Məhkəmə qərarları › İş №2-1(105)-204/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-204/2021

16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-204/2021 16.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin normativ qiymətə əsasən özəlləşdirilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(118)-141/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: Abşeron rayon XDS İcraiyyə Komitəsinin 31 mart 1989-cu il tarixli, 60 saylı qərarı ilə Xırdalan qəsəbəsinin 26-cı məhəlləsindəki 4 №-li evin şərq tərəfində illər boyu istifadəsiz qalan bina əhaliyə məişət xidməti üzrə «Rahatlıq» kooperativinin müvəqqəti istifadəsinə verilmiş və həmin binanın sağ və sol qabaq hissəsindəki 1650 kv m-lik boş torpaq sahəsi kooperativə təhkim edilmişdir. Həmçinin, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 23 oktyabr 1990-cı il tarixli, 271 saylı qərarı ilə Xırdalan qəsəbəsinin Kommunist küçəsi boyunca qəsəbənin şimal hissəsindən 9 mərtəbəli bina, qərb hissəsindən kolxoz bazarı, əhatə olunmuş boş sahə mağazalar cərgəsi tikintisi üçün 0.09 ha torpaq sahəsi ayrılmış, firma mağazasının tikintisi «Rahatlıq» kooperativinə tapşırılmış və onun vəsaiti hesabına tikilməklə balansında saxlanılması qərara alınmışdır. «Rahatlıq» kooperativinin bazasında, kooperativin yenidən təşkili əsasında İddiaçıli kiçik müəssisəsi təsis edilmiş və Abşeron rayon XDS İK-in 05 may 1991-ci il tarixli 86 saylı qərarı ilə müəssisə qeydə alınmışdır. 20 noyabr 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəssisəyə təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 25633 nömrəli şəhadətnamə verilmişdir. İddiaçıli kiçik müəssisəsi ona ayrılan 1650 və 601 kv m torpaq sahəsində öz vəsaiti hesabına tikinti işləri apararaq qeyri-yaşayış sahəsi, inzibati və ticarət obyektləri inşa etmiş, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 283 saylı 28.02.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Xırdalan qəsəbəsi 26-cı məhəllədə yerləşən qeyri yaşayış sahəsi və 069 saylı 10 oktyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında «xxxx» kiçik müəssisəsinin adına qeydə alınmışdır. İddiaçıli kiçik müəssisəsi mülkiyyətində olan qeyri-yaşayış sahələrinə dair qeydiyyat vəsiqələrini yenisi ilə əvəz etmək məqsədilə DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsinə müraciət etmiş, sonuncu 23.07.2011-ci il tarixli 16/650 saylı məktubla torpaq sahəsinin özəlləşdirmə prosesindən sonra daşınmaz əmlakla birgə vahid əmlak obyekti kimi qeydiyyata alınacağını bildirərək, Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməsini göstərmişdir. Bundan sonra iddiaçı qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı ƏMDKnə müraciət etmiş, Komitənin iddiaçıya ünvanladığı 26.07.2011-ci il və 25.08.2011-ci il tarixli məktublarda “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq müvafiq sənədlər təqdim edildikdən sonra müraciətə baxıla biləcəyi bildirilmişdir. Eyni zamanda həmin ərəfədə ƏMDK cavabdeh DƏDRX-nin Abşeron Ərazi idarəsinə (3-cü şəxs İddiaçıli kiçik müəssisəsi) qarşı məhkəmədə iddia qaldıraraq, Baş Dövlət Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verməyə səlahiyyəti olmadığına istinad edərək, hər iki qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22.11.2012-cı il tarixli, 2-1(85)-1324/2012 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2013-cü il tarixli, 2-1(105)-57/2013 saylı qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyul 2013-cü il tarixli 2-2(102)- 682/2013 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mübahisəyə məhkəmələrdə baxılan ərəfədə iddiaçı istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün zəruri sənədlərlə dəfələrlə Azərbaycan Respublikası ƏMDK-nə müraciət etmiş, Komitənin 28.12.2012, 4.01.2013. 13.03.2013, 20.05.2013 və 23.07.2013-cü il tarixli məktubları ilə iddiaçıya imtina cavab verilərək, iddiaçıya məxsus qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair məhkəmə mübahisəsi olduğundan, məhkəmənin yekun qərarından sonra müraciətinə baxılacağı bildirilmişdir. Həmin mübahisə üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəyə mindikdən sonra «xxxx» kiçik müəssisəsi təkrarən zəruri sənədlərlə birlikdə 02.11.2013, 28.11.2013, 20.12.2013-ci il tarixlərdə Azərbaycan Respublikası ƏMDK-nə müraciət edərək, istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsini xahiş etsə də, müraciəti müsbət həll edilmədiyindən 18.07.2014-cü il tarixdə məhkəmədə iddia qaldıraraq, 1650 kv m torpaq sahəsinin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli, 2-1(85)-98/2016 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2016-cı il tarixli, 2-1(105)-102/2016 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli, 2-1(85)-98/2016 saylı qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının istifadəsində olan 1650 kv.metr torpaq sahəsinin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının 06 sentyabr 2016-cı il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2016-cı il tarixli, 2-1(105)-102/2016 saylı qərarı dəyişdirilmiş, cavabdehin üzərinə iddiaçının müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı məhkəmənin bu qərarda təsbit edilmiş hüquqi mövqeyini nəzərə almaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin olunmamışdır. Ali Məhkəmənin 06 sentyabr 2016-cı il tarixli qərarı icra olunmadığına görə İddiaçıli kiçik müəssisəsi(bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə(bundan sonra cavabdeh) qarşı məhkəmədə iddia qaldıraraq, 16,5 sot torpaq sahəsinin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 sentyabr 2016-cı il tarixli, 2-1(102)-1210/16 saylı qərarın Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icra olunmadığı üçün inzibati tədbir görülməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 05 iyun 2016-cı il tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 6-1 bəndinin müddəalarını tətbiq etmədən “xxxx” X2 istifadəsində olan 16,5 sot torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslandırılması: İstifadəsində olan 16,5 sot torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə 10 noyabr 2010-cu il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edir. Hazırkı vaxtadək torpağın özəlləşdirilməsi mümkün olmamışdır. Sonuncu dəfə cavabdeh 29 sentyabr 2016cı il tarixində **********04 saylı bildiriş verərək həddindən artıq yüksək qiymətlə torpağın özəlləşdilməsini təklif etmişdir. Torpaq sahəsi 132000 min manat dəyərində qiymətləndirmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinə 10 noyabr 2010-cu il tarixində torpaq sahəsini özəlləşdirmək məqsədi ilə müraciət olunmuşdur. Komitə qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsindən imtina etmiş, iş məhkəmə mübahisə predmeti də olmuşdur. Altı ilə yaxın davam edən məhkəmə prosesi nəticəsində 06 sentyabr 2016-cı il tarixində qərar qəbul olunmuşdur. Ali Məhkəmənin 06 sentyabr 2016-cı il tarixli, 2-1(102)-1210/16 saylı qərarından 25 may 2017-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kolleqiyasının 06 sentyabr 2016-cı il tarixli, 2-1(102)- 1210/2016 saylı qərarında «xxxx» X2 istifadəsində olan 16,5 sot torpaq sahəsinin özəlləşdirilməsində Agentliyin üzərinə iddiaçının müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı məhkəmənin bu qərarda təsbit edilmiş hüquqi mövqeyini nəzərə almaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyini qoymuşdur. Qərar 10 noyabr 2016-cı il tarixədək icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir. Ali Məhkəmənin qərarı icra olunmadığından 19 oktyabr 2016-cı il trixində, A-97 nömrəli məktubu ilə Agentliyə müraciət etmişdir. Agentlik məktuba cavab verməyərək müxtəlif bəhanələrlə qərarın icrasından imtina etmişdir. Sonra məlum olmuşdur ki, Agentliyin aparatında aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq qeyd olunan funksiyaların icrasını Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq şöbələri həyata keçirir. 17 noyabr 2016-cı il tarixində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kolleqiyasının 06 sentyabr 2016-cı il tarixli, 2- 1(102)-1210/2016 saylı qərarının icra olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə göndərmişdir. Qərarın icrası komitə tərəfindən təmin olunmamışdır. Bununla əlaqədar 30 iyun 2017-ci il tarixli, A23 saylı və 18 iyul 2017-ci il tarxli 25 nömrəli məktubla Ali Məhkəmənin İnzibati-İqisadi Kollegiyasının 06 sentyabr 2016-cı il tarixli 2-1(102)-1210/ 16 saylı qərarının icrasının təmin olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmişdir. Komitə qərarın icrasından imtina etmiş və məktublarına cavab verməmişdir. Cavabdeh bildirir ki, satın alınması üçün 16.5 sot torpaq sahəsi təklif edilsə də, İddiaçıli kiçik müəssisəsi tərəfindən torpaq sahəsinin satın alınması ilə bağlı güya heç bir tədbir görülmür. Halbuki, təklifdə torpağın qiyməti həddindən artıq şişirdilmişdir. Həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı o, ƏMDK-nə müraciət edərkən Əsasnamənin 6- 1-ci bəndi mövcud deyildi. Hesab edir ki, müəssisənin istifadəsində olan 1650 m2 torpaq sahəsi qiymətləndirici tərəfindən müəyyən edilən qiymət ilə deyil, torpağın normatıv qiyməti ilə müəyyən olunmalıdır. Cavabdehin etirazı: Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Eyni zamanda, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri özəlləşdirilərkən həmin torpaq sahələrinin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.04.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət, müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında əsasnamə”yə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli, 377 nömrəli qərarı ilə yuxarıda qeyd edilən Əsasnaməyə 6-1-ci hissə əlavə edilmiş və həmin 6-1-ci hissəyə əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaıaq həyata keçirilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, torpaq sahəsinin normativ qiyməti bazar dəyərindən aşağı olduqda, onun qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İddiaçıli kiçik müəssisəsi tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 132000 manat təşkil edən 1650.0 kv. metr torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün 29.09.2016-cı il tarixli, **********04 nömrəli bildirişlə iddiaçıya təklif olunmuşdur. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəsinə götürməsi üçün İddiaçıli kiçik müəssisəsinə təklif olunmuşdur. Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisəli torpaq sahəsinin özəlləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş vəzifələri yerinə yetirilmiş, lakin iddiaçının hərəkətsizliyi səbəbindən özəlləşdirmə həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi: Sumqayıt İnzibati Məhkəməsinin 13.10.2020-ci il tarixli, 2-1(118)-141/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 05 iyun 2016-cı il tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 6-1 bəndinin müddəalarını tətbiq etmədən “xxxx” X2 istifadəsində olan 16,5 sot torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim C.Məmmədov). Məhkəmə hesab etmişdir ki, “xxxx” X2 istifadəsində olan 16,5 ha torpaq sahənin özəlləşdirilməsi hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli qərarına əsasən müəyyən edilmişdir. Yəni qeyd olunan əsasnaməyə 6-1-ci bənd əlavə olunana qədər iddiaçının istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi hüququ artıq yaranmışdır. Belə olduğu tədqirdə iddiaçının istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi zamanı normativ qiymətin müəyyən edilməsi üçün qiymətləndiricinin rəyinə istinad etmək əsassızdır. Hesab olunur ki, iddiaçının istifadəsində olan 16,5 ha torpaq sahəsinin özəlləşdirilməsi zamanı qeyd olunan Əsasnamənin 6-cı bəndinə uyğun olaraq torpağın normativ qiyməti müəyyən olunmalıdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçıli kiçik müəssisəsi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-lqtisadi Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binalarının yerləşdiyi 1650 kv. m torpaq sahəsinin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13.01.2016cı il tarixli, 2-1(85)-98/2016 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 18.04.2016-cı il tarixli, 2-1 (105)-102/16 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.09.2016-cı il tarixli, 2-1 (102)-1210/16 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilmiş, cavabdehin üzərinə iddiaçının müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı məhkəmənin bu qərarda təsbit edilmiş hüquqi mövqeyi nəzərə alınmaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyi qoyulmuşdur. Ali Məhkəmənin qərarının icrası ilə əlaqədar olaraq, iddiaçının torpaq sahəsinin özəlləşdirilməsi barədə müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yenidən baxılmış və 29.09.2016-cı il tarixli, **********04 nömrəli bildirişlə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında iddiaçının mülkiyyətindəki əmlak kompleksinin yerləşdiyi, daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 132000 manat təşkil edən 1650.0 kv.metr torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı qeyd edilən torpaq sahəsinin satın alınmasına razılığını bildirməmişdir. Məhkəmə iddiaçının torpaq sahəsini özəlləşdirmək hüququnun Ali Məhkəmənin 06.09.2016-cı il tarixli qərarı ilə yarandığını qeyd etmişdir. Halbuki, həmin qərarda torpaq sahəsinin məhz normativ qiymətlə özəlləşdirilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmamışdır. Ali Məhkəmənin qərarında ümumiyyətlə torpaq sahəsinin özəlləşdirilməsi vəzifəsi deyil, onun özəlləşdirilməsi barədə iddiaçının müraciətinə yenidən baxılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən də yuxarıda qeyd edildiyi kimi iddiaçının həmin müraciətinə yenidən baxılaraq torpaq sahəsi satın alınması üçün iddiaçıya təklif edilmişdir. Məhkəmə mübahisəli hüquq münasibətinin nə zaman yarandığına diqqət yetirməmiş və nəticədə hansı qanunvericilik normasının tətbiq edilməsinin müəyyənləşdirilməsində səhvə yol vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli, 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni 6-1-ci bənd əlavə edilmiş və həmin norma özəlləşdirilmiş müəssisə və ya obyektlərin yerləşdiyi torpaq sahəsinin qiymətinin bazar dəyərinə uyğun hesablanması üçün hüquqi əsasdır. Torpaq sahəsinin dəyərinə dair mübahisə qanunvericilikdə 05.10.2016-cı il tarixində dəyişiklik edildikdən sonra yaranmışdır. Məhkəmə qərarla “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə 5 iyun 2016-cı il tarixli, 377 nömrəli qərar əsasında əlavə edilmiş 6-1-ci bəndin müddəalarını tətbiq etmədən “xxxx” X2 istifadəsində olan 16,5 sot torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Halbuki, qeyd edilən qərarın tarixi 5 oktyabr 2016-cı ildir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə uyğun izahat verdi, həmçinin iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 377 saylı qərarı əsasında əlavə edilmiş 6-1 bəndinin müddəaları tətbiq edilmədən Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi 1650.0 kv m torpaq sahəsinin normativ qiymətə əsasən onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 saylı Fərmanı (06 iyul 2006-cı il tarixli, 426 saylı Fərmanla edilmiş əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin müddəalarına görə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur (2). Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır (4). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəllər torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə, torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər (11). Əmlak Məsələləri Dövlət Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir.(13) Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 9-cu bəndinin müddəalarına görə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir (9.1). Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir (9.2). Hazırkı işin hallarından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 31 mart 1989-cu il tarixli, 60 saylı qərarı ilə 26-cı məhələdə iddiaçının sələfi olmuş “Rahatlıq” Kooperativinə 1650 kv m torpaq sahəsi ayrılmış, iddiaçı öz vəsaiti hesabına həmin sahədə qeyri-yaşayış sahəsi inşa etmiş və hazırda RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, 253 m2 əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında “xxxx” ÇKM-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyri yaşayış sahəsinin texniki pasportuna əsasən, faktiki istifadədə olan torpağın sahəsi 1650 kv m-dir. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə əsasən, iddiaçı 2011-ci ildə etibarən istifadəsində olan 1650 kv m torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu müxtəlif əsaslarla (tələb olunan sənədlərin tam təqdim edilməməsi, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair iddia üzrə yekun məhkəmə qərarının qüvvəyə minməməsi, müqavilə azadlığı prinsipinə görə Komitənin müqavilə bağlamağa məcbur edilə bilməməsi və s) iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İş üzrə yuxarıda sadalanan çoxsaylı məhkəmə qərarları qəbul edilmiş, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının 06 sentyabr 2016-cı il tarixli qərarı ilə iddiaçının müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı məhkəmənin bu qərarda təsbit edilmiş hüquqi mövqeyini nəzərə almaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərarın icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi 29.09.2016-cı il tarixdə iddiaçıya **********04 nömrəli bildiriş ünvanlayaraq, Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında İddiaçıli kiçik müəssisəsi tərəfindən özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 132000 manat təşkil edən 1650 kv.metr torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsini təklif etmişdir. Bildirişə qeyd edilmişdir ki, torpaq sahəsinin satın alınmasına və ya icarəyə götürülməsinə razılıq bildirildiyi halda onun satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq müəyyənləşdiriləcəkdir. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməsinin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə bölünür: 1)texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və 2)bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri). Hazırkı halda iş materiallarından müəyyən edilir ki, iddiaçının özəlləşdirmək istədiyi torpaq sahəsi ikinci qrup torpaq sahəsinə aid olmaqla sərbəst torpaq sahəsidir. Əsasnamənin 6-cı bəndinə əsasən, sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsallar 7 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilir. Adı çəkilən Əsasnaməyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016cı il tarixli, 377 nömrəli qərarı ilə əlavə olunmuş 6-1-ci maddəsində qeyd olunmuşdur ki, torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. İşin hallarından görünür ki, cavabdeh iddiaçıya torpaq sahəsini normativ qiymətlə deyil, 05.10.2016-cı il tarixdə edilmiş dəyişikliyə, yəni Əsasnaməyə əlavə edilmiş 6-1 bəndə əsasən, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilmiş qiymətlə özəlləşdirilməsini təkif etmiş, iddiaçı isə bununla razılaşmayaraq hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi gedən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı iddiaçının çoxsaylı müraciətləri “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 05 oktyabr 2016-cı ildə edilmiş dəyişikliyə qədər olduğundan, həmin dəyişiklik ona münasibətdə şamil olunmamalıdır. Belə ki, işin hallarından görünür ki, iddiaçının müraciətləri 05 oktyabr 2016-cı il tarixli dəyişikliyə qədər olmuş, cavabdeh hərəkətsizlik edərək iddiaçının müraciətinin təmin olunması üçün inzibati icraat başlamamış, heç bir tutarlı səbəb göstərmədən torpaq sahəsinin özəlləşdirilməsindən imtina etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə cavabdehin imtinası qanunsuz sayılaraq iddiaçının müraciətinə yenidən baxaraq məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, əsaslandırılmış qərar qəbul etmək öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Hazırda isə iddiaçının müraciətini tənzimləyən normativ hüquqi aktlarda dəyişiklik olmuş və bu da iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Digər tərəfdən kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan özü belə mübahisəsi gedən torpaq sahəsinin satın alınması ilə bağlı iddiaçıya **********04 nömrəli bildirişi 29.09.2016-cı il tarixdə ünvanlamış, həmin tarixdə isə “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə 6-1 bənd əlavə edilməmiş, 6-cı bəndə əsasən isə sərbəst torpaq sahəsinin normativ qiymətlə özəlləşməsi nəzərdə tutulmuşdur. Bundan əlavə kollegiya qeyd edir ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 6-cı bəndində qeyd edilir ki, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. İİ Dövlət Proqramının 2-ci bəndinə əsasən, özəlləşdirilməsi qadağan olunan əmlakın siyahısı "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Özəlləşdirmə haqqında qanunvericilik aktlarında göstərilən hallardan başqa, özəlləşdirmə sahəsində məhdudiyyətlərin qoyulmasına yol verilmir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.2.1-6.2.20-ci maddəsində Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi qadağan edilən əmlak növlərinin təsnifatı dəqiq olaraq qeyd edilmişdir. Həmin qanunun 29.6-cı maddəsinə əsasən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. Hazırkı işin hallarından görünür ki, iddiaçının mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi özəlləşdirilməsi qadağan edilən və yaxud məhdudiyyət qoyulan əmlak deyildir. Belə olan halda isə, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciətinə müraciət etdiyi vaxt qüvvədə olan qanunvericilik normalarının tələblərinə əsasən baxmaq və torpağın özəlləşdirilməsi barədə qərar qəbul etmək vəzifəsi daşımışdır. İşdən isə görünür ki, iddiaçının 2011-ci ildən başlayaraq davamlı ardıcıl müraciətləri olmuş, həmin dövrdən 05.10.2016-cı il tarixədək isə fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlin yerləşdiyi dövlət torpaq sahəsinin normativ qiymətə əsasən özəlləşməsi nəzərdə tutulmuşdur. Beləliklə kollegiya hesab edir ki, iddiaçının, mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi torpaq sahəsini özəlləşdirmək hüququ 2011-2012-ci illərdə torpağın özəlləşdirilməsi ilə bağlı ilkin müraciətlər etdiyi andan yaranmış, inzibati orqan isə iddiaçının müraciətinə onun hüququ yaranan zaman qüvvədə olan maddi hüquq normalarını rəhbər tutmaqla baxmaq və müvafiq qərar qəbul etmək öhdəliyi daşımışdır. Ona görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməli, iddianın dəyişdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(118)-141/2020 saylı qərarı dəyişdirilsin. İddia təmin olunsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 377 saylı qərarı əsasında əlavə edilmiş 6-1 bəndin müddəaları tətbiq edilmədən Abşeron rayonu Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında İddiaçıli kiçik müəssisəsi tərəfindən özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi 1650.0 kv m torpaq sahəsinin normativ qiymətə əsasən iddiaçının adına özəlləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar