Məhkəmə qərarları › İş №2-1(105)-203/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-203/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-203/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1982/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5a/8, mənzil 17-də yerləşən yaşayış sahəsi Sumqayıt Şəhər XDS İcraiyyə Komitəsinin 19 iyul 1985-ci il tarixli 05/419 saylı orderi əsasında X1 ayrılmışdır.

2. Gülcənnət Osmanova 20.01.1999-cu ildə vəfat etmişdir.

3. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ünvan 1 ünvanda yerləşən 17 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh inzibati orqanın 11.08.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeydiyyata alınması nəzərdə tutulan mənzilə dair verilmiş 19.07.1985-ci il tarixli, 05/419 nömrəli orderdə İddiaçı adı göstərilmədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq mənzili özəlləşdirmək hüququ yoxdur. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (payı birgə) mülkiyyətinə verilə bilər.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 30.09.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5a/8, mənzil 17 üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5a/8, mənzil 17-ə dair Sumqayıt Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi şöbəsinin 19 iyul 1985-ci il tarixli qərarına əsasən X1 05/419 saylı order verilmişdir. G.Osmanova 11.05.1999-cu ildə vəfat etmişdir. O, Gülcənnət Osmanova vəfat edənə qədər həmin mənzildə yaşamış və hal-hazıra qədər həmin mənzildə daimi yaşayır. O və ailə üzvləri həmin mənzildə qeydiyyatdadır. Mənzilin özəlləşdirilməsi ilə bağlı qanunvericiliyin tələbinə uyğun olaraq sənədləri toplayıb mənzil üzərində mülkiyyət daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə DƏDRX-in Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh mənzil üzərində hüququn dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Cavabdeh həmin imtina bildirişində qeyd etmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan mənzilə dair verilmiş 19.07.1985-ci il tarixli orderdə onun adı göstərilmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq mənzili özəlləşdirmək hüququ yoxdur. İddiaçı hesab edir ki, hüquqların qeydiyyatından imtina təmamilə əsassız və qanunsuzdur. İlk növbədə mənzil sahəsinin tutulmasına görə verilmiş order həmin mənzilin tutulmasına hüquq verən bir sənəddir və həmin orderin hüquqi qüvvəsi 5 gün ərzində etibarlıdır. Qeyd edilən mənzil sahəsinə order 1985-ci ildə verilib və sonradan adına order verilmiş şəxs ailə qura və övladları anadan ola bilər və yaxud da digər şəxslər həmin mənzilə qeydiyyata düşə bilər ki, buna heç bir məhdudiyyət yoxdur. Mənzil sahəsinə orderin verilməsi zamanı həmin mənzildə qeydiyyata düşməmiş şəxslərin sonradan mənzilə qeydiyyata düşmələri, mənzil sahəsin verilən orderdə onların adlarının qeyd edilməməsi onların hüquqlarının hər hansı şəkildə məhdudlaşdıra bilməz. Onlar da mənzil sahəsinə verilmiş orderdə adı qeyd olunmuş şəxs və ya şəxslərlə birlikdə eyni dərəcəli bərabər hüquqa malikdirlər. Həmin şəxslərin adlarına mənzilin özəlləşdirilməsi üçün əgər yetkinlik yaşına çatmışlarsa və fəaliyyət qabilliyyətsizliyi müəyyən edilməmişsə, hüquqi bir əngəl mövcud deyildir. Həmçinin mənzilin yerləşdiyi Sumqayıt şəhərində mənzilə dair kirayə müqaviləsinin bağlanılması praktikası demək olar ki, mövcud olmamışdır. Hal-hazırda belə bir praktikanın olması halında belə yeni kirayə müqaviləsi bağlanılması qanunvericilikdə mümkün deyildir. Digər tərəfdən yuxarıda qeyd etdiyi kimi mənzilə dair orderdə adı olan şəxsin mənzilə olan hüququ vəfat etdiyindən itirilmişdir. Mənzil sahəsinə dair orderdə adı göstərilmiş şəxsin həmin mənzilə qeydiyyatı olan digər şəxslərdən hər hansı bir üstün hüququ olması anlayışı birmənalı olaraq səhvdir. Mənzilə qeydiyyatı olan şəxslərin birinin həmin mənzilə sonradan qeydiyyata düşməsi və yaxud da 18 yaşına çatması ilə əlaqədar sonradan aktiv hüquq əldə etməsi ona digər şəxlərlə münasibətdə daha az hüquqa malik olması anlamına gəlinir və özəlləşdirmədə bütün hüquqlardan tam şəkildə istisnasız istifadə etməklə iştirak edir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan mənzilə dair verilmiş 19 iyul 1985-ci il tarixli 05/419 nömrəli orderdə İddiaçı adı göstərilmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq mənzili özəlləşdirmək hüququ yoxdur. Belə ki, “Azəbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5A/8 ünvanda yerləşən 17 nömrəli mənzil üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə onun etibarnamə üzrə nümayəndəsinə bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının iddiası mümkün sayılmamalıdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1982/2021 nömrəli, 10 noyabr 2021ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşın pasport qeydiyyatına alınması zamanı yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. Belə olduğu tədqirdə 20.01.1999-cu ildə vəfat etmiş Gülcənnət Osmanova tərəfindən 29.08.2005-ci ildə İddiaçı həmin mənzilə pasport qeydiyyatına düşməsinə razılıq verilməsi mümkün deyil. Bu isə iddiaçının həmin mənzilə pasport qeydiyyatına düşməsinə əsas olmuş sənədlərin məhv olub-olmasından asılı olmayaraq İddiaçı qeyd olunan mənzilə qanuni əsaslarla pasport qeydiyyatına düşməməsinə dəlalət edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, İddiaçı mərhum Gülcənnət Osmanova ilə qohumluq münasibətləri yoxdur və onların həmin mənzidə birgə təsərrüfat aparması öz təsdiqini tapmamışdır. Belə olduğu tədqirdə İddiaçı mənzildə pasport qeydiyyatında olması əsası ilə həmin mənzilin onun adına özəlləşdirilməsi mümkün deyil.

10. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə öz təşəbbüsü ilə Sumqayıt Şəhər Polis idarəsinə müraciət etmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, o, sözügedən mənzilə 29.08.2005-ci il tarixdə, mənzildə qeydiyyatda olan digər şəxslər X3 01.05.2006-cı ildə, X4 isə 31.05.2010-cu il tarixdə qeydiyyata düşmüşlər. Qeyd olunmuşdur ki, ona və mənzildə qeydiyyata düşmüş digər şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlər yandırılma yolu ilə məhv edilməsi səbəbindən qeyd olunan mənzilə qeydiyyata düşmələrinin əsasları haqqında məlumatı məhkəməyə təqdim edə bilmirlər. Qeyd olunan bu cavaba əsasən məhkəmə qeyd etmişdir ki, iddia təmin oluna bilməz. Əsaslandırma da ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların təsdiq edilməsini təsdiq edən sənədlərin siyahısı şəxsin mənzilə pasport qeydiyyatında olması səbəbindən həmin mənzil üzərində onun adına hüquqların dövlət qeydiyyatına alınması nəzərdə tutulmamışdır. İddia ərizəsində qeyd etdiyi kimi mənzil sahəsinə orderin verilməsi zamanı həmin mənzildə qeydiyyata düşməmiş şəxslərin sonradan mənzilə qeydiyyata düşmələri, mənzil sahəsi verilən orderdə onların adlarının qeyd edilməməsi onların hüquqlarının hər hansı şəkildə məhdudlaşdıra bilməz. Onlar da mənzil sahəsinə verilmiş orderdə adı qeyd olunmuş şəxs və ya şəxslərlə birlikdə eyni dərəcəli, bərabər hüquqa malikdirlər. Sadə dildə deyilsə həmin şəxslərin adlarına məzilin özəlləşdirilməsi üçün əgər yetkinlik yaşına çatmışlarsa və fəaliyyət qabilliyyətsizliyi müəyyən edilməmişsə, hüquqi bir əngəl mövcud deyildir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunan hüquq normasının məzmununa görə müəyyən olunur ki, mənzil sahəsinin “əsas kirayəçisi kimi həmin mənzildə olan yetkilnlik yaşına çatmış şəxslər onunla tam bərabər hüquqlara malikdirlər. Yəni, razılıq verilməsindən (konsensusdan) asılı olaraq mənzil orada qeydiyyatda olan şəxslərdən hər hansı birinin və yaxud da bir neçəsinin adına özəlləşdirlə bilər. Göründüyü kimi mənzil özəlləşdirilməsini nizamlayan qanunvericilikdə ümumiyyətlə həmin mənzilə sonra da qeydiyyata düşmənin həmin mənzili özəlləşdirmək və yaxud da özəlləşdirmədə passiv iştirak etmək hüququnun olmaması anlamına gəlmir və gələ də bilməz. Mənzil sahəsi mənzil özəlləşdirilnməsi anında orada qeydiyyatda olan şəxlərin birinin və yaxud da bir neçəsinin adına özəlləşdirilə bilər. Qanunvericiliyin tələbi açıq-aydındır. Burada başqa bir izaha ehtiyac yoxdur. Həmin mənzilə mənzilin əvvəlki kirayəçisinin ölümündən sonra qeydiyyata düşmələri məsələsinə gəldikdə isə, bu məsələ üzrə onlara hər hansı bir dövlət orqanı və yaxud digər şəxslər tərəfindən iddia tələbi irəli sürülməmişdir. Belə olan halda anlaşılmayan odur ki, məhkəmə ehtimallara söykənərək belə bir qərar qəbul edir. “İnzibati İcraat haqqında” Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

15. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. ... Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

17. Azərbaycan SSR Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

18. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.01.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının mənzili özəlləşdirmək hüququnun olmaması səbəbindən imtinası təşkil edir.

22. Cavadehin imtinasının, habelə iddiaya etirazının əsas dəlilləri qeydiyyata alınması nəzərdə tutulan mənzilə dair verilmiş orderdə iddiaçının adının göstərilməməsi səbəbindən onun mənzili özəlləşdirmək hüququnun olmamasıdır.

23. Birinci instansiya məhkəməsi təqdim edilən sübutlara və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən bu nəticəyə gəlmişdir ki, 20.01.1999cu ildə vəfat etmiş müvafiq mənzilə dair orderdə adı qeyd edilmiş Gülcənnət Osmanova tərəfindən 29.08.2005-ci ildə İddiaçı həmin mənzilə pasport qeydiyyatına düşməsinə razılıq verilməsi mümkün deyil. Bu isə iddiaçının həmin mənzilə pasport qeydiyyatına düşməsinə əsas olmuş sənədlərin məhv olub-olmasından asılı olmayaraq İddiaçı qeyd olunan mənzilə qanuni əsaslarla pasport qeydiyyatına düşməməsinə dəlalət edir.

24. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı mərhum Gülcənnət Osmanova ilə qohumluq münasibətlərinin olması və onların həmin mənzildə birgə təsərrüfat aparması da öz təsdiqini tapmır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun bu qərarın 15-ci bəndində istinad edilən normalarına uyğun olaraq əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququna malik olan şəxs olduğuna dair təsdiqedici sənədləri cavabdeh inzibati orqana təqdim etmədiyindən, habelə iş üzrə məhkəmə araşdırması zamanı belə halı təsdiq edən sənədlər müəyyən olunmadığından cavabdeh inzibati orqan iddiaçının ərizəsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, qeyd edilən normalar yalnız dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış, eyni zamanda özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində adı göstərilmiş Azərbaycan Respublikasının vətəndaşlarının belə hüquqlarını tanıyır və mənzili özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamın əlavə edilməsini nəzərdə tutur.

26. Hazırkı işdə isə iddiaçının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarışın verilməsini tələb etdiyi Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5a/8, mənzil 17-ə dair “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanundan irəli gələn hüquqlarının mövcudluğu, habelə bunu təsdiq edən sübutlar təqdim edilməmişdir.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1982/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar