Məhkəmə qərarları › İş №2-1(105)-209/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-209/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-209/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2- 1(118)-2827/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər ZDS-nin Nizamnaməsi əsasında fəaliyyət göstərən gələcəkdə “Bağlar təsərrüfatı idarəsi” adlandırılacaq Sumqayıt şəhər İcraiyyə Komitəsinin “Bağlar təsərrüfatı idarəsi” ilə İddiaçı arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 13506 nömrəli, 30 may 1994-cü il tarixli müqavilə ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-578 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-578 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 03 aprel 2023-cü il tarixli, 3-21-3-31/2-1023/2023 nömrəli məktubu ilə müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 13506 nömrəli, xx.xx.1994-cü il tarixli müqavilədə uyğunsuzluq vardır. Belə ki, İddiaçı adına verilmiş 13506 nömrəli, xx.xx.1994-cü il tarixli müqavilənin verilməsinə əsas kimi xx.xx.1994-cü il tarixli, 08 nömrəli protokol qeyd olunmuşdur. Bu səbəbdən, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətin icrası mümkün deyildir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Bağ sahələrinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi” barədə 13506 nömrəli, 30 may 1994-cü il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-578 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 13506 nömrəli, 30 may 1994-cü il tarixli müqavilə ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-578 ünvanda yerləşən 0,11 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir, həmin torpaq sahəsi artıq 30 ilə yaxındır ki, onun faktiki istifadəsindədir. Bu səbəbdən həmin torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək, etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2827/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, “Bağ sahələrinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi” barədə 13506 nömrəli, 30 may 1994-cü il tarixli müqaviləyə əsasən Sumqayıt şəhər Novxanı bağ massivi, B-578 ünvanında yerləşən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Bağlar təsərrüfat idarəsi” tərəfindən 28 iyun 1977-ci il tarixli, 689 saylı müqavilə əsasında X2 ayrılmış 0,22 ha torpaq sahəsinin 0,11 ha hissəsi onun ailə üzvlərinin razılığı ilə iddiaçıya verilmişdir. Göründüyü kimi həmin torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi üçün hüquqi əsas Sumqayıt şəhər İcraiyyə Komitəsinin bağ sahələrinin verilməsi üzrə komissiyasının 21.08.94-cü il tarixli, 08 saylı qərarı deyil, mərhum Əliməmməd Əliyevin ailə üzvlərinin razılığı olmuşdur. Məhkəmə araşdırması zamanı müvafiq təşkilatlara sorğularla icarə müqaviləsində göstərilmiş 21.08.94-cü il tarixli, 08 saylı qərarın mövcudluğu öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin dəlili əsassızdır. Bağlar təsərrüfatı idarəsinin hesabına torpaq sahəsinin dəyərinin ödənilməsi, həmin bağ sahəsinin uzun müddət mübahisəsiz iddiaçının istifadəsində olması, və eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsininin tələblərinə uyğun həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dəlalət edir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. İşə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən edilmiş hesab edilən və əhəmiyyətli olan hallar sübutlarla təsdiq edilməmiş, məhkəmə qeyrimötbərə, ziddiyyətli və işə aid olmayan süutlara istinad etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli, 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram: Bənd 1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin. Bənd 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-578 ünvanında yerləşən 0,11 hektardan ibarət bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apelyasiya şikayətinin yeganə dəlili iddiaçının hüququnun əsası kimi istinad etdiyi “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 13506 nömrəli, xx.xx.1994-cü il tarixli müqavilədə uyğunsuzluq olması, belə ki, müqavilənin bağlanmasına əsas kimi bu müqavilədən daha sonra qəbul edilmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1994-cü il tarixli, 08 nömrəli protokolun qeyd edilməsidir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 13506 nömrəli, xx.xx.1994-cü il tarixli müqavilənin arxiv qovluğundan görünür ki, mübahisə predmeti olan 0,11 ha torpaq sahəsi B-578 nömrəli 0,22 ha bağ sahəsinin tərkibində olmuş, iddiaçı xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhər Bağlar İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, qohumu X1 öldüyü 1986-cı ildən ona məxsus B-578 nömrəli 0,22 ha bağ sahəsində tərəfindən abadlıq işləri aparılmışdır. Bu baxımdan, həmin torpaq sahəsinin yarı hissəsinin ona verilməsini xahiş etmişdir. Onun müraciəti ilə əlaqədar X1 arvadı X3 razılıq ərizəsinə əsasən ərinə məxsus B-578 nömrəli 0,22 ha torpaq sahəsinin 0,11 ha hissəsi iddiaçıya verilmişdir. İşin faktiki hallarından göründüyü kimi 0,11 ha torpaq sahəsi ilkin olaraq X4 verilmiş, onun ölümündən sonra iddiaçı həmin torpaq sahəsini Ə.Q.Əliyevin ailə üzvləri tərəfindən verilmiş razılıq əsasında sahiblənmişdir. Bundan sonra, yəni həmin torpaq sahəsi istifadə olunmadığı və başqasının adına rəsmiləşdirilməsinə etiraz olunmadığından 30 may 1994-cü il tarixində Sumqayıt şəhər İcraiyyə Komitəsinin “Bağlar təsərrüfatı idarəsi” tərəfindən Sumqayıt şəhər İcraiyyə Komitəsinin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1994-cü il tarixli, 08 nömrəli protokolu əsas götürülərək Novxanı bağ massivi, B-578 ünvanında yerləşən 0,11 ha bağ torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Komissiyasının iclas protokolunun tarixinin müqavilədən daha sonrakı tarixlə xx.xx.1994-cü il tarixli göstərilməsi isə kollegiya hesab edir ki, bu texniki yanlışlıqdır və iddiaçı bu hala görə məsuliyyət daşıya bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi formal tələblərdən sui-istifadəni qadağan etmişdir. Həmin maddəyə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin iclas protokolunun məhkəməyə təqdim edilməsinə dair Dövlət Arxivinin Sumqayıt filialına ünvanlanmış sorğuya cavab olaraq həmin orqan xx.xx.2023-cü il tarixli məktubu ilə Sumqayıt şəhər İcraiyyə Komitəsinin bağ sahələrinin verilməsi üzrə komissiyasının arxiv sənədlərinin Sumqayıt Arxivinə təhvil verilmədiyini, lakin tərəflərindən Sumqayıt şəhər XDS Rəyasət Heyətinin 1994-cü ilə dair iclas protokollarına baxıldığını, qeyd olunan qərarın aşkar edilmədiyini bildirmişdir. Kollegiya hesab edir ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 13506 nömrəli, xx.xx.1994-cü il tarixli müqavilənin bağlanmasına əsas olan iclas protokolunun arxivdə aşkarlanmaması iddiaçının təqsiri üzündən baş verən hal deyildir. Qeyd edilənlərə əsasən cavabdehin dəlili təkzib edilmiş olur - iddiaçının icarəsinə verilmiş müvafiq torpaq sahəsinə dair 13506 nömrəli, xx.xx.1994-cü il tarixli müqavilənin mötəbərliyini şübhə altına alan hər-hansı hal müəyyən edilmir. İddiaçı tələbində haqlı olmuş, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına yönəlmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Sumqayıt şəhər İcraiyyə Komitəsinin “Bağlar təsərrüfatı idarəsi” ilə onun arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 13506 nömrəli, xx.xx.1994-cü il tarixli müqaviləyə əsaslanır. İstinad olunan həmin normada 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 13506 nömrəli, 30 may 1994-cü il tarixli müqavilə iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Həmçinin, iş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 13506 nömrəli, xx.xx.1994-cü il tarixli müqavilə ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılmışdır. Sahənin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsi 0,11 ha təşkil edir. Torpaq sahəsində fərdi yaşayış evi mövcuddur, sahə YGEX-nin mühafizə zonasında yerləşmir, ondan təyinatı üzrə istifadə olunur. Göründüyü kimi cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılaraq sahə yerində müayinə edilmiş və müayinə nəticəsində torpaq sahəsinin sənəd üzrə və faktiki sahəsinin 0,11 ha olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində iddiaçının adına qeydiyyata alınmalı olan torpaq sahəsinin ölçüsünü göstərməmiş, bununla da aşkar yanlışlığa yol vermişdir. Lakin, həmin yanlışlıq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir. Belə olan halda yanlışlıq İPM-in 76.1-ci maddəsinə əsasən aradan qaldırılmalı, qərarın mətnində “B-578 ünvanında yerləşən torpaq sahəsi” sözləri “B-578 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi” sözləri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2827/2023 nömrəli nömrəli qərarı – qərarın nəticə hissəsində “B-578 ünvanında yerləşən torpaq sahəsi” sözləri “B-578 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi” sözləri ilə əvəz edilməklə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar