Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-209/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayon Saray bələdiyyəsinə qarşı “cavabdehin 13 iyul 2007ci il tarixli, 13 saylı qərarı əsasında ona fərdi ev tikintisi məqsədilə satılmış torpaq sahəsinə dair alğı-satqı aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(118)- 1463/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Abşeron rayon Saray bələdiyyəsinə qarşı “cavabdehin 13 iyul 2007ci il tarixli, 13 saylı qərarı əsasında ona fərdi ev tikintisi məqsədilə satılmış torpaq sahəsinə dair alğı-satqı aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Saray Bələdiyyəsinin 13.07.2007-ci il tarixli, 13 saylı qərarı ilə fərdi ev tikintisi məqsədilə 600 m2 torpaq sahəsini alğı-satqı yolu ilə almışdır. Torpaq sahəsinin alğı-satqısı ilə bağlı 3000 manat pul vəsaitini bank vasitəsilə Saray bələdiyyəsinin büdcəsinə ödəmişdir. Torpaq sahəsinin fərdi ev tikintisi məqsədilə verilməsinə dair torpaq şöbəsinin rəyi və Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin razılığı alınmışdır. Ona Abşeron rayon Saray bələdiyyəsi tərəfindən sənəd verilərkən ümumi sənədlərə alğı-satqı aktı əlavə olunmamışdır. Onun sənədləşmədən məlumatı olmadığı üçün tələb etməmişdir. Abşeron rayon Saray bələdiyyəsinə nə vaxt müraciət etsə də, ona bildirilib ki, sənədlər tamdır, reyestr xidmətinə müraciət edib, mülkiyyət hüququna dair sənədini alsın. Dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş, sənədlərin tam olmamasına görə sənədləri qəbul edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(118)-1463/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Leyla Mirzəyeva) Qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 6.1-ci bəndində məhkəmə aidiyyatı haqqında aydın izah verilmişdir. Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin mülkiyyətə verilməsinə dair qərar Saray bələdiyyəsi tərəfindən verilmişdir. Bələdiyyə ilə fiziki şəxs arasında torpaq münasibətlərindən irəli gələn mübahisələr və torpaq sahəsinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsi ilə bağlı qərarlardan, sənədlərin verilməsi ilə əlaqədar bələdiyyə tərəfindən imtinaya və ya hərəkətsizliyə inzibati məhkəmə icraatı qaydasında baxılır. Digər məsələlər, məsələn icarə müqaviləsi, əmlak kirayəsi müqaviləsi, podrat müqaviləsi, alqı-satqı müqaviləsi, tapşırıq müqaviləsi və xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilələrdən irəli gələn mübahisələr mülki məhkəmə icraatı qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, hazırki işin hallarından görünür ki, iddiaçı cavabdehin 13 iyul 2007-ci il tarixli, 13 saylı qərarı əsasında ona fərdi ev tikintisi məqsədilə satılmış torpaq sahəsinə dair alğısatqı aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçının irəli sürdüyü tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aiddir və publik hüquqla tənzimlənmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimləndiyindən hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apellyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(118)-1463/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-209/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-209/2022
22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver