Məhkəmə qərarları › İş №2-1(105)-207/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-207/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-207/2025 06.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Siyəzən rayon Zarat bələdiyyəsinin 19 aprel 2004-cü il tarixli 13 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin mühafizə zolağına düşən hissəsi çıxılmaqla qalan 0.1 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq adına çıxarış və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2-1(118)-1136/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Siyəzən rayon Zarat bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 13 saylı qərarına əsasən iddiaçıya satılmış “Siyəzən rayon, Zarat kəndi ərazisində yerləşən ümumi sahəsi 0,30 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin həcmini azaldaraq, “Siyəzən rayon Zarat bələdiyyəsinin 19 aprel 2004-cü il tarixli 13 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin mühafizə zolağına düşən hissəsi çıxılmaqla qalan 0.1 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Siyəzən rayon Zarat bələdiyyəsinə torpaq sahəsi alınması üçün xx.xx.2004-cü il tarixdə müraciət edilmişdir. Müraciət müsbət həll olunaraq 0.30 ha torpaq sahəsinin satılması haqqında xx.xx.2004cü il tarixli 13 nömrəli qərar qəbul edilmişdir və iddiaçının Siyəzən rayon Zarat bələdiyyəsinin sədri X5 və torpaq şöbəsinin müdiri Ayaz Şıxəliyev arasında 0.30 ha torpaq sahəsinin satılması barəsində “Torpağın alqı-satqısına dair” xx.xx.2007-ci il tarixli Akt tərtib edilmişdir (Akt keçmiş, DTvə XK Siyəzən rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 688 nömrəsi ilə qeydiyyata alınmışdır) Bundan sonra iddiaçıya Siyəzən rayon Zarat Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 saylı qərarı ilə tikinti məqsədi üçün satılmış 0.3 ha (3000 kv.m) “Torpaq sahəsinin plan və ölçüsü” tərtib edilməsi barədə sənəd verilmişdir. (X8 kitabında xx.xx.2007-ci il tarixli 206 nömrə ilə uçota alınıb). Hazırda həmin torpaq sahəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyaa keçirilən lahiyələr çərçivəsində yəni həmin ərazidən çəkilən avtomobil yolun inşası nəticəsində 0.3 ha torpaq sahəsinə xeyli məbləğdə maddi ziyan vurulmuşdur. Əmlakına dəyən maddi ziyanın ödənilməsi üçün Azərbaycan X1 torpağına dəyən ziyana görə kompensasiya ödənilməsi üçün torpağın mülkiyyət sənədini tələb edir. Başqa sözlə Siyəzən rayon Zarat kəndi ərazisində yerləşən ümumi sahəsi 0.30 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müvafiq çıxarışı tələb edir. Bu məqsədlə torpağa dair müvafiq hüquqmüəyyənedici sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etsə də, tərəflərindən xx.xx.2023-cü il tarixli məktubla müraciətinə cavab verərək bildirmişlər ki, 0.30 ha torpaq sahəsinin alıqı-satqı aktının, yəni "Torpağın alqı-satqısıa dair” xx.xx.2007- ci il tarixli Aktın arxiv nüsxəsi idarənin istifadəsində olan arxiv məlumatlarında aşkar edilmədiyindən çıxarışın verilməsinə dair müraciəti təmin edilə bilməz və bununla da ona imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən ümumi sahəsi 0.30 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət 3-21-3-31/1-Ə-0065-8/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2007-ci il tarixli 206 uçot nömrəli kadastr planında qeyd olunan koordinatlara əsasən torpaq sahəsinin 0.20 ha hissəsi Bakı-Quba-Rusiya Federasiyası yeni inşa edilmiş sürətli avtomobil yolunun mühafizəsinə düşür. Həmçinin bildirilir ki, ərizəyə memarlıq və şəhərsalma idarəsinin rəyi əlavə edilməmiş və torpaq sahəsinin alqı-satqı aktının arxiv nüsxəsi idarənin istifadəsində olan arxiv məlumatlarında aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Siyəzən rayonu Zarat bələdiyyəsinin 19 aprel 2004-cü il il tarixli, 13 nömrəli qərarından görünür ki, iddiaçıya Siyəzən rayonu Zarat kəndinin bələdiyyə ehtiyat fondun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında iddiaçıya 0,3 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon Şöbəsinin 09 saylı, 16 aprel 2004-cü il tarixli rəyindən görünür ki, İddiaçı satılacaq 0,3 ha torpaq sahəsi Abşeron-Qobustan kadastr qiymət rayonuna aid olmaqla şərti yararsızdır. Həmin torpaq sahəsinin tikinti məqsədilə İddiaçı satılması mövcud qanunvericiliyə uyğun olduğuna görə DT və XK-nin Siyəzən rayon şöbəsi buna etiraz etmir. Cavabdeh inzibati orqan tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsində inventarlaşdırma işi aparıldı, torpaq sahəsinin həm hüquqmüəyyənedici sənəd üzrə, həm də faktiki olaraq ölçüsü 3000.0 kv.metrdir, faktiki torpaq sahəsi üzərindən Bakı-Quba-RF sürətli avtomobil yolu keçir, 0.2 ha torpaq sahəsi yolun mühafizəsinə düşür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2-1(118)-1136/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Siyəzən rayon Zarat bələdiyyəsinin 19 aprel 2004-cü il tarixli, 13 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin mühafizə zolağına düşən hissəsi çıxılmaqla qalan 0.1 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq adına çıxarış və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair alqı-satqı aktının idarənin arxiv saxlancında nüsxəsinin olmaması həmin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz. Çünki sözügedən torpaq sahəsi ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmış və eyni zamanda iddiaçı tərəfindən bələdiyyənin hesabına 600.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Alqı-satqı aktının arxiv nüsxəsinin olmaması isə iddiaçının təqsiri kimi qiymətləndirilib, onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz, ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz və qeyd olunan hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinanın digər bir əsası kimi isə torpaq sahəsinin xx.xx.2007-ci il tarixli 206 uçot nömrəli kadastr planında qeyd olunan koordinatlara əsasən torpaq sahəsinin 0.20 ha hissəsi Bakı- Quba-Rusiya Federasiyası yeni inşa edilmiş sürətli avtomobil yolunun mühafizəsinə düşdüyünü qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini dəqiqləşdirərək, torpaq sahəsinin Bakı-Quba-RF sürətli avtomobil yolunun mühafizə zolağına düşməyən mübahisəsiz 0.1 ha hissəsinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2007-ci il tarixli 206 uçot nömrəli kadastr planında qeyd olunan koordinatlara əsasən torpaq sahəsinin 0.20 ha hissəsi Bakı- Quba-Rusiya Federasiyası yeni inşa edilmiş sürətli avtomobil yolunun mühafizəsinə düşür. Həmçinin işin təkrar araşdırılması nəticəsində müəyyən edilmişdir ki, idarənin istifadəsində olan TEKUİS, AZCAD və NECAS baza məlumlarına əsasən məhkəmə qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulan 0.10 ha torpaq sahəsinin cox hissəsinin Beşdam bələdiyyəsinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və üçüncü şəxsin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarı Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Siyəzən rayon Zarat bələdiyyəsinin 19 aprel 2004-cü il tarixli 13 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin mühafizə zolağına düşən hissəsi çıxılmaqla qalan 0.1 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq adına çıxarış və plan-ölçü sənədinin verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: 1) xx.xx.2007-ci il tarixli 206 uçot nömrəli kadastr planında qeyd olunan koordinatlara əsasən torpaq sahəsinin 0.20 ha hissəsinin Bakı-Quba-Rusiya Federasiyası yeni inşa edilmiş sürətli avtomobil yolunun mühafizəsinə düşməsi; 2) İdarənin istifadəsində olan TEKUİS, AZCAD və NECAS baza məlumatlarına əsasən məhkəmə qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulan 0.10 ha torpaq sahəsinin cox hissəsinin Beşdam bələdiyyəsinin ərazisində yerləşməsi; Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqan tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsində inventarlaşdırma işi aparıldı, torpaq sahəsinin həm hüquqmüəyyənedici sənəd üzrə, həm də faktiki olaraq ölçüsü 3000.0 kv.metrdir, faktiki torpaq sahəsi üzərindən Bakı-Quba-RF sürətli avtomobil yolu keçir, 0.2 ha torpaq sahəsi yolun mühafizəsinə düşür. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı tələbini dəqiqləşdirərək “torpaq sahəsinin Bakı-Quba-RF sürətli avtomobil yolunun mühafizə zolağına düşməyən mübahisəsiz 0.1 ha hissəsinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia tələbi təmin edildiyindən, yəni cavabdeh inzibati orqanın mübahisələndirdiyi 0.2 ha torpaq sahəsi istisna olmaqla, avtomobil yolunun mühafizə zolağına düşməyən mübahisəsiz 0.1 ha hissəsinə dair qərar qəbul olunduğundan həmin dəlil öz əhəmiyyətini itirmiş olur və cavabdeh inzibati orqanın bu etiraz əsası başa düşülən deyil. Kollegiya apellyasiya şikayətinin 2-ci dəlilinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqan idarənin istifadəsində olan TEKUİS, AZCAD və NECAS baza məlumatlarına əsasən məhkəmə qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulan 0.10 ha torpaq sahəsinin çox hissəsinin Beşdam bələdiyyəsinin ərazisində yerləşməsi halına istinad etmişdir. Eyni zamanda məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi Siyəzən rayonu Zarat bələdiyyəsi ilə Beşdam bələdiyyəsinin sərhədində yerləşir, çox hissəsi isə Beşdam bələdiyyəsinin ərazisinə düşür. Təqdim edilən ortofoto görüntüdən də görünür ki, mübahisəli torpaq sahəsinin bir hissəsi Beşdam kəndinə (Beşdam bələdiyyəsinin ərazisi), digər hissəsi isə Cəndəhar kəndinə (Zarat bələdiyyəsinin ərazisi) düşür. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2-1(105)-207/2025 nömrəli qərardadı ilə Siyəzən rayonu Beşdam bələdiyyəsi və Siyəzən rayonu Zarat bələdiyyəsinin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması” haqqında 25 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Beşdam və Zarat bələdiyyələrinin əhatə etdiyi Balaca Həmyə, Beşdam, Böyük Həmyə, Cəndəhar və Zarat kəndlərində Həmyə bələdiyyəsi yaradılmışdır. Bu səbəbdən də daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 2-1(105)-207/2025 nömrəli qərardadı ilə Siyəzən rayonu Həmyə bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmiş, Beşdam və Zarat bələdiyyələrinin iş üzrə üçüncü şəxs kimi iştirakına xitam verilmişdir. Göründüyü kimi Siyəzən rayonu Zarat bələdiyyəsi və Siyəzən rayonu Beşdam bələdiyyəsi Həmyə bələdiyyəsində birləşmiş, həmin bələdiyyə də artıq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş Siyəzən rayonu Həmyə bələdiyyəsi tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasına dair hər hansı münasibət bildirilməmiş, bununla bağlı etiraz təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin çox hissəsinin Beşdam bələdiyyəsinin ərazisində yerləşməsi halına istinad etsə də, təqdim edilmiş ortofoto görüntüdən bələdiyyələrin sərhədlərinin hansı qaydada müəyyən edildiyi və torpaq sahəsinin çox hissəsinin Beşdam bələdiyyəsinin ərazisinə düşməsinin nəyə əsasən qeyd olunduğu aydın deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hər bir halda sözügedən bələdiyyələr vahid bələdiyyə olaraq Siyəzən rayon Həmyə bələdiyyəsinin ərazisində birləşdirilmiş və həmin hallar barədə əlavə araşdırılma aparılmasına zərurət qalmamış, cavabdeh inzibati orqanın ikinci dəlili də öz əhəmiyyətini itirmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunda xx.xx.2007-ci il tarixli 206 uçot nömrəli kadastr planında qeyd olunan koordinatlara əsasən torpaq sahəsinin 0.20 ha hissəsi Bakı-Quba-Rusiya Federasiyası yeni inşa edilmiş sürətli avtomobil yolunun mühafizəsinə düşməsi halına istinad etmiş, iddia tələbinə etirazda və apellyasiya şikayətində də ilkin olaraq qeyd olunan dəlili əsas götürmüşdür. Lakin apellyasiya şikayətində əlavə olaraq yeni bir hala – idarənin istifadəsində olan TEKUİS, AZCAD və NECAS baza məlumatlarına əsasən məhkəmə qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulan 0.10 ha torpaq sahəsinin çox hissəsinin Beşdam bələdiyyəsinin ərazisində yerləşməsi halına istinad olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilibedilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Əlavə olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati icraatdan kənar yeni fakt və sübutlara istinad olunması qanunvericiliyin tələblərinin pozulması deməkdir. Göründüyü kimi cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlillər formal xarakter daşımaqla iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2-1(118)-1136/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar