Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-208/2025 23.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X1 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, X3 katibliyi, İddiaçı, Üçüncü şəxs X6 və qanuni nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Mirzəağa qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-1364/2024 nömrəli qərarından üçüncü şəxs X6 qanuni nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ MH seriyalı, ******* saylı, 27 iyun 2008-ci il tarixli, **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri, M.F.Axundov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 44 nömrəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. “Elektron Notariat” X1 çıxarışa əsasən iddiaçının nəvəsi X11 və atası X3 şəhəri, M.F.Axundov küçəsi, ev 44 ünvanında qeydiyyatdadırlar. Cavabdeh iddiaçıya ünvanladığı 11 iyul 2023-cü il tarixli məktubundan görünür ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 27 iyun 2008-ci il tarixli, **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeyddən və həmin qeyddən verilmiş çıxarışdan göründüyü kimi Xaçmaz şəhəri, M.F.Axundov küçəsində mülkiyyətimdə olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 26.9 kv.m. yaşayış, 21.0 kv.m. köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 131 nömrəli vərəqində qeydə alınmışdır. “Elektron Notariat” X2 vasitəsilə əldə etdiyi məlumata görə nəvəsi X11 həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. O, X5nun qızıdır. X5 2014-cü ildə Gürcüstan Respublikasının vətəndaşı Raqsiya Akhmedova ilə qeyri-rəsmi ərarvad kimi yaşamış, onların bu münasibətlərindən xx.xx.2015-ci il tarixdə övladları X11 anadan olmuşdur. Onlar uşaq dünyaya gələndən 3 ay sonra xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Cavabdeh nəvəsini özü ilə aparmışdır. Artıq 7 ildir ki, nəvəsini görmür və onlardan hər hansı məlumatı yoxdur. İddiaçı üçüncü şəxsin anasından onun evidən qeydiyyatdan çıxmasını dəfələrlə xahiş etsə də, o buna məhəl qoymamış, nəticədə o, bu tələblə Cavabdehnə müraciət etmişdir. Cavabdeh orqan onun müraciətini təmin etmədiyindən, o bu tələblə məhkəməyə müraciət etməli olmuşdur. b) Cavabdeh iddiaya qarşı yazılı etiraz bildirməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1364/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. c) Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-1364/2024 nömrəli qərarı ilə iddia təmin edilərək X6 Xaçmaz şəhəri, X20 küçəsi, ev 44 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.(hakim L.Mirzəyeva) ç) Qərardan narazı qalan üçüncü şəxs X6 qanuni nümayəndəsi X10 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri xx.xx.2015-ci il təvəllüdlü X4 rayonunda anadan olmuşdur. Anası Gürcüstan Respublikasının vətəndaşı olduğuna görə qızı atasının qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan 4 ünvana atasının qeydiyyat yeri üzrə alınmışdır. Onun həmin evdən istifadə hüququ anadangəlmə hüquqdur. Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin barəsində onun qanuni nümayəndəsi olmadan qərar qəbul etmişdir. Həmin qərara görə qızlarının şəxsiyyət vəsiqəsi deaktiv edilmişdir. O, məktəblidir. Ana Azərbaycan Respublikasının vətəndaşı olmadığına görə onu qeydiyyata götürə bilmir. Ona görə də atasının qeydiyyatda olduğu ünvanda qeydiyyatdadır. İndi qızı bilib ki, onun şəxsiyyət vəsiqəsi ləğv edilib. Qorxur ki, onu məktəbdən çıxaracaqlar, uşaqlar evinə verəcəklər gecə-gündüz ağlayır, stress yaşayır. Qızı onunla yaşamasına baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşıdır, doğulan və ona doğum haqqında şəhadətnamə alınan gündən həmin evdə atasının qeydiyyat yeri üzrə qeydiyyatdadır və həmin evdən anadangəlmə istifadə hüququ var. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin qanuni nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi və bildirdi ki, birinci instansiya məhkəməsində icraat aparılan zaman heç bir məlumatı olmamışdır. Gürcüstan Respublikası vətəndaşı olduğuna görə heç bir məhkəmə bildirişi ona çatmamışdır. Məhkəmə qərarı barədə gec məlumatı olmuşdur. X6 9 yaşı var, təhsil alır. Üçüncü şəxs-övladı qeydiyyatdan çıxarıldığına görə təhsil almasına maneələr yaranır. Özü xarici ölkə vətəndaşıır, 90 gün müddətində yaşamaq icazəsi ilə Azərbaycanda yaşayır. Hazırda qeydiyyatı yoxdur. Uşağın atası həmin mənzildə qeydiyyatdadır. Atası ilə rəsmi nikah olmamışdır. 9 ildir qızı onun himayəsindədir, lakin bununla bağlı məhkəmə qətnaməsi yoxdur. Aliment alır, Bakıda yaşayırlar. Sözügedən əmlakla bağlı heç bir mülk tələbi yoxdur, sadəcə qeydiyyatın bərpa edilməsini xahiş edir. Gürcüstan Respublikası vətəndaşı olduğuna görə qızını başqa yerə qeydiyyata aldıra bilmir. X11 Azərbaycan Respublikası vətəndaşıdır. Qeydiyyata alınma ilə bağlı polis orqanlarına da müraciət etmişdir, lakin qeydiyyatın mümkün olmadığı bildirilmişdir. Mübahisəli mənzildə əvvəllər yaşamışdır. X11 da mübahisəli mənzildə yaşamışdır, həmin mənzilin istifadəçisi olmuşdur və doğulandan etibarən həmin mənzildə qeydiyyatda olmuşdur. Təhsil, sağlamlığın qorunması hüququndan istifadə olunması üçün pasport qeydiyyatının bərpa edilməsini istəyir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi və olaraq bildirdi ki, mübahisəli mənzil anasının mülkiyyəti olmuşdur, vərəsəlik qaydasında adına keçmişdir. X10 mübahisəli mənzilə gəlin köçmüşdür, 2015-ci ildə üçüncü şəxs X11 doğulmuşdur. X6 pasport qeydiyyatına alınmasına özü icazə vermişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 İ və İİ bəndi. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Maddə 9 . Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.[2 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia iddia təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən daimi pasport qeydiyyatında olan nəvəsinin (yetkinlik yaşına çatmamış) qeydiyyatdan çıxarılması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, müvafiq fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırda inzibati iş üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələb olunan şəxs iddiaçının nəvəsi olmaqla, həmin mənzildə pasport qeydiyyatındadır və orada hazırda yaşamır (həmin mənzildə valideynləri arasında ailə münasibətlərinin pozulmasına qədərki dövrdə yaşamışlar). Həmin şəxs-xx.xx.2015-ci il təvəllüdlü X11 hazırda da faktiki olaraq anası ilə birgə başqa ünvanda yaşayırlar. Uşağın anası xarici ölkə vətəndaşı olmaqla, hazırda qeydiyyatı yoxdur. İlk növbədə qeyd olunmalıdır ki, uşaq mübahisə predmeti olan yaşayış sahəsində 2009-cu il tarixdən sonra pasport qeydiyyatına alındığından, qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən həmin şəxslərin yaşayış sahəsinə dair istifadə hüququnun olub-olmaması halının müəyyən edilməsinə dair mübahisəli hüquq münasibəti məhz qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin normaları tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinin tələbinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Həmçinin, həmin qərardadda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Ailə Məcəlləsinin 89-cu maddəsində məhz baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, 90-cı maddəsində isə nəvələrin baba və nənəni saxlamaq vəzifəsi ehtiva edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Yetkinlik yaşına çatmayana şəxslərin yaşayış yeri isə məhz valideynlərinin yaşayış yeri sayılır. İndiki halda işin müstəsna halı ondan ibarətdir ki, uşağın himayəsində qaldığı valideyn xarici ölkə vətəndaşı olmaqla, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri mövcud deyildir. Uşaq hazırda digər valideyni olan atası ilə birlikdə iddiaçı nənəyə məxsus olan mənzildə pasport qeydiyyatındadır. Uşağın hazırda həmin evdə yaşamaması onların iradəsindən asılı olan səbəblərdən baş verməmişdir. Göründüyü kimi, indiki halda uşaq digər valideyn anasının himayəsində saxlanılsa da, həmin valideyn özü xarici ölkə vətəndaşı olmaqla, daimi pasport qeydiyyatında olduğu yer mövcud olmamışdır. Belə olan halda isə uşağın digər valideyn anasının himayəsində olması halına onun iddiaçıya məxsus olan mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas olan hal kimi yanaşılması ilk növbədə uşağın üstün mənafeyinə birbaşa təsir etməklə, onun təhsil, sağlamlıq və bir sıra digər hüquqlarının səmərəli şəkildə realizə edilməsinə maneçilik törədilməsinə gətirib çıxarda bilər. Başqa sözlə desək, qeyd edilən uşaq hüquqlarının realizəsinə məhz uşağın daimi pasport qeydiyyatında olması halının təsiretmə ehtimalı vardır. Uşağın həmin ünvanda digər valideyn-atası ilə birlikdə qeydiyyatda olduğu, habelə nənəsinə məxsus olan yaşayış evində qeydiyyatda olduğu halda (yuxarıda istinad edilən qanunvericilik normasının tələbi baxımından uşağın nənənin ailə üzvü hesab oluna bildiyi halda), yalnız valideyn anasının (daimi yaşayış yeri olmayan və xarici ölkə vətəndaşı olan) himayəsində saxlanılması və onunla birlikdə yaşaması halı əsas götürülməklə, onun pasport qeydiyyatından çıxarılması məsələsinin həlli özlüyündə uşağın üstün mənafeyinin təmin edilməsi prinsipinin tələblərinə zidd olmuş olar. İndiki halda uşaq digər valideyn-atasının qeydiyyatda olduğu ünvanda onunla birlikdə qeydiyyatdadır. Belə olan halda digər valideyn-atanın birgə nikahdan anadan olmuş övladının daimi pasport qeydiyyatında qalmasını təmin etmək imkanı mövcuddur. Nəticə olaraq isə övladının yaşayış yeri üzrə qeydiyyatının ola bilməməsi kimi halların qarşısını almaq imkanı var, hansı ki, bu imkan özlüyündə uşağın hüquqlarının daha səmərəli şəkildə realizəsinə şərait yaratmış olacaqdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda mübahisə predmetini məhz uşağın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsi təşkil etdiyindən, mübahisəli hüquq münasibəti formal yanaşma tətbiq edilməklə deyil, məhz uşağın üstün mənafeyi, uşaq hüquqlarının ədalətli, səmərəli təmin edilməsinə şərait yaradılması, uşaq hüquqlarının səmərəli təmin edilməsində valideynlərin bərabər öhdəlik daşıması kimi prinsiplərin tələbləri əsas götürülməklə, tənzimlənməsi məqsədəmüvafiqdir. Qeyd edilən prinsiplərin tələbi əsas götürüməklə, məhkəmə kollegiyası hesab edir ki, indiki halda uşağın himayəsində olduğu valideyn xarici ölkə vətəndaşı olduğundan, daimi qeydiyyatda olduğu yaşayış yeri olmadığından, indiki halda isə uşağın digər valideyn-atası ilə birlikdə məhz atasının qeydiyyatda olduğu ünvanda qeydiyyatda olduğundan, habelə həmin yaşayış sahəsi isə onların ailə üzvü hesab edilə bilən nənəyə (iddiaçıya) xüsusi mülkiyyət hüququ əsasında məxsus olduğundan, onun həmin evdə yaşamaması (hansı ki, bu hal da onların iradəsinin nəticəsi kimi ortaya çıxmamışdır) mənzidən qeydiyyatdan çıxarılması üçün əsas kimi qəbul edilməməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Konvensiyanın 18-ci maddəsinin tələbinə əsasən valideynlər uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti birlikdə daşıyırlar. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən uşaq hüquqlarının səmərəli müdafiəsi, uşaqların üstün mənafeyinin təmin edilməsi və digər prinsiplərin tələbləri nəzərə alınmadan, formal yaşama tətbiq edilməklə, işin müstəsna hallarına uşaqların üstün mənafeyi baxımından əhəmiyyət verilməmiş, bununla da iş üzrə gəldiyi nəticə ilk növbədə uşaq hüquqlarının müdafiəsi ilə bağlı prinsiplərin tələblərinə və uşaq hüquqları haqqında qanunvericiliyin məqsədinə zidd olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin şikayəti əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-1364/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Mirzəağa qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-208/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-208/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver