Məhkəmə qərarları › İş №2-1(105)-207/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-207/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-207/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Tağızadə Gülnarə Fikrət qızından və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş - “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar”da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 378 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə qədər olan redaksiyasında müəyyən edilmiş qiymətlə özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2-1(85)-2181/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddiaçının icarəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin mövcud qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçının icarəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının həmin obyektə özəlləşdirmə hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsi 1994-cü ildən 1998-ci ilə kimi “Çinar” kiçik müəssisəsinin, 1998-ci ildən etibarən hazırkı vaxta kimi isə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin icarəsindədir. Hər iki hüquqi şəxsin təsisçiləri eyni şəxslərdir. Həmin qeyri-yaşayış sahəsi 1998-ci ilə kimi Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olmuş və həmin tarixə kimi icarə müqavilələri birliklə bağlanmışdır. 1998-ci ildən etibarən isə icarə müqavilələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmışdır. 1994-cü ildən hazırkı vaxta kimi iddiaçı icarə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri yerinə yetirmiş, icarə haqları hər hansı bir gecikdirməyə yol verilmədən tam miqdarda ödənilmişdir. Hal-hazırda Cəmiyyətin Əmlak Məsələləri Dövlət Komitəsinə borcu yoxdur. 2009-cu il tarixdən dəfələrlə cavabdehə müraciət edərək əmlakı özəlləşdirmək istədiklərini bildirsələr də, cavabdehin özbaşınalığı, vəzifələrinə səhlənkar yanaşması nəticəsində müraciətləri təmin olunmamışdır. Hazırda isə əmlakın özəlləşdirilməsi üçün bazar qiymətindən qat-qat baha, şişirdilmiş məbləğdə pul tələb edirlər. İddiaçı 23 aprel 2018-ci il tarixli ərizə ilə cavabdehə təkrar müraciət edərək, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsalların 2016-cı il tarixədək olan redaksiyasına uyğun olaraq uzun müddət iddiaçının icarəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən özəlləşdirilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin 06.09.2018-ci il tarixli, 2-1(85)-2181/2018 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərarı ilə iddianın təmin edilməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366.5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin iddiaçının həmin obyektə özəlləşdirmə hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə İddiaçı adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin nəticəyə gələn birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 11.1, 61.4-cü maddələrinə, «İcarə haqqında» Qanunun 10-cu maddəsinə, İnzibati Prosessual Məcəllənin 4.1, 12.1, 68.1, 68.2, 73.2-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.09.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2020-ci il tarixli, 2- 1(105)-05/20 nömrəli (hakimlər Zaur Məmmədov-sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Məhəmmədəli Rzayev) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 06.09.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60, 149-cu maddələrinə, «İcarə haqqında» Qanunun 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarına yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydası»nın 4.2, 4.2.1, 4.2.2, 7-ci bəndlərinə, İnzibati Prosessual Məcəllənin 1.2, 12.1, 68.2, 78-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Qərardan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2257/2020 saylı, 09 dekabr 2020-ci il tarixli Qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2020-ci il tarixli, 2-1(105)-05/20 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. (hakim Z.Quliyev) Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı "xxxx" QSC arasında bağlanılmış 07.01.2008-ci il tarixli, 6834/2545 nömrəli icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müvafiq sərəncamı ilə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, həmin sahəyə dair bağlanılmış 07.01.2008-ci il tarixli, 6834/2545 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. Eyni zamanda, qeyd edilən qeyri-yaşayış sahəsi satın alınmaq üçün Komitənin 13.10.2017-ci il tarixli, **********29 nömrəli və 18.01.2018-ci il tarixli, **********67 nömrəli məktubları ilə iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı həmin sahəni satın almaq üçün Komitənin müraciətlərinə heç bir münasibət bildirməmişdir. Nəticədə Əmlak Məsələləri Dövlət Komitəsi qanunvericiliyə uyğun olaraq qeyri-yaşayış sahəsini özəlləşdirmək üçün hərraca çıxarmışdır. Məhkəmə qərarında iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün 05.10.2016-cı il tarixinə qədər bir neçə dəfə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etdiyini, lakin Komitənin özəlləşdirməni həyata keçirmədiyini qeyd etmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir. Qanunvericiliyin qeyd edilən normasına əsasən, dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmək Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifəsi yox, hüququdur. Dövlət əmlakının nə vaxt özəlləşdirilməsi barədə qərar qəbul etmək Komitənin diskresion hüququdur və bu alıcının (icarəçinin) tələbi ilə şərtləndirilməmişdir. Başqa sözlə, Əmlak Məsələləri Dövlət Komitəsi icarəçinin müraciəti əsasında qeyri- yaşayış sahəsini özəlləşdirmək vəzifəsini daşımamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi 05.10.2016-cı il tarixinə qədər mübahisəli qeyriyaşayış sahəsinin özəlləşdirilməsini həyata keçirməməklə heç bir qanunvericilik normasını pozmamış və özəlləşdirmənin nə vaxt həyata keçirilməsi yalnız Komitənin qərarından asılı olmuşdur. Məhkəmə qərarında “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə istinad edərək, icarəçinin icarəyə götürdüyü əmlakı mülkiyyətçinin razılığı ilə dövlətsizləşdirmə və özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada tamamilə və ya qismən satın almaq hüququnun olduğunu qeyd etmişdir. Qeyd edilən hüquq normasından da görünür ki, icarəçinin icarəyə götürdüyü əmlakı satın almaq hüququ mülkiyyətçinin, bu halda dövlətin razılığından aşılıdır. 05.10.2016-cı il tarixinə mülkiyyətçinin belə bir razılığı olmadığına görə özəlləşdirmə həyata keçirilməmişdir. Beləliklə, 05.10.2016-cı il tarixinə qədər Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçının müraciəti əsasında özəlləşdirməni həyata keçirməyə borclu olmadığına görə, məhkəmənin həmin tarixə qədər özəlləşdirməni həyata keçirməməklə bağlı Komitənin hərəkətsizliyini qanunsuz sayması və bu səbəbdən özəlləşdirmənin hazırda qüvvədə olan qanunvericiliyə deyil, həmin tarixə qədər qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilməli olmasına dair mövqeyi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə eyni zamanda, qərarında Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinə istinad edərək, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilmədiyi qeyd etmişdir. Normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi, həmin aktın qəbul edilməsindən qabaq yaranmış hüquq münasibətinə tətbiq edilməsidir. İddiaçı ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı hüquq münasibətinin yarandığı vaxt həmin əmlaka dair alqı-satqı müqaviləsinin bağlanılacağı zamandır. Bu səbəbdən, iddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı yaranacaq hüquq münasibətinə həmin münasibətin yarandığı zaman qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinin hazırda qüvvədə olan qanunvericiliyə uyğun aparılması fiziki və ya hüquqi şəxsin vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi kimi təfsir edilə bilməz. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apeyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi, eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş - “özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar”da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 378 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə qədər olan redaksiyasında müəyyən edilmiş qiymətlə İddiaçı MMC-nin adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edərək, iş materiallarını araşdırraraq və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2-1(85)-2181/2018 saylı qərarı ləğv edilməklə, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İş materiallarında olan 22 aprel 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli nizamnamənin təsdiq olunmuş surətindən görünür ki, “xxxx” qapalı səhmdar cəmiyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı ərazi vergilər departamentində qeydiyyata alınmışdır ıə həmin nizamnamənin 1.7-ci bəndindən görünür ki, “xxxx” qapalı səhmdar cəmiyyəti “AER” firmasının hüquqi varisidir, onun bütün öhdəliklərinə görə məsuliyyət daşıyır, gəlirləri və əmlakları üzərində sərəncam verir. İş materiallarında olan 03 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli nizamnamənin təsdiq olunmuş surətindən görünür ki, nizamnamə 02.04.2015-ci il tarixdə (VÖEN **********) qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış İddiaçı 09.04.1998-ci il tarixdə, Ş-27 dövlət qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “AER” firmasının bazasında yaradılmış və onun hüquqi varisi olan, “xxxx” QSC-nin və “AER” firmasının hüquqi varisidir. Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya qurumunun dövlət reyetrindən çıxarışdan görünür ki, İddiaçı Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmışdır. İş materiallarında olan 20 fevral 2002-ci il tarixli, 1307 saylı dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsini istehsal məqsədi ilə “AER” firmasının müddətli istifadəsinə vermişdir. İş materiallarında olan 20 iyun 2006-cı il tarixli, 2545/1307 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kvadrat metr olan qeyriyaşayış sahəsini istehsal məqsədi ilə «AER» firmasının müddətli istifadəsinə vermişdir. İş materiallarında olan 08 iyul 2016-cı il tarixli, 112 nömrəli, 10 avqust 2016-cı il tarixli, 140 nömrəli, 23 sentyabr 2016-cı il tarixli, 209633 nömrəli, 13 dekabr 2016-cı il tarixli, 276665 nömrəli, 07 fevral 2017-ci il tarixli, 392054 nömrəli, 15 mart 2017-ci il tarixli, 440612 nömrəli, 16 may 2017-ci il tarixli, 493492 nömrəli, 03 avqust 2017-ci il tarixli, 562954 nömrəli, 10 avqust 2017-ci il tarixli, 573015 nömrəli, 13 sentyabr 2017-ci il tarixli, 610240 nömrəli, 08 noyabr 2017-ci il tarixli, 684713 nömrəli, 06 dekabr 2017-ci il tarixli, 721308 nömrəli və 10 yanvar 2018-ci il tarixli, 772194 nömrəli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən icarə haqları cavabdehin hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, iddiaçı 05 oktyabr 2009-cu il tarixli, 109 nömrəli məktubla cavabdehə müraciət edərək, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsini xahiş etmişdir. «MBA LTD» məhdud məsuliyyətli cəmiyyətinin Konsaltinq və Qiymətləndirmə şirkətinin 24 avqust 2018-ci il tarixli, MB-11-708 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin 2016-cı il tarixədək olan Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanun və normativ sənədlərə əsasən özəlləşdirmədə hesablanmış start qiyməti 15833 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 08 may 2018- ci il tarixli **********97 saylı məktubla iddiaçıya imtina cavabı verərək bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən, icarəyə götürülmüş qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə»yə uyğun olaraq satın alınması üçün 100 % dəyəri ilə iddiaçıya təklif olunmuşdur. Lakin mövcud qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin bağlanması təmin edilməmiş və həmin qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satılması barədə 23 fevral 2018-ci il tarixində qərar qəbul edilmişdir. Keçirilən hərracda iddiaçı iştirak etmək hüququndan istifadə etməmiş, həmçinin göstərilən obyektin hərracı alıcı olmaması səbəbindən baş tutmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın: - 1-ci bəndinə əsasən, Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın (bundan sonra - İİ Dövlət Proqramı) həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin (bundan sonra - qeyri-yaşayış sahələri) özəlləşdirilməsi qaydalarını tənzimləyir. - 4.2-ci bəndinə əsasən qeyri-dövlət hüquqi şəxsləri və ya fiziki şəxslər tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə ərizələr Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi daxil olmuş müraciətə əsasən qeyriyaşayış sahəsinin özəlləşdirilməsi haqqında iki həftə ərzində müvafiq qərar qəbul edir. - 4.2.1-ci bəndinə əsasən, icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi arasında alqısatqı müqaviləsi bağlanılır. - 4.2.2-ci bəndinə əsasən, icarəçi, ona müvafiq təklif edildikdən 1 ayərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi tərəfindən "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydalan"na müvafiq olaraq özəlləşdirilir. - 7-ci bəndinə əsasən, qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələri əsasında icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair belə amillər nəzərə alınmaqla, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aşağıdakı qaydada özəlləşdirilir: icarəyə verilmiş əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəyir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı mülkiyyətçinin razılığı ilə dövlətsizləşdirmə və özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada tamamilə və ya qismən satın ala bilər. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın: - 1.3-cü bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, onların, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin qiymətləndirilməsi Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir. - 4.1-ci bəndinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: icarəyə verilmiş dövlət əmlakının satışı; - 4.6.1-ci bəndinə əsasən, İİ Dövlət Proqramı təsdiq edilənədək icarə müqaviləsinə müvafiq olaraq satınalma hüququ ilə icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi qaydaları İİ Dövlət Proqramı və digər normativ hüquqi aktlarla müəyyən edilir. İcarəyə verilmiş dövlət əmlakının satışı tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərindən (satınalma hüququndan, icarə müddətindən və s.) asılı olaraq müxtəlif üsullarla həyata keçirilir. - 4.6.5-ci bəndinə əsasən, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aşağıdakı qaydada özəlləşdirilir: - icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; - icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Hazırkı işin hallarından görünür ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsi uzun müddət iddiaçının icarəsində olmuşdur. İcarə hüquq münasibətlərindən irəli gələn bütün öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilmiş, icarə haqları tam şəkildə ödənilmişdir. İddiaçı 05 oktyabr 2009cu il, 03.02.2011-ci il və 23 aprel 2018-ci il tarixli ərizələrlə cavabdehə müraciət edərək həmin qeyri-yaşayış sahəsinin adına özəlləşdirilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının əvvəlki müraciətlərini hərəkətsizlik edərək cavablandırmamış, yalnız sonuncu müraciətinə imtina barədə 08 may 2018-ci il tarixli, **********97 saylı məktubla cavab verərək bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən, icarəyə götürülmüş qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə” yə uyğun olaraq satın alınması üçün 100 % dəyəri ilə iddiaçıya təklif olunmuşdur. Lakin mövcud qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin bağlanması təmin edilməmiş və həmin qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satılması barədə 23.02.2018-ci il tarixində qərar qəbul edilmişdir. Keçirilən hərracda iddiaçı iştirak etmək hüququndan istifadə etməmiş, həmçinin göstərilən obyektin hərracı alıcı olmaması səbəbindən baş tutmamışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar”a yeni məzmunda əlavə edilmiş 7-ci hissəyə müvafiq olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qeyd edilən qeyri-yaşayış sahəsinin satın alınmaq üçün Komitənin 13 oktyabr 2017- ci il tarixli, **********29 nömrəli və 18 yanvar 2018-ci il tarixli, **********67 nömrəli məktubları ilə iddiaçıya təklif edilməsini bildirsə də, bununla bağlı iş materiallarında heç bir sübut yoxdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı mübahisə mövcud olmasına, həmin mübahisə ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aktı qəbul olunmasına baxmayaraq cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini hərrac vasitəsilə özgəninkiləşdirmişdir. Bundan sonra iddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə, X1, X4 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 18 sentyabr 2018-ci il tarixdə keçirilmiş hərracın, həmin hərracın nəticələrinə dair 01 nömrəli protokolun, X2 və X7 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 19 sentyabr 2018-ci il tarixli 4130 nömrəli «Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi»nin və ******* nömrəli, 09 oktyabr 2018-ci il tarixli «Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın etibarsız hesab edilməsi tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 24.05.2019-cu il tarixli 2(060)-4017/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri- yaşayış sahəsinə dair 18.09.2018-ci il tarixdə keçirilmiş hərrac qanunsuz hesab edilmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri- yaşayış sahəsinə dair 18.09.2018-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə dair 01 nömrəli protokol, X2 və X7 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 19.09.2018-ci il tarixli 4130 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” və qeydiyyat nömrəsi ********** olan 09.10.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” etibarsız hesab edilmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin alqısatqısı üçün ödənilmiş 100.000 manat pulun ƏMDK tərəfindən X1 və X4 geri qaytarılması qət edilmişdir. Qətnamədən cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, X2, X7 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi apelyasiya şikayəti vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli 2(105)-3363/2019 saylı qətnaməsi ilə (hakimlər: T.Q.Məmmədov, F.Ə.Məmmədov və A.Ə.Abbasov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 24.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli 2(102)-1812/2020 saylı qərarı ilə (hakimlər İ.R.Xələfov, Q.Ə.Allahverdiyev, G.A.Quliyev) kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli 2(105)-3363/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi 1994-cü ildən icarə hüququ əsasında iddiaçının istifadəsində olmuş və əmlakın iddiaçının adına özəlləşdirilməsi barədə dəfələrlə iddiaçı tərəfindən Komitəyə təklif olunsa da, Komitə qeyri-yaşayış sahəsinin QSC-nin adına özəlləşdirilməsinə razılıq verməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 05 oktyabr 2009-cu il tarixli, 109 nömrəli məktubla cavabdehə müraciət edərək, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsini xahiş etmişdir. Məktub «Şimşək» kuryer firması vasitəsilə 293273 nömrəli göndərişə əsasən, 07.10.2009-cu il tarixdə cavabdehə göndərilmişdir. Qeyd edilən məktubla bağlı Ali Məhkəmənin qərarda əks edilmiş göstərişdə deyilir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının sözügedən yazılı müraciətinin nəticəsi ilə (cavab verilib-verilməməsi, verilibsə, nə cavab verilib) ümumiyyətlə maraqlanmamış və heç bir araşdırma aparmamışdır ki, bununla da İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinin tələbləri pozulmuşdur. Sözügedən müraciətin nəticəsi ilə bağlı məhkəmə kollegiyasının iclasında araşdırma aparılarkən müəyyən edildi ki, iddiaçının 05.10.2009-cu il tarixli müraciətinə cavabdeh tərəfindən cavab verilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən iş materiallarına Zaman Ekspressin 03 fevral 2011-ci il tarixli, 392403 nömrəli göndərişi əlavə edilmişdir, həmin göndərişdən görünür ki, iddiaçının müraciəti 03.02.2011-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Kollegiya qeyd edilən göndərişlə cavabdehə çatdırılan məktubu iddiaçıdan tələb etdikdə, nümayəndəsi həmin məktubun iddiaçıda qalmadığını bildirmiş, eyni zamanda məhkəmə kollegiyasına həmin müraciətə cavab olaraq cavabdehin 18.02.2011-ci il tarixli məktubunu təqdim etmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış 18.02.2011-ci il tarixli **********50 saylı məktubdan görünür ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsində baxılmış və bununla əlaqədar bildirilmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsində inventarlaşma işlərinin aparılması və texniki pasportun hazırlanması üçün DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsinə göstəriş verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsalların 1-ci hissəsinə əsasən, özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və digər normativ-hüquqi aktlara uyğun olaraq müəyyən edilmişdir. 2-ci hissəsinə əsasən, özəlləşdirilən müəssisə və obyektlərin start (satış) qiyməti və ya nizamnamə kapitalı onların ilkin qiymətinə müəssisənin maliyyə asılılığı, yerləşdiyi ərazisinin əlverişliyi və sairə göstəricilər nəzərə alınmaqla müvafiq əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki iddiaçı 05 oktyabr 2009-cu il tarixdə, daha sonra isə 03.02.2011-ci il tarixdə mübahisəli obyektin özəlləşdirilməsi barədə cavabdehə müraciət etdikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli, 23 nömrəli Qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətlərinə tətbiq edilən Əmsallara hələ dəyişiklik olunmamışdı. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli, 378 nömrəli qərarı ilə ilkin qiymətinə tətbiq edilən Əmsallar”a yeni məzmunda 7-ci hissə əlavə edilmişdir. Həmin hissədə qeyd olunmuşdur ki, özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) start (satış) qiyməti daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin müəssisələrin (obyektlərin) qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi gedən qeyri –yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı iddiaçının əvvəlki müraciətləri “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar”a 05 oktyabr 2016-cı ildə edilmiş dəyişikliyə qədər olduğundan, həmin dəyişiklik ona münasibətdə şamil olunmamalıdır. Belə ki, işin hallarından görünür ki, iddiaçının müraciətləri 05 oktyabr 2016-cı il tarixli dəyişikliyə qədər olmuş, cavabdeh hərəkətsizlik edərək iddiaçının müraciətinin təmin olunması üçün inzibati icraat başlamamış, heç bir tutarlı səbəb göstərmədən qeyriyaşayış sahəsinin özəlləşdirilməsindən imtina etmişdir. Hazırda isə iddiaçının müraciətini tənzimləyən normativ hüquqi aktlarda dəyişiklik olmuş və bu da iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Digər tərəfdən kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan özü belə mübahisəsi gedən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı iddiaçıya 18.02.2011-ci il tarixdə **********50 saylı məktub ünvanlamış, həmin tarixdə isə “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar”a 7-ci hissə əlavə edilməmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, İİ Dövlət Proqramının 2-ci bəndinə əsasən, özəlləşdirilməsi qadağan olunan əmlakın siyahısı "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Özəlləşdirmə haqqında qanunvericilik aktlarında göstərilən hallardan başqa, özəlləşdirmə sahəsində məhdudiyyətlərin qoyulmasına yol verilmir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.2.1-6.2.20-ci maddəsində Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi qadağan edilən əmlak növlərinin təsnifatı dəqiq olaraq qeyd edilmişdir. Hazırkı işin hallarından görünür ki, iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsi özəlləşdirilməsi qadağan edilən və yaxud məhdudiyyət qoyulan əmlak deyildir. Belə olan halda isə, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciətinə müraciət etdiyi vaxt qüvvədə olan qanunvericilik normalarının tələblərinə əsasən baxmaq və özəlləşdirilməsi barədə qərar qəbul etmək vəzifəsi daşımışdır. İşdən isə görünür ki, iddiaçının 2009-cu ildən başlayaraq bir neçə dəfə müraciətləri olmuş, həmin dövrdən 05.10.2016-cı il tarixədək isə müəssisə tərəfindən icarəsində olan dövlət obyektlərinin ilkin qiymətinə tətbiq edilən əmsallara əsasən özəlləşməsi nəzərdə tutulmuşdur. Beləliklə kollegiya hesab edir ki, iddiaçının, icarəsində olan qeyri-yaşayış sahəsini özəlləşdirmək hüququ 2009-2011-ci illərdə qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı ilkin müraciətlər etdiyi andan yaranmış, inzibati orqan isə iddiaçının müraciətinə onun hüququ yaranan zaman qüvvədə olan maddi hüquq normalarını rəhbər tutmaqla baxmaq və müvafiq qərar qəbul etmək öhdəliyi daşımışdır. Ona görə də, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gəlsə də, qərarda qeyri-müəyyənliyə yol vermişdir. Bununla bağlı Ali Məhkəmənin qərarda əks edilmiş göstərişində deyilir ki: birinci instansiya məhkəməsinin qərarında «məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla» söz ifadələri qeyri-müəyyən və qeyri-konkret olmaqla yanaşı, ümumiyyətlə açıqlanmamış, yəni, məhkəmənin hüquqi mövqeyinin nədən ibarət olması bəlli deyildir ki, bu da, İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinin tələblərinə ziddir. Halbuki, İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla qeyd etsə, eyni zamanda inzibati orqanın üzərinə konkret qərar qəbul etmək öhdəliyi qoymuşdur. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın dəyişdirilməsi barədə ərizə nəzərə alınmaqla iddianın tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2-1(85)- 2181/2018 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar”a Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 378 nömrəli qərarı əsasında əlavə edilmiş 7-ci hissənin müddəaları tətbiq edilmədən müəyyən edilmiş qiymətə əsasən İddiaçı MMC-nin adına özəlləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar