Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-201/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, Üçüncü şəxs Əliyev Cavid Hicran oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Görədil bələdiyyəsinə qarşı “Əliyev Cavid Hicran oğluna torpaq sahəsinin satılması haqqında cavabdeh Abşeron rayonu Görədil bələdiyyəsi sədrinin 17 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3549/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Abşeron rayonu Görədil Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarı ilə alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi tikintisi üçün X3 ayrılmış 600.9 kv.m torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən sonuncunun adına A № 195417 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və sənəd X7 06 iyul 2009cu il tarixdə 12501 nömrəsi ilə uçota alınmışdır. Abşeron rayonu Görədil Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarı ilə uzun illər istifadə etdiyi 0,08 ha torpaq sahəsi Əliyev Cavid Hicran oğluna satılmışdır. AZ-İİ 125139 nömrəli “Ölüm haqqında Şəhadətnamə” yə əsasən X4 01 avqust 2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1509 nömrəli məktubdan görünür ki, X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 159/2016 nömrəli vərəsəlik işi açılmışdır. T.N.Hümbətovun ölümü ilə əlaqədar 2019-cu ildə onun vərəsələrindən İddiaçı notariat ofisinə müraciət etmişdir. Abşeron rayonu Görədil Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarından çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə T.N.Hümbətovun adına hüquqmüəyyənedici sənəd (çıxarış) verilməsi xahiş edilmiş, qeyd olunan sənəd verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyi bildirilmişdir. İddiaçı cavabdeh Abşeron rayonu Görədil Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Əliyev Cavid Hicran oğluna torpaq sahəsinin satılması haqqında cavabdehin 17 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində birinci icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşı X4 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həyat yoldaşı T.N.Hümbətov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşına sağlığında cavabdehin 17 sentyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı ilə alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edir ki, iddiaçı və 2 azyaşlı övladı mərhum həyat yoldaşının hüquqi varisləridir və həyat yoldaşından miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 8 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Həyat yoldaşının vəfatından sonra təkbaşına qaldıqları və maddi imkanları olmadığından həmin torpaq sahəsində tikinti işləri apara bilməmişdir. Bir müddət öncə ona məlum olmuşdur ki, cavabdeh tərəfindən mərhum həyat yoldaşına ayrılmış həmin torpaq sahəsinin bir hissəsi Əliyev Cavid Hicran oğlu və onun həyat yoldaşı X5 tərəfindən, digər hissəsi isə X6 adlı şəxs tərəfindən ayrıayrılıqda zəbt olunmuş və həmin torpaq sahəsində hasarlama və tikinti işləri aparılmışdır. Sonradan ona məlum olmuşdur ki, mərhum həyat yoldaşına ayrılmış torpaq sahəsi ya da onun bir hissəsi cavabdehin 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarı ilə Əliyev Cavid Hicran oğluna satılmışdır. Tərəfindən cavabdehə müraciət olunaraq C.H.Əliyevə torpaq sahəsinin satılması haqqında 17 nömrəli, 30 noyabr 2007-ci il tarixli sərəncamın, ona əsas və aidiyyatı olan bütün sənədlərin (ərizə və ona əlavə olunan sənədlərin, torpaq sayəsinin ayrılmasına dair qərarın, yerqurluşu planından çıxarışın, alqı-satqıya dair aktın, torpağın nəzərdə tutulmuş satış qiymətinin ödənilməsinə dair qəbzin, ayrılmış torpaq sahəsinin koordinat döngə nöqtələrinin və s.) surətinin verilməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə Abşeron rayon Arxiv idarəsinə müraciət etməyi tövsiyyə etmişdir. Abşeron rayon Dövlət arxivi tərəfindən H340 №-li, xx.xx.2022-ci il tarixli məktubla Abşeron rayonu Görədil Bələdiyyə sədrinin 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarı və ödəniş qəbzinin surəti təqdim olunmuşdur. Təqdim edilən sənədlərdən göründüyü kimi Əliyev Cavid Hicran oğluna torpaq sahəsi 30 noyabr 2007-ci il tarixli qərarla, yəni 17 sentyabr 2007-ci il tarixində mərhum həyat yoldaşına torpaq sahəsi ayrılandan sonra verilmişdir ki, sonradan ona ayrılan torpaq sahəsinin yenidən başqa şəxsə verilməsi qanunsuzdur. Sumqayıt İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2-1(118)-1323/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinə inzibati icraat qaydasında baxılmasının mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(118)-329/2023 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2-1(118)-1323/2023 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Abşeron rayonu Görədil Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv olunması” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. c) Birinci instansiya məhkəməsində ikinci icraat Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3549/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim L.Mirzəyeva). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və müddətin bərpası barədə ərizə təmin edilərək iddia tələbinin mümkün sayılması, mahiyyəti üzrə baxılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu özünün qərarında iddia müddətinə riayət edilmədiyi halda mütləq şəkildə iddianın mümkün sayılmaması barədə qərar qəbul etməli olması haqqında işə baxan məhkəmələr qarşısında imperativ tələb qoymamış, əksinə məhkəmələrə "yardım etmək" vəzifəsinə riayət edərək bunu iddiaçının diqqətinə çatdırmağı və həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmağı izah etmişdir. İnzibati iş Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yenidən baxılması üçün xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclasında ona iddia tələbinmə baxılması ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməli olduğu şifahi şəkildə bildirilmiş, lakin özünün tələbinə əsasən verdiyi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni əsassız olaraq təmin etməmişdir. Bu da onu deməyə əsas verir ki, məhkəmənin niyyəti elə öncədən əslində yardım etmək və iddia tələbinin mümkün sayılmamasına səbəb olan halı aradan qaldırmaq olmamış, sadəcə qəbul etdiyi qərardad yuxarı instansiya məhkəməsi tərəfindən ləğv olunmasın deyə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının tələblərinə formal şəkildə əməl etmək görünüşü yaratmaq olmuşdur. Sumqayıt inzibati Məhkəməsinin icraatında iddiaçı Əliyev Cavid Hicran oğlunun Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı haqqında iddia tələbi üzrə 2-1(118)- 131/2022 saylı iş vardır. Tərəfindən ərizə ilə məhkəməyə müraciət olunaraq həmin iş üzrə 3-cü şəxs qismində cəlb olunmağı xahiş edilmiş və məhkəmə tərəfindən qəbul olunmuş 2- 1(118)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarla qeyd edilən iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Hüquqi savadı olmaması səbəbindən hesab edirdi ki, mübahisə predmeti eyni torpaq sahəsi olduğundan onun Abşeron rayonu Görədil bələdiyyə sədrinin 17 №-li, xx.xx.2007-ci il tarixli qərarının məhkəmədə mübahisələndirilməsinə ehtiyac yoxdur. Lakin sonradan həmin qərarın ləğv olunması ilə bağlı Bələdiyyəyə və məhkəməyə müraciət etməli olduğu izah edildikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, H340 nömrəli cavab məktubu ilə Əliyev Cavid Hicran oğluna torpaq sahəsi ayrılmasına dair sərəncamın və ona daxil edilmiş sənədlərin surətləri xx.xx.2022-ci il tarixdə əldə etdikdən sonra dərhal məhkəməyə müraciət etməməyinin səbəbi yuxarıda qeyd etdiyi hal olmuşdur. ç) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının bələdiyyə qərarını məhkəmədə xx.xx.2022ci il tarixdə mübahisələndirməsi və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddətin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkünlüyü ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işdə iddiaçı məhkəmədən Əliyev Cavid Hicran oğluna torpaq sahəsinin satılması haqqında cavabdeh Abşeron rayonu Görədil bələdiyyəsi sədrinin 17 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv olunmasını məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İPM-də iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. əlverişsiz inzibati akt olmalı;
3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;
4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı;
5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM 32.1, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Bu növ iddialar İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bununla belə iddia müddətinin tətbiqi üçün ilk növbədə məhkəmə iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu anı müəyyən etməlidir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Dövlət Arxivinin iddiaçının nümayəndəsi və vəkilinə ünvanladığı H340 saylı, 02 avqust 2022-ci il tarixli cavab məktubundan görünür ki, hal-hazırda mübahisə predmeti olan Abşeron rayonu Görədil bələdiyyəsi sədrinin Əliyev Cavid Hicran oğluna torpaq sahəsinin ayrılmasına dair 17 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ona həmin tarixli məktubla təqdim edilmiş, həmin məktub iddiaçının vəkilinə 05 avqust 2022-ci il tarixdə çatmış, iddiaçının qeyd edilən qərardan həmin vaxtdan xəbəri olmuşdur. Bundan sonra iddiaçı qeyd edilən bələdiyyə qərarının ləğvi üçün cavabdeh orqana 12 oktyabr 2022-ci il tarixli ərizəsi ilə müraciət etmiş, ərizəsi cavabdehə 14 oktyabr 2022-ci il tarixdə çatmış və cavabdehin 25 oktyabr 2022-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı bələdiyyə qərarını məhkəmədə xx.xx.2022-ci il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. İddiaçı isə məhkəmənin gəldiyi nəticə ilə razılaşmamış, apellyasiya şikayətində mövqeyini onunla əsaslandırmışdır ki, “xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclasında ona iddia tələbinmə baxılması ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməli olduğu şifahi şəkildə bildirilmiş, lakin məhkəmə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni əsassız olaraq təmin etməmişdir.” İddiaçının müddətin ötürülməsi ilə bağlı dəlilləri onunla bağlı olmuşdur ki, hüquqi savadı olmaması səbəbindən, mübahisə predmeti olan eyni torpaq sahəsi ilə bağlı Abşeron rayonu Görədil bələdiyyə sədrinin 17 №-li, xx.xx.2007-ci il tarixli qərarının məhkəmədə mübahisələndirilməsinə ehtiyac olmasını bilməmişdir. Lakin sonradan həmin qərarın ləğv olunması ilə bağlı bələdiyyəyə və məhkəməyə müraciət etməli olduğu izah edildikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, H340 nömrəli cavab məktubu ilə Əliyev Cavid Hicran oğluna torpaq sahəsi ayrılmasına dair sərəncamın və ona daxil edilmiş sənədlərin surətlərini xx.xx.2022-ci il tarixdə əldə etdikdən sonra dərhal məhkəməyə müraciət etməməyinin səbəbi yuxarıda qeyd etdiyi hal olmuşdur. Beləliklə iddiaçı özü müddətin ötürülməsini təqdim etdiyi ərizəsində etiraf etmiş və müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olduğunu qeyd etmişdir. İddiaçının müddətin bərpasına dair ərizədə (vəsatətdə) göstərdiyi dəlillərə gəldikdə isə, qeyd olunmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyətlər yaratsın. Kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməsinin mümkünsüzlüyü ilə bağlı ağlabatan dəlillər irəli sürməmişdir. Müddətin bərpasına dair ərizədə göstərilən dəlillər öz-özlüyündə əsaslı hesab oluna bilməz. Bu səbəbdən məhkəmə iddiaçının buraxılmış müddətin bərpası barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, hazırkı iddia, qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verildiyindən birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3549/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.