Məhkəmə qərarları › İş №2-1(105)-200/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-200/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-200/2022 15.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı İsrafilov Ziyəddin Muxuddin oğlunun, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İsrafilov Ziyəddin Muxuddin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin 1 saylı regional ərazi filialına qarşı iddiaçının 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla çernobıl AES-də olduğu dövrün qiymətlərin indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və 01.01.2008-ci il tarixdən bu günədək yaranmış fərqin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(118)-201/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 27.05.1955-ci il tarixdə anadan olmuş, 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobil AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. Bununla əlaqədar ona ikinci dərəcəli əlillik müəyyən edilmişdir və 02.04.1992-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya ödənilən pensiyanın məbləği 01.01.2020-ci il tarixdən 389 manat 87 qəpik təşkil edir.

1. İddiaçı 06.05.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 saylı qərarına uyğun olaraq ona əmək haqqının dörd qatı məbləğində ödənilmiş pulun 25,4-ə vurulmaqla və Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilməklə 01.01.2008-ci il tarixdən əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını, habelə 01.01.2008-ci il tarixdən hazıradək yaranmış fərqin ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. İmtina belə əsaslandırılmışdır ki, əmək pensiyasının iddiaçının tələb etdiyi qaydada hesablanması qeyri-mümkündür və ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndinə əsasən bu səlahiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İmtina ilə razılaşmayan iddiaçı 12.06.2020-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlərin indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və 01.01.2008-ci il tarixdən bu günədək yaranmış fərqin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə kimi Çernobıl AES-də 30 kilometrlik zona daxilində qəzanın nəticələrinin aradan qaldırılmasında fəal iştirak etmişdir. 10 dekabr 2000-ci il tarixli arayışdan da göründüyü kimi, bununla bağlı ona əmək haqqı və digər gəlirlər kimi 1420 rubl pul ödənilmişdir. O, 13 aprel 1992-ci il tarixə qədər 1 nömrəli Tikinti Quraşdırma idarəsində 6-cı dərəcəli çilingər vəzifəsində işləmiş, 13 aprel 1992-ci il tarixli, 21 nömrəli əmrə əsasən işdən azad edilmişdir. Hal-hazırda həmin idarənin bazasında “Tikinti-Servis” ATSC yaradılmışdır. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı nəticəsində ciddi şüalanmaya məruz qalmış və nəticədə İİ qrup ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli, 577 №-li qərarına əsasən, bütün Çernobıl əlillərinə münasibətdə olduğu kimi, ona da həmin vaxt işlədiyi müəssisədən əmək haqqının dörd qatı məbləğində mükafat ödənilmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinə əsasən, həmin dörd qat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu zaman ödənilmiş həmin məbləğ şəxsin Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmalıdır. Alınan məbləğ orta aylıq əmək haqqını təşkil edir. Bununla bağlı iddiaçı 11.08.1986-cı il tarixdən 11.11.1986-cı il tarixə qədər Çernobıl AESdə qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əlaqədar ona ödənilmiş pulun 4 qat məbləğinin 25,4-ə vurularaq Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilməklə 01.01.2008-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması və 01.01.2008-ci il tarixdən hazıradək yaranmış fərqin ona ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh cavab məktubunda qeyd etmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı 02.04.1992-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilmişdir və 01.01.2020-ci il tarixdən aldığı pensiya 389.87 manat təşkil edir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Qanunla həmin Qanunun 28-ci maddəsi ləğv edilmişdir. Həmin normanın ləğv edilməsi ilə əlaqədar pensiyaların yenidən hesablanması mümkün deyildir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2-1(118)-201/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, 11.08.1986-cı il tarixdən 11.11.1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əlaqədar iddiaçıya ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən onun əmək pensiyasının yenidən hesablanması və 01.01.2008-ci il tarixdən hazıradək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 37.3.2-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. 11.08.1986-cı ildən 11.11.1986-cı il tarixinədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə 1228,16 rubl 4 qat məbləğ Çernobil AES-də olduğu günlərin sayına bölünərək 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 01.01.2008-ci il tarixdən əmək pensiyasının məbləğinin yenidən hesablanması mümkün deyildir. İddiaçı Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir, iddiaçı daha sonra DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və 17.03.1994-cü il tarixdən ona əlilliyə görə pensiya təyin olunmuşdur. 01.01.2020-ci il tarixdən iddiaçıya ödənilən pensiyanın məbləğini 389 manat 87 qəpik təşkil edir. İddiaçı 06.05.2020-ci il tarixində DSMF-in müvafiq şöbəsinə müraciət edərək ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının ona Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 saylı qərarı əsasında əmək haqqının dörd qat məbləğində ödənilmiş mükafat əsasında yenidən hesablanmasını tələb etmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 10 sentyabr tarixli məktubunda ifadə olunduğu kimi əmək pensiyasının dörd qat əmək haqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanması qeyri-mümkündür və bu səlahiyyət ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsində (birinci və ikinci cümlələrində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 21 dekabr tarixli 577 saylı Qərarına əsasən, əmək haqqının dörd qat məbləğində mükafat ödənilir və əmək haqqından pensiya hesablanması ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ ÇAES günlərinin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. Dörd qat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir. Yəni Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli 255 saylı qərarına əsasən orta aylıq əmək haqqının müasirləşdirilməsi qeyri mümkündür.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.06.2021-ci il tarixli, 2-1(105)-364/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə 18 fevral 2021-ci il tarixli qərarı dəyişdirilərək iddia qismən təmin olunmuş, iddiaçının 11.08.1986-cı il tarixdən 11.08.1986cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əlaqədar ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 01.06.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. İddiaçı və cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.06.2021-ci il tarixli kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddiaçı iddia tələbinin təmin olunmasını, cavabdeh isə iddianın rədd edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(102)-1684/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.06.2021-ci il tarixli, 2-1(105)- 364/2021 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

11. Ali Məhkəmənin iş üzrə qərarında göstərilir ki, iddiaçıya əmək pensiyasının yenidən hesablanması ilə bağlı yaranan fərqin hansı tarixdən ödənilməsi ilə bağlı məsələ həll edilərkən onun pensiyanın yenidən hesablanması ilə əlaqədar 2020-ci il tarixdən əvvəl aidiyyəti inzibati orqana, yəni cavabdehə müraciət edib-etmədiyi, müraciət etmişdirsə, müraciətin tarixi və cavabdehin müraciətə münasibəti, müraciət etməmişdirsə, bunun səbəbləri məhkəmə tərəfindən araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçıya fərqin ödənilməsi tarixinin müəyyən edilməsi bu halların araşdırılmasının nəticələrinə bağlıdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilərkən pensiya təyin edən orqanın məsuliyyət sferasına aid olan məsələlər üzrə qanunvericiliyin tələblərinin pozulub-pozulmaması, belə halların müəyyən olunduğu təqdirdə pensiya təyin edən orqanın təqsirinin olub-olmaması da yoxlanılmalıdır. Bu yanaşma onunla bağlıdır ki, pensiya təyin edən orqanın təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiyanın ödənilməməsinin məsuliyyətini həmin orqan daşımalıdır. Belə hallarda keçmiş müddət üçün pensiyanın ödənilməsinə hər hansı məhdudiyyətin qoyulması konstitusion dəyərlər baxımından məqbul sayıla bilməz. (İddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinə istinadən. Həmin maddədə pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğlərinin keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməsi nəzərdə tutulmuşdu).

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.

13. İddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər; 81-ci maddəsinin 1-ci abzasına əsasən, bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir; 83-cü maddəsinə əsasən, pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin beşinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Maddə 99: Təyin olunmuş pensiyaların yenidən hesablanması müddətləri Təyin olunmuş pensiyalar aşağıdakı müddətlərdə yenidən hesablanır: pensiyanın artırılması hüququ yarandıqda, ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə - müraciət edilən ayın 1-dən, ayın 15-dən gec təqdim edilmişdirsə— növbəti ayın 1-dən;

17. Qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun: Preambula: Bu Qanun Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti, onların ailələri üçün Azərbaycan Respublikasının ərazisində vahid dövlət pensiyaları sistemini müəyyən edir. Maddə 49. Keçmiş müddət üçün pensiyaların ödənməsi Hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.

18. .Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 saylı qərarına əsasən Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1-18 saylı 10 sentyabr 1993cü il tarixli “Vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması Qaydaları”na (2-ci bəndi) əsasən isə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 saylı qərarına əsasən əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Həmin əmək haqqından pensiya hesablanması Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünüb 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyaçının orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir, yeni dördqat məbləğdən hesablanmış orta aylıq əmək haqqının yuxarıda qeyd edilən səbəblərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli 255 saylı qərarına görə müasirləşdirilməsi qeyrimümkündür.

19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir (maddə 31.1, 32.1)

20. “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli Qanunla əlavə edilmiş və 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəyə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

21. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə (2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyada) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bu Qanunun 32.1-1-ci maddəsinə əsasən Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

23. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

25. İşdən görünür ki, iddiaçının tələbi əlilliyə görə əmək pensiyasının Çernobıl AESdə qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli, 577 nömrəli qərarına əsasən əmək haqqının dördqat məbləğində ödənilmiş mükafat əsasında indeksasiya edilməklə 01.01.2008-ci il tarixdən yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsindən ibarətdir.

26. Cavabdeh imtinasında Azərbaycan Respublikasının Prezidentinin 30 noyabr 2018-ci il “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sərəncamına əsasən bu Qanunun 28-ci maddəsinin ləğv edilməsinə istinad etmişdir.

27. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə 01 yanvar 2010-cu il tarixdən edilmiş dəyişikliklər iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normativ-hüquqi akt olmadığından həmin akt iddiaçıya münasibətdə şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının əmək pensiyasının yenidən hesablanması tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçının Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etməsi və bununla əlaqədar xəstələnərək ona müvafiq əlillik təyin edilməsi işin mübahisəsiz halıdır. İşdə olan Müdafiə Nazirliyi MHHK-nın iş materiallarında olan 07.03.2007-ci il tarixli 58 saylı qərarında iddiaçının 1986-cı ildə Çernobıl AES-də baş verən qəzanın aradan qaldırılmasında iştirak etdiyi və orada tutulduğu xəstəliyin Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olduğu qeyd olunmuşdur. TSEK-in işdə olan SER TSE-01 № 296189 saylı müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya Çernobıl AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılması səbəbi ilə təyin edilmiş İİ dərəcəli əlillik müddətsiz müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 269546 seriyalı vəsiqənin surətindən görünür ki, iddiaçı 2-ci qrup Çernobıl əlilidir. Yuxarıda istinad olunan 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər. Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 saylı qərarında isə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının iş yeri 1-ci Sumqayıt Mexaniki Quraşdırma İdarəsinin bazasında yaradılmış 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı 1-ci Sumqayıt Mexaniki Quraşdırma İdarəsində işləmiş, 315 nömrəli Sumqayıt QVK-nın arayışına əsasən 11.08.- 11.11.1986-cı il tarixdə Çernobıl AES-də baş vermiş qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak etmiş və ona həmin dövr üzrə 4 qat məbləğində əmək haqqı 100% (282.66+292.12+309.58+343.8=1228,16 rubl) ödənilmişdir.

29. Cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən və pensiya təminatının hazırda yalnız həmin orqan tərəfindən həyata keçirildiyindən, bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondudur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10.09.1993-cü il tarixli məktubuna istinadən əmək pensiyasının dörd qat əmək haqqı məbləğində ödənilmiş mükafat əsasında hesablanmasının qeyri-mümkün olması ilə bağlı dəlilə münasibətdə isə, iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 577 saylı qərarında həmin hesablama qaydasının tətbiqini istisna edən hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

30. Cavabdehin yuxarıda qeyd edilən apellyasiya şikayətinin dəllilləri ilə raılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya pensiyasının yenidən hesablanması ilə bağlı yaranan fərqin ödənilməsi tarixini 01.01.2008-ci il tarixdən müəyyən etməkdə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, bu qərarın 21-ci bəndində istinad edilən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəyə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bunda görə də Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə 18.02.2021-ci il tarixli qərarı müvafiq hissədə dəyişdirilməlidir.

31. İddiaçıya əmək pensiyasının yenidən hesablanması ilə bağlı yaranan fərqin ödənilməsi tarixinin müəyyən olunması məqsədi ilə məhkəmə kollegiyası Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq araşdırma apararaq müvafiq məsələni iddiaçının özünün və tərəflərin nümayəndələrinin iştirakı ilə araşdırmış, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinə sorğu verərək, iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar 06.05.2020-ci il tarixədək Dövlət Sosial Müdafiə Fonduna müraciət edib-etməməsi, müraciət etmişdirsə həmin müraciətin tarixi və ona verilmiş cavablar barədə müvafiq sənədlərin surətlərinin əlavə edilməklə qısa zaman ərzində məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.

32. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasına iddiaçının pensiyasının yenidən hesablanması barədə cavabdehə ünvanladığı 06.05.2020-ci il tarixli ərizəsini, habelə iddiaçının pensiyasının yenidən hesablanması üçün məhkəməyə müraciət edilməsi məqsədi ilə iddiaçının pensiya işinin həmçinin arayışlarının surətlərinin göndərilməsi barədə Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış 01.10.2019-cu il tarixli, 421/2019-cu il tarixli vəkil sorğusnun surətini təqdim edərək həmin sorğudan əvvəl cavabdehə hər-hansı müraciətin edilmədiyini bildirmişdir. Eyni zamanda iddiaçı da məhkəmə kollegiyasının iclasında 06.05.2020-ci il tarixdən əvvəl pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmədiyini bildirmiş, yalnız onunla eyni əsaslarla pensiyaya çıxmış şəxslərin pensiya məbləğinin onun aldığı pensiyadan artıq olduğunu öyrəndikdən sonra bununla əlaqədar vəkilə müraciət etdiyini bildirmişdir. Həmçinin təkrar apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı 01.07.2017-ci il tarixinədək cavabdehə müraciət etməməsinin onun səhhəti yaxud da iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olması barədə hər-hansı bir halı bildirməmiş və bununla bağlı sənəd təqdim etməmişlər.

33. Dövlət Sosial Müdafiə Fondunun X3 sorğuya cavab olaraq 07.04.2022-ci il tarixli, **********0 nömrəli məktubda göstərmişdir ki, vətəndaş İddiaçı pensiyanın yenidən hesablanması ilə əlaqədar şöbəyə 13.02.2020-ci il tarixdə müraciət etmişdir. Həmin məktuba əlavə edilmiş iddiaçının cavabdeh inzibati orqana ünvanladığı 13.02.2020-ci il tarixli ərizədə pensiya işinin, həmçinin arayışların surətlərinin ona göndərilməsi xahiş edilmişdir.

34. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən iddiaçının vəkili və nümayəndəsinin Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış 01.10.2019-cu il tarixli, 421/2019-cu il tarixli, habelə iddiaçının cavabdehə ünvanlanmış 13.02.2020-ci il tarixli ərizələrinin məzmununu təhlil edərək belə nəticəyə gəlir ki, həmin müraciətlər (hətta cavabdeh inzibati orqan sonuncu müraciəti pensiyanın yenidən hesablanması ilə bağlı müraciət kimi göstərsə belə) iddiaçının cavabdeh inzibati orqana “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından cavabdeh inzibati orqanın pensiyanın yenidən hesablanması ilə bağlı icraata başlaması üçün əsas olan müraciətləri kimi qiymətləndirilə bilməz. Belə ki, həmin ərizələrdə konkret olaraq hansı halların nəzərə alınmaqla və hansı əsaslarla cavabdehdən pensiyanın yenidən hesablanması xahiş olunmamış, yalnız gələcəkdə müvafiq tələblə məhkəməyə müraciət edilməsi üçün müvafiq sənədlərin surətlərinin göndərilməsi xahiş edilmişdir. Eyni zamanda iş materiallarında olan iddiaçının pensiya işinin (cild 1, s.172- 223) surətindən də iddiaçının əvvəlki illərdə məhz pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etməsi müəyyən olunmur.

35. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin təkrar təqdim etdiyi və əvvəldən də iş materiallarında olan iddiaçının 06.05.2020-ci il tarixli ərizəsinin məzmunu isə məhz pensiyanın yenidən hesablanması ilə bağlı olmuşdur. Buna görə də pensiyasının yenidən hesablanması ilə bağlı yaranan fərqin ödənilməsi tarixi məhz həmin ərizə nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadında əsasən bu qərarın 17-ci bəndində istinad olunmuş müvafiq normaya (ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə - müraciət edilən ayın 1-dən) uyğun müəyyən edilməlidir.

36. İddiaçıya əlilliyə görə pensiya təyin edilərkən pensiya təyin edən orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulub-pozulmaması ilə bağlı halların yoxlanılmasına dair Ali Məhkəmənin qərarında göstərilən hallarla bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya pensiya 17.03.1994-cü il tarixdə təyin edilmişdir və pensiya təyin edilməsinə dair həmin qərar hazırda qüvvədə olmaqla hazırkı icraatda mübahisələndirilmir və məhkəmə araşdırmasının predmeti deyildir. Digər tərəfdən iddiaçı pensiyaya çıxarkən hərbi qulluqçu olmamışdır və ona pensiya pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna əsasən deyil, ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq təyin olunmuşdur.

37. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(118)-201/2021 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin olunsun. Cavabdehin üzərinə iddiaçının 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlərin indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 06.05.2020-ci il tarix nəzərə alınmaqla 01.05.2020-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar