Məhkəmə qərarları › İş №2-1(105)-205/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-205/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-205/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialının nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı “01.09.1973-28.06.1974-cü illərdə Sumqayıt şəhəri 85 saylı texniki peşə məktəbində təhsil aldığı və 01.07.1974-15.05.2002-ci illərdə Sumqayıt şəhəri Üst Trikotaj fabrikində işlədiyi illəri nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(118)-1122/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Komplesinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq yaşa görə əmək pensiyası təyin olunmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbini dəqiqləşdirərək, “01.09.1973-28.06.1974-cü illərdə Sumqayıt şəhəri 85 saylı texniki peşə məktəbində təhsil aldığı və 01.07.1974-15.05.2002ci illərdə Sumqayıt şəhəri Üst Trikotaj fabrikində işlədiyi illəri nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1956-cı ildə Şəmkir rayonu, Kolxozkənd kəndində, hazırki “Bayramlı” kəndində anadan olmuşdur. 1973-cü ildə Sumqayıt şəhəri 85 saylı texniki peşə məktəbinə daxil olmuşdur. 1974-cü ildə kişi üst geyimləri üzrə dərzi ixtisası kursunu tam bitirmişdir. 01.07.1974-cü il tarixdə Sumqayıt şəhər “Üst trikataj” fabrikində 5-ci dərəcəli “naladçik” (sazlayıcı) vəzifəsinə işə düzəlmişdir. Uzun illər həmin fabrikdə işləmişdir. 14.05.2002-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Beləliklə, onun 01.09.1973-cü il tarixdən 28.06.1974-cü ilə kimi Sumqayıt şəhəri 85 saylı texniki peşə məktəbində 9 ay 27 gün və 01.07.1974-cü il tarixdən 14.05.2002-ci il tarixə qədər Sumqayıt “Üst trikataj” fabrikində 27 il 10 ay 14 gün, ümumilikdə 28 il 8 ay 11 gün sosial sığorta stajı var. 2002-ci ildən sonra fərdi əməklə məşğul olmuşdur. 65 yaşı tamam olması ilə əlaqədar yaşa görə pensiya almaq məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına müraciət etmişdir. Həmin filial tərəfindən 1974-cü il tarixdən 2002-ci il tarixə qədər işlədiyi dövrün qarşılıqlı yoxlanılması zərurəti ilə araşdırma aparılmışdır. Lakin arxiv sənədlərinin saxlanılmaması səbəbindən iş stajının yerində yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən 1974- 2002-ci illərin sosial sığorta stajı kimi hesablanması mümkün olmamışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına sənədlərini təqdim etmişdir. Filialın 31.03.2021-ci il tarixli **********7 saylı məktubuna əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunazidd olduğu bildirilmişdir. Hüquqi faktın müəyyən edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etsə də, məhkəmənin 2(060)-4154/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin iddiaçının əmək kitabçasında qeyd olunmuş 01.07.1974-cü il tarixdən 14.05.2002-ci il tarixədək işləmiş olduğu “Sumqayıt Üst Trikotaj” müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Lakin, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, onun 01.07.1974-cı il tarixdən 14.05.2002-cı il tarixədək işlədiyini iddia etdiyi dövrə dair əmək haqlarını yoxlamaq mümkün olmamışdır. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının 01.07.1974-cü tarixdən 14.05.2002-ci il tarixədək müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımı sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Sumqayıt filialı tərəfindən təqdim edilmiş 24 may 2021-ci il tarixli, 64 nömrəli məktubda Bakı şəhəri “Sumqayıt Üst Trikotaj” fabrikinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. İş materiallarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş 01 iyun 2021-ci il tarixli **********766200 nömrəli sorğuya cavab məktubunda “Sumqayıt şəhəri Üst Trikotaj Fabriki” 30.01.1995-ci il tarixdə D-970 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Nazirliyinin 05.12.2000-ci il tarixli sərəncamına əsasən “Sumqayıt Trikotaj” açıq tipli səhmdar cəmiyyətinə çevrilmişdir və Ədliyyə Nazirliyində 20.12.2000-ci il tarixdə D-3061 nömrəli şəhadətnamə ilə yenidən qeydiyyata alınmışdır. Cəmiyyət səhmdarlarının 23.09.2008-ci il tarixli 01/08 nömrəli protokola əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) çevrilmişdir. Mülki Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 13.1-ci maddəsinə görə dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2000-ci il tarixli, 222 nömrəli “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarının 2-ci bəndində görə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır. Həmin qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, “nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖEN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. Göründüyü kimi, həmin müəssisə 30.01.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin tarixədək (1974-1995) müəssisənin fəaliyyət göstərməsi, sosial ödənişlər etməsi öz təsdiqini tapmadığından iddiaçıya məxsus əmək kitabçasında iddiaçının 01.07.1974-cü il tarixdən 14.05.2002-cü il tarixədək “Sumqayıt Üst Trikotaj”da işləməsinə dair edilmiş qeydlər şübhə altına düşdüyündən sübut qismində qəbul edilə bilməz. İş materiallarından aydın olur ki, iddiaçının 01.07.1974-cü il tarixdən 14.05.2002cü il tarixədək “Sumqayıt Üst Trikotaj”da işləməsi faktı əmək kitabçasında qeyd edilsə də qeyd olunan illər ərzində həmin müəssisədə çalışmasına dair hər hansı sənəd - işə qəbul və işdən çıxma əmrləri, T-2 şəxsi vərəqəsi, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə iddiaçının 01.07.1974-ci il tarixdən 14.05.2002-ci il tarixədək “Sumqayıt Üst Trikotaj”da işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Buna görə də həmin dövr (01.07.1974-14.05.2002-ci illər) sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(118)-1122/2021 saylı qərarı iddia təmin edilmişdir. (hakim Leyla Mirzəyeva) Qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. İşə apelyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialı prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional ərazi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə göstərilmişdir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Hazırkı işin hallarından görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmış, 25 ildən artıq sığorta stajı olduğunu nəzərə alaraq pensiyanın təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının 1974-cü il tarixdən 2002-ci il tarixədək “Sumqayıt Üst Trikotaj” müəssisəsinin işlədiyi dövrün yoxlanılmasının mümkün olmadığını əsas tutaraq həmin dövrü staja daxil etməmişdir. Həmin müddət nəzərə alınmadığından ümumi sığorta stajı 25 ildən az olmuş, iddiaçının topladığı pensiya kapitalı isə tələb edilən miqdarda olmadığından iddiaçıya pensiyanın təyinindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçının 1974-cü il tarixdən 2002-ci il tarixədək “Sumqayıt Üst Trikotaj” müəssisəsində işlədiyi dövrün sığorta stajına daxil edilməsi mübahisələndirilir. Birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərkən iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrdə işləməsinə, ümumi iş stajının 25 ildən çox təşkil etməsinə və qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmasına istinad etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 01.07.1974-cü il tarixdən 14.05.2002-ci il tarixə qədər Sumqayıt “Üst trikataj” fabrikində işləmişdir. Əmək kitabçasından müəyyən olunur ki, iddiaçının əmək stajı 25 ildən çoxdur. Bundan başqa, iddiaçı 01.09.1973-cü il tarixdən 28.06.1974-cü ilə kimi Sumqayıt şəhəri 85 saylı texniki peşə məktəbində (9 ay 27 gün) təhsil almışdır. İddiaçının 01.07.1974-cü il tarixdən 14.05.2002-ci il tarixə qədər Sumqayıt “Üst trikataj” fabrikində işlədiyi dövrün yoxlanılmasının mümkün olmaması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 01.07.1974-cü il tarixdən 14.05.2002-ci il tarixə qədər Sumqayıt “Üst trikataj” fabrikində işləməsi barədə əmək kitabçasında olan qeydin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İş dövrünün yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Sumqayıt “Üst trikotaj” fabrikinin nizamnaməsinin surətindən görünür ki, fabrik 30.01.1995-ci ildə dövlət qeydiyyatına alınmışdır və Azərbaycan Respublikası “Xalq üçün mallar” Dövlət Konserninin tərkibinə daxildir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan SSR Sumqayıt şəhər xalq deputatları Soveti icraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 10/529 nömrəli, 2 may 1980-ci il tarixli orderinin surətindən görünür ki, “Üst trikotaj fabiriki”nin işçisi kimi iddiaçıya mənzil verilmişdir. 28.01.1975-ci il tarixli fəxri fərmandan görünür ki, iddiaçı fabrikin fəaliyyətində fəal iştirakına görə təltif edilmişdir. İşə əlavə edilmiş qəzətlərdən isə görünür ki, fabrikin fəaliyyəti ilə bağlı müxtəlif məqalələr dərc olunmuş və həmin məqalələrdə İddiaçı da olduğu fotoşəkillər əksini tapmışdır. Göründüyü kimi, mübahisələndirilən illərdə fabrikin fəaliyyət göstərməsi qeyd olunan sənədlərdə də əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(118)-1122/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar