Məhkəmə qərarları › İş №2-1(105)-204/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-204/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-204/2025 27.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1997/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 1997/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Azərmontaj tikinti trestinin təlim mərkəzində xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək keçmiş kursun müddəti iş stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun 6 avqust 1973-cü il tarixdən 31 yanvar 1974-cü il tarixə kimi Azərmontaj tikinti Trestində təhsil aldığı dövrün əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü il tarixdə Azərmontaj tikinti trestinin təlim mərkəzinə qaynaqçı peşəsi üzrə kursa daxil olaraq xx.xx.1974-cü il tarixdə həmin kursu bitirmişdir. Bundan sonra xx.xx.1998-ci il tarixə kimi müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1978-ci il tarixdə ordu sıralarına çağırılıb və xx.xx.1979-cu il tarixdə hərbi xidmətdən qayıtmışdır. 2021-ci ildə hüquqmüəyyənedici sənədləri toplayıb cavabdeh təşkilata müraciət edib yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat onun 24 il 8 ay 17 gün sığorta stajı olduğunu bildirmiş, ona xx.xx.2021-ci il tarixdən yaşa görə müavinat təyin etmişdir. Lakin cavabdeh təşkilat yaşa görə əmək pensiyası təyin tməkdən imtina edərkən Azərmontaj tikinti trestinin təlim kursunda xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək olan dövrü nəzərə almamışdır. Ona görə də yaşa görə əmək pensiyası deyil, sosial müavinat təyin etmişdir. O, cavabdeh təşkilata müraciət edərək, ona yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat yaşa görə pensiya təyin edilməsindən əsassız olaraq imtina etmişdir. Əmək kitabçasından aşkar olur ki, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixə kimi Azərmontaj tikinti trestinin nəznində olan təlim kursunda təhsil almışdır və qeyd olunan dövr sığorta stajı kimi nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh təşkilat yazılı ərizə verərək göstərmişdir ki, yasa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) iddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir və yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya nəzərən birinci əsasla bağlı qeyd edilmişdir ki, o, qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə anadan olmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 12 fevral 2021-ci il tarixdə (65 yaş) çatmışdır. İkinci əsasla bağlı qeyd edilir ki, iddiaçının əmək kitabçasına və hərbi biletinə əsasən cəmi 24 il 8 ay 17 gün sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 23 il 9 ay 17 gün sığorta stajına uyğun olaraq 18.135,20 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 11 ay sığorta stajına uyğun olaraq 50,62 manat olmaqla, ümumilikdə 18.185,82 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə iddiaçının pensiya hüququ yaranan tarixdə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40.320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh tərəfindən iddiaçıya 12 fevral 2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, 01 fevral 2023-cü il tarixdən müavinətin məbləği 220 manata çatdırılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı əmək kitabçasına və hərbi biletinə əsasən 24 il 8 ay 17 gün mübahisələndirilməyən sosial sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. İddiaçı xx.xx.1973-cü il tarixdə Azərmontaj tikinti trestinin təlim mərkəzinə daxil olduğunu xx.xx.1974-cü il tarixdə həmin kursu bitirdiyini bildirmişdir. Sözügedən dövr inzibati orqan tərəfindən mübahisələndirilmiş və sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.16-cı maddəsinə əsasən peşə təhsili dedikdə əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadr hazırlığı aparılan təhsil pilləsi nəzərdə tutulur. Məhkəmə qərarında mübahisənin iddiaçının Azərmontaj tikinti trestində qiyabi və ya əyani əsaslarla təhsil alıb-almaması ilə bağlı olduğunu bildirmişdir. Eyni zamanda məhkəmə cavabdeh orqanın peşə təhsilini qiyabi əsaslarla aparıla biləcəyi ehtimalına görə staja daxil etmədiyini qeyd etmişdir. İnzibati orqan məhkəmənin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmır və bildiririk ki, iddiaçının təhsil aldığını iddia etdiyi dövrün staja daxil edilməməsinin ilkin səbəbi Azərmontaj tikinti trestinin təlim mərkəzindəki kursun peşə təhsili hesab edilməməsidir. Bildiririk ki, məhkəmə həmin kursla bağlı sənədlərin aşkar edilmədiyini qeyd etsə də, peşə təhsili olduğunu və təhsilalmanın əyani formada aparılmasını bildirməsinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunan xüsusatlardan da aydın olur ki, məhkəmə araşdırması kifayət qədər araşdırılmamış və məhkəmə təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, birinci intansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq nəzərə alır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı). Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Əmək pensiyaları haqqında qanunvericiliyin yuxarıda sadalanan tələbinə əsasən yasa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) iddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir və yaxud azı 25 il sığorta stajı olmalıdır. Hazırkı iş üzrə iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 12 fevral 2021-ci il tarixdə (65 yaş) çatmışdır. Mübahisə ikinci əsasa görə yaranmışdır. Belə ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Azərmontaj tikinti trestinin təlim mərkəzində peşə təhsili aldığını, daha sonra xx.xx.1998-ci il tarixə kimi müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olduğunu, həmçinin xx.xx.1978xx.xx.1979-cu illərdə ordu sıralarına xidmət göstərdiyini əsas götürərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh isə etirazında qeyd etmişdir ki, iddiaçının əmək kitabçasına və hərbi biletinə əsasən cəmi 24 il 8 ay 17 gün sığorta stajının, yəni tələb olunan 25 il sığorta stajından azdır. Həmçinin, qeyd olunmuşdur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 23 il 9 ay 17 gün sığorta stajına uyğun olaraq 18.135,20 manat, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 11 ay sığorta stajına uyğun olaraq 50,62 manat olmaqla, ümumilikdə 18.185,82 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə iddiaçının pensiya hüququ yaranan tarixdə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40.320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bununla da, cavabdeh iddiaçıya münasibətdə həm iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının, həm də 25 il sığorta stajının tamalanmadığını əsas götürməklə, iddianın əsassız hesab etmişdir. İddiaçı həm məhkəmə iclaslarında verdiyi izahatlarında, həm də iddia ərizəsində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunan pensiya kapitalından az olmasına dair cavabdehin dəlilini mübahisələndirməmiş, onun xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilə kimi Azərmontaj tikinti Trestində qaynaqçı peşəsi üzrə təhsil aldığı dövrün əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Beləliklə, hazırkı mübahisənin əsası iddiaçının xx.xx.1973-cü ildən xx.xx.1974-cü il tarixə kimi Azərmontaj tikinti Trestində peşə təhsili aldığı dövrün əmək pensiyası təyin edilməsi üçün sığorta stajına daxil edilməli olub-olmaması ilə bağlıdır. Cavabdeh orqanın mövqeyinə görə iddiaçının xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilə kimi Azərmontaj tikinti Trestində qiyabi və ya əyani əsaslarla təhsil almasını müəyyən etmək mümkün olmadığından, həmin illər sığorta stajına daxil edilməməlidir. Yəni, Azərmontaj tikinti Trestində təhsilin hansı əsaslarla aprarıldığı qeyri-müəyyəndir: əyani ola da bilər, olmaya da bilər. Birinci instansiya məhkəməsi işə baxarkən mübahisəni araşdırmaq üçün proses gedişində tələbə dair sorğularla müvafiq qurumlara müraciət etmişdir. İş materialına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, SSSR Quraşdırma və Xüsusi Tikinti İşlər Nazirliyi Kadrlar və Təhsil Müəssisələri üzrə Baş İdarəsinin 18086 nömrəli şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək həmin nazirliyin yanında kurs üzrə istehsaldankənar (с отрывом от производства) təhsil almış və ona elektrik qaynaqçı ixtisası təyin olunmuşdur. İddiaçı izahatında bildirmişdir ki, əvvəllər mövcud olan təcrübəyə əsasən Azərmontaj tikinti Trestində təhsilinə dair şəhadətnaməni verməklə SSSR Quraşdırma və Xüsusi Tikinti İşlər Nazirliyi Kadrlar və Təhsil Müəssisələri üzrə Baş İdarəsinin 18086 nömrəli şəhadətnamə ona təqdim edilmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxsin ünvanına aşağıdakı məzmunlu sorğu göndərilmişdir: İddiaçı iddia ərizəsində xx.xx.1973-cü ildə Azərmontaj tikinti trestinin təlim mərkəzinə daxil olaraq xx.xx.1974-cü ildə həmin kursu bitirdiyini bildirmişdir. Qeyd olunan dövr onun əmək kitabçasında da qeyd olunmuşdur. İddiaçı məhkəmə prosesində bidirmişdir ki, qeyd olunan kursu bitirməsinə dair diplomu itirmişdir. Göstərilən işin obyektiv və tam araşdırılması məqsədi ilə, xx.xx.1973-cü ildə Azərmontaj tikinti trestinin təlim mərkəzinə daxil olaraq xx.xx.1974-cü ildə həmin kursdakı təhsilin əyani yoxsa, qiyabi təhsilalma formasında olmasına aydınlıq gətirilməsi zərurəti yaranmışdır. Odur ki, aşağıdakı məsələlərə münasibət bildirilməsi xahiş olunur: Azərmontaj tikinti trestinin təlim mərkəzindəki kurs təhsilalmanın hansı formasında - əyani, yoxsa qiyabi formada aparılmışdır? Əgər əvvəlki suala münasibətdə Sizdə hər hansı bir məlumat mövcud deyildirsə, oxşar vəziyyətdə hazırda bu tipli kurslarda təhsil əyani, yoxsa qiyabi formada həyata keçirilir? Əgər qeyd olunan təlim mərkəzində keçirilmiş kursun müddəti əmək kitabçasında qeyd olunmuşdursa, kursun əyani formada həyata keçirilməsi nəticəsinə gəlməyə əsas verirmi? Ümumiyyətlə, əvvəlki dövrlərdə peşə təhsili, onun növləri barədə başqa hər hansı bir məlumat mövcuddurmu? Yuxarıdakı sorğuya münasibətdə üçüncü şəxsin cavabı “Azərmontaj tikinti tresti Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olmadığı üçün sorğuya cavab verilməsi imkan xaricindədir.” Daha sonra məhkəmə təkrar sorğu ilə üçüncü şəxsə sorğu ilə müraciət edilərək “peşə təhsili müəssisələrində təhsilin qiyabi şəkildə həyata keçirilə bilərmi?” sualının cavablandırılması xahiş olunmuşdur. Lakin təkrar sorğuya münasibətdə Azərmontaj tikinti trestinin arxiv sənədlərinin Elm və Təhsil Nazirliyinin Arxiv Fonduna təhvil verilmədiyindən məsələnin araşdırılması imkan xaricində olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin məktubundan görünür ki, Azərmontaj tikinti trestinin, həmçinin trestin təlim mərkəzinin sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, iddiaçı barədə axtarış aparılması imkanı xaricindədir. Göründüyü kimi, həm iş materialında olan, həm müvafiq orqanlar tərəfindən sorğulara verilmiş cavablarla Azərmontaj tikinti trestində təhsilin əyani yoxsa, qiyabi olmasını müəyyən etmək mümkün olmamışdır. Lakin bu vəziyyət mübahisənin həll edilməsinə maneə ola bilməz. Çünki, mübahisə iddiaçının Azərmontaj tikinti Trestində qiyabi və ya əyani əsaslarla təhsil alıbalması ilə bağlıdır. Deməli, cavabdeh orqan hesab edir ki, peşə təhsili qiyabi əsaslarla da aparıla bilər. Bu səbəbdən mötəbərliliyi mübahisələndirilməyən əmək kitabçasında qeyd olunmuş təhsil illərini sığorta stajına daxil etməmişdir. Cavabdeh orqan ehtimal əsasında öz mövqeyini bldirdiyi üçün, məhkəmə hesab edir ki, peşə təhsilinin ehtimalla da olsa mümkün ola biləcəyi məsələsinə aydınlıq gətirilməsi mübahisənin həlli baxımından əsas olacaqdır. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununun 10.7-ci maddəsinə əsasən peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir. Göründüyü kimi, norma dispozitiv məzmunlu deyildir və adıçəkilən Qanunda peşə təhsili müəssisələrində təhsilalmanın qiyabi formada həyata keçirilməsi qeyd edilməmişdir. xx.xx.1956-cı il tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən Ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydalarının 109-cu maddəsinin «и» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Cavabdeh orqanın mövqeyi ehtimala söykəndiyi üçün, məhkəmə prosesi gedişində beynəlxalq təcrübələr də araşdırılmışdır. Nümunə kimi Türkiyə Respublikasının “X4” tədqiq edilmişdir. Lakin bu Qanunda belə peşə təhsili əyani qeyd olunmuşdur. Digər ölkələrdə peşə təhsili kolleclərdən kənarda əyani şəkildə aparılır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin etməkdən imtina bərədə hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1997/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar