təyin edilməsindən imtina edilmişdir.

26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Məhkəmə qeyd edir ki, iddiaçıya verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinka şöbəsinin xx.xx.2016-cı il tarixli 0530003AAC6Z göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00- M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Sağ qamış sümüyü köhnə bitişmiş sınığı. Sağ qamış sümüyü odlu silah yaralanmasından sonrakı xr.osteomieliti, remissiya fazasında, Oynaqların kontrakturası- Sağ diz oynağının postravmatik artrozu və kontrakturası, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80- G80.9) səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinka şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAF1G saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ qamış sümüyü yuxarı 1/3-nin köhnə bitişmiş sınığı və yad cismi.(qəlpə) Sağ baldırın, sol budun orta 1/3nin odlu silah yaralanmasından sonrakı çapıqları. Ağırlaşma M86.6 Digər xroniki osteomielit, Sağ qamış sümüyünün postravmatik xroniki osteomieliti, remissiya fazası. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ diz oynağının hərəkət məhdudluğu, artrozu, ağrı sindomu ilə, funksiyanın pozulması ilə. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya. İİ mər; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması, Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir.

28. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin müvafiq dəlilləri ilə əlaqədar iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 həvalə edilmişdir.

29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin T362/2022 nömrəli rəyində qeyd olunmuşdur ki, Y.Ə.Məmmədkərimovun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Sumqayıt 4 saylı xəstəxananın poliklinika şöbəsində tərtib edilmiş 053 0003AAF1G saylı göndərişlə göndərilmiş 088 saylı arayışda qeyd edilən “Y36.4 hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ qamış sümüyünün yuxarı 1/3-nin köhnə bitişmiş sınığı və yad cismi (qəlpə) sağ baldırın, sol budun orta 1/3-nin odlu silah yaralanmasından sonrakı çapıqları” diaqnozu tam reabilitasiya olunduğundan əyani müayinə zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin maddələrini aid etmək mümkün olmamışdır.

30. Məhkəmə kollegiyası, iddiaçı tərəfin onun əyani müayinə olunmadığını, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsində xx.xx.2022-ci il tarixində olduğunu, rəyin isə xx.xx.2022-ci il tarixdə tərtib edildiyini mübahisələndirdiyini nəzərə alaraq, ekspertizanın eyni zamanda hazırkı iş üzrə cavabdehin tibbi sosial ekspertinin iştirakı ilə keçirildiyi müəyyən etdiyindən, həmçinin ekspert rəyində qərardadda qoyulan suallar tam cavablandırılmadığından iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsini cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin başqa ekspertlərinə tapşırmışdır.

31. Ekspertlər qarşısına aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı əlillik dərəcəsi təyin edilərkən onda olan xəstəliklər (Sağ qamış sümüyü köhnə bitişmiş sınığı. Sağ qamış sümüyü odlu silah yaralanmasından sonrakı xr.osteomieliti, remissiya fazasında. Oynaqların kontrakturası. Sağ diz oynağının postravmatik artrozu və kontrakturası.) hazırda müşahidə olunurmu?

2. İddiaçıda həmin xəstəlik mövcuddursa xəstəliyin müalicə alınmaqla reabilitasiyası mümkündürmü?

3. Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə ehtiyacı mövcuddurmu?

4. İddiaçı canlı müayinə olunmaqla, ona əlillik dərəcəsinin təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış 0530003AAF1G nömrəli Forma 88 göndərişində qeyd olunmuş xəstəliklər (əsas diaqnoz və ağırlaşmalar) müəyyən olunurmu?

32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin 938 nömrəli rəyində qeyd olunmuşdur ki, vətəndaş Y.Ə.Məmmədkərimovda hal-hazırda “Qamış sümüyünün yuxarı 1/3-də posttravmatik xarakterli sümük destruktiv dəyişikliyi, osteomielit sekvestrlərinin kölgəlikləri” müəyyən edildi. Sumqayıt 4 saylı xəstəxananın poliklinika şöbəsində tərtib edilmiş 0530003AAF1G saylı göndərişlə göndərilmiş 088 saylı arayışda qeyd edilən “Y36.4 hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ qamış sümüyünün yuxarı 1/3-nin köhnə bitişmiş sınığı və yad cismi (qəlpə) sağ baldırın, sol budun orta 1/3-nin odlu silah yaralanmasından sonrakı çapıqları” müəyyən edildi. Halhazırda onun diaqnozda göstərilənlərlə əlaqədar əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Belə ki, sümüklərdə olan sınıqlar bitişmiş, yara kanalının zədələnmiş yumşaq toxumaları isə sağalmışdır. Əlilliyin təyini məhkəmə-tibbi ekspertizanın deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci H tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibb-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

33. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunur ki, sümüklərdə olan sınıqlar bitişmiş, yara kanalının zədələnmiş yumşaq toxumaları isə sağalmışdır. İddiaçıya qoyulmuş diaqnoz - “Y36.4 hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ qamış sümüyünün yuxarı 1/3-nin köhnə bitişmiş sınığı və yad cismi (qəlpə) sağ baldırın, sol budun orta 1/3-nin odlu silah yaralanmasından sonrakı çapıqları” üzrə onun hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur.

34. Bundan başqa, göndərişdə qeyd edilən “Y36.4 hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ qamış sümüyünün yuxarı 1/3-nin köhnə bitişmiş sınığı və yad cismi (qəlpə) sağ baldırın, sol budun orta 1/3nin odlu silah yaralanmasından sonrakı çapıqları” diaqnozunun əlillik dərəcəsinin təyininə əsas vermədiyi müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, əlillik barədə qərar klinik, psixoloji, sosialməişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

36. Ekspert rəyindən göründüyü kimi iddiaçıda - sümüklərdə olan sınıqlar bitişmiş, yara kanalının zədələnmiş yumşaq toxumaları isə sağalmışdır. Onun göndərişdə qoyulmuş diaqnoz (Y36.4) üzrə hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Həmçinin, qoyulmuş diaqnoz əlillik dərəcəsinin təyininə əsas vermir. Odur ki, cavabdeh tərəfindən iddiaçıya ikinci dərəcə əllilliyin təyin edilməsindən imtina edilməsi qanunsuz olmamışdır.

37. Bununla da müəyyən olunur ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır və bu səbəbdən də cavabdehin apellyasiya şikayəti əsaslıdır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(118)-490/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar