Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-202/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X3 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2- 1(118)-2690/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 354 saylı sərəncamına əsasən X6 Xaçmaz rayonu, Qaradağ Buduq kəndi ərazisində mülkiyyətində olan 0.40 ha torpaq sahəsinin 0.15 ha hissəsində heyvandarlığı inkişaf etdirmək üçün tövlə binasının tikintisinə icazə verilmişdir. Bundan sonra X7 tərəfindən 2012-2014-cü il tarixlərdə fərdi tövlə və yardımçı tkililərdən ibarət qeyri-yaşayış obyekti inşa edilmiş və obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyası tərəfindən akt tərtib edilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzi notariat kontorunda 31 may 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X7 mülkiyyətində olan Xaçmaz rayonu Qaradağ Buduq kəndində yerləşən 0.4 ha torpaq sahəsini X1. X11 09 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan həmin 0.4 ha torpaq sahəsini İddiaçı satmışdır. 09 aprel 2019-cu il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən isə N.Ə.Cəfərov mülkiyyətində olan Xaçmaz rayonu Qaradağ Buduq kəndində yerləşən 0.40 ha torpaq sahəsinin icarə hüququnu xx.xx.2067-ci il tarixədək iddiaçıya satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********85 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Qaradağ Buduq kəndində yerləşən 0.4 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********61 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Qaradağ Buduq kəndində yerləşən 0.40 ha torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində iddiaçının xeyrinə yüklü (hüququn əvvəlki yüklülüyü X11) edilmişdir. İddiaçı 21 iyul 2022-ci il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Xaçmaz rayon Qaradağ Buduq kəndində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********97 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, tikilinin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktında X9 və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı təmin olunmamışdır. Eyni zamanda Xaçmaz rayon İcra hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 354 saylı heyvandarlığı inkişaf etdirmək məqsədilə tövlə binasının tikintisinə icazə verilməsi barədə sərəncamı X5 adına qeyd olunduğu halda, torpaq sahəsi üzərində icarə hüququnun verilməsi barədə **********61 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli yüklülük çıxarışı digər şəxs İddiaçı adına qeydə alınmışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz rayon Qaradağ Buduq kəndində yerləşən ümumi sahəsi 0,4 ha olan torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xaçmaz rayonu Qaradağ Buduq kəndində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağllı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 354 saylı sərəncamından çıxarışdan görünür ki, Xaçmaz rayonu Qaradağ Buduq kənd sakini X6 Xaçmaz rayonu Qaradağ Buduq kəndi ərazisində mülkiyyətində olan 0,40 ha torpaq sahəsinin 0,15 ha hissəsində heyvandarlığı inkişaf etdirmək üçün tövlə binasının tikintisinə icazə verilməsi, tikinti işlərinin RİH-nin memarlıq və tikinti işləri şöbəsi ilə razılaşdırılmış layihəyə uyğun aparılması, sərəncamın icrasına nəzarətin Hülövlü İƏV-nə həvalə edilməsi qərara alınmışdır. Hazırda həmin tövlə tikintisinin həyata keçirilməsi ilə bağlı müvafiq orqanların razılıqları mövcuddur. Hesab edir ki, cavabdeh həmin 0.40 ha torpaq sahəsinə dair onunla X11 arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandığını, sonuncunun isə xx.xx.2019-cu il tarixdə alqı-satqı qaydasında iddiaçıya satdığını nəzərə almamışdır. Həmçinin, xx.xx.2019-cu il tarixli icarə hüququnun alqı-satqı müqaviləsindən də görünür ki, X4 rayonu Qaradağ Buduq kəndində yerləşən ümumi sahəsi 0,4 ha olan torpaq sahəsinin icarə hüququnu alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən tikilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna malik deyildir. Vətəndaş tərəfindən qanunamüvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Həmin daşınmaz əmlakın (torpaq sahəsi və tikililərin) faktiki ölçüləri, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir. İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı hüquq sahibi olmamış və onun adına imtina cavabı verilməmiş, bununla da inzibati akt mövcud deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2690/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarına yetərincə əhəmiyyət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, tikilinin istismara qəbul aktı qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun tərtib edilməmiş, tikintinin aparılmasına dair icazə Nurəli Məmmədovun adına verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etsə də, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Hazırda iddiaçı Xaçmaz rayon Qaradağ Buduq kəndində yerləşən 0.4 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması niyyətindədir. İşin hallarından görünür ki, Xaçmaz rayon İHB-nin xx.xx.2012-ci il tarixli, 354 saylı sərəncamı ilə X6 Xaçmaz rayonu, Qaradağ Buduq kəndi ərazisində mülkiyyətində olan 0.40 ha torpaq sahəsinin 0.15 ha hissəsində tövlə binasının tikintisinə icazə verilmiş, bundan sonra N.Q.Məmmədov tərəfindən 2012-2014-cü il tarixlərdə fərdi tövlə və yardımçı tkililərdən ibarət qeyri-yaşayış obyekti inşa edilmiş və obyekt istismara qəbul edilmişdir. Buna baxmayaraq, N.Q.Məmmədov mülkiyyətində olan torpaq sahəsində icra hakimiyyəti orqanının razılığına əsasən, inşa etdiyi və istismara qəbul edilmiş qeyri-yaşayış obyektini mülkiyyət hüququ əsasında adına daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydə aldırmamışdır. N.Q.Məmmədov yalnız mülkiyyətində olan Xaçmaz rayonu Qaradağ Buduq kəndində yerləşən 0.4 ha torpaq sahəsini 31 may 2018-ci il tarixdə X2, sonuncu isə həmin torpaq sahəsini 09 aprel 2019-cu il tarixdə iddiaçıya satmışdır. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, **********85 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Hazırda iddiaçı, ilkin mülkiyyətçi Nurəli Məmmədov tərəfindən inşa edilmiş və istismarına icazə verilmiş qeyri-yaşayış obyektinin öz adına mülkiyyət hüququ əsasında qeydə alınmasına dair tələblə məhkəməyə müraciət etmişdir. Halbuki, yuxarıda sadalanan sənədlərdən görünür ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı ümumiyyətlə, hüquqmüəyyənedici sənədlərə malik deyildir, o yalnız üzərində qeyri-yaşayış obyekti inşa edilən torpaq sahəsinə alqı-satqı müqaviləsinə əsasən, mülkiyyət hüququ əldə etmişdir. Torpaq sahəsinə mükiyyət hüququnun iddiaçıya keçməsi, inşa edilən qeyri-yaşayış sahəsinə hüquqların iddiaçıya keçməsi anlamına gəlmir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolundan da görünür ki, iddiaçı izahatında qeyriyaşayış sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmadığını bildirmişdir. Bu isə o deməkdir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan, iddiaçının hazırkı iddianı irəli sürməsi üçün subyektiv hüququnun mövcudluğunu araşdırmadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2690/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-202/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-202/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver