Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-207/2022 03.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 X5 regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 X5 regional filialına qarşı müavinətin dayandırılmasının qanunsuz hesab edilməsi və müavinətin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(118)-1299/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1961-ci ildə Şamaxı rayonunda anadan olmuş, 3 uşaq doğub 8 yaşınadək tərbiyə etmişdir.
2. SER TSE-01№077510 saylı TSEK-də müayinə aktından çıxarışa əsasən 24.11.2014-cü il tarixdən iddiaçının ümimi xəstəlikdən İİ qrup əlilliyi müəyyən edilmişdir. Cavabdehin 23.01.2015-ci il tarixli qərarı ilə iddiaçıya İİ qrup əlil kimi sosial müavinət təyin edilmişdir.
3. İddiaçı 21.12.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə sosial müavinət təyin edilməsini xahiş etmişdir. Cavabdehin 21.12.2018-ci il tarixli qərarı ilə iddiaçıya həmin tarixdən ömürlük yaşa görə sosial müavinət təyin edilmişdir.
4. Cavabdeh 23.02.2021-ci il tarixdə iddiaçıya təyin edilmiş sosial müavinətin ödənişini dayandırmışdır. Müavinətinin ödənilməsinin dayandırılma səbəbi kimi iddiaçının 01.01.2018-ci il tarixdən 25.02.2021-ci il tarixə kimi aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olması göstərilmişdir.
5. İddiaçı yaşa görə sosial müavinətin təyin edilməsi barədə nümunəvi formalı ərizə ilə cavabdehə 12.04.2021-ci il tarixdə müaciət etmişdir. Ərizədə “yaşa görə sosial müavinət alırdı, dayanıb, bərpa edilməsi üçün müraciət edib” məzmunlu qeyd vardır.
6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalın 26.04.2021-ci il tarixli qərarı ilə iddiaçıya sosial müavinətin təyin edilməsindən imtina edilmişdir.
7. Eyni zamanda həmin filal tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli, 1703 nömrəli Qanununun 1.1-ci bəndinə əsasən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün bu müavinət növü üzrə təyinat nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının vergi ödəyicisi kimi qeydiyyatının 02.04.2021-ci il tarixindən dayandırılmasına baxmayaraq 62 yaşı tamam olmadığı üçün yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
8. İddiaçı 07.06.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müavinətin dayandırılmasının qanunsuz hesab edilməsi və müavinətin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmas barədə qərar qəbul edilməsini xahiş etmişdir
9. İş məhkəmənin icraatında olduğu zaman iddiaçı 20.10.2021-ci il tarixli ərizə ilə yenidən cavabdehə müraciət edərək müavinətin bərpa edilməsini və verilməyən ayların verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
10. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalın 05.11.2021-ci il tarixli qərarı ilə iddiaçıya sosial müavinətin təyin edilməsindən imtina edilmişdir. İmtinaın səbəbi kimi, “Sosial müavinətlər haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən. Aktiv VÖEN olduğu üçün hüququnu itirib” göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, DSMF X4 Şamaxı rayon şöbəsi ona təyin olunmuş müavinəti 23 fevral 2021-ci il tarixdən dayandırmışdır. Əsas olaraq da onun vergi ödəyicisi kimi qeydiyyatda olduğunu göstərmişdir. Hesab edir ki, ona təyin olunmuş müavinətin dayandırılması qanunsuzdur. Çünki o heç bir ticari fəaliyyət göstərmir. Buna görə də vergi də ödəməmişdir. Ona 2016-cı ildə 2-ci dərəcəli əlillik pensiyası təyin olunub, 2018-ci ildə isə həmin pensiya yaşa görə pensiya ilə əvəzləşdirilib. Belə olan halda onun aktiv vergi ödəyicisi kimi qeydiyyatda saxlanmağı və buna görə də ona təyin olunan müavinətin dayandırılması onun hüquqlarının pozulmasıdır.
12. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, iddiaçının 23.02.2021-ci il tarixdən dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
13. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materiallarına əsasən İddiaçıva 09.01.2016-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən 2-ci qrup əlillik təyinatı aparılmışdır. İddiaçı iddia ərizəsində ona 09.01.2016-cı il tarixdən əlilliyə görə sosial müavinət təyin edilib ödənildiyini, 2018-ci il tarixdən ona təyin edilmiş əlilliyə görə sosial müavinətin yaşa görə sosial müavinət ilə əvəzləndiyini iddia edir. İddiaçı ünvanlanmış imtina məktubundan aydın olur ki, ona təyin edilmiş yaşa görə sosial müavinət ödənişinin dayandırılmasına səbəb onun 04.10.2010-cu il tarixdə VÖEN uçotuna alındıqdan sonra aktiv vergi ödəyicisi kimi fəaliyyətinin 01.01.2018-ci il tarixdə bərpa edilməsi və həmin tarixdən etibarən İddiaçı vergi orqanına aktiv fəaliyyətinin dayandırılması ilə bağlı müraciətinin daxil olmaması olmuşdur. Eyni zamanda Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçıva ünvanlanmış arayışda onun 01.01.2018-ci il tarixdən 30.03.2021-ci il tarixədək aktiv vergi ödəyicisi olması səbəbindən 21.05.2021-ci il tarixə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqqı üzrə 3.72 manat borcunun olduğu bildirilmişdir. Etirazda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci və 7.0.2-ci maddələrinə istinad edilərək göstərilir ki, şəxsə yaşa görə sosial müavinət təyin edilməsi üçün onun həm yaşa görə pensiya hüququ yaranmamalı, həm də işləməməlidir. İddiaçı aktiv vergi ödəyicisi kimi vergi orqanında 01.01.2018 - 25.02.2021-ci il tarixlərdə qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbiylə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir. İddiaçı 01.01.2018-ci il tarixdən 25.02.2021-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona 2018-ci il tarixdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin 29.11.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən 3 və daha artıq uşağı doğub 8 yaşınadək tərbiyə etdiyi və 57 yaşına çatdığı üçün təyin edilmiş yasa görə sosial müavinət ödənişi 23.02.2021-ci il tarixdə dayandırılmışdır. Etirazda daha sonra “Sosial müavinətlər haqqında” Qanununun 1.0.2-ci maddəsinə istinad edilməklə göstərilir ki, həmin maddəyə 29.11.2019-cu il tarixdə edilən dəyişikliyi nəzərə alaraq ona yaşa görə sosial müavinət təyin edilməsi üçün iddiaçı 62 yaşa çatmalı və əmək fəaliyyəti ilə məşğul olmamalıdır. İddiaçınm xx.xx.1961-ci il tarixdə anadan olduğundan ona yaşa görə sosial müavinət təyin edilməsi qanunvericiliyin tələblərinə müvafiq deyildir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq İddiaçı “Sosial müavinətlər haqqında ” Qanunun 7.0.2-ci maddəsinin tələblərinə müvafiq olaraq yasa görə sosial müavinət təyin edilməsi üçün qanunun 62 yaşına çatmış və əmək fəaliyyəti ilə məşğul olmadıqda tələbləri ödənilmədiyindən iddia tələbi təmin edilməməlidir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
14. Sumqayıt İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(118)-1299/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının vergi orqanında qeydiyyata alınması onun həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə etməsi anlamına dəlalət edə bilməz. Belə ki, vergi orqanının 06.10.2021-ci il tarixli məktubundan məlum olur ki, 16.02.2017-ci ildən 02.04.2021-ci ilədək olan dövr ərzində malların dövriyyəsi müəyyən edilməmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, İddiaçı vergi obyekti qismində uçota aldırmış qeyri-yaşayış sahəsini 22.02.2019-cu ildə alqı-satqı müqaviləsi əsasında satmışdır. Bu isə bir daha ona dəlalət edir ki, İddiaçı vergi orqanında vergi ödəyicisi qismində qeydiyyata alınması onun sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə edilməsi kimi qəbul edilə bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində şəxsin sahibkarlıq fəlaiyyəti ilə məşğul olması ona təyin edilmiş müavinətin dayandırılması üçün birbaşa əsas kimi göstərilməmişdir.
16. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. İddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılan apellyasiya şikayətində göstərilir ki, iddiaçının aktiv vergi ödəyicisi kimi vergi orqanında 01.01.2018- 25.02.2021-ci il tarixlərdə qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbiylə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir. İddiaçı 01.01.2018-ci il tarixdən-25.02.2021-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona 2018-ci il tarixdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin 29.11.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən 3 və daha artıq uşağı doğub 8 yaşınadək tərbiyə etdiyi və 57 yaşına çatdığı üçün təyin edilmiş yaşa görə sosial müavinət ödənişi 23.02.2021-ci il tarixdə dayandırılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə 29.11.2019-cu il tarixdə edilən dəyişikliyi nəzərə alaraq ona yaşa görə sosial müavinət təyin edilməsi üçün iddiaçı 62 yaşa çatmalı və əmək fəaliyyəti ilə məşğul olmamalıdır. İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olduğundan ona yaşa görə sosial müavinət təyin edilməsi qanunvericiliyin tələblərinə müvafiq deyildir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
21. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu Preambula - Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Maddə 1.0.1 sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 7.0, 7.0.2 yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qanunun 01.01.2020-ci il tarixinədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 29.11.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyası: Maddə 1.0.2 - əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. Maddə 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır.
22.“İnzibati icraat haqqında” Qanun: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 61. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (1-4-cü bəndlər). Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
23. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.01.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iddiaçının ona müavinət təyin edilən zaman qüvvədə olan “Sosial müavinətlər haqqında” Qanununun müvafiq normalarına əsasən yaşa görə sosial müavinət almaq hüququnun mövcudluğu mübahisələndirilmir.
27. Hazırkı mübahisənin predmetini iddiaçıya 21.12.2018-ci il tarixdə 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi təyin edilmiş yaşa görə sosial müavinətin ödənilməsinin cavabdeh tərəfindən 23.02.2021-ci il tarixdə dayandırılması təşkil edir.
28. İş materiallarından gğrünür ki, cavabdeh sosial müavinətin ödənilməsinin dayandırılmasının əsası kimi iddiaçının aktiv vergi ödəyicisi kimi vergi orqanında 01.01.2018 - 25.02.2021-ci il tarixlərdə qeydiyyatda olmasını göstərmişdir.
29. İddiaçı həmin dəlillə razılaşmayaraq qeyd edilən dövrdə hər-hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, 4 saylı Ərazi Vergilər İdarəsinin 06.10.2021-ci il tarixli məktubuna istinad edərək şəxsi hesab vərəqəsinə əsasən 16.02.2017-ci il tarixdən 02.04.2021-ci il tarixə kimi olan dövr ərzində dövriyyəsi və ödənişlərinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının heç bir aktiv sahibkarlıq fəaliyyəti olmadan vergi orqanında qeydiyyata qalması onun “Sosial müavinətlər haqqında” qanunun 11.1.2-ci maddəsində müavinətin dayandırılması əsası kimi nəzərdə tutulmuş “əmək fəaliyyətinə başlaması” kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, müavinətin dayandırılması üçün əsas kimi çıxış edən həmin hal, yəni iddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olması ona sosial müavinətin təyin edildiyi 21.12.2018-ci il tarixdə də mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya müavinət təyin edilməklə iki ildən artıq müddətdə müavinət ödənilmiş, nəticədə iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olması halını cavabdeh ona sosial müavinətin təyin edilən zaman təyinatdan imtina üçün, habelə sonrakı 2 ildən artıq dövrdə ödəmənin dayandırılması üçün əsas kimi göstərmədiyindən iddiaçının cavabdehin praktikasına etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
30. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının sosial müavinətinin ödənişinin dayandırılması məsələsini həm “Sosial müavinətlər haqqında” Qanunun müavinətin ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, yalnız, “Sosial müavinətlər haqqında” Qanunda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə müavinətin ödənişini dayandıra bilməz.
31. “Sosial müavinətlər haqqında” qanunun 11-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi müavinətin ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb sosial müavinətin ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız sosial müavinətin ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Bu qayda həm də ona görə zəruridir ki, maraqlı şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
32. Apellyasiya baxışı zamanı cavabdehdən tələb edilərək təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş İddiaçı aid “Sosial müavinət alanın şəxsi işi”nin materiallarından, habelə cavabdehin nümayəndəsinin izahatından müəyyən edilmişdir ki, cavabdeh tərəfindən sosial müavinətin ödənişinin dayandırılması ilə bağlı hər-hansı inzibati icraat aparılmamış, bu barədə qərar qəbul edilməmişdir.
33. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, hazırkı halda iddiaçıya ömürlük yaşa görə sosial müavinət təyin edilməsinə dair 21.12.2018-ci il tarixli qərar qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.
34. Məhkəmə araşdırması zamanı iddiaçıya sosial müavinətin ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.
35. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh iddiaçıya sosial müavinət təyin edilməsinə dair 21.12.2018-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhz bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya sosial müavinətin ödənişinin dayandırılması qanunsuz olmaqla iddiaçının konstitusion sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(118)-1299/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.