Məhkəmə qərarları › İş №2-1(105)-207/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-207/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-207/2024 19.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Açar sözlər:torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon X4 26 oktyabr 2006-cı il tarixli, 22 nömrəli qərarı ilə ona satılmış 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-355/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı Saray Bələdiyyəsi tərəfindən sizə 0.06 ha torpaq sahəsinin 26 oktyabr 2006-ci il tarixdə, 22 nömrəli qərar ilə ayrıldığı halda, alqı-satqı aktının 23 may 2018-ci il tarixdə ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 16 noyabr 2006-ci il tarixdə və Abşeron rayon İcra Hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 12 yanvar 2007-ci il tarixində verildiyi müəyyən edilmişdir. Eləcə də, sözügedən qərarda ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin 16 noyabr 2006-cı il tarixli, 746 saylı rəyinə istinad edildiyi aşkar edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin 4 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarına aid edildiyi aşkar edilmişdir. Bundan əvvəl daxil olmuş eyni məzmunlu müraciətə 21 iyun 2021 -ci il tarixli, **********56 nömrəli məktubla münasibət bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon X4 26 oktyabr 2006-cı il tarixli, 22 nömrəli qərarı ilə ona satılmış 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun müraciəti əsasında Abşeron rayon X4 26 oktyabr, 2006-cı il tarixli, 22 nömrəli qərarı ilə Bələdiyyə torpaqlarının baş planına əsasən 0.06 hektar torpaq sahəsi ona satılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 158 saylı qərarı əsasında Abşeron rayonunda normativ qiymətə görə 28 avqust, 2006-cı il tarixdə Saray Bələdiyyəsinin “Kapital” Bank Abşeron filialının bank hesabına tərəfindən 800 manat pul ödənilmişdir. Rayon Torpaq və Xəritəçəkmə şöbəsinin 16 noyabr, 2006-cı il tarixli 746 saylı məktubunda bələdiyyə torpaqlarının baş planına əsasən torpaq sahəsinin satılmasına rəy verilmişdir. Saray Bələdiyyəsinin Baş inkişaf planı əsasında torpaq sahəsi yerində ölçülüb nişangahlar qoyulmuş və 23 oktyabr 2006-cı il tarixli 69 nömrəli AKT-ına əsasən Abşeron rayon Saray Bələdiyyəsinin nümayəndələri ona sahəni yerində təhvil vermişlər, o isə cizgidə olduğu kimi torpaq sahəsini yerində qəbul etmişdir. Yuxarıda qeyd olunan 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan bütün sənədləri təqdim etmiş, lakin cavabdeh dövlət qeydiyyatının aparılmasından 16 iyun 2022-ci il tarxli bildirişlə imtina etmişdir. Cavabdeh təşkilat həmin bildirişində bildirmişdir ki, torpaq sahəsi Abşeron rayon X4 26 oktyabr, 2006-cı il tarixli, 22 nömrəli qərarı ilə ayrıldığı halda alı-satqı aktının 23 may 2018-ci il tarixdə, ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəinin 12 yanvar 2007-ci il tarixdə Memarlıq və Tikinti şöbəsinin rəyinin 16 noyabr 2006-cı il tarixdə və Abşeron rayon İcra Hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 12 yanvar 2007-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Eləcə də qeyd olunan torpaq sahəsinin kənd təsərüffatı təyinatlı torpaqlara aid edildiyi aşkar edilmişdir. Bu səbəbdən də hüquqların qeydiyyatından imtina etmişdir. İlk növbədə o, torpaq sahəsinin alıcısı olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir, yəni müvafiq qaydaya uyğun müraciət etmişdir. Torpaq sahəsi müvafiq qaydada ona təhvil verilmiş və torpaq sahəsini qəbul etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Ərazi İdarəsinin bəhanələr gətirərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməsi əsassızdır. Torpaq sahəsi bələdiyyə tərəfindən ayrılmışdır. Torpaq sahəsinin naturada nişanlanaraq ona təhvil verilməsi barədə ayrıc aktı da səlahiyyətli dövlət orqanların iştirakı və imzası ilə həyata keçirilmişdir. Belə ki, hər bir halda həmin torpaq sahəsi ilə əlaqədar alqı-satqı proseduru başa çatmışdır. Bundan başqa fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin eyni zamanda Dövlət torpaq xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyləri alınmış hər iki rəydə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı mübahisələndirilməmiş, cavabdeh təşkilatın hazırki imtinasında qeyd olunan təyinat məsələsini mübahisələndirməsi düzgün deyildir. Çünki qeyd olunan məsələlər onun səlahiyyətlərinə aid deyildir və imtinanın əsasını təşkil edə bilməz. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Cavabdeh təşkilatın imtinasında hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərə bilməmişdir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmçinin eyni əsaslarla ayrılmış bir çox torpaq sahələrinin üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Saray Bələdiyyəsi tərəfindən 0.06 ha torpaq sahəsinin 26 oktyabr 2006-ci il tarixdə, 22 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 23 may 2018-ci il tarixdə, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 16 noyabr 2006-ci il tarixdə və Abşeron rayon İcra Hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 12 yanvar 2007-ci il tarixində verildiyi müəyyən edilmişdir. Eləcə də, sözügedən qərarda ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin 16 noyabr 2006-cı il tarixli, 746 saylı rəyinə istinad edildiyi aşkar edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin 4 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarına aid edildiyi aşkar edilmişdir. Cavabdeh torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 18-ci, 19-cu, 21-ci, 22- ci bəndinə istinad edərək hesab edir ki, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd edirlər ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqısatqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466- İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-355/2023 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia qismən təmin edilmiş, Abşeron rayon X4 26 oktyabr 2006-cı il tarixli, 22 nömrəli qərarı ilə İddiaçı satılmış torpaq sahəsindən iddiaçının faktiki istifadəsində olan (0.0577 ha ) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Cavabdeh orqan Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiqlənmədiyini bildirsə də bu qanunamüvafiqliyin tənzimləmə mexanizmini, hansı normalara uyğunsuzluğunu göstərməmişdir. Bu halda qeyd edilən halın uyğunsuzluq kimi qiymətləndirilməsi əsaslı hesab edilə bilməz. Mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələri bələdiyyənin perspektiv inkişaf fondundan ayrılmış, kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla həyətyanı torpaq sahələridir. Həmin torpaq sahələri üzərində şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaqla çıxarış verilmişdir. Torpaq sahəsinin ortofoto görüntüsü və müayinə aktı təqdim edilmiş, təqdim edilmiş sənədlərdən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.0577 ha olduğu qeyd edilmişdir. İddia tələbi qismən-iddiaçının faktiki istifadəsində olan 0.0577 ha torpaq sahəsinə münasibətdə təmin edilə bilər. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. İddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış 0.06 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtina əsası kimi sözügedən torpaq sahəsinin torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı (2006-cı il) ilə alqı-satqı aktının tarixinin (2018-ci il) fərqli olması, DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 16 noyabr 2006-ci il tarixdə və müvafiq memarlıq və tikinti şöbəsinin rəyinin 12 yanvar 2007-ci il tarixində verildiyinin müəyyən edilməsi, sözügedən qərarda ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin 16 noyabr 2006-cı il tarixli, 746 saylı rəyinə istinad edildiyinin aşkar edilməsi, torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilməsi, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilməsi, torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarına aid edildiyi aşkar edilməsi halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Abşeron rayon Saray bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli 22 saylı Qərarı ilə İddiaçı fərdi ev tikmək üçün 0.06 ha torpaq sahəsinin satılması qərara alınmış, torpaqların alıq-satqısına dair akt tərtib edilmiş, müvafiq bələdiyyənin, torpaq şöbəsinin və memarlıq və tikinti şöbəsinin nümayəndələri tərəfindən yerində ölçüb ayıraraq, bütün sərhəd dönüş nöqtələrində nişangahlar qoyularaq, yerində iddiaçıya təhvil verilmiş, bu barədə təhviltəslim aktı tərtib edilmişdir. Həmçinin, iş materiallarında olan qəbzin məzmunundan görünür ki, İddiaçı tərəfindən müvafiq məbləğdə pul vəsaiti bələdiyyənin hesabına ödənilmişdir. Sözügedən torpaq sahəsi Abşeron rayon Saray Bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilməklə, memarlıq şöbəsinin və bələdiyyənin nümayəndəsi tərəfindən təsdiq edilmiş, torpaq sahəsinin sxematik planı tərtib edilmişdir. Həmin torpaq sahəsi ilə bağlı DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən bələdiyyənin perspektiv inkişaf fondundan iddiaçının adına torpaq sahəsinin ayrılmaısna etirazının olmaması barədə rəy tərtib edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən torpaq sahəsi müayinə edilərək, onun texniki vəziyyətinə dair müayinə aktı təqdim edilmiş, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,0577 ha, hüquqmüəyyənedici sənəd üzrə 0,06 ha olduğu qeyd edilmişdir. Göründüyü kimi, indiki halda sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılması (satılması) və həmin torpaq sahəsinin onun faktiki istifadəsində olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olduğundan və bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, imtina əsası kimi istinad edilən hallar iddiaçının təqsiri ilə əhatə olunamamaqla, onun hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etmədiyindən və cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallar iş materialları əsasında təkzib olunduğundan, imtina və apellyasiya şikayətinin qeyd edilən hissədə dəlilləri formal olmaqla, əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə cavabdeh imtina əsası kimi sözügedən torpaq sahəsinin təyinatının bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatlı təyinatı olması halına istinad etmişdir. Qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmununda müvafiq torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarına aid edildiyinin aşkar edildiyi qeyd olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin rəyinin məzmununda sözügedən torpaq sahəsinin bələdiyyənin perspekiv inkişaf fonduna aid olduğundan, alqı-satqı predmeti olmasını nəzərə alaraq, həmin torpaq sahəsinin ayrılmasına etiraz etmədiyi bildirilmişdir. Göründüyü kimi, həmin torpaq sahəsinin ayrıldığı vaxt yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində məhz Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi çıxış etməklə, onun tərəfindən həmin torpaq sahəsinin ayrılmasının məqəsədmüvafiq hesab edilməsi barədə rəy qəbul edilmiş və həmin rəy hazırda qüvvədə olmaqla, ləğv edilməmiş, dəyişdirilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (ortofoto görüntüsü, qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan torpaq sahələrinin kateqoriyalarının yaşayış məntəqələri torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-355/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar