Məhkəmə qərarları › İş №2-1(105)-209/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-209/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-209/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “mənzilinə pasport qeydiyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2-1(118)-1068/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “mənzilinə pasport qeydiyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44,90 kv.m. olan 1 otaqlı 102 saylı mənzilinə pasport qeydiyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mənzil tikintisi haqqında“ 20 noyabr 2019cu il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, 16-cı mkr., İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44.90 kv.m. olan 1 otaqlı 102 saylı mənzilini 26201 manata "xxxx" MTK-dan satın almışdır. "xxxx" MTK tərəfindən ona həmin mənzilin dəyərinin tam ödənilməsi barədə 20 noyabr 2019-cu il tarixli maliyyə arayışı verilmişdir. Hazırda o, həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə həmin evdə yaşayır. Odur ki, istifadə və sahibliyində olan mənzilə pasport qeydiyyatına alınması bərədə ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2-1(118)-1068/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2-1(118)-1068/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-430/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2-1(118)-1068/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Zahid Məmmədov, hakimlər Hökümə Babayeva və Fuad Məmmədov). Qərardan narazı qalan İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-430/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022ci il tarixli, 2-1(102)-1850/2022 nömrəli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-430/2022 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən və məruzəçi hakim Rahib Nəbizadə, hakimlər Zakir Quliyev və Səyyad Kərimov). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, “Yaşayış yeri və olduğu yer haqqında” Qanunda nəzərdə tutulan sənədlərin onun təqdim etdiyi mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı ilə hərfi mənada üst-üstə düşməməsi həm müqavilənin, həm də maliyyə arayışının pasport qeydiyyatına alınma üçün yetərli olmaması nəticəsinə gəlməyə əsas vermir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, onun məhkəməyə təqdim etdiyi müqavilə və maliyyə arayışı əslində “Yaşayış yeri və olduğu yer haqqında” Qanunda sadalanan reyestrdən çıxarış, order, icarə müqaviləsi və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədlər sırasına daxildir. Həmçinin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2014-cü il tarixli qərarlarına zidd olaraq maliyyə arayışına yenidən hüquqi qiymət vermiş və həmin sənədin “vətəndaşın qeydiyyata alınması üçün əsaslar sırasına daxil olmaması” nəticəsinə gəlmişdir. Halbuki, Konstitusiya Məhkəməsi hər iki qərarında maliyyə arayışına hüquqi qiymət verərək həmin sənədin “əmlaka sahiblik və istifadə etmək hüququnu” yaratması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin Konstitusiya Məhkəməsi tərəfindən hüquqi statusu müəyyən edilən sənədə yenidən hüquqi qiymət verməsi və Konstitusiya Məhkəməsinin mövqeyinə zidd nəticəyə gəlməsi qanunsuz və əsassızdır. Onun tərəfindən oxşar işlər üzrə digər məhkəmə qərarlarının təqdim edilməsi belə hazırkı inzibati işdə sədrlik edənin yanlış nəticəyə gəlməkdən çəkinməsinə yetərli olmamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı iddia tələbinin rədd edilməsi hüquqimüəyyənlik prinsiplərinə ziddir. Başqa sözlə məhkəmə iddia tələbini rədd etməklə hazırda mövcud olan mənzilin hüquqi statusunun formalaşmasını qeyri-müəyyən müddətədək təxirə salmışdır. Beləliklə məhkəmə onu məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (işin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2-1(118)- 1068/2022 nömrəli qərarı ləğv olunmalı, iddia tələbi təmin edilməli, iddiaçı xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməli olmamasına dair hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. İş materiallarında olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Mənzilin tikintisi haqqında müqavilədən görünür ki, içraçı "xxxx" MTK Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44.90 kv.m. olan 1 otaqlı 102 saylı mənzilini payçı İddiaçı satmışdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 01 saylı xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Sumqayıt şəhəri 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44.90 kv.m. olan 1 otaqlı 102 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 102 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 16-cı mkr. İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 17/15-ci mərtəbəsi, 102 saylı mənzildə yaşayır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sözügedən mənzilə köçməsi və nəticə etibarı ilə qeydiyyata alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Mənzilin tikintisi barədə müqavilə və dəyərinin ödənilməsi barədə maliyyə arayışı qanunverici tərəfindən vətəndaşın qeydiyyata alınması üçün əsaslar sırasına daxil edilməmişdir. Sadalanan xüsusatlara əsaslanan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mətəbəsində ümumi sahəsi 44,90 kv.m. olan 1 otaqlı 102 saylı mənzilinə pasport qeydiyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. İşə əvvəl apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandığı hallara istinadən hesab etmişdir ki, iddiaçı müvafiq ünvana qeydiyyata düşmək üçün əsas kimi maliyyə arayışını və mənzilin tikintisi barədə müqaviləni cavabehə təqdim etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mənzilin tikintisi barədə müqavilə və dəyərinin ödənilməsi barədə maliyyə arayışı qanunverici tərəfindən vətəndaşın qeydiyyata alınması üçün əsaslar sırasına daxil edilməmişdir. Bundan əlavə qanunvericiliyin normalarının tələblərindən göründüyü kimi, qeydiyyat yaşayış yeri və ya olduğu yer üzrə aparıldığından, şəxsin yaşayış yeri isə onun daimi və ya daha çox yaşadığı ev, mənzil sayıldığından, həmin ev və ya mənzil üzrə qeydiyyat rəsmi qəbul edilmiş ünvan üzrə aparılmalıdır. İddiaçının qeydiyyata xahiş etdiyi evə dair ünvanın verilməsi və onun ünvan reyestrinə daxil edilməsi müəyyən olunmadığından, iddia tələbinin təmin edilməməsi qanunamüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(102)-1850/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-430/2022 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin məhkəmə kollegiyasının işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərarında aşağıdakılar qeyd olunmuşdur: “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsinin tələbinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunverici şəxsin qeydə alınması üçün təqdim etməli sənədlərə həmçinin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi aid etmişdir. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır (113.2-ci maddə). Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır (113.3-cü maddə). “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsində qeyd edilən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədlərə hazırkı halda Mənzil Məcəlləsinin 113-cü maddəsinin tələbinə uyğun verilmiş sənədlər aid edilə bilər. Apelyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sənədlərin Mənzil Məcəlləsinin 113-cü maddəsinin tələbinə cavab verməsini araşdırmamış, bununla bağlı İPM-in 12-ci maddəsinə uyğun hərəkət etməmişdir. İddiaçının təqdim etdiyi sənədlərdə ona məxsus mənzilin ünvanı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi həmin ünvanın Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın tələbinə uyğun verilməsini, iddiaçının qeydiyyata düşmək istədiyi mənzilin, mənzilin olduğu binanın ünvan reyestrində mövcud olmasını yoxlamamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Sumqayıt şəhəri 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44,90 kv.m. olan 1 otaqlı 102 saylı mənzili müqavilə əsasında almış, pay dəyərinin tam olaraq ödəmiş, həmçinin iddiaçının hazırda həmin mənzildə qeydiyyatsız yaşayır.İddiaçı həmin ünvana qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin müəyyən edildi ki, "xxxx" MTK Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasına ünvan da verilmişdir. İş materiallarında olan məhkəmə kollegiyasının sorğusuna "xxxx" MTK tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 23 nömrəli cavab məktubundan görünür ki, "xxxx" MTKnın Sumqayıt şəhərində inşa etdiyi 16 mərtəbəli yaşayış binasına “Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov 1” ünvanı verilmişdir. İş materiallarında olan məhkəmə kollegiyasının sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasına 13 mart 2013-cü il tarixində “İsmət Qayıbov 1 və İsmət Qayıbov 3” ünvanları verilmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən “...Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir...“. Həmin qərarda göstərilmişdir ki, “Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Belə olan halda «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən “yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” anlayışı iddiaçının təqdim etdiyi maliyyə arayışını əhatə edir və iddiaçının pay haqqını tam verdiyi mənzilə qeydiyyata alınması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2-1(118)-1068/2022 nömrəli qərarı ləğv olunmalı, iddia tələbi təmin edilməli, iddiaçı xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilən apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2-1(118)-1068/2022 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar