Məhkəmə qərarları › İş №2-1(105)-208/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-208/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-208/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-131/2019 saylı, 15 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 04 yanvar 1984-cü ildən 20 avqust 2013-cü il tarixədək prokurorluq orqanlarında işləmiş, ona 04.01.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona pensiya hesablanarkən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın nəzərə alınmaması səbəbindən pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının xahişini təmin etməmiş və 67/1012 saylı 27.06.2018-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, ona 04.01.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, 20.08.2013-cü il tarixdən işdən azad edilmə ilə əlaqədar pensiyanın hesablanması məsələsinə yenidən baxılmış, təqdim edilmiş 2011-ci ilin avqust ayından 2013-cü ilin avqust ayına kimi illərin əmək haqqına dair arayış əsasında qeyd olunan əsas əmək haqqı, xidmət ili üçün, rütbə üçün əlavə, 2 qat müavinət və maddi yardım üçün nəzərdə tutulan əmək haqları hesablanaraq pensiyanın hesablanmasında nəzərə alınmışdır. Bundan əlavə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş əlavələr alınmadığından və həmin əlavələrdən sosial sığorta haqqı tutulmadığından pensiyanın hesbalanmasında qeyd olunan əlavələrin nəzərə alınması mümkün deyil. Bundan sonra İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, pensiya hüququnun yarandığı tarixdən (04 yanvar 2009-cu il tarixdən) orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla həmin tarixdən əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona DSMF-nin Nərimanov rayon şöbəsinin 10 mart 2009-cu il tarixli 295 saylı qərarı ilə 04 yanvar 2009-cu il tarixdən pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən ona 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunun İstintaq İdarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işlədiyi 5 ilin vəzifə maaşı, həmin dövrdə aldığı mükafatlar, xidmət illərinə və rütbəyə görə əlavə haqlar və həmin ödənişlərin bu vəzifə üzrə aylıq əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla orta aylıq əmək haqqına hesablanmış və onun 80% miqdarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Prokurorluq orqanlarında işlədiyindən, ona yaşa görə pensiya hesablanarkən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, onların müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmalıdır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilən dəlillər təşkil edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-131/2019 saylı 15 fevral 2019-cu il tarixli qərarı ilə (hakim İ.Quliyev) iddia tələbi təmin edilmiş, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hüququnun yarandığı tarixdən orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla həmin tarixdən əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən “Əmək pensiyaları haqqında” Qanunun 9.4, 20.1, 20.8.3, 29.3-cü maddələrinə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8 və 20.9-cu maddələrinə istinad etmiş, hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən tələb olunan məbləğlərin pensiya hesablanarkən nəzərə alınmasını istisna edəcək halları sübut edə bilməmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 385/2019 nömrəli 04 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər N.Nəsibov (sədrlik edən və məruzəçi), H.Babayeva və Z.Məmmədov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-131/2019 saylı 15 fevral 2019-cu il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdehin nümayəndəsi həmin qərardan kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2727/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi), Z.Quliyev və İ.Hüseynov) ilə cavabdeh DSMF-nin Siyəzən rayon şöbəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2020-ci il tarixli 2-1(105)-83/2020 nömrəli qərarı ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Ali Məhkəmənin 2-1(102)-1121/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X2) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2020-ci il tarixli 2- 1(105)-83/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qanunun tələblərinə ziddi qərar qəbul etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən İddiaçı2 prokurorluq işçisi kimi pensiya alır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddəsində nəzərdə tutulan prokurorluq işçilərinə müalicə olunmaq üçün 2 aylıq əmək haqqı həcmində verilən pul təminatının, hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı və prokurorlara məzuniyyətə gedərkən verilən 2 aylıq vəzifə maaşı həcmində maddi yardımın hesablanmaya daxil edilməsi bu ödənişlər alınması haqqında arayış təqdim edildikdə hesablanır. Bu əlavələrin alınması haqqında müvafiq arayış təqdim edilmədiyindən həmin əlavələrin iddiaçının pensiyasının üzərinə hesablanması qeyri-mümkündür. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin cavabdeh inzibati orqan qeyd olunan məbləğlərin pensiya hesablanarkən nəzərə alınmasını istisna edəcək halları sübut edə bilməməşdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının pensiya məbləği vaxtında düzgün hesablanmadığından ödənilməmiş pensiya məbləği iddiaçıya birdəfəyə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən, prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyalarına əlavələr yenidən hesablanır. Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərarda eyni zamanda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göründüyü kimi pensiyanın hesablanması və yenidən hesablanması zamanı əmək haqqına edilən yalnız o əlavələr (artımlar) nəzərə alına bilər ki, həmin məbləğlər məcburi dövlət sosial sığortasına cəlb olunsun. İşdən görünür ki, iddiaçı 04 yanvar 1984-cü ildən 20 avqust 2013-cü il tarixədək prokurorluq orqanlarında işləmişdir. Ona 04.01.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, 20.08.2013-cü il tarixdən işdən azad edilmişdir. 20.08.2013-cü ildə işdən azad edildiyinə görə iddiaçının pensiyasına yenidən baxılmış və təqdim etdiyi 2011-ci ilin avqust ayından 2013-cü ilin avqust ayına kimi illərin əmək haqqına əsasən pensiyası yenidən hesablanmışdır. Yenidən hesablama zamanı əmək haqqı arayışında qeyd olunan əsas əmək haqqı, xidmət ili üçün, rütbə üçün əlavə, 2 qat müavinət və maddi yardım üçün nəzərdə tutulan əmək haqları hesablanaraq pensiyasında nəzərə alınmışdır. İddiaçının tələbi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan-prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hüququnun yarandığı tarixdən (04 yanvar 2009-cu il tarixdən) orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla həmin tarixdən əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Cavabdeh orqanın 67/1012 saylı 27.06.2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, 04.01.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, 20.08.2013-cü il tarixdən işdən azad edilmə ilə əlaqədar pensiyanın hesablanması məsələsinə yenidən baxılmış, təqdim edilmiş 2011-ci ilin avqust ayından 2013-cü ilin avqust ayına kimi illərin əmək haqqına dair arayış əsasında qeyd olunan əsas əmək haqqı, xidmət ili üçün, rütbə üçün əlavə, 2 qat müavinət və maddi yardım üçün nəzərdə tutulan əmək haqları hesablanaraq pensiyanın hesablanmasında nəzərə alınmışdır. Bundan əlavə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8, 20.9-cu maddələrində nəzərdə tutulmuş əlavələr alınmadığından və həmin əlavələrdən sosial sığorta haqqı tutulmadığından pensiyanın hesablanmasında qeyd olunan əlavələrin nəzərə alınması mümkün deyil. Cavabdeh imtinasının əsaslarından biri kimi ona istinad etmişdir ki, iddiaçı prokurorluq orqanlarından xaric olunduqdan sonra “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan-prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın məbləğlərinin pensiyaya daxil edilərək pensiyanın yenidən hesablanması üçün iddiaçı tərəfindən bu təminatların alınmasına və məbləğlərinə dair arayış cavabdehə təqdim edilmədiyindən pensiyanın yenidən hesablanması mümkün deyil. Pensiya işində olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun 10.10.2019cu il tarixli 17/713 nömrəli arayışından görünür ki, İddiaçı2 oktyabr 1995-ci ildən sentyabr 2000-ci il tarixə kimi Azərbaycan Respublikası Baş prokurorluğun idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsində işləmiş, illər üzrə aşağıdakı kimi mükafatlar almışdır: 1995-noyabr ayı 100% vəzifə maaşı həcmində; 1996-mart ayı 100%, may ayı 50%, dekabr ayı 50% vəzifə maaşı həcmində; 1997-mart ayı 50%, aprel ayı 50%, noyabr ayı 50%, dekabr ayı 50% vəzifə maaşı həcmində; 1998-mart ayı 100%, may ayı 50%, sentyabr ayı 50%, dekabr ayı 150% vəzifə maaşı həcmində; 1999-mart ay 50%, may ayı 50%, sentyabr ayı 50%, dekabr ayı 150% vəzifə maaşı həcmində; 2000-mart ayı 100%, sentyabr ayı 100% vəzifə maaşı həcmində. Həmin arayışda həmçinin göstərilmişdir ki, hal-hazırda xüsusilə mühüm işlər üzrə müstəntiqin vəzifə maaşı - 1280 (bir min iki yüz səksən) manat, xidmət ilinə əlavə 45% - 576 (beş yüz yetmiş altı) manat, ədliyyə müşaviri rütbəyə görə əiavə - 134 (yüz otuz dörd) manat, cəmi: 1990 (Bir min doqquz yüz doxsan) manat təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının **********0 nömrəli, 07 aprel 2021-ci il tarixli məktubunda görstərilmişdir ki, vətəndaş İddiaçı2 Dövlət Sosial X3 rayon şöbəsi (hazırki Bakı şəhəri Nərimanov rayonu xidmət nümayəndəliyi) tərəfindən 04.01.2009-cu il tarixdən dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyası 01.10.1995-01.10.2000-ci tarixləri arasındakı dövr ərzində aldığı əmək haqqı əsasında hesablanmışdır. Adı çəkilən şəxsin əmək pensiyasının hesablanması üçün əsas götürülmüş orta aylıq əmək haqqının tərkibinə Azərbaycan Respublikası Baş Prokurorluğunda xüsusilə mühüm işlər üzrə müstəntiqin vəzifə maaşı - 1280,00 manat, prokurorluq işçilərinə aylıq vəzifə maaşının 45 faizi həcmində əlavə haqq - 576,00 manat; ədliyyə müşavirinin rütbə maaşı - 134,00 manat, həmin dövr ərzində alınan 1250 faiz vəzifə-maaşı məbləğində mükafat-16000,00 manat (bir aya 266,67 manat (16000,00:60 ay)) daxil edilmişdir (1280,00+576,00+134,00+266,67= 2256,67 manat). Məhkəmə kollegiyası İddiaçı2 əmək haqqına edilən əlavələrin - hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın məcburi dövlət sosial sığortasına cəlb olunub-olunmaması, cəlb olunmuşdursa həmin əlavələrdən sosial sığorta haqqının tutulub-tutulmaması barədə məlumat verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu vermişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 20/770 nömrəli, 10 avqust 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, 01.08.2011-31.07.2013-cü illərdə İddiaçı2 2011-ci ilin sentyabr və dekabr ayı üçün 100% əmək haqqı həcmində maddi yardım, 2012-ci ilin mart ayı 100 % əmək haqqı həcmində maddi yardım, mart ayı 200% əmək haqqı həcmində xəstəliyə görə müavinət, aprel ayı 200% əmək haqqı həcmində məzuniyyətə görə müavinət, sentyabr ayı 100% əmək haqqı həcmində maddi yardım, dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım, 2013-cü ilin mart ayı 100% əmək haqqı həcmində maddi yardım, aprel ayı 200% əmək haqqı həcmində məzuniyyətə görə müavinət, aprel ayı 200% əmək haqqı həcmində məzuniyyətə görə müavinət ödənilmişdir. Ödənilən məbləğdən dövlət məcburi sosial sığorta ödənişləri edilmişdir. Sentyabr 2013-cü ildə istifadə olunmamış məzuniyyətlərə görə 9220,92 manat kompensasiya ödənilmiş, ödənilən məbləğdən dövlət məcburi sosial sığorta ödənişləri edilmişdir. Pensiya işində olan pensiyanın hesablanması üçün əmək haqqı barədə arayışdan müəyyən edilir ki, 01.08.2011-31.07.2013-cü illərdə məcburi sosial sığorta haqqı tutlmuş göstərilən ödənişlər iddiaçının 2013-cü ildə pensiyası yenidən hesablanarkən nəzərə alınmışdır. Beləliklə, iş materiallarından müəyyən edilir ki, iddiaçıya 2009-cu ildə təyin edilən pensiya onun seçiminə əsasən 1995-2000-ci illərin əmək haqqısı əsasında təyin edilmişdir. İddiaçı isə 1995-2000-ci illərdə hazırkı iddia ərizəsi üzrə tələb etdiyi əlavələri almamış, həmin əlavələrə görə sosial sığorta haqqı ödənilməmişdir. Bu səbəbdən 2009-cu ildə iddiaçıya pensiya təyin edilərkən bu əlavələr nəzərə alınmamışdır. 2013-cü ildə iddiaçıya son iki ilin əmək haqqı əsasında yenidən pensiya hesablanmışdır. Yenidən hesablama zamanı əmək haqqı arayışında qeyd olunan əsas əmək haqqı, xidmət ili üçün, rütbə üçün əlavə, 2 qat müavinət və maddi yardım hesablanaraq pensiya təyinində nəzərə alınmışdır. Lakin iddiaçı 2 aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunması ilə əlaqədar ildə bir dəfə ona iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və hər il onun əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hüququnun yarandığı 04 yanvar 2009-cu il tarixdən orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmasını tələb edir. Sadalanan qanunvericilik aktları normalarına və göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 131/2019 saylı, 15 fevral 2019-cu il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-131/2019 saylı, 15 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına qarşı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8, 20.9, və 21.4-cü maddələri ilə nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hüququnun yarandığı tarixdən (04 yanvar 2009-cu il tarixdən) orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla həmin tarixdən əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar