Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-203/2025 21.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3394/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1940-cı il tarixdə Ağstafa rayonu, Bayazatlı kəndində doğulmuşdur. Ч seriyalı, 443288 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1963-cü ildə Volqaboyu Meşə-Texniki İnstitutuna qəbul edilmiş, mühəndis-inşaatçı ixtisas üzrə 1968-ci ildə Mordoviya Dövlət Universitetini bitirmişdir. “Sosial arayış”ın surətindən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı TSEK-in AR seriyalı, 536186 nömrəli arayışından görünür ki, 10 oktyabr 2002-ci il tarixli, 1329 nömrəli müayinə aktına əsasən İddiaçı Məhəmməd oğluna ikinci dərəcəli ümumi səbəb ilə əlillik təyin edilmiş və o, əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, qanunvericiliyin müvafiq müddəalarını nəzərə alaraq, dövlət qulluğu stajı olmadığından sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin Xidməti məktubundan görünür ki, X1 Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı 32 il 3 ay 25 gün (15 noyabr 1962-ci il - 1 fevral 1964-cü il, 7 oktyabr 1966-cı il - 28 iyun 1968-ci il, 13 avqust 1968-ci il - 22 fevral 1969-cu il, 5 oktyabr 1969cu il - 16 oktyabr 1972-ci il, 18 oktyabr 1972-ci il - 20 mart 1989-cu il, 3 aprel 1989-cu il - 1 sentyabr 1994-cü il, 2 yanvar 2001-ci il - 30 dekabr 2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir, dövlət qulluğu stajı isə yoxdur. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 9-3/2- 2580/2024 nömrəli məktubundan müəyyən olunur ki, 1962-ci ildə zavodda, 1968-1969-cu illərdə Təmir-tikinti idarəsində, 1972-ci ildə trestdə, 1981-1989-cu illərdə Oktyabr rayon 3 nömrəli Təmir-tikinti idarəsində, 1989-1991-ci illərdə X3, 1991-1994-cü illərdə fabrikdə iş müddətilə bağlı bildirilir ki, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahıda zavodlar, tikinti idarələri, trestlər, ittifaqlar və fabriklər, eləcə də həmin müəssisələrdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bu səbəbdən də həmin iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 1969-1972-ci illərdə Azərbaycan SSR Meşə və Ağac Sənayesi Nazirliyində tikinti ustası və böyük usta vəzifələrində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda adıçəkilən vəzifələr nəzərdə tutulmamışdır, bu səbəbdən dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. - 1972-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsində və Azərbaycan SSR Geologiya İdarəsində müxtəlif vəzifələrdə iş müddətilə bağlı bildirilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1960-cı il 23 sentyabr tarixli, 772 nömrə Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında geologiya və yeralı sərvətləri mühafizə idarəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən, Azərbaycan SSR Nazirlər Soveti yanında geologiya və yeraltı sərvətləri mühafizə idarəsi təsərrüfat hesabında olmaqla sərbəst təşkilat olmuşdur. Qeyd edilən Əsasnamə Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 22 yanvar tarixli 34 nömrəli Qərarı ilə qüvvədən düşmüşdür. “Sənayeni idarəetmə orqanları sisteminin və dövlət idarə orqanlarının bəzilərinin dəyişdirilməsi haqqında” Azərbaycan SSRnin 1965-ci il 20 oktyabr tarixli Qanununun 8-ci maddəsinə əsasən, Azərbaycan SSR X4 Komitəsi Azərbaycan SSR Nazirlər Sovetinin ittifaq-respublika Geologiya İdarəsinə çevrilmişdir. “Azərbaycan SSR Geologiya İdarəsi haqqında Əsasnamə” Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 22 yanvar tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Əsasnamənin 1-ci hissəsinə uyğun olaraq Azərbaycan SSR Geologiya İdarəsi ittifaq-respublika orqanı olmuş və öz fəaliyyətində Azərbaycan SSR Nazirlər Sovetinə və SSRİ Geologiya Nazirliyinə tabe olmuşdur. Əsasnamənin 5-ci hissəsində Geologiya İdarəsinin müstəqil balansa malik olması və hüquqi şəxs kimi fəaliyyət göstərməsi, 14-cü hissəsində isə Azərbaycan SSR Geologiya İdarəsinin mərkəzi aparatının geoloji kəşfiyyat işləri üçün əlavə xərclər hesabına saxlanılması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 noyabr 1991-ci il 372 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi haqqında Əsasnamə" təsdiq edilmişdir. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 22 yanvar tarixli 34 nömrəli Qərarı qüvvədən düşmüşdür. Yuxarıda qeyd edilən Siyahının 1.16-cı bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Bu səbəbdən 1972-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsində və Azərbaycan SSR Geologiya İdarəsində müxtəlif vəzifələrdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. - 2001-2004-cü illərdə Abşeron rayonu Xırdalan bələdiyyəsində müxtəlif vəzifələrdə iş müddətilə bağlı bildiririk ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində müəyyən edilmişdir ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır, bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur. Bələdiyyə orqanları səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Bu səbəbdən qeyd edilmiş iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əlillik pensiyasının “dövlət qulluğu” əmək pensiyası ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 yanvar 2011-ci il tarixdə 2-ci dərəcəli əlilliklə (əlilliyin təyin edildiyi tarix 10 oktyabr 2002-ci il) pensiyaya çıxmışdır. Növbəti müayinə tarixi 20 may 2020-ci il tarixdə olmuşdur və 364,05 manat pensiya məbləği təyin edilmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillik pensiyasını 15 ildən artıq dövlət qulluğunda işləmiş şəxs kimi nəzərə alaraq, dövlət qulluğu əmək pensiyası ilə əvəz edilməsi barədə müraciət etmişdir. Lakin müraciəti cavabsız qalmışdır. 2023-cü ildə təkrar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yenidən müraciət etmişdir ki, əlillik pensiyası dövlət qulluğu pensiyası ilə əvəz edilsin. Lakin cavabdeh orqan qeyri-obyektiv cavab vermişdir. Onun əmək fəaliyyətinin 15 ili “Dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğuna uyğundur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı 32 il 3 ay 25 gün (15 noyabr 1962-ci il - 1 fevral 1964-cü il, 7 oktyabr 1966-cı il - 28 iyun 1968-ci il, 13 avqust 1968-ci il - 22 fevral 1969-cu il, 5 oktyabr 1969-cu il - 16 oktyabr 1972-ci il, 18 oktyabr 1972-ci il - 20 mart 1989-cu il, 3 aprel 1989-cu il - 1 sentyabr 1994-cü il, 2 yanvar 2001-ci il - 30 dekabr 2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir, dövlət qulluğu stajı isə yoxdur. İddiaçının vaxtilə işlədiyi vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında nəzərdə tutulmamışdır. Dövlət qulluqçu stajı olmadığından ona dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3394/2024 nömrəli qərarı ilə iddia təmi edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisənin əsas predmeti – iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğu hesab edilən vəzifələrə aid olub-olmamasıdır. Bu halı araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən X7 sorğu verilmişdir, cavab olaraq göndərilmiş məktubdan müəyyən olunur: 1) 1962-ci ildə zavodda, 1968-1969-cu illərdə Təmir-tikinti idarəsində, 1972-ci ildə trestdə, 1981-1989-cu illərdə Oktyabr rayon 3 nömrəli Təmir-tikinti idarəsində, 1989- 1991-ci illərdə X3, 1991-1994-cü illərdə fabrikdə iş müddəti: “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahıda zavodlar, tikinti idarələri, trestlər, ittifaqlar və fabriklər, eləcə də həmin müəssisələrdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bu səbəbdən də həmin iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 2) 1969-1972-ci illərdə Azərbaycan SSR Meşə və Ağac Sənayesi Nazirliyində tikinti ustası və böyük usta vəzifələrində iş müddəti: qeyd edilən Siyahıda adıçəkilən vəzifələr nəzərdə tutulmamışdır, bu səbəbdən dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 3) 1972-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsində və Azərbaycan SSR Geologiya İdarəsində müxtəlif vəzifələrdə iş müddəti: qeyd edilən Siyahının 1.16-cı bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Bu səbəbdən 1972-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsində və Azərbaycan SSR Geologiya İdarəsində müxtəlif vəzifələrdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 4) 2001- 2004-cü illərdə Abşeron rayonu Xırdalan bələdiyyəsində müxtəlif vəzifələrdə iş müddəti: bələdiyyə orqanları səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Bu səbəbdən qeyd edilmiş iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr istinad edilən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilmiş vəzifələrə aid olmağı öz təsdiqini tapmır. Bu isə iddiaçının dövlət qulluqçusu kimi stajının mövcud olmadığını göstərir. Bununla da etirazın dəlili ilə razılaşaraq qeyd edir ki, iddiaçının işlədiyi 32 il 3 ay 25 gün iş stajı (15 noyabr 1962-ci il – 1 fevral 1964-cü il, 7 oktyabr 1966-cı il – 28 iyun 1968-ci il, 13 avqust 1968-ci il – 22 fevral 1969-cu il, 5 oktyabr 1969-cu il – 16 oktyabr 1972- ci il, 18 oktyabr 1972-ci il – 20 mart 1989-cu il, 3 aprel 1989-cu il – 1 sentyabr 1994-cü il, 2 yanvar 2001-ci il – 30 dekabr 2004-cü il tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajı təşkil etməməsi səbəbindən, cavabdeh tərəfin mövqeyi qanuni və əsaslı olmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin verdiyi qərardan məlum olur ki, məhkəmə tərəfindən verilən sorğulara cavab olaraq təqdim edilmiş sənədlər 2005-ci ilə qədər qüvvədə olmuş qanunlara müvafiqdir. 2006-2024-cü illərdə qanunlarda olan dəyişikliklərə əsasən onun işlədiyi vəzifələr 1)1969-1972-ci illərdə Meşə və Ağac Sənayesi Nazirliyində tikinti üzrə mütəxəssis 2)1972-1981-ci illərdə Geologiya İdarəsi 3)1981-1989-cu illərdə Oktyabr rayon 3 saylı TTİ 4)1989-1991-ci illərdə X8 4)1991-1994-cü illərdə fabrikdə dövlət qulluğu əmək pensiyasının verilməsinin mümkünlüyünü təsdiq edir. 2006- 2024-cü illərdə verilən qanunlarda, bu vəzifələrin dövlət qulluğu, inzibati və yardımçı vəzifələrin təsnifatında göstərilmişdir. Lakin göndərilən sorğulara cavab olaraq, DSMF və XŞT üzrə Mərkəzi Filial və Dövlət İmtahan Komissiyası son illərdə verilən qanunları nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; ..... Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. ..... Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş ürzə iddiaçının iddia tələbi onun barəsində əlilliyə görə təyin edilmiş pensiyasının dövlət qulluqçusu kimi əmək pensiyası ilə əvəz edilməsi ilə bağlı olmuşdur. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, qanunvericiliyin müvafiq müddəalarını nəzərə alaraq, dövlət qulluğu stajı olmadığından sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində 2011-ci ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı ona dövlət qulluqçusu kimi stajı nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməklə, barəsində təyin edilmiş əmək pensiyasının növünün dəyişdirilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının dövlət qulluğu stajı olmadığından,ona dövlət qulluğuna görə əmək pensiyasının təyin edilməsinin qanunavericiliyin tələbi baxımından mümkün olmadığını bildirir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericilik normasının tələbinə əsasən şəxsə yalnız qanunla müəyyən edilmiş qaydada bir növ əmək pensiyası təyin edilə bilər, habelə şəxsin bir neçə növ əmək pensiyası almaq hüququ olduğu halda, onlardan birini seçmək hüququ vardır. Bundan əlavə, qeyd edilməlidir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi üçün şəxsin qanunla tələb olunan həddə dövlət qulluğu stajının olması zəruri şərtdir. Belə ki, 1 iyul 2017-ci il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən zəruri olan şərt şəxsin 5 il və daha çox dövlət qulluğu stajının olması, hazrda qüvvədə olan qanunvericilik normasına əsasən azı 15 il dövlət qulluğu stajının olması tələb olunur. Eyni zamanda qeyd edilməlidir ki, müvafiq qanunvericilik normasının tələbinə əsasən şəxsin işlədiyi iş stajının dövlət qulluğu stajı kimi müəyyən edilməsi üçün iş yeri və tutduğu vəzifə qanunvericilik normasının tələbi baxımından dövlət qulluğu anlayışının təsiri altına düşməlidir. Başqa sözlə deəsk, iddiaçının işlədiyi yer və vəzifə “Dövlət qulluğ haqqında” qanunauyğun olaraq inzibati və ya yardımçı vəzifəyə aid olmalı və ya 18 oktyabr 1991-ci ildən qeyd edilən qanun qüvvəyə minənədək qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud 18 oktyabr 1991-ci ilədək dövlət, sovet, partiya orqanlarında xidmət etməlidir. İndiki halda iddiaçının dövlət qulluğu stajı kimi nəzərə alınmasını istədiyi işlədiyi dövrlər: 1)1969-1972-ci illərdə Meşə və Ağac Sənayesi Nazirliyində tikinti üzrə mütəxəssis 2)1972- 1981-ci illərdə Geologiya İdarəsi 3)1981-1989-cu illərdə Oktyabr rayon 3 saylı TTİ 4)1989-1991ci illərdə X8 4)1991-1994-cü illərdə fabrikdə işlədiyi dövrlərdən ibarət olmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər əsasında iddiaçının istinad etdiyi həmin iş yeri və vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, habelə Azərbaycan Respublikası prezidentinin 2005-ci il tarixli 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet,partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda əks olunmuş vəzifələrə uyğun olması halı aşkar edilməmişdir. Halbuki, yalnız iddiaçının qeyd edilmiş qanunvericilik normasında əks olunmuş müvafiq vəzfilərdə işləməsi halının müəyyən edilməsi, həmin dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınması üçün əsas ola bilərdi. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı şikayətin məzmununda 2006-2024-cü il tarixdə qüvvədə olan qnaunvericilik normasına dəyişiklik edilməsi, bunun nəticəsində işlədiyi həmin dövrlərin dövlət qulluğu stajına daxil edilməli olması ilə bağlı hallara istinad etsə də, məhkəmə araşdırması zamana qeyd edilən halın mövcudluğu müəyyən edilməmiş, habelə iddiaçı tərəfindən də həmin hala dair sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi indiki halda iddiaçının istinad etdiyi işlədiyi dövrlər dövlət qulluğu stajına aid olmadığından, iddiaçının qanunla tələb olunan dövlət qulluğu stajına malik olması halı öz təsdiqini tapmamışdır. Belə olan halda iddiaçı qeyd edilən tələbi irəli sürməkdə haqlı olmamış, cavabdehin imtinası əsaslı olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, hərtəfli araşdırılmaqla, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3394/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-203/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-203/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver