Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-200/2025 05.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********256400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2-1(118)-2017/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********256400 saylı qərarına əsasən görünür ki, kameral yoxlaması nəticəsində İddiaçı 3104.65 manat vergi məbləği hesablanmışdır. “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********875300 saylı, 05 noyabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı kameral yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi, xx.xx.2022-ci il tarixli **********256400 saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli, 125 nömrəli qərarından görünür ki, İddiaçı şikayəti təmin edilməmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********256400 nömrəli və İnzibati şikayətin təmin edilməməsi haqqında” **********875300 saylı, 05 noyabr 2022-ci il tarixli qərarları dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********256400 nömrəli, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2021-ci ilin gəlir vergisi üzrə kameral vergi yoxlamasının nəticələri barədə № **********256400 saylı, 28 sentyabr 2022-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərar qəbul edilmişdir. Həmin Qərardan iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə yuxarı vergi orqanı olan Dövlət Vergi Xidmətinin nzibati şikayətlərə baxılması Baş İdarəsinə şikayət verilmişdir. Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinin **********875300 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə inzibati şikayətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinin **********875300 saylı, xx.xx.2022-ci il tarixli Qərarından iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına inzibati şikayət verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 125 nömrəli 23 dekabr 2022-ci il tarixli Qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 125 nömrəli 23 dekabr 2022-ci il tarixli Qərarı sifarişli poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada iddiaçıya çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1 və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsi tərəfindən kameral vergi yoxlaması barədə **********025000 saylı, 07 oktyabr 2021-ci il tarixli qərarın qəbul edilməsinə əsas - Qarşılıqlı əlaqələrin təhlili nəticəsində 2020-ci il üzrə mal qalığınızın 77338,86 manat və 2021-ci il ərzində 277,31 manat elektron qaimə faktura üzrə əldə edilən xərclər olmaqla, ümumilikdə 77616,17 manat xərclərinizin olmasına və aktiv təsərrüfat subyektinizin (obyektinizin) olmamasına baxmayaraq, həmin dövr üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Kənarlaşma üzrə “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən 77616,17/5=15523,23*20%=3104,65 manat vergidən yayınma riski yaranmışdır. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktın qanunsuz olduğundan ləğv edilməsi barədə yuxarı inzibati orqana verdiyimiz şikayətlərdə də qeyd edilmişdir ki, Fəaliyyətdə olduğum dövr ərzində 8953.05 manat vergi və 620.46 manat sosial ödənilmişdir. xx.xx.2019 - cu il tarixdə fəaliyyətim dayandırılmışdır. xx.xx.2021-ci il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Operativ vergi nəzarəti çərçivəsində mal qalığına baxış keçirilmiş və idarə əməkdaşları tərəfindən akt tərtib edilmiş və 77338.86 manat məbləğində mal qalığı müəyyən edilmişdir. Təsərrüfat subyekti qeydiyyat ərizəsi xx.xx.2016 - cı ildə olmuş və obyekt xx.xx.2019 - cu ildə ləğv edilmişdir. 2017-ci il ərzində alış 83144.88 manat, satış 12044.00 manat olmuşdur. 2018 ci il üzrə alış 129739.91 manat, satış 135907.75 manat olmuşdur. 2019-cu il üzrə isə 35189.74manat mal alınmış və 357.67manat mal satılmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) 2021-ci ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 3.104,65 manat vergi məbləği hesablanmışdır. Belə ki, kameral vergi yoxlaması aparılarkən 2020-ci il üzrə 77338,86 manat mal qalığının və 2021-ci il ərzində 277,31 manat elektron qaimə faktura üzrə əldə edilən xərclər olmaqla, ümumilikdə 77616,17 manat xərclərin olmasına və aktiv təsərrüfat subyektinin (obyektinin) olmamasına baxmayaraq, vergi ödəyicisi tərəfindən həmin dövr üzrə gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Aşkar edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********633100 nömrəli məktubl göndərilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. İddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannamə təqdim edilmədiyindən 2021-ci ilin gəlir vergisi bəyannaməsi üzrə analoji qaydada 3.104,65 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********841400 nömrəli analoji hesablama barədə qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə cari və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Yenidən yaranmış kənarlaşma üzrə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********270400 nömrəli AVlS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş, vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********256400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2-1(118)-2017/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində cavabdeh orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********256400 saylı qərar əsaslı olaraq qəbul edildiyindən, onun iddiası əsassızdır. Vergi ödəyicisi ərzaq mallarının pərakəndə satışı ilə məşğul olmuş, 2019-cu ildən fəaliyyətini dayandırmış, mal qalığı olaraq qalan malları dostuna məxsus zirzəmidə saxlamış, sonradan qalan malın bir hissəsi istifadə müddəti bitdiyi üçün yararsız hala düşmüş, bir hissəsinin şəxsi istifadə məqsədləri üçün istifadə edilmiş, qalan hissəsi isə ianə olaraq paylanmışdır. Qeyd edilən məlumatlar vergi ödəyicisinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilsə də, həmin halları təsdiq edən hər hansı sənəd (akt və s.) məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən yuxarıda qeyd olunan normaların tələbinə uyğun olaraq həyata keçirilmiş kameral yoxlama nəticəsində iddiaçının barəsində haqlı olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********256400 saylı qərar qəbul edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. a) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-424/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2-1(102)-2447/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-424/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinə istinad etsə də, həmin maddi hüquq normalarının cavabdeh inzibati orqan tərəfindən düzgün tətbiq edilib-edilməməsini yoxlamayaraq, qanunsuz və əsassız olaraq, qərarında qeyd etmişdir ki, guya cavabdeh inzibati orqan kameral vergi yoxlamasını həyata keçirərkən maddi hüquq normalarının tələblərini pozmamışdır. Belə ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və mbunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbuletdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Halbu ki, cavabdeh inzibati orqan tərəfindən onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar kameral vergi yoxlaması keçirilən zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə riayət etməli idi. Yuxarıda qeyd edilən hüquq normalarının tələblərinin qarşılıqlı təhlili nəticəsində o qənaətə gəlinir ki, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı, inzibati orqan həm də icraatla bağlı hüquq normalarının tələblərinə cavab verən düzgün inzibati icraat başladığını və apardığını sübuta yetirməlidir. Çünki vergi məsuliyyəti müəyyən edən inzibati akt həm vergi yoxlamasının başlanılmasına və aparılmasına dair icraatla bağlı normaların, həm də maddi hüquq normalarının tələblərinə riayət etməklə çıxarılmalıdır. Müvafiq olaraq məhkəmənin inzibati aktın qanuniliyini yoxlaması da həm icraatla, həm də maddi hüquqla bağlı normalarının tələblərinə riayət olunması istiqamətində aparılır. İlk növbədə, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanına qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyət vermişdir. Cavabdeh inzibati orqan tərəfindən gəlir vergisini birbaşa şərti rentabellik norması tətbiq etməklə həyata keçirmişdir ki, bununla Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri pozulmuşdur. Hazırki mübahisəyə münasibətdə inzibati orqanın diskresion səlahiyyəti ödənilməli olan verginin məbləğinin əlaqəli məlumatlardan istifadə etməklə hesablanması ilə bağlıdır. Vergilərin bu qaydada hesablanmasıcavabdehin öhdəliyi deyil, hüququdur. Lakin bununla bağlı qeyd olunmalıdır ki, inzibati orqan həmin qaydanı tətbiq etməklə verginin hesablanması barədə qərara gəldiyi hallarda, onun həmin hüququ artıq öhdəlik keyfiyyəti əldə edir və inzibati orqanın Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun davranmaq öhdəliyi yaranır. Bu andan etibarən inzibati orqan həmin qaydanın şərtlərinə bağlıdır və bu şərtlərə əməl etməyə borcludur. İnzibati orqan eyni zamanda malik olduğu diskresion səlahiyyəti vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə yanaşma diskresion səlahiyyətin mahiyyətindən irəli gəlir (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli 2-1(102)-22/2022 saylı Qərarı). Vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Vergi Məcəlləsinin 67.4-cü maddəsində deyilir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarıəsasında hesablanır. Göründüyü kimi, qanunverici vergilərin hesablanmasında vergi orqanına əvvəlcə əlaqəli məlumatlardan istifadə edilməsi, belə araşdırma kifayət etmədikdə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarına istinad edilməsinə, qeyd olunan hər iki növ araşdırma mexanizmləri tükəndikdə isə 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması əsasında mənfəət vergisinin hesablanmasına icazə vermişdir. Lakin hazırki mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan, həmçinin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatlarından istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsinizəruriedən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyiniəsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlaması barədə qərarın qəbul edilməsinə əsas – Qarşılıqlı əlaqələrin təhlili nəticəsində 2020-ci il üzrə mal qalığınızın 77338,86 manat və 2021-ci il ərzində 277,31 manat elektron qaimə faktura üzrə əldə edilən xərclər olmaqla, ümumilikdə 77616,17 manat xərclərinizin olmasına və aktiv təsərrüfat subyektinizin (obyektinizin) olmamasına baxmayaraq, həmin dövr üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Kənarlaşma üzrə “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən 77616,17/5=15523,23*20%=3104,65 manat vergidən yayınma riski yaranmışdır. Lakin birinci instansiya məhkəməsi bu xüsusatları nəzərə almamış, maddi və prosessual normaları kobud pozaraq, qanunsuz və əsassız qərar qəbuletmişdir. Həmçinin onun sahibkarlıq fəaliyyətini dayandırdığı andan bu zamana qədər mal qalığını satmağa çalışsa da sata bilməmişdir. Həmin məhsulları o və ailəsinin şəxsi istehlak məqsədilə istifadə etmişdir. O həmin məhsulları satmamış və bununla bağlı heç bir gəlir əldə etməmişdir. Bununla bağlı xx.xx.2022 tarixində müvafiq gəlir vergisi bəyannaməsi təqdim etmiş və izah məktubunu da əlavə olaraq cavabdeh inzibati orqana göndərmişdir. Lakin buna baxmayaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022 tarixində **********56400 nömrəli qərarla qalıq mal satılmış kimi qiymətləndirilmiş əlavə vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 96.1. maddəsinə əsasən rezident fiziki şəxsin gəlir vergisinin vergi tutma obyekti müəyyən olunur: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Həmçinin həmin məcəllənin 13.2.12 maddəsində gəlir anlayışın açıqlanması verilmişdir: Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Əlavə 13.2.12 maddəsində qeyd edilən malların təqdim edilməsi ifadəsinə də bu məcəllənin 13.2.10 maddəsində açıqlama verilmişdir: Həmin Məcəllənin 13.2.10-ci maddəsinə əsasən Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; .... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;.... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiya) 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, ocümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasıya şikatəti həddində tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********256400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd olunan qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, iddiaçıda həyata keçirilmiş kemaral vergi yoxlaması zamanı 2020-ci il üzrə 77338,86 manat mal qalığının və 2021-ci il üzrə 277,31 manat elektron qaimə-faktura üzrə çəkilmiş xərclər də nəzərə alınmaqla, ümumilikdə 77616,17 manat xərclərin olduğu və aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmiş və 2021-cü il üzrə vergi ödəyicisi tərəfindən gəlir vergi bəyannaməsi təqdim edilmədiyindən, iddiaçının əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 55 nömrəli qərarına uyğun olaraq, vergi ödəyicisinə 2021-ci ilin gəlir vergisi üzrə 3104,65 manat əlavə vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz hallarından görünür ki, vergi ödəyicisi kimi iddiaçının 2020-ci il üzrə 77338,86 manat məbləğində mal qalığı mövcud olmuşdur. Cavabdeh isə istinad edir ki, qeyd edilən mal qalığı 2021-ci il üzrə də keçmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə bağlı xx.xx.2024-cü tarixli qərarındakı göstərişinə əsasın məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu verilmiş və sorğuda İddiaçı barəsində olan xx.xx.2022-ci il tarixli kameral vergi yoxlaması barədə qərarın, həmçinin iddiaçının 2021-ci ilin gəlir vergisi haqqında 2021-ci il tarixinə dair bəyannaməsinin və vergi ödəyicisinin (iddiaçının) şəxsi vərəqəsinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Sorğusu əsasında cavabdeh tərəfindən qeyd edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Bununla da məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə bağlı xx.xx.2024-cü tarixli qərarındakı göstərişlər yerinə yetirilərək sənədlər məhkəmə kollegiyası tərəfindən tədqiq edilmişdir. Belə ki, yuxarıda qeyd edilən sənədlər məhkəmə kollegiyası tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfindən kameral vergi yoxlaması aparılarkən iddiaçının 2020-ci il üzrə 77338,86 manat mal qalığının olduğu, 2021-ci ilə həmin mal qalığının keçdiyi müəyyən edilmişdir. Bu hal iddiaçının cavabdehə təqdim etdiyi bəyənnamə ilə də müəyən olunur. (Gəlir vergisinin bəyənnaməsinə 1№-li əlavə). Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə nəzər yetirərkən o da müəyyən olunur ki, iddiaçının xx.xx.2022-ci il tarixdə cavabdehə təqdim etdiyi bəyannamədə ümumiyyətlə dövriyyəsinin, mal qalığının olmadığı qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya uyğunsuzluq məktubu göndərildikdən sonra iddiaçı dəqiqləşmə təqdim edərək yeni bəyannamədə qeyd edilən məbləğdə mal qalığının olduğunu qəbul etmiş, cavabdeh tərəfindən iddiaçıya yenidən uyğunsuzluq məktubu göndərildikdən sonra (fəaliyyət göstərdiyi və malların harada olduğu yer naməlum olduğu üçün) iddiaçı təkrarən dəqiqləşmə təqdim edərək qeyd edilən məbləğdə mal qalığının olduğunu qəbul etsə də, mal qalığının sıfırlanmasına dair yeni bəyannamə təqdim etmiş, həmçinin həmin malları dostuna məxsus olan evin zirzəmisində saxladığını, bir hissəsinin (ərzaq məhsulları) istifadə müddəti bitdiyi üçün yararsız hala düşdüyünü, bir hissəsini şəxsi istifadə məqsədləri üçün istifadə edildiyini, qalan hissəsinin isə ianə şəklində paylanıldığını, mallardan heç birinin satılmadığını və gəlir əldə edilmədiyini əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Cavabdeh tərəfindən isə həmin halları təsdiq edən sənədlər təqdim edilmədiyindən və sübuta yetirilmədiyindən, nəzərə alınmamış və həmin hallar müəyyən edilmədiyindən, aşkar edilməmiş mal qalığı indiki halda təqdim edilmiş mal kimi qiymətləndirilərək, ona uyğun olaraq əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, sübutetmə yükü məhz iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı bir haldaki qeyd edilən məbləğdə mal qalığının olduğunu qəbul edirsə, bu halda həmin malların hansı təyinat üzrə istifadə edilməsinə (bir hissəsinin yararsız hala düşməsinə, bir hissəsinin şəxsi istehlak üçün istifadə olunmasına, bir hissəsinin isə ianə şəklində verilməsinə) dair sübutları da məhkəməyə təqdim etməlidir. İndiki halda isə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı heç bir sübut vasitəsi təqdim edilməmiş, yalnız “ümumi söz” olaraq həmin hallara istinad edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı həmin hallara aid sübutun təqdim edilməsinin mümkün olmadığını, hansı sübut vasitəsilə onu sübut edə biləcəyini bilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi qanunvericiliyinin tələblərinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq məhz vergi ödəyicisinin vəzifəsi kimi qeyd edilmişdir. Lakin, işin hallarından göründüyü kimi, vergi ödəyicisinin 2020-ci ilin sonuna qeyd edilən məbləğdə mal qalığı olduğu halda və növbəti il üzrə həmin mallara dair hesabat məlumatlarının təqdim edilməsinin və uçotunun aparılmasının zəruruliyi barədə məlumatlı olduğu halda, bu barədə heç bir sənədləşdirmə (yararsız hala düşməsi, şəxsi istehlak məqsədilə istifadə edilməsi və ya ianə şəklində paylanmasına dair akt tərtib edilməsi ya digər formada (videogörüntü, fotoşəkil) rəsmiləşdirmə)) işləri aparmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırki mübahisə ilə bağlı mal qalığının 2021-ci il tarixə keçməsi və bununla əlaqədar bəyənnamələrin həmin tarixdə (2021-ci ildə) cavabdehə təqdim edilməsi iş materialları ilə sübut edildiyindən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********256400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın qəbul edilməsi qanuni və əsaslı olmuşdur. Bir sözlə cavabdehin 28 sentyabr 2022-ci il tarixli kameral vergi yoxlaması barədə qərarı 2020-ci il üzrə mal qalığına görə deyil, 2021-ci il üzrə mal qalığına görə qəbul edilmişdir. Yəni iddiaçının öhdəliyi 2021-ci ilə təsadüf etdiyindən onun barəsində qərarın qəbul edilməsi zamanı Vergi Məcəlləsinin tələbləri pozulmamışdır. Nəticə etibarilə məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 2021-ci il üzrə mal qalığı kimi mövcud olmuş malların, sonradan mövcud olmaması halının onların təqdim edilməsi kimi qiymətləndirilməsi və bu əsasla da əlavə vergi məbləğinin hesbalanması ilə bağlı hərəkətləri qanuni və əsaslı olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələbinə əsasən əgər vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilərsə, bu halda həmin mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir və vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə hesablanır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının “vergi orqanının vergiləri Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa 83.9-cu maddəyə əsasən hesablaması” barədə dəlili ilə bağlı qeyd edir ki, vergi qanunvericiliyinin tələbinə əsasən vergi ödəyicisi tərəfindən xərclər və ya gəlirləri təsdiq edən sənədlər təqdim edilmədiyi halda, vergilərin məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” əsasında şərti rentabellik norması tətbiq edilməklə hesablanması vergi orqanının səlahiyyəti kimi müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdən Vergi Məcəlləsinə 67-ci maddədə sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələrin sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsinin mümkünlüyün nəzərdə tutan 67.17-ci maddə əlavə edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda vergi orqanı məhz diskresion səlahiyyət əsasında qərar qəbul etmişdir ki, bu hal vergi qanunvericiliyin norma və tələblərinə uyğun olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində qəbul etdiyi qərarı qanuni və əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2-1(118)-2017/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-200/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-200/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver