Məhkəmə qərarları › İş №2-1(105)-208/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-208/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-208/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2- 1(118)-4201/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, 1968-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.

2. İddiaçıya məxsus hərbi biletdə də onun xx.xx.1992-xx.xx.1993-cü illərdə N saylı hərbi hissədə atıcı kimi xidmət etməsi qeyd olunmuşdur.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 4 nömrəli qərarı ilə müəyyən olunur ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə aldığı və xx.xx.1992-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanma—diaqnoz "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR" kimi şəhadətləndirilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 16 iyun 2023-cü il tarixli, 4/3-5609 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

5. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ona müharibə veteranı adının verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1987-ci il tarixdə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yollanmışdır. 1992-ci ilin iyul ayının 26-dan N nömrəli hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Ağdam rayonu çevrəsində hərbi xidmət keçmişdir. Hərbi xidmət dövrü xx.xx.1993-cü il tarixə kimi əhatə edir. xx.xx.1992-ci il tarixdə aldığı və xx.xx.1992-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanma-diaqnoz: “Sol budun yumşaq toxumalarından dəlib-keçən, sağ baldırın yuxarı və orta 1/3-nin yumşaq toxumalarının kor güllə yarası” MN Mərkəzi Hərbi Poliklinikasının müayinə vərəqəsinin təsdiq edilmiş surəti, “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” (MN MHHKnın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). Bu yaxınlarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona müharibə veteranı adı verilməsindən imtina etmişdir (həmin məktub ona xx.xx.2023-cü il tarixdə çatdırılmışdır). Hesab edir ki, Müdafiə Nazirliyinin nəzdində olan müvafiq Komissiyanın ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etməsi barədə qəbul etdiyi qərarda göstərdiyi əsaslar və səbəblər elə cavabdehin tabeliyində olan zabit heyətinin təqsiri ucbatından baş verib, onun hər hansı sənədləşmədə səhvə yol verilməsində, yaxud natamam qeydlər aparılmasında heç bir günahı yoxdur.

7. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-2186 nömrəli arxiv arayışına əsasən iddiaçının hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.

b) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

8. Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(118)-4201/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev).

9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, 1992-1993-cü illərdə X2 zamanı N nömrəli hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüşməyi və döyüşlərdə yaralanmağını təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Belə ki, hərbi xidmətə çağırış vərəqindən görünür ki, Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmışdır (çağırış vərəqəsi əlavə olunur). Müdafiə Nazirliyinin Baş X3 Arxiv müdiri Sevinc Feyzullayevanın adından ünvanına göndərilmiş xx.xx.2022-ci il tarixli, 6161 nömrəli məktubda göstərilir ki, xx.xx.1992-ci il tarixə məxsus 581 nömrəli “müayinə vərəqəsi”nin ksero surətindən görünür ki, N nömrəli hərbi hissənin baş serjantı olaraq xirurq tərəfindən güllə yarasından əməliyyat olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının rəisi Q.Quliyevin verdiyi 12.08.93-cü il tarixli arayışdan görünür ki, N nömrəli hərbi hissənin baş serjantı İddiaçı sol budun güllə yaralanmasından müalicəni davam etdirmək üçün yaşayış yeri üzrə Xaçmaz rayonuna göndərilmişdir (arayışın surəti Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən təsdiq edilmişdir və əlavə olunur). Xaçmaz rayon Hərbi Komissarlığı yanında hərbi-həkim komissiyasının xx.xx.1993-cü il tarixli, 01 nömrəli xəstəlik şəhadətnaməsindən görünür ki, hərbi xidmətdə olduğu dövrdə xx.xx.1992-ci ildə Əsgəran rayonu ərazisində aşağı ətrafların güllə yaralanmasından Ağdam şəhər hospitalında müalicə almış və “Sol budun yumuşaq toxumalarından dəlib keçən, sağ baldırın yuxarı yumuşaq toxumalarının güllə yarası” diaqnozu qoyulmuşdur (xx.xx.1993-cü il tarixli, 01 nömrəli xəstəlik şəhadətnaməsinin surəti əlavə olunur). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışda göstərilir ki, “Bədənin bir neçə nahiyəsini əhatə edən açıq yaralar, sol bud nahiyəsini dəlib keçən sağ diz nahiyəsinin kor qəlpə yaralanması” Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlilik verilmişdir (surəti əlavə olunur). Müdafiə Nazirliyinin Humanitar Yardım Komissiyasının sədri polkovnik Nuriyevin imzaladığı və Müdafiə Nazirliyinin İşlər İdarəsinin möhürü ilə təsdiqlənmiş 31 avqust 1992-ci il tarixli qaimədən görünür ki, 240 nömrəli ambardan humanitar yardım edilmişdir (qaimə əlavə olunur). Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarında göstərilir ki, Xaçmaz RHK tərəfindən xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmış, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 18/6639 saylı məktubunda barəsində cinayət işi və ya təqsirləndirici material olmadığı qeyd edilmiş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə aldığı və xx.xx.1992-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanmadiaqnoz: “Sol budun yumuşaq toxumalarından dəlib keçən, sağ baldırın yuxarı və orta 1/3nin yumuşaq toxumalarının kor güllə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Xaçmaz rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi, xx.xx.2023-cü il tarixli, 3-43-27/2- 35/2023 nömrəli arayışı. MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1992-ci il tarixli, 133 nömrəli hərbi-həkim komissiyasının müayinə vərəqəsinin təsdiq edilmiş surəti, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Göründüyü kimi həqiqətən də, X2 zamanı döyüşlərdə döyüşərək yaralanmağı və aldığı xəsarətlərin Azərbaycan Respublikasının müdafiəsi zamanı almağı, hərbi xidmət zamanı barəsində cinayət işi və ya təqsirləndirici material olmaması tam təsdiq olunur. Ona görə də ona Müharibə Veteranı adının verilməsi barədə iddia təmin olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, 1992-ci ildə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən Ağdam rayonuna ikinci hərbi xidmətə göndərilmişdir. Hərbi Xidmətə başladıqdan 26 gün sonra yaralanmış, Mahrızlıda hərbi hospitalda əməliyyat olunduqdan sonra Bakıya göndərilmişdir. Müalicə olunmaq üçün vaxt verildikdən sonra, hərbi komissarlığa getdiyi zaman səhhətinin tam bərpa olunmadığı bildirilmişdir. Bir müddət sonra ikinci dəfə əməliyyat olunmuş və Bakıya təkrar hərbi hospitala göndərilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən keçirilmiş yoxlamaya əsasən, xidmətə yararlı olmadığı bildirilmişdir. Müharibə veteranı adının verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət edən zaman hərbi xidməti barədə müvafiq sənədlərin Mərkəzi Arxivə daxil olmaması səbəbindən ona imtina cavabı verilmiş, N nömrəli hərbi hissə tərəfindən də müvafiq sənədlərin arxivə daxil edilmədiyi bildirilmişdir. Sənədlərin arxivdə olmaması onun təqsiri deyildir. Hərbi Komissarlıq tərəfindən Hərbi Prokurorluğa haqqında cinayət işinin olub-olmaması barədə müraciət edilmiş, cavab olaraq cinayət işinin olmaması bildirilmişdir. 2021-ci ilə qədər əlilliyi olmuşdur. Müharibə əlili olmuşdur. Əlil kimi pensiya aldığına görə müharibə veteranı adının alınmasında marağı olmamışdır, 26 il lll qrup əlil olmuş, bu səbəbdən daha əvvəl müraciət etməmişdir. xx.xx.1993-cü il tarixdə hərbi hissədən çıxarılmışdır.

12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. “Veteranlar haqqında” Qanun Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-)

14. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir)

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-)

15. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 74.İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir.

19. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının verilməsindən cavabdehin imtinası təşkil edir.

20. Cavabdeh iddiaçının müraciətindən o əsasla imtina etmişdir ki, Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-1409 nömrəli arayışına əsasən əməliyyatların aparıldığı dövrdə N nömrəli hərbi hissədə hərbi xidməti əmrlərlə təsdiqlənmədiyinə, N nömrəli hərbi hissənin əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün iddiaçının hərbi xidməti barədə məlumat olmamışdır.

21. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2).

22. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

23. Birinci instansiyası məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması müəyyən olunmur.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir.

26. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci maddəsində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: - 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, -həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

26. İstinad olunan normada qanunverici müharibə iştirakçısı hesab olunaraq müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuları hərbi xidmət etdiyi dövrdən asılı olaraq iki qrupa ayırmışdır: 1) 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək (...) döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; 2) 1994-cü il 12 may tarixindən sonra (...) döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular.

27. Hazırkı işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı Xaçmaz RHK tərəfindən xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. İddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletdə olan qeydlərə əsasən, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam rayonunda döyüşlərdə iştirak etmişdir. Yaralanmalarla bağlı hissədə isə Sol budun yumşaq toxumalarından dəlib-keçən, sağ baldırın yuxarı və yumşaq toxumalarının kor güllə yarasının olması qeyd olunmuşdur.

28. İş materiallarında olan MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1992-ci il tarixli hərbi-həkim komissiyasının arayışına əsasən N nömrəli hərbi hissənin baş serjanntı olan iddiaçıya ambulator müalicəni yaşadığı Xaçmaz rayonu üzrə davam etdirməsi icazə verilmişdir. Həmin arayışla iddiaçıda "Sol budun yumşaq toxumalarından dəlib-keçən, sağ baldırın yuxarı və orta 1/3-nin yumşaq toxumalarının kor güllə yarası” olduğu müəyyən olunmuşdur.

29. Xaçmaz Rayon RHK-nın hərbi həkim komissiyasının xx.xx.1993-cü il tarixli 1 nömrəli xəstəlik arayışı ilə müəyyən olunur ki, N saylı hərbi hissənin baş serjantı İddiaçı xidmətdə olarkən xx.xx.1992-ci ildə Əsgəran rayonunda yaralanmışdır. Aşağı ətrafların güllə yarasına görə Ağdam şəhərində hospitalda müalicə almışdır. Arayışda onun Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar yaralandığı qeyd olunmuşdur.

30. Azərbaycan Respublikası SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçı “dəlib keçən güllə yarası, kor odlu silah yaralanması” diaqnozunun səbəb əlaqəsini müəyyən etmək üçün Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına tibbi müayinəyə göndərilmişdir.

31. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 4 nömrəli qərarı ilə müəyyən olunur ki, “Xaçmaz RHK tərəfindən xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmış, Ağdam hərbi prokurorluğunun xx.xx.2022ci il tarixli 18/6639 saylı məktubunda barəsində cinayət işi və ya təqsirləndirici material olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə aldığı və xx.xx.1992-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanma— diaqnoz: "Sol budun yumşaq toxumalarından dəlib-keçən, sağ baldırın yuxarı və orta 1/3nin yumşaq toxumalarının kor güllə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi, 10.01 2023-cü il tarixli 3- 43- 27/2-35/2023 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasının 12.08 1992-ci il tarixli 133 nömrəli hərbi-həkim komissiyasının müayinə vərəqəsinin təsdiq edilmiş surəti, MN MHHKnın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR" kimi şəhadətləndirilmişdir.

32. Azərbaycan Respublikası SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, 1968-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.

33. İddiaçıya məxsus hərbi biletdə də onun xx.xx.1992-xx.xx.1993-cü illərdə N saylı hərbi hissədə atıcı kimi xidmət etməsi qeyd olunmuşdur.

34. Bundan başqa, apellyasiya şikayətinə iddiaçı tərəfindən əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçının müraciətinə əsasən Müdafiə Nazirliyi Baş Klinik Hospitalından xx.xx.1992-cı il tarixli 581 №-li "müayinə vərəqinin kserosurəti” ona təqdim olunmuşdur.

35. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Eksper Komissiyasında sonuncu müayinəyə dair məlumatla müəyyən olunur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş, əlillik səbəbi- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olmuşdur.

36. 08.06.2021-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi səbəbilə iddiaçıya təkrar əlillik təyin olunmasından imtina olunsa da, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 4 nömrəli qərarı ilə "Sol budun yumşaq toxumalarından dəlib-keçən, sağ baldırın yuxarı və orta 1/3-nin yumşaq toxumalarının kor güllə yarası”nın hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən olunmuşdur.

37. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına sorğu göndərilərək, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 4 nömrəli qərarının qəbul olunmasına əsas olan sənədlər və hallar barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.

38. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə müvafiq qərar, Azərbaycan Respublikası SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi, 10.01 2023-cü il tarixli 3-43-27/2-35/2023 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1992-ci il tarixli 133 nömrəli hərbihəkim komissiyasının müayinə vərəqəsinin təsdiq edilmiş surəti, Xaçmaz Rayon RHK-nın hərbi həkim komissiyasının xx.xx.1993-cü il tarixli 1 nömrəli xəstəlik arayışı təqdim olunmuşdur.

39. Azərbaycan Respublikası SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin 10.01 2023-cü il tarixli 3-43-27/2-35/2023 nömrəli arayışı ilə müəyyən olunur ki, 1968-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 18/6639 nömrəli məktubuna əsəsən İddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.

40. Qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə iddiaçının arzuladığı hüquqi nəticəyə çatması üçün yuxarıda sadalanan qanunvericilik aktlarının tələbləri baxımından tələb olunan sənədlər - hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edilməlidir.

41. Bundan başqa, istinad edilən normalara görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

42. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir.

43. Beləliklə, işin araşdırılan halları və istinad olunan normaların hazırki işə tətbiqi zamanı müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədləri təqdim etmiş və həmin sənədlərdən onun döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması, aldığı güllə yarası ilə əlaqədar müayinə və müalicə olunması, qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunması sübuta yetirilmiş, cavabdeh inzibati orqan isə bu halın əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir.

44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

45. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun döyüş əməliyyatlarında iştirak etməsini və qanunamüvafiq qaydada tərxis olunduğunu sübut etmişdir.

46. Birinci instansiya məhkəməsi isə iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(118)-4201/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar