Məhkəmə qərarları › İş №2-1(105)-207/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-207/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-207/2020 02.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlikedən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı , Cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 2 saylı regional ərazi filialına qarşı İİ qrup əlilliyə görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-1638/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xaçmaz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xaçmaz rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. xx.xx.2019-cu il tarixdə ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. O, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh isə cavab məktubu ilə imtina etmişdir. Halbuki, o, 32 il sosial sığorta stajlna malkidir. Lakin cavabdeh təşkilat bunu nəzərə almamış və qeyd etmişdir ki, o, tələb olunan 22560 manat məbləğində sosial sığorta kapitalına qarşı 21662.30 manat pensiya kapitalına malikdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)- 1638/2019 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 2012-2014-cü illərdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xaçmaz rayon şöbəsinin üzərinə qoyulmuşdur (hakim V.Əzizova) Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 2 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Çarxı kənd sakini, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən 2-ci qrup əlillik müəyyən olunub və o, xx.xx.2019- cu il tarixdə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün müraciət edib. Əlilliyə görə əmək pensiyasının təyin olunması Azərbaycan Respublikası “Əmək pensiyalarıhaqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Qanunun 12.1-ci yarımbəndinə əsasən 2-ci qrup əlillərə əlilliyə görə əmək pensiyası ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə təyin edilir. İddiaçı əlillik dərəcəsi müəyyən olunanda 62 yaşı tamam olduğu üçün əlilliyə görə əmək pensiyasının təyin olunması üçün ilkin şərt olaraq 15 il 08 ay sığorta stajı tələb olunub. Vətəndaşın əmək kitabçasına əsasən sığorta stajı araşdırılarkən xx.xx.2005-ci il tarixə kimi onun 28 il 03 ay sığorta stajı olması müəyyən olunub. Əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan ikinci şərti isə vətəndaşın fərdi hesabın sığorta hüssəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğinə imkan verməsidir. Qanunun 13.3-cü maddəsinə əsasən vətəndaşın fərdi hesabın sığorta hüssəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin müəyyən olunması üçün əlilliyin müəyyən olunduğu tarixə yaşına əsasən və pensiyanın ödənişi aylarının sayına əsasən müəyyən olunmuş rəqəm 141-ə bərabərdir. Vətəndaşın pensiya kapitalı müəyyən olunarkən Qanunun 27.1-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi olan sığorta stajının hər ili 306ya vurularaq sığorta hissəsi müəyyən olunur. Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi olan sığorta stajına əsasən müəyyən olunmuş sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı hər il üçün ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq əmsallaşdırılır. Belə ki, xx.xx.2006-cı ilə kimi olan 28 il 03 ay sığorta stajına əsasən, əlillik müəyyən olunan 2019-cu il də daxil olmaqla hər il üçün əmsallaşma aparılmaqla sığorta hissəsi 20415.20 manat müəyyən olunur. Qanunun 1.0.8. maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi qeydə alınır. Belə ki, vətəndaşın fərdi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixə kimi Xanlıq-oba Bələdiyyəsində və xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-də işlədiyi müddət üçün 2006- 2007-2008- 2009- cu illər üçün tam, 2012-ci ilin sentyabr-dekabr, 2013-cü ilin fevral-oktyabr və dekabr ayları üçün sığorta ödəmələrinin aparılması qeyd edilib. Qalan müddətlər üçün sığorta ödəmələri qeydə alınmayıb. Nəticədə xx.xx.2006-cı ildən sonra qeydə alınmış pensiya kapitalı bütün əmsallaşma və hesablamalarla 1247.20 manat təşkil edir ki, bütün əmək fəaliyyəti müddəti üçün pensiya kapitalı 21662.30 manat təşkil edir (20415.20 +1247.20 =21662.40). Nəticədə həmin pensiya kapitalı yuxarıda qeyd edilmiş 141 rəqəminə bölünərkən pensiyanın məbləği 153.63 manat təşkil edir ki, bu da may 2019-cu il tarix üçün müəyyən olunmuş 160 manat minimum pensiyadan aşağıdır. Pensiyanın minimum məbləğinin müəyyən olunması üçün vətəndaşdan 22560 manat pensiya kapitalı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8 maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 22.1 maddəsinə əsasən xx.xx.2018-ci il tarixədək fərdi hesabında məcburi dövlət sosial sığorta haqları qeydə alındıqda xx.xx.2019-cu il tarixdən sonra əmək pensiyaları avtomatlaşdırılmış qaydada həyata keçirilir. Eyni zamanda hal-hazırda əmək pensiyalarının təyin olunması və ödənilməsi X5 elektron vasitəsi ilə həyata keçirilir. Belə ki, vətəndaşın tələb olunan pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılmayıb və X5 elektron vasitəsilə də pensiya kapitalının az olması bildirilir. xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalının müəyyən olunması elektron qaydada aparıldığı üçün onun artırılması üçün kənar müdaxilə mümkün deyil. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarının 4-cü səhifəsinin 3-cü abzasında 2012-2014-cü illərin qeydə alınmış pensiya kapitalının əmsallaşdırılaraq əlavə edildikdə tələb olunan pensiya kapitalının təsdiq olunduğu və pensiyanın təyin olunmasının mümkünlüyü bildirilir. Lakin həmin illər üçün qeydə alınmış 1247.20 manat pensiya kapitalı bütün əmsallaşmalar və hesablamalar aparılmaqla qeydə alınıb. Ona görə də məhkəmənin qərarı düzgün deyil və ləğv olunmalıdır. Apelyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, İİ dərəcə əlilliyi olan şəxs üçün sığorta stajından əlavə minimum pensiyaya təminat verən pensiya kapitalının olması tələb olunur. İddiaçının tələb olunan sığorta stajı olsa da, fərdi hesabındakı pensiya kapitalı minimum pensiya məbləğinə imkan vermir. Tələb olunan minimum pensiya kapitalı 22560 manat olduğu halda, iddiaçının fərdi hesabında 21662.40 manat mövcuddur. Ölkədə 2006-cı il 1 yanvar tarixindən etibarən sığorta-pensiya sisteminin əsası olan fərdi uçot sistemi fəaliyyət göstərməkdədir. Bu tarixdən etibarən sığortaedənlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığorta olunmuş işçilərinin adına ödənilmiş məcburi dövlət sosial sığorta haqları onların fərdi hesablarında avtomatik qaydada əks olunur. Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə Mərkəzi Filialına yönəldilmiş müvafiq məktuba cavab olaraq 2012-2014-cü illər üzrə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən iddiaçının adına ödənilmiş sığorta haqlarına dair cədvəl göndərilmişdir. Cədvəldən görünür ki, 2012-ci ilin sentyabrdekabr ayları üzrə 102.38 manat, 2013-cü ilin fevral- dekabr ayları üzrə 156.90 manat, 2014-cü il üzrə isə 0 manat ödəniş aparılmışdır. 2013-cü il üzrə yanvar-fevral, noyabrdekabr ayları, 2014-cü il üzrə isə, ümumiyyətlə, sığorta haqları ödənilmədiyi üçün həmin dövrlər sosial sığorta stajına daxil edilə bilməz. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Tərəflərin izahatları:Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini qəbul etməyərək, onun rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-1638/2019 saylı qərarının ləğv edilməsi nəticəsinə gəlir. İşdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək İİ qrup əlilliyə görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsindən imtina etmiş və qənaətini onunla əsaslandırmışdır ki, tələb olunan 22560 manat pensiya kapitalına qarşı iddiaçının bütün əmək fəaliyyəti müddəti üçün pensiya kapitalı 21662.30 manat təşkil edir. Apelyasiya şikayətinin dəlillərindən görünür ki, xx.xx.2006-cı ildən sonra qeydə alınmış pensiya kapitalı bütün əmsallaşma və hesablamalarla 1247.20 manat təşkil etmişdir. İddiaçının əmək kitabçasından görünür ki, xx.xx.2000-xx.xx.2010-cu illərdə Xanlıqoba Bələdiyyəsinin sədr müavini vəzifəsində, xx.xx.2012-xx.xx.2015-ci illərdə isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də işləmişdir. Cavabdeh inzibati orqanın mübahisələndirdiyi iddiaçının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də işlədiyi dövrlərlə bağlı iş materiallarında ziddiyyətli sənədlər mövcuddur. Belə ki, həmin idarənin məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı adına DSMF-yə 2012-ci il üzrə 77.38 manat, 2013-cü il üzrə 156.90 manat, 2014-cü il üzrə 272.55 manat və 2015-ci il üzrə 0 manat ödənilmişdir. Apelyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş cədvəldən isə görünür ki, iddiaçı tərəfindən 2014-cü il üzrə ümumiyyətlə ödənişlər edilməmişdir. Halbuki “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin arayışından görünür ki, mübahisələndirilən həmin il üzrə ən çox ödənişlər edilmişdir. Həmçinin birinci instansiya məhkəsinin iclas protokollarından görünür ki, cavabdehin nümayəndəsi tərəfindən 2006-cı ildən sonra iddiaçının işlədiyi iş yerlərindən ödəmələrin tam daxil olmaması bildirilmişdir. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2006-cı il tarixdən ödənilməsi müəyyən edilmiş 1247.20 manat məbləğin hansı dövrlərə aid olması, yuxarıda qeyd edilən dövrlər də daxil edilərsə, iddiaçıya pensiya təyin edilib-edilməməsinin mümkünlüyü birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırlmamışdır. Bundan başqa, iddiaçı tələbində İİ qrup əlil kimi pensiya təyin edilməsini xahiş etmiş, məhkəmə isə 2012-2014-cü illərdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyini də cavabdeh inzibati orqanın üzərinə qoymuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 13-cü maddəsi məhkəmənin yardım etmək vəzifəsini müəyyən etmişdir. Həmin maddəyə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Göründüyü kimi, yuxarıda qeyd edilən çatışmazlıqlar işin araşdırılası hallarıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 1638/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 2 saylı regional ərazi filialı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1638/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərarı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar