Məhkəmə qərarları › İş №2-1(105)-206/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-206/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-206/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı mənzil uçotuna götürülmə tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1118/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı əri X4 13 fevral 2018-ci il tarixdə onkoloji xəstəlikdən vəfat etmişdir. X4 27.07.1996-cı ildən 25 noyabr 2016-cı ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 13.10.2016-cı il tarixli 0687 saylı əmri ilə xəstəliyə görə istefaya buraxılmış, 02.12.2016-cı ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində hərbi qeydiyyata alınmışdır. İdddiaçı İddiaçı və onun mərhum əri X2 yaşayış yeri üzrə qeydiyyat ünvanları müvafiq olaraq Sumqayıt şəhərində və Bakı şəhərində yerləşir. İddiaçı ərinin ölümündən sonra onun və ailə üzvlərinin mənzil uçotuna götürülməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 15 may 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X4 ilə nikahlarını 01.02.2001-ci ildə rəsmi qaydada qeydiyyatdan keçirməklə ailə həyatı qurmuşlar. Rəsmi nikahdan 10.03.2002-ci ildə X5, 02.11.2004-cü ildə X7, 17.06.2010-cu il tarixdə X6 anadan olmuşlar. X4 Azərbaycanın Milli Ordusunun zabiti olmuş, onunla müxtəlif bölgələrdə qulluq yerində birgə yaşamışlar. Onların icarəsində, istifadəsində, mülkiyyətlərində mənzil, ev olmamışdır. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər idarəsinin 17.04.2018-ci il tarixdə 176 nömrəli arayışından görünür ki, mərhum əri X4 27.07.1996-cı il tarixdən 25.11.2016-cı il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13.10.2016-cı il tarixli 0687 saylı əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə əsasən (xəstəliyə görə, istefaya) buraxılmışdı. 02.12.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində hərbi qeydiyyata alınmışdır. Əri xidmətdə olduğu dövrdə hərbi qarnizonlarda xidməti mənzillə təmin olunmuşlar. 2016-cı ildə əri istefaya çıxdığı vaxt Sumqayıt şəhərinə qayıtmış və yuxarıda göstərdiyi kimi hərbi qulluqçu kimi qeydiyyata alınmışdır. Lakin mənzil növbəsinə dayanmamışlar. Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinin arayışından görünür ki, əri 02.12.2016-cı il tarixdən hərbi qulluqçu kimi qeydiyyata alınmışdır. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin arayışından görünür ki, mərhum əri mənzillə təmin olunmamışdır. Yasamal Rayon İcra Hakimiyyətinin arayışından görünür ki, əri ehtiyatda olan zabitlərin güzəştli mənzil uçot növbəsinə götürülməmişdir. Bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdirinin imzası ilə təqdim olunmuş 15.05.2019-cu il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısına yazılmış ərizədə onun və ailə üzvlərinin mənzil uçotuna alınması xahiş edilsə də cavab məktubunda tamamilə başqa bir məsələ ilə bağlı, yəni müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi ilə bağlı məsələ qeyd edilir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin ərizəsinə cavabı qanunsuzdur. İmtinanı qanunsuz və əsassız hesab edir. Bununla bağlı inzibati orqan, yəni Sumqayıt Şəhər İcra Hakimiyyəti inzibati akt qəbul edib onu və ailə üzvlərini mənzil növbəsinə götürməli idi. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsi müəyyən edir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də, müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 5 ay müddətində məlumat verirlər. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 3 övladı ilə atasına aid olan Sumqayıt şəhəri, yaşayış sahəsi 47,31 kvadrat metrdən ibarət 3 otaqlı 9-cu mikrorayon, ev 84, mənzil 6-da 9 nəfərlə qeydiyyatda olduğu müəyyən edilmişdir. İddiaçının əri Qalib Hümbətov isə Bakı şəhəri, Q.Şərq küçəsi, ev 13-də qeydiyyatda olmuş, 03.02.2018-ci il tarixdə vəfat etmişdir. X12 Bakı şəhərində qeydiyyatda olduğu üçün mövcud qanunvericiliyə əsasən Sumqayıt şəhərində mənzil uçotuna alınmamışdır. Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər vəfat etdikdə mənzil uçotundan çıxarıllırlar. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə uyğun olaraq “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır”. Göründüyü kimi, müharibə əlili mənzil uçotunda olub vəfat etdiyi halda növbə onun ailə üzvləri üçün saxlanılır. Qeyd edilənlər və iddiaçının ərinin yaşayış yeri üzrə mənzil uçotunun olmaması nəzərə alınaraq iddianın təmin edilməsi etirazla qarşılanır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1118/2019 saylı, 16 oktyabr 2019cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim İsmayıl Quliyev) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.09.2020-ci il tarixli, 2- 1(105)-92/2020 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Məhəmmədəli Rzayev) qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2254/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Zakir Quliyev, hakimlər Rahib Nəbizadə və İspəndiyar Şəfiyev) iddiaçının kasasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli, 2-1(105)-92/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və ədalətsizdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsi müəyyən edir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində mənzil növbəsinə durmaq üçün mövcud qeydiyyat qaydasında müvafiq icra hakimiyyəti orqanları qanunvericilikdə göstərilmiş şərtlər daxilində qulluq etmiş hərbi qulluqçuları mənzil növbəsinə götürməli və mənzillə təmin etməlidirlər. “Qeydiyyat qaydasında” sözündə nəyi nəzərdə tutduğunu sonrakı maddələrdə izah etmir. “Qeydiyyat qaydasında” dedikdə hərbi qulluqdan tərxis olunmuş keçmiş hərbi qulluqçuların yaşayış yeri üzrə qeydiyyatını və ya istefadan sonra hərbi qeydiyyatını nəzərə aldığını müəyyən etmək olmur. Konkret işdə hüquq sahibi Bakı şəhərinin Yasamal rayonunda pasport qeydiyyatında olsa da, hərbi qulluqçu kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər şöbəsində qeydiyyatda olmuşdur. Məhkəmə istefada olan hərbi qulluqçunun pasport qeydiyyatını əsas götürüb. Bu barədə qanunvericilikdə dəqiq göstəriş yoxdur. Bir sözlə yanaşma müxtəlif olduğundan qanunvericilikdə hüquq normasının tətbiqi ilə bağlı boşluq yaranmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd edilir ki, “Hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər”. Qanunvericilik burda yaşayış yeri üzrə qeydiyyatı deyil, hərbi qulluqçunun köçüb getdiyi yeri nəzərdə tutur. X4 hərbi qulluqdan xəstəliyi ilə bağlı tərxis olduqda Sumqayıt şəhərinə köçüb gəlmişlər. X1 hərbi qulluğa Sumqayıt şəhərindən getmiş, uzun müddət Sumqayıt şəhərində qeydiyyatda olmuş, valideynləri Sumqayıt şəhərində yaşamışlar. Bakı şəhəri Yasamal rayonu ilə onu hərbi akademiyada təhsil aldığı dövr bağlayır. Təhsilini başa çatdırdıqdan sonra qulluq yerinə gedərkən hərbi qulluqçuların qeydiyyatının heç bir rolu olmadığından X4 Bakı şəhəri Yasamal rayonunda qeydiyyatda qalmışdır. Bundan başqa, X4 qəflətən onkoloji xəstəliyə düçar olduğundan 3 il qabaq köçüb gedəcəyi yer barədə Müdafiə Nazirliyinin rəhbərliyinə məlumat verə bilməmişdir. Bu baxımdan göstərilən maddənin həmin hissəsi üzrlü səbəbdən yerinə yetirilməmişdir. Bu baxımdan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununu düzgün təfsir etməmiş, bu səbəbdən də səhv nəticəyə gəlmişdir. Məhkəmə qərarında qeyd edilir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə hərbi qulluqçu ailələrinin sosial müdafiəsi hüququ tənzimlənir. Həmin norma ilə əmək hüquq münasibətləri və sosial təminat məsələlərində zabitlərin, gizirlər və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün təminatlar müəyyən edilmişdir. Həmin təminatlara da hərbi qulluqçu vəfat etdiyi halda onun ailə üzvlərinin mənzil təminatı öz əksini tapmamışdır”. Məhkəmə bu hissədə də səhv nəticəyə gəlmişdir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5ci bəndi müəyyən edir ki, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Göstərilən maddi hüquq normasının mənasına görə, X2 ölümündən sonra bu kateqoriyadan olan vətəndaşlara aid edilmiş bütün güzəştlər iddiaçıya və ailə üzvlərinə aid edilir, bir şərtlə ki, qanunda başqa qayda nəzərdə tutulmasın. Qanunda başqa qaydanın olmasına məhkəmə istinad etməmişdir. Məhkəmə, ümumiyyətlə 21-ci maddənin 5-ci bəndinə istinad etməmişdir. Bu baxımdan hesab edir ki, ölmüş, həlak olmuş, vəfat etmiş hərbi qulluqçulara aid olan güzəştlər onların ailə üzvlərinə şamil edilir. Qanunda başqa qayda nəzərdə tutulmamışdır. Digər tərəfdən məhkəmə qərarından belə nəticəyə gəlmək olar ki, məhkəmə X3 hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş güzəştlərin ona aid olmasını qəbul edir. Sadəcə olaraq ona bu güzəştləri qeydiyyat yeri üzrə təmin olunacağı nəticəsinə gəlmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin nümayəndəsi X9 izahatında apelyasiya şikayətinin təmin olunub-olunmaması məsələsini məhkəmə kollegiyasının mülahizəsinə verdiyini bildirmişdir. İş üzrə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin, cavabdeh apelyasiya şikayətinə etiraz verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 20 il hərbi xidmətdə olmuş X2 ölümündən sonra onun və ailə üzvlərinin mənzil uçotuna götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək qərarında göstərmişdir ki, iddiaçının mərhum əri öz sağlığında qanunvericiliklə ona tanınan hüquqlardan istifadə etməmişdir. Həmin şəxsin yaşayış yeri üzrə qeydiyyatı da Sumqayıt şəhərində olmamışdır. Bu halda cavabdeh inzibati orqanın hər hansı bir qanunsuz hərəkətə yol verdiyi müəyyən olunmur. Beləki, cavabdeh inzibati orqanın iddiaçının dediyi əsaslarla mənzil növbəsinə götürmək ödəliyinin olmasını müəyyən edən hüquqi tənzimləmə mövcud deyil. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmini üçün hüquqi əsas movcud deyil və iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 21 sentyabr 2018-ci il tarixli, 3828 saylı məktubunda göstərilir ki, X4 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə başladığı tarixdən, yəni, 27 iyul 1996-cı ildən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülmüşdür və yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların komissiyasına təqdim olunacaq siyahısına daxil ediləcəkdir. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu hərbi qulluqçuların statusu ilə bağlı normaları tənzimləsə də nə həmin qanunda, nə də hərbi qulluqçularla bağlı digər qanunvericilik aktlarında hərbi qulluqçu vəfat etdikdən sonra onun istifadə etmədiyi mənzillə təmin olunma hüququndan ailə üzvlərinin istifadəsi ilə bağlı hər hansı bir norma öz əksini tapmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi vəfat etmiş hərbi qulluqçunun ailə üzvünün onun istifadə etmədiyi mənzillə təmin olunma hüququndan isifadəsi ilə bağlı qanunvericilikdə hər hansı bir normanın olmadığını qeyd etsə də, həmin hüququ məhdudlaşdıran hər hansı qadağanedici hüquq normasına da istinad etməmişdir. Digər tərəfdən, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci bəndinə əsasən, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Qanunvericilikdə hərbi qulluqçu vəfat etdikdən sonra onun istifadə etmədiyi mənzillə təmin olunma hüququndan ailə üzvlərinin istifadəsi ilə bağlı hər hansı qadağanedici norma olmadığından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbiçi olmuş mərhum ərinin ölümündən sonra mənzil uçotuna alınmağını tələb etmək hüququ var. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda hərbi qulluqçu vəfat etdikdən sonra onun istifadə etmədiyi mənzillə təmin olunma hüququndan ailə üzvlərinin istifadəsi ilə bağlı konkret norma olmasa da, həmin Qanunun 12-ci maddəsinin 10-cu bəndində göstərilir ki, hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək qərarında göstərmişdir ki, iddiaçının mərhum ərinin yaşayış yeri üzrə qeydiyyatı Sumqayıt şəhərində olmamışdır. İş materiallarında olan Yasamal RPİ tərəfindən verilmiş seriya AZE 13279835 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X4 Bakı şəhəri, Q,Şərq küçəsi, ev 13-də qeydiyyatda olmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 26.02.2018-ci il tarixli 863 nömrəli arayışından görünür ki, X4 Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıb. Digər tərəfdən, iş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin 17 aprel 2018-ci il tarixli, 176 nömrəli arayışından görünür ki, 1978-ci il təvəllüdlü polkovnik-leytenant X4 həqiqətən 27.07.1996cı il tarixdən 25.11.2016-cı il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 13.10.2016-cı il tarixli 0687 saylı əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə əsasən (xəstəliyə görə) istefaya buraxılmışdır. 02.12.2016-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində hərbi qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi X2 Bakı şəhəri, Q,Şərq küçəsi, ev 13-də qeydiyyatda olduğu halda, istefaya buraxıldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində hərbi qeydiyyatına alındığını araşdırmadan yuxarıda göstərilən əsasla iddianı təmin etməmişdir. Halbuki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, X4 13.09.2013-cü il tarixdən 24.07.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında dinləyici qismində həqiqi hərbi xidmət keçmişdir və Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi ev 13 ünvanına 11.10.2013-cü ildən qeydiyyata düşmüşdür. Q.Hümbətovun qeydiyyatda olduğu ünvan (ünvan 2 Mənzil İstismar Hissəsinin 2 nömrəli Mənzil İstismar Sahəsinin ərazi dairəsinə aid olmuşdur. Qalib Hümbətovun Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi ev 13 ünvanında qeydiyyatda olması onun Hərbi Akademiyada təhsil alması ilə bağlı olmuşdur. O, hərbi qulluğa Sumqayıt şəhərindən getmiş və istefaya buraxıldıqdan sonra isə Sumqayıt şəhərində hərbi qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1118/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, 20 il hərbi xidmətdə olmuş X2 (03.02.2018-ci ildə vəfat etmiş) ölümündən sonra İddiaçı və ailə üzvlərinin mənzil uçotuna götürülməsi vəzifəsi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1118/2019 saylı, 16 oktyabr 2019cu il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. 20 il hərbi xidmətdə olmuş X2 (03.02.2018-ci ildə vəfat etmiş) ölümündən sonra İddiaçı və ailə üzvlərinin mənzil uçotuna götürülməsi vəzifəsi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar