Məhkəmə qərarları › İş №2-1(105)-207/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-207/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-207/2023 21.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Şirvan-Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı protokola əsasən ona verilmiş 36/117 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2-1(118)-616/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şirvan-Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı protokola əsasən ona verilmiş 36/117 saylı bağ torpaq sahəsinə görə hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Şirvan-Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı protokola əsasən ona verilmiş 36/117 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt Aliminium zavodunda işləyərkən “Şirvan-Yaşma” X1 üzvlüyünə qəbul edilmişdir. X2 İdarə Heyətinin 25 iyul 1990cı il tarixli 02 saylı protokoluna əsasən ona 36/117 saylı bağ sahəsi verilmişdir. Torpaq sahəsinin yerləşməsinin sxematik planı təsdiq edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən o, ərizə ilə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək çıxarış verilməsini xahiş etmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsi özünün 01 dekabr 2021-ci il tarixli məktubu ilə imtina cavabı vermişdir. İmtinaya səbəb kimi “Şirvan-Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti və həmin Cəmiyyətin tabe olduğu qurumun həmkarlar ittifaqı tərəfindən tərtib və təsdiq edilmiş bağçılıq-yoldaşlığı üzvlərinin siyahısı 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilməməsi göstərilmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Sumqayıt Aliminium zavodunda işləyərkən “Şirvan-Yaşma” X1 üzvlüyünə qəbul edilmişdir. Onun adı Bağçılıq Cəmiyyətinin adlı siyahısında 400-dür. Həmin siyahı bağçılıq cəmiyyətinin möhürü ilə təsdiq edilib 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilmişdir. Torpaq sahəsi iddiaçının faktiki isitfadəsindədir. Lakin cavabdeh əsassız bəhanələr gətirərək siyahının ona təqdim edilmədiyini bildirir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Qüdrətli iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya və o cümlədən həmin təsərrüfatdan bağ sahəsi əldə etmiş digər şəxslərə bağ sahələrinin ayrılmasına dair müvafiq sənədlər vermiş “Şirvan- Yaşma” bağçılıq-yoldaşlığı cəmiyyəti və ya həmin cəmiyyətin tabe olduğu qurumun həmkarlar ittifaqı tərəfindən tərtib və təsdiq edilmiş bağçılıq-yoldaşlığı üzvlərinin siyahısı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir. Həmin sənədlərin təhvil verilməsi barədə aidiyyəti üzrə sorğu göndərilmişdir. Yekun olaraq bildirilmişdir ki, qeyd olunan bağçılığa dair arxiv sənədləri aidiyyəti üzrə təhvil verildikdən sonra Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən “Şirvan-Yaşma” B/Y 36/117 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciəti qanunamüvafiq qaydada baxılacaqdır.

5. Sumqayıt İnzibati Məhkəməsinin 05 noyyabr 2022-ci il tarixli, 2-1(118)-616/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, “Şirvan-Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı protokola əsasən İddiaçı qıızna verilmiş 36/117 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya və o cümlədən həmin təsərrüfatdan bağ sahəsi əldə etmiş digər şəxslərə bağ sahələrinin ayrılmasına dair müvafiq sənədlər vermiş, lakin “Şirvan-Yaşma” bağçılıq-yoldaşlığı cəmiyyəti və ya həmin cəmiyyətin tabe olduğu qurumun həmkarlar ittifaqı tərəfindən tərtib və təsdiq edilmiş bağçılıq-yoldaşlığı üzvlərinin siyahısı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir. Həmin sənədlərin təhvil verilməsi barədə aidiyyəti üzrə sorğu göndərilmişdir. Həmçinin ərizəçinin müraciəti üzrə idarənin mütəxəssisləri tərəfindən müvafiq bağ sahəsinə yerli baxış keçirilərkən ərizəçi tərəfindən buna şərait yaradılmamışdır. Belə ki, ərizəçi iddia etdiyi yerin onun tərəfindən istifadə edilməsinə başqa şəxslər tərəfindən maneçilik törədildiyini qeyd etmişdir. iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada bağ sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən bağ sahəsi ilə bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı onunla əsaslandırılmışdır ki, Bağçılıq Yoldaşlığı Cəmiyyətinin adlı siyahılarının cavabdehə təqdim edilməməsində günahkar deyil. Belə ki, "xxxx" ASC Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 2009-cu ildə ünvanladığı müəssisədə işləməyi, bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilərək torpaq sahəsi verilməsi, hal-hazırda da həmin torpağın istifadəsində olması əsas verir ki, iddiası təmin edilsin. 1970-ci ildə qəbul edilmiş Torpaq Məcəlləsinin 23-cü maddəsinə uyğun olaraq ona ayrılmış torpaq sahəsinin sxematik planı təsdiq edilmişdir. Cavabdehin formal əsaslara istinad edərək qərarın ləğvini istəməsi yolverilməzdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi (...) 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

Maddə 31. Prosessual nümayəndəlik

31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.

Maddə 68. Məhkəmə qərarının əsası (..) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır (...)

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat

87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. (...) 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

13. Belə ki, iş materiallarından görünür ki, İddiaçı birinci intansiya məhkəməsində nümayəndə qismində etibarnamə əsasında Babaşova Güldəstə Adil qızı təmsil etmişdir.

14. Həmçinin, iddiaçının nümayəndəsi kimi tərəfindən imzalanmış iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Şirvan-Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı protokola əsasən iddiaçıya verilmiş 36/117 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

15. İş materiallarında olan (səh.78) ərizədən müəyyən olunur ki, G.Babaşova iddiaçının baldızıdır.

16. İnzibati Prosessual Məcəllənin 31-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında fiziki şəxslər yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.

17. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

18. Mülki Prosessual Məcəllənin müddəalarına əsasən isə yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.

19. Göründüyü kimi, fiziki şəxsi inzibati məhkəmə icraatında yaxın qohumları kimi babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ərarvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr təmsil edə bilər.

20. Qanunverici yaxın qohumların dairəsinə fiziki şəxsin baldızını aid etməmişdir. Belə olan halda, G.Babaşovanın iddiaçını təmsil etmək, nümayəndə qismində məhkəmə iclarında iştirak etmək, onun adından hər hansı prosessual hərəkət etmək hüququ yaranmışdır.

21. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında proses iştirakçılarına yardım etməyə borcludur.

22. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almadan, nümayəndəni səlahiyyətli hesab etmiş, inzibati məhkəmə icraatında təmsilçilik səlahiyyəti olmayan nümayəndə tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etmiş və həmin dəqiqləşdirilmiş tələb üzrə işə baxaraq qərar qəbul etmişdir.

23. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Birinci instansiyası məhkəməsinin qərarı bu tələblərə riayət edilmədən çıxarıldığına görə ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2-1(118)-616/2022 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar