Məhkəmə qərarları › İş №2-1(105)-200/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-200/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-200/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin X2 edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxs Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 1 saylı Regional ərazi filialına qarşı ona xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiya təyin edilməsi və ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118)- 1135/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiya təyin edilməsi və ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2020-ci il tarixdən DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu əmək pensiyası ona uşaqlıqdan əlil olduğu üçün valideyninin vəfatı ilə əlaqədar olaraq təyin edilmişdir. Ona əmək pensiyası təyin edilənədək ona əlil kimi müavinət ödənilmişdir. Lakin ona xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiyası düşür. Həmin tarixdə ona əlilliyə görə əmək peniyası təyin edilməsi üçün 6 il 08 ay əmək stajı tələb olunur. X6 haqqında Qanunun 12-ci maddəsinə əsasən müəyyən edilir. Cavabdeh tərəfindən onun müraciətinə xx xxxx 2020-ci il tarixli məktubla cavab verilmişdir. Cavabdehin hərəkəti qanunsuzdur. Onun xx.xx.2014-cü tarixədək tələb olunan 06 il 08 ay əmək stajına qarşı 12 il 04 ay əmək stajı vardır. Həmin əmək stajının 04 il 04 ayı xx.xx.2006-cı ilədək, 08 ili isə 2006-cı ildən sonrakı dövrü təşkil edir. Cavabdeh inzibati orqan iddiaya etirazını onunla əsaslandırmışdır ki, vətəndaşa pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq ailə başçısını itirməsinə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2020-ci ildən pensiyanın məbləği 604,20 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İİ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajə olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaşa xx.xx.2014-cü ildən əmək pensiyası təyin edilməsinə görə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciətin olmaması səbəbindən ona qeyd olunan dövrdən əmək pensiyası təyin edilməsi qanuna ziddir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-1135/2020 saylı qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərlə əsaslandırılmışdır ki, və əlavə olaraq qeyd olunmuşdur ki, qanunvericiliyin göstərişlərinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyasına hüququnun yarandığı dövrdə qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin normaları tətbiq olunmaqla pensiya təyinatı aparılmalıdır. Daha doğrusu, əlilliyə görə əmək pensiyası üçün alınmamış pensiya əlavə olaraq hesablanmalıdır. Onun iddiası üzrə məhkəmədə işə baxılarkən cavabdeh təşkilat iddiaya etiraz ərizəsində də ona əlilliyə görə əmək pensiyası təyinatı aparılmasının qeyri-mümkünlüyünü tamamilə absurd və gülünc fikirlər irəli sürərək, yəni hüququnun yarandığı vaxt müraciət etmədiyi üçün və ailə başçısını itirməyə görə pensiya təyin olunduğu üçün əlilliyə görə pensiya təyinatının qanuna zidd olması ilə əsaslandırmışdır. Əsas diqqət yetirilməli olan məsələ, məhkəmənin öz qərarını əsaslandırması, əgər əsaslandırmışdırsa, hansı maddi hüquq normalarına, normativ hüquqi aktlara istinad etməsidir. Birinci instansiya məhkəməsi qərarı əsaslandırmağa çalışsa da, bunu edə bilməmiş, ümumi sözlərlə və iddianın rədd edilməsinə heç bir aidiyyəti olmayan normaları sadalamaqla kifayətlənmiş, məsələnin əsas mahiyyəti kənarda qalmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Göründüyü kimi, qanunverici əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə heç bir vaxt məhdudiyyəti qoymur. Digər məsələ isə cavabdeh təşkilatın onun hüquqi savadının olmamasından sui istifadə etməsidir. Belə ki, ona xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilsə də, həmin dövrə kimi əlilliyə görə müavinət almışdır. Halbuki qanunvericiliyin tələbinə görə onun xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiyası almaq hüququ yaranmışdır. Hesab edir ki, cavabdeh təşkilat xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiyası hesablamalıdır. Hətta sonradan qəbul edilmiş qanunvericilik normasına görə əvvəlki dövr üçün ən çoxu 3 illik müddətin məbləğinin ödənilməsi nəzərdə tutulsa da, yenə də qanunun ona verdiyi hüquqdan məhrum edilə bilməz. Ən azı xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilə kimi olan dövr üçün əmək pensiyası hesablamalı və həmin 3 illik müddətdə ödənilməli olan məbləğ hazırki pensiya məbləğinə əlavə olunaraq ona ödənilməsi təmin edilməlidir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun və iddia tələbinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini qəbul etməyərək, onun rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118) -1135/2020 saylı qərarının ləğv edilməsi nəticəsinə gəlir. İşdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2014cü ildən əlilliyə görə əmək pensiya təyin edilməsi və ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və ona əsaslanmışdır ki, vətəndaşa pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq ailə başçısını itirməsinə görə əmək pensiyası təyin edilmişdir, xx.xx.2014-cü ildən əmək pensiyası təyin edilməsinə görə cavabdeh inzibati orqana müraciətin olmaması səbəbindən ona qeyd olunan dövrdən əmək pensiyası təyin edilməsi qanuna ziddir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının ailə başçısını itirməyə görə təyin edilmiş pensiya növündən əlilliyə görə əmək pensiyası növünə keçməsinə münasibət bildirməmiş, iddiaçının ailə başçısını itirməyə görə ərizəsini nəzərə alaraq inzibati orqan tərəfindən ona həmin pensiyanın düzgün təyin edildiyini bildirmişdir. Əslində isə iddiaçıya xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin olunması mübahisə predmeti deyildir. Mübahisə predmetini iddiaçının təyin olunmuş ailə başçısını itirməyə görə pensiyanın əlilliyə görə əmək pensiyası ilə əvəz edilməsini (pensiyanın bir növündən başqa növünə keçməsini) tələb etməkdə haqlı olub-olmaması təşkil edir. Bunu iddiaçının xx.xx.2020-ci il tarixdə daxil olan müraciəti də təsdiq edir. xx.xx.2020-ci il tarixli imtina məktubu da əslində iddiaçının təyin olunmuş ailə başçısını itirməyə görə pensiyanın əlilliyə görə əmək pensiyası ilə əvəz edilməsi barədə müraciətinə cavab məktubu olmuşdur. “Əmək pensiyaları haqqında” qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 13-cü maddəsi məhkəmənin yardım etmək vəzifəsini müəyyən etmişdir. Həmin maddəyə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşə təkrar baxan məhkəmə İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım edilməli olub-olmamasının zəruriliyini araşdırmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1135/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1135/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar