Məhkəmə qərarları › İş №2-1(105)-205/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-205/2023

20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-205/2023 20.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Yaşıllaşdırma və X26 Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X21 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, üçüncü şəxslər X4 və X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən ona və ailə üzvlərinə JN-390, Kod 30603015 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan 2,50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması və orada əkilən bitki və ağacların həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətdə ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2063/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin hallarına görə, Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli qərarına əsasən X9 və ailə üzvlərinə Xızı rayonu Giləzi kənd ərazisində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə 2,50 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarını təsdiqləyən JN-390 KOD 30603015 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir.

2. Həmin torpaq sahəsi bir müddət ailənin istifadəsində olsa da sonradan cavabdeh tərəfindən həmin ərazidə meşə sahəsi salınmışdır. İddiaçı ərizə ilə cavabdeh təşkilata müraciət edərək həmin torpaq sahəsinin boşaldılmasını tələb etmiş, lakin hal-hazırdək müsbət cavab ala bilməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X9 cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və X26 Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə mülkiyyətində olan və Xızı rayonu Giləzi qəsəbəsində yerləşən 2.50 ha torpaq sahəsini zəbt etməsi nəticəsində ona dəymiş ziyanın - 50000 manat məbləğində (kompensasiyanın) ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən ona və ailə üzvlərinə JN-390, Kod 30603015 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən mülkiyyət hüququ üzrə məxsus olan 2.50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması və orada əkilən bitki və ağacların həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyətdə ona qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 nəfərdən ibarət ailə üzvləri ilə Xızı rayonu Giləzi qəsəbəsində yaşayır. Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli qərarına əsasən ona və ailə üzvlərinə Xızı rayonu Giləzi kənd ərazisində kənd təsərrüfatı məhsullarının yetirşdirilməsi məqsədi ilə 2,50 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarını təsdiqləyən JN- 390 KOD 30603015 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Bundan başqa həmin torpaq sahəsinin koordinatları, sərhədləri müəyyənləşdirilməklə onun sxemi və planı tərtib olunmuşdur. Lakin həmin torpaq sahəsi bir müddət ailənin istifadəsində olsa da sonradan həmin sahə zəbt edilmiş və orada meşə salınmışdır. Tərəfindən aparılmış araşdırma ilə ona məlum olmuşdur ki, ona və 5 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə ayrılmış bu sahəni cavabdeh zəbt edərək burada meşə salınmasını təmin etmiş və nəticədə onları əmlakdan məhrum etmişdir. Bundan sonra o ərizə ilə cavabdeh təşkilata müraciət edərək həmin torpaq sahəsinin əvəzi kimi 50.000 manat kompensasiya ödəməsini xahiş etmiş, lakin cavabdeh onun ərizəsini xx.xx.2022-ci il tarixdə alsa da bu vaxta kimi cavab verməmişdir.

6. Daha sonra, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, mübahisəyə aydınlıq gətirilməsi ilə bağlı məhkəmə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilmiş və həmin qərardadda DƏDKR-in mütəxəssisi qarşısında "xxxx" ASC tərəfindən salınmış yaşıllaşdırma ərazisinin (ağacların əkilməsi) “Torpağa mülkiyyət hüququna dair” JN-390, kod 30603015 nömrəli dövlət aktı əsasında iddiaçının adına verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşib-yerləşməməsinə aydınlıq gətirilməsi vəzifəsi qoyulmuşdur. Bununla bağlı GPS vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə çöl-ölçmə işləri aparılmış və araşdırma nəticəsində Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 7 mart tarxli 818 nömrəli Fərmanına əsasən hazırlanmış elektron uçot bazasına görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC tərəfindən salınmış yaşıllaşdırma ərazisinin JN-390, kod 30603015 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktına” görə X6 məxsus torpaq sahəsinin koordinatları daxilində olması müəyyən olunmuşdur. Göründüyü kimi Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli qərarına əsasən ona və ailə üzvlərinə Xızı rayonu Giləzi kənd ərazisində kənd təsərrüfatı məhsullarının yetirşdirilməsi məqsədi ilə ayrılmış 2,50 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. İPM-in 54-cü maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Xızı Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı 209 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Mülkiyyət hüququnuzun bərpa edilməsinə köməklik göstərilməsi barədə” Xızı Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizənizə aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi tərəfindən baxılmışdır. Bildiririk ki, Aqrar islahat Xızı rayonunda 1996-1998-ci illərdə aparılmış və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilmişdir. Xızı Rayon İcra Hakimiyyətinin 03 iyun 2002-ci il tarixli 56 nömrəli Sərəncamı isə Azərbaycan Respublikasının ekoloji vəziyyətini nəzərə alaraq Bakı-Quba yolunun sağ və sol tərəfində dövlət mülkiyyətinə aid olan torpaqlarda yeni meşə və yaşıllıqların salınması məqsədilə təsdiq edilmişdir. Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin maddənin 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmələr baxır ki, Sizə verilmiş bu hüquqdan istifadə edərək məsələnin həlli üçün mövcud qanunvericiliyə uyğun şəkildə tərtib edilmiş iddia ərizəsi ilə aidiyyəti üzrə müvafiq məhkəmə orqanına müraciət etməyiniz tövsiyə olunur.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli, **********96 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 2016-cl il 7 mart tarxli 818 nömrəli Fərmanına əsasən hazırlanmış elektron uçot bazasına görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC tərəfindən salınmış yaşıllaşdırma ərazisinin JN-390, Kod-30603015 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktına” görə X6 məxsus torpaq sahəsinin koordinatları daxilindədir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2063/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilərək, JN-390, Kod- 30603015 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Xızı rayonu, Giləzi kəndində yerləşən 2,50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması və orada əkilən bitki və ağacların həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyətdə X9 və ailə üzvlərinə qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsində yaşıllaşdırma işləri aparmış və torpaq sahəsində kənd təsərrüfat fəaliyyətinin aparılmasına maneələr yaradılmışdır. Belə ki, mübahisəli əraziyə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə çöl ölçmə işləri aparılmış və araşdırma nəticəsində Azərbaycan Respublikasının Prezidentinin 2016-cl il 7 mart tarxli 818 nömrəli Fərmanına əsasən hazırlanmış elektron uçot bazasına görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC tərəfindən salınmış yaşıllaşdırma ərazisinin JN-390, Kod-30603015 nömrəli “Torpağın Mülkiyyət hüququna dair dövlət aktına” görə X6 məxsus torpaq sahəsinin koordinatları daxilində olması müəyyən edilmişdir. Bu isə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin bərpa edilməsindən boyun qaçırmasına dəlalət edir. Məhkəmə araşdırması nəticəsində məlum olur ki, hal-hazırda da iddiaçının mülkiyyətində olan 2.50 ha kənd təsərrufatı torpaq kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün yararsız vəziyyətdədir. Göründüyü kimi inzibati orqanının qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçının konstitusion hüquqları pozulmuşdur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X2 iddia etdiyi 2,50 ha ərazi Bakı-Quba magistral avtomobil yolunun kənarında yerləşir və ASC-nin 5 saylı yaşıllaşdırma idarəsinin xidməti ərazisinə aiddir. Yaşıllıqlar magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılmasına dair ölkə başçısının tapşırıqlarına əsasən Xızı RİH-nin 56 saylı 03 iyun 2002-ci il tarixli sərəncamına uyğun olaraq 2010-cu ildə salınmış və ərazidə hal-hazırda müxtəlif yaşda və ölçüdə ağac və kol bitkiləri becərilir. Yaşıllıqların Prezident fərmanları və Dövlət proqramları əsasında salındığını, onların əhəmiyyətini nəzərə alaraq, ağacların çıxarılmasını məqsədəmüvafiq hesab etmirlər. Sumqayıt İnzibati Məhkəməsinin yuxarıda qeyd edilmiş qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız bir qətnamə qəbul edilmişdir. 2010-cu ildə yaşıllıqlar salınan vaxtadək iddiaçı və ya onun ailə üzvləri tərəfindən həmin torpaq sahəsi istifadəsiz saxlanılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən “Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları”na dair 73-cü maddəsinin birinci bəndinə əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsinin dalbadal 2 il ərzində istifadə edilmədikdə, həmin torpaq üzərindəki istifadə hüququna xitam verilir. Magistral avtomobil yollarının kənarında yaşıllıqların salınması Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun aparılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı iddiaçı X9 etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsini zəbt etməklə onun mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki,Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasan hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli Qərarına əsasən ona və ailə üzvlərinə Xızı rayonu Giləzi kənd ərazisində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə 2,50 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarını təsdiq edən JN-390 kod 30603015 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Həmin torpaq sahəsi bir müddət ailənin istifadəsində olsa da sonradan cavabdeh tərəfindən həmin sahə zəbt edilmiş və həmin ərazidə meşə sahəsi salınmışdır. Ərizə ilə cavabdeh təşkilata müraciət edərək həmin torpaq sahəsinin boşaldılmasını tələb etmiş, lakin hal-hazıradək müsbət cavab ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, həmin dəlillərin hər hansı bir hüquqi əsası yoxdur. Belə ki, cavabdeh məhkəmə qərarına münasibət bildirərkən ümumi frazalardan istifadə etmiş və məhkəmənin hansı maddi və prosessual normalarını pozduğunu, şikayətində əsaslandırmamışdır. Qeyd etmişdir ki, guya məhkəmə onun sübutları əsasında mübahisəyə qiymət vermişdir. Halbuki, məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və verilmiş mütəxəssis rəyi ilə cavabdeh tərəfindən meşə zolağının məhz onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində salındığı qeyd olunmuşdur. Əvvəlki məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi ona məxsus torpaq sahəsini zəbt etdikləri üün kompensasiya verməyəcəklərini bildirmiş və əgər həmin meşə zolağının onlara məxsus torpaq sahəsində salındığı təsdiq olunarsa, həmin sahədə olan ağacları başqa əraziyə köçürəcəklərinə etiraz etmədiyini bildirmişdir. Lakin artıq meşə zolağının məhz ona məxsus ərazidə salınması təsdiq olunduqda isə bu qanunsuzluğu aradan qaldırmaq əvəzinə məhkəmə qərarından apellyasiya şikayəti verilmişdir. Məhkəmə qəbul etdiyi qərarında həm prosessual, həm də maddi normalara düzgün istinad etmiş, iddia tələbinin, mümkünlülük, əsaslılığı ilə bağlı tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etmiş və qanuni qərar qəbul etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1n apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. İddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxslər X4 və X10 apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

16. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş üçüncü şəxs Xızı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Xızı Rayon İcra Hakimiyyəti başçısının 56 saylı, 03 iyun 2002-ci il tarixli sərəncamına əsasən Xızı rayonu ərazisində Bakı-Quba, Yaşma-Qasımkənd, Giləzi-Xələnc yolunun sağ və sol tərəfində və Giləzi-Şocabad dəniz sahili qumluq ərazisindən 6 min hektar torpaq sahəsi ayrılmış və torpaq sahəsi ayrılarkən koordinatları (yerləşmə mövqeyi, sərhədləri və s.) müəyyən edilməmişdir. Sərəncamda yalnız Bakı-Quba yolunun sağ və solunda deyil, digər ərazilərdə də yaşıllıqların salınması nəzərdə tutulmuşdur və bu məqsədlə 6 min hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” 30 oktyabr 2007-ci il tarixli 2471 saylı sərəncamında yolların mühafizə zolaqlarının yaşıllaşdırılması xüsusi qeyd edilmişdir və tərəflərindən yalnız mühafizə zolaqları ilə bağlı yaşıllaşdırma üçün torpaq sahələri ayrılmışdır, yəni vətəndaşların xüsusi mülkiyyətində olan və ya onlara pay torpağı kimi verilmiş torpaq sahələrində yaşıllaşdırma sahələrinin salınması ilə bağlı tərəflərindən sərəncam və ya göstəriş verilməmişdir. Yaşıllaşdırma işləri aparılmış torpaq sahələri ilə bağlı mübahisəli vəziyyət yarandığı üçün 303 hektar sahədə salınmış yaşıllıqların olduğu torpaq sahələrinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerli icra hakimiyyətinin müvafiq qurumuna təhvil verilməsi məqsədə müvafiq hesab edilməmişdir və bununla bağlı cavabdeh inzibati orqana tərəflərindən məktub göndərilmişdir. İddiaçıya məxsus torpaq sahəsində yaşıllıqların salınması müvafiq quruma tapşırılmamışdır, yalnız yolların mühafizə zolağında yaşıllaşdırma zolağının salınması nəzərdə tutulmuşdur. Vətəndaşlara məxsus pay torpaqlarında yaşıllaşdırma işlərinin aparılması ilə bağlı sərəncam verilməmişdir. Dövlət mülkiyyətində olan torpaq sahələri yaşıllıqların salınması üçün ayrılmışdır.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər X5 və X11 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

21. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

22. Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;

23. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

24. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

26. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə müvafiq olaraq X7, X12, X13 və X8 zəruri cəlbetmə qaydasında, Xızı Rayon İcra Hakimiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

30. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən, Cəmiyyət “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasında yaşıllaşdırma sahəsində xidmətlər göstərən, yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işlərin, o cümlədən landşaft quruluşu işlərinin yerinə yetirilməsinin təmin edilməsindən ibarətdir.

31. Hazırkı işin hallarından görünür ki, Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli Qərarına əsasən X9 və ailə üzvlərinə Xızı rayonu Giləzi kənd ərazisində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə 2,50 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarını təsdiqləyən JN- 390 KOD 30603015 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Mübahisə həmin torpaq sahəsi üzərində cavabdeh tərəfindən yaşıllaşdırma ərazisinin salınması ilə bağlıdır.

32. İşdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə çöl ölçmə işləri aparılmış və araşdırma nəticəsində Azərbaycan Respublikasının Prezidentinin 2016-cl il 7 mart tarxli 818 nömrəli Fərmanına əsasən hazırlanmış elektron uçot bazasına görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC tərəfindən salınmış yaşıllaşdırma ərazisinin JN-390, Kod-30603015 nömrəli “Torpağın Mülkiyyət hüququna dair dövlət aktına” görə X6 məxsus torpaq sahəsinin koordinatları daxilində olması müəyyən edilmişdir.

33. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, Xızı Rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 2002-ci il tarixli sərəncamı ilə yeni meşə və yaşıllıqların salınması məqsədilə Xızı rayonu ərazisində Bakı-Quba, Yaşma-Qasımkənd, Giləzi-Xələnc yolunun sağ və sol tərəfində və Giləzi-Şurabadın dəniz sahili qumluq ərazisindən 6000 ha torpaq sahəsi ayrılmışdır.

34. Həmin sərəncamdan görünür ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin plansxemin hazırlamaq DTXK-nın rayon şöbəsinin müdirinə tapşırılmışdır.

35. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2- 1880/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı Xızı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli Sərəncamı və ayrılması nəzərdə tutulan torpaq sahəsinin plan-sxemi aşkar edilməmişdir.

36. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 11-1/2-6538-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, M.Seyidəliyev tərəfindən qeyd edilən ərazilərdə X1 Məhdud Məsuliyyətli Cəmiyyətləri vasitəsilə yaşıllıq sahəsinin salınması barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət daxil olmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi balansına verilmiş avtomobil yollarının və bu yollara aid torpaq sahələrinin, habelə körpülərin, tunellərin və digər yol qurğularının istismarını, təmirini və tikilməsini, qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxs olaraq Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə uyğun fəaliyyət göstərir. Bu səbəbdən də sözügedən ərazilərdə yaşıllıqların əkilməsi və onlara aqrotexniki xidmətin göstərilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətinə uyğun deyil və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli 298 nömrəli qərarına əsasən dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolağının hüdudları daxilində fəaliyyət göstərir.

37. Xızı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 5-50/2-407/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Xızı Rayon İcra Hakimiyyəti başçısının 56 saylı, 03 iyun 2002-ci il tarixli Sərəncamına əsasən Xızı rayonu ərazisində Bakı-Quba, Yaşma- Qasımkənd, Giləzi-Xələnc yolunun sağ və sol tərəfində və Giiəzi-Şorabad dəniz sahili qumluq ərazisindən 6000 hektar torpaq sahəsi ayrılmış və torpaq sahəsi ayrılarkən koordinatları (yerləşmə mövqeyi, sərhədləri və s.) müəyyən edilməmişdir. Sərəncamda yalnız Bakı-Quba yolunun sağı və solunda deyil, digər ərazilərdə də yaşıllıqların salınması nəzərdə tutulmuş və bu məqsədlə 6000 hektar torpaq sahəsi ayrılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” 30 oktyabr 2007-ci il tarixli 2471 saylı Sərəncamının giriş hissəsində də açıq-aydın yolların istismarında onların mühafizə zolaqlarının yaşıllaşdırılmasının xüsusi əhəmiyyət kəsb etməsi qeyd edilmişdir. Burada diqqət yetirilməli olan əsas məsələ məhz yolların mühafizə zolaqlarının yaşıllaşdırılmasıdır. Yəni yaşıllaşdırma aparılan ərazi mühafizə zolaqlarından kənara çıxmamalıdır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaşıllaşdırma aparılan ərazilərin mövcud vəziyyəti araşdırılmadan yaşıllaşdırma işləri aparılmış, bununla da qanunvericiliyin tələblərini və vətəndaşların mülkiyyət hüquqlarını pozaraq onlara maddi və mənəvi ziyan vurmuşdur. Bu da vətəndaşlarda haqlı narazılıqların yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.1.3-cü bəndinə əsasən müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin və həyata keçirilməsinin, mülkiyyətin və ictimai asayişin qorunmasının təmin edilməsi yerli icra hakimiyyətləri başçılarının vəzifələrinə aid olduğundan müəssisənin tabe olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xızı Rayon İcra Hakimiyyətinin 17 noyabr 2014-cü il tarixli 869 saylı məktubu ilə təkrar müraciət edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanunsuz hərəkətlərinə son qoyulması, vətəndaşların mülkiyyət hüquqlarının bərpası istiqamətində təsirli tədbirlər görülməsi bir daha xahiş edilmişdir. Eyni zamanda Xızı Rayon İcra Hakimiyyətinin 20 noyabr 2014-cü il tarixli 885 saylı məktubu iiə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilmişdir, lakin hələ də problemin müsbət həlli istiqamətində heç bir əməli tədbir görülməmişdir. Xızı Rayon İcra Hakimiyyətinin 2013-2014-cü illər üçün göndərilən sənədlərinin Xızı rayonu Dövlət Arxivi tərəfindən utilizasiyası aparıldığından yuxanda qeyd olunan 425, 869 və 885 saylı məktubların etiraza əlavə edilməsi mümkün olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 4/322-01-24 saylı, 04 fevral 2022-ci il tarixli məktubla Xızı rayon İcra Hakimiyyətinə müraciət edilərək Xızı rayonunun inzibati ərazisində (Bakı-Quba magistral avtomobil yolu boyunca) "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 303 ha sahədə salınmış yaşıllıqların xidməti heyəti və saxlanma xərcləri ilə birlikdə rayon İcra Hakimiyyətinin müvafiq qurumuna təhvil verilməsinə münasibət bildirilməsi xahiş edilmiş, lakin Rayon İcra Hakimiyyətinin 01 mart 2022-ci il tarixli, 107 saylı cavab məktubunda həmin yaşıllıqların əhalinin pay torpaq sahələrinin bir hissəsi zəbt edilməklə salındığı və bu səbəbdən gələcəkdə vətəndaşlarla yarana biləcək torpaq mübahisələrini və digər məsələləri nəzərə alaraq 303 ha sahədə salınmış yaşıllıqların rayon icra hakimiyyətinin müvafiq qurumuna təhvil verilməsi məqsədə uyğun hesab edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi rayon icra hakimiyyəti tərəfindən vətəndaşların mülkiyyət hüquqlarının qorunması istiqamətində müəyyən addımalar atılaraq dəfələrlə birbaşa cavabdeh olan aidiyyəti qurumlara müraciətlər olunmuşdur.

38. Göründüyü kimi iddia olunan torpaq sahəsi yolların istismarında onların mühafizə zolaqlarına aid əraziyə aid olmamış, cavabdeh tərəfindən salınmış yaşıllaşdırma ərazisinin isə JN-390, Kod-30603015 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktına” görə X14 və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin koordinatları daxilində yerləşməsi iş üzrə verilmiş mütəxəssis rəyi ilə təsdiqini tapmışdır.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunduğundan, toxunulmaz olduğundan və dövlət tərəfindən müdafiə olunduğundan, əmlak hüququ olan şəxslərin razılığı olmadan həmin torpaq sahəsində cavabdehin yaşıllaşdırma ərazisi salması qanunvericiliyin tələbinə uyğun olmamışdır və birinci instansiya məhkəməsi cavabdehə qarşı mövcud iddianı təmin etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

40. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində əkilən bitki və ağaclar yerləri dəyişdirilməklə həmin ərazidən çıxarılmalıdırlar. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2063/2022 nömrəli qərarı dəyişdirilməli, JN-390, Kod-30603015 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Xızı rayonu, Giləzi kəndində yerləşən 2,50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması, orada əkilən bitki və ağacların yerlərinin dəyişdirilməklə həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətdə X9 və ailə üzvlərinə qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2063/2022 nömrəli qərarı dəyişdirilsin. JN-390, Kod-30603015 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Xızı rayonu, Giləzi kəndində yerləşən 2,50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması, orada əkilən bitki və ağacların yerləri dəyişdirilməklə həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətdə X9 və ailə üzvlərinə qaytarılması vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar