Məhkəmə qərarları › İş №2-1(105)-208/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-208/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-208/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “qərarın ləğv olunması və çıxarış verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2- 1(118)-1225/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Milli Arxiv İdarəsi X11 Filialı tərəfindən verilmiş 03.12.2019-cu il tarixli 841 nömrəli arxiv çıxarışına əsasən, Şamaxı RİH-nin Qəleybuğurd İƏD nümayəndəliyinin 1977-1979cu illər üzrə qaytanlanmış təsərrüfatbaşına kitablarında kənd sakini şəxsi hesab nömrəsi №68a olan X1 təsərrüfatında həyətyanı torpaq sahəsi 0.11 ha, o cümlədən tikinti altı sahə 0.01 ha qeyd edilmişdir.

1. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə 0.05 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir.

2. DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən həmin 0.05 ha torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır.

3. X7 19 iyun 2010-cu ildə vəfat etmişdir.

4. 19.06.2010-cu il tarixdə vəfat etmiş X1 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdır.

5. İddiaçı yuxarıda qeyd olunan sənədləri təqdim etməklə cavabdeh orqana Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində yerləşən 0.11 ha torpaq sahəsi üzərində mərhumə X1 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və texniki sənədlərin verilməsi ilə bağlı müraciət etmişdir.

6. Cavabdeh orqan iddiaçıya ünvanladığı 09.01.2020-ci il tarixli, **********23 saylı imtina məktunda qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Milli Arxiv İdarəsi X11 Filialı tərəfindən verilmiş 03.12.2019-cu il tarixli 841 nömrəli arxiv çıxarışında 1977-1979-cu illər üzrə qaytanlanmış kitabda X1 şəxsi hesabında 0.11 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunsa da, respublikamızda aparılan Aqrar İslahatlar zamanı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə onun mülkiyyətinə 0.05 ha torpaq sahəsi verilmiş, DTXK-nın Şamaxı rayon şöbəsi "tərəfindən həmin 0.05 ha sahəyə torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Ona görə də, 0.11 ha torpaq sahəsinə mərhumə X1 adına çıxarışın verilməsi mümkün olmamışdır.

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi, torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarış verilməsini xahiş etmişdir.

8. Şamaxı Rayon Məhkəməsi 2(074)-670/2021 nömrəli 16.05.2021-ci il tarixli qərardadı ilə iddianın ümumi məhkəmədə baxılmalı olmadığından, hazırki iddia tələbi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmaqla iddia ərizəsinin qəbul edilməsindən imtina etmişdir. (hakim N.İsmayılov)

9. Daha sonra iddiaçı eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə mərhumə D.Rüstəmovanın mülkiyyətinə 0,05 ha torpaq sahəsi verilməsinə dair Qərar səhv olduğundan ləğv olunmasına və Şamaxı rayon, Qəleybuğurd kəndində yerləşən 0.11 ha torpaq sahəsinin vərəsəlik şəhadətnəməsi əsasında, Milli Arxiv İdarəsinin rəsmi Arayışına əsasən dövlət qeydiyyatına alınmasına və buna dair dövlət reyestrindən çıxarış verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 mart 2008-ci ildə mərhumə, dayısının həyat yoldaşı - X7 özünə məxsus və 1964-cü ildə tikilmiş Şamaxı rayonu, Qəleybuğurd kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və digər bütün əmlakını vəsiyyətnamə əsasında iddiaçıya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə dövlət reyestrində 04-05 №-si ilə qeyd edilmişdir. X7 2010-cu ildə vəfat etmişdir və digər vərəsəsi yoxdur. Həmin torpaq sahəsinin ölçüsü 0,11 ha-dır və üzərində 1964-cü ildə fərdi ev inşa edilmişdir. 29 dekabr 2018-ci il tarixində vəsiyyətnamə əsasında iddiaçıya məxsus olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi evə reyestrdən Çıxarış almaq məqsədilə sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə təqdim etmişdir. Milli Arxiv İdarəsinin rəsmi arayışından məlum olur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə hüquqi varisi olduğu mərhumə X1 mülkiyyətinə səhvən 0,05 ha torpaq sahəsi verilmişdir. Həmçinin, həmin səhv qərar əsasında DTXK-nin Şamaxı rayon şöbəsi də öz növbəsində yenə də səhvən 0,05 ha sahəyə torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlamışdır. Bununla da hüquqi varisi olduğu mərhumə X1 özünün xəbəri olmadan bütün bu proses həyata keçirilmiş və hüquqları kobud şəkildə pozulmuşdur.

11. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı 10.06.2021-ci il tarixli, **********74 saylı iddia tələbinə etirazını iddiaçıya ünvanlanmış imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.

12. Cavabdeh orqan Sumqayıt İnzibati Məhkəməsinin 06.09.2021-ci il tarixli **********59 saylı sorğusuna cavab olaraq qeyd etmişdir ki, sorğuda qeyd olunan məqamların araşdırılması məqsədilə Ərazi idarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. X3 məxsus həyətyanı torpaq sahəsi X4 məxsus 473 kv.metr olan həyətyanı torpaq sahəsinə bitişikdir. Hər iki torpaq sahəsi ümumi çəpərlənmiş ərazidə yerləşir, aralarında fiziki sərhədlər yoxdur. Çəpər daxilində yerləşən torpaq sahəsi ümumilikdə 0.1427 ha təşkil edir. Ondan 0.05 ha X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 473 kv.metr torpaq sahəsinə isə ləğv edilmiş DTXK tərəfindən AN-265625 nömrəli plan və ölçü sənədi X2 adına işlənmişdir. Ümumi ərazidə sənəd üzrədən artıq olan 454 kv.metr torpaq sahəsi baza xəritəsində boş ərazi kimi qeyd olunmuşdur.

13. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1225/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev)

14. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin gətirdiyi əsas arqument ondan ibarətdir ki, Aqrar İslahat Komissiyası tərəfindən vətəndaşlara pay torpaqları ayrıldığı dövrdə mərhumə D.Rüstəmovanın aqrar islahat komissiyasının qərarından şikayət vermək hüququ olmuş, lakin o, bu hüquqdan istifadə etməmişdir. Məhkəmənin bu arqumentinə cavab olaraq bildirir ki, mərhumə D.Rüstəmovanın aqrar islahat komissiyasının onun şəxsi mülkiyyətində olan torpağı bölüb kimlərəsə verməsinə dair qərarından xəbəri olmamışdır və onun hüquqi varisinin bu faktdan yalnız DƏDRX-nin 14 saylı Ərazi İdarəsindən 9 yanvar 2020-ci il tarixli **********3 nömrəli cavab məktubu daxil olduqdan sonra məlumatı olmuşdur. Ona görə də məhkəmənin gəldiyi nəticə səhv, qəbul etdiyi qərardad isə qanunsuz və əsassızdır.

18. Məhkəmə qərardadının 5-ci səhifəsinin 7-ci abzasında qeyd olunur ki, iddiaçı ölmüş şəxsin hüquqları ilə bağlı arayış verilməsini tələb etmədən torpaq sahəsinə birbaşa öz adına çıxarışın verilməsini istəyir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun”a əsasən cavabdeh inzibati orqana bu cür səlahiyyət verilmədiyinə görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

19. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun”un 8.0.3-cü maddəsinə əsasən, daşımnaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. O, 23.10.2020-ci il tarixli vəsiyyətnamə üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətini əlavə etdiyi halda məhkəmənin bunu görməməsi təəccüb doğurur.

20. Həmçinin məhkəmə hesab edirsə ki, ləğv edilmiş X6 varisi başqa orqandır, o zaman məhkəmə iddiaçıya hüquqi yardım edərək həmin orqanı məhkəməyə cavabdeh qismində cəlb etməli idi. Çünki, “İnzibati məlikəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının tələblərinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir.

21. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz savmamalıdır.(3.4).

22. Göründüyü kimi, məhkəmə öz vəzifə borcuna görə aidiyyatı orqanı cavabdeh qismində məhkəməyə cəlb etməyərək, faktiki olaraq yardım etmək vəzifəsinə riayət etmədən iddianın mümkün sayılmaması barədə qanunsuz qərardad qəbul etmişdir ki, bu da Ali Məhkəmənin Plenum Qərarına tamamilə ziddir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. 25.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının X6 qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon X6 və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) D.Rüstəmovanın mülkiyyətinə 0,05 ha torpaq sahəsinin ayrılmasına dair “Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarının ləğv olunması; 2) Şamaxı rayon, Qəleybuğurd kəndində yerləşən 0.11 ha torpaq sahəsi üzərində vərəsəlik şəhadətnaməsi əsasında hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə aınması və buna dair dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.

33. Birinci iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür.

34. Bununla bağlı kollegiya ilk növbədə qeyd edir ki, birinci hissədə iddiaya cavab verməli inzibati orqan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi deyil, Şamaxı rayon İcra Hakimiyyətidir. Birinci tələblə bağlı iddia düzgün cavabdehə qarşı qaldırılmamışdır.

35. Lakin bununla yanaşı kollegiya qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28.12.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.

37. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1(bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır).

39. Hazırda mübahisələndirilən qərar (AİK-in qərarı) qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 10 ilə yaxın müddətdə (05.05.2001- 01.01.2011-ci illər) mübahisələndirilməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində mərhum Dəryabəyim Rüstəmovanın həmin qərar barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz.

40. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

41. İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir.

42. Qeyd olunmalıdır ki, AİK-in qərarları inzibati akt hesab olunur və həmin qərarların mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz.

43. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə iddiaya cavab verməli orqanın cəlb edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım etməsə də, qaldırılmış iddia müddətin ötürülməsi əsası ilə mümkün olmadığından, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

44. İkinci hissədə iddia tələbinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə 0.05 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmiş və AR DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən həmin 0.05 ha torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. X7 19 iyun 2010-cu ildə vəfat etmişdir.

45. Hazırda iddiaçı mərhumun vəsiyyətnamə üzrə vərəsəsi olaraq cavabdeh inzibati orqana müraciət edərək, Milli Arxiv İdarəsi X11 Filialı tərəfindən verilmiş 03.12.2019-cu il tarixli 841 nömrəli arxiv çıxarışında 1977-1979-cu illər üzrə qaytanlanmış kitabda X1 şəxsi hesabında 0.11 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilməsini, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə mərhumun mülkiyyətinə səhvən 0.05 ha torpaq sahəsinin ayrıldığını bildirərək, arxiv arayışında qeyd edilən 0.11 ha torpaq sahəsi üzərində mərhumənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

46. İş materiallarından görünür ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 nömrəli qərarına əsasən ayrılmış 500.12 kv m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 23.11.2010-cu il tarixdə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, 27.07.2020-ci il tarixdə isə həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında mərhumun adına daşınmaz əmakın dövlət reyestrində qeydə alınmışdır.

47. Məhkəmə kollegiyası vurğulayır ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 nömrəli qərarı qüvvədədir.

48. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1-ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə).

49. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır.

50. Həyətyanı torpaq sahəsinin verilməsinə əsas olan aqrar islahat komissiyasının 05.05.2001-ci il tarixli 05 nömrəli qərarı hüquqi cəhətdən etibarlı olduğundan daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsinə dair iddia tələbi iddianın mümkünlük şərtinə cavab vermir.

51. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına əsasən, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

52. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1225/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1225/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar