Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-21/2022 03.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin Abşeron-Xızı regional filialına qarşı “09.08.1984-cü il tarixdən 01.01.2006-cı il tarixə kimi 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: məcburi köçkünün işğal olunmuş ərazidə iş illəri sosial sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyasının yenidən hesablanması; əmək kitabçası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Şirinova Şəfəq Zahir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin Abşeron-Xızı regional filialına qarşı “09.08.1984-cü il tarixdən 01.01.2006-cı il tarixə kimi 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-283/2021 saylı 19.04.2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nin Abşeron rayon şöbəsinə qarşı “09.08.1984-cü ildən 01.01.2006-cı ilə qədər 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında sanitarka (xadimə) vəzifəsində işləməsi faktının müəyyən edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “09.08.1984-cü ildən 01.01.2006-cı ilədək 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İşə apellyasiya qaydasında baxılarkən məhkəmənin 03.02.2022-ci il tarixli protokol qərarı ilə cavabdeh DSMF-nin 1 saylı Regional Ərazi filialı prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron- Xızı regional filialı ilə əvəz edilmişdir.
İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1963-cü ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuş, 09.08.1984-cü il tarixdən 12.05.2020-ci tarixə kimi 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında sanitarka (xadimə) işləmişdir. Əmək kitabçasında həmin fakt öz əksini tapmışdır. O, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə müraciət etmiş, müraciətinə komissiya tərəfindən baxılmış və yaşa görə əmək pensiyası hüququ verən 09.08.1984-01.01.2006-cı illərə aid sosial sığorta stajının yoxlanılması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon Şöbəsinə soğru verilmişdir. Sorğuya gələn 24.06.2020-ci il tarixli cavab məktubuna əsasən onun 09.08.1984-01.01.2006-cı ilədək olan iş stajı təsdiq olunmadığı üçün və 25 il iş stajı yaranmadığı üçün əmək pensiyası hüququnun olmadığı göstərilmişdir. Ağdam rayonu işğal olunduğu üçün ona aid sənədlər arxivə təhvil verilməmişdir. Bu səbəbdən o, həmin illərdə işləməsini təsdiq edən sənədləri təqdim edə bilmir. Lakin əmək kitabçasında bu fakt təsdiq edilmişdir.
Cavabdehin etirazları:
6. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialından Sumqayıt İnzibati Məhkəməsinə daxil olmuş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İddiaçı iddia etdiyi işlədiyi illərlə bağlı əmək kitabçasında qeydlər mövcuddur. İddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (AZE № ********, FİN xxxxxxx) 09.08.1984-cü ildən 12.05.2020-ci il tarixinədək Ağdam Rayonlararası 2 saylı Psixiatriya Xəstəxanasında işlədiyi qeyd olunmuşdur. Əmək kitabçasının 12.05.2020-ci ildə doldurulduğunu nəzərə alaraq, doldurulmaya əsas verən əmrlərin və əmək haqqı cədvəlinin, eyni zamanda qeyd olunan dövrlərdə “Ağdam Rayonlararası 2 saylı Psixiatriya Xəstəxanasının” (VÖEN**********) mövcudluğuna dair məlumatların təsdiq olunmuş sürətinin təqdim edilməsinə dair göstəriş verilməsi üzrə Bərdə rayonu, Uşaq Xəstəxanasının binasında yerləşən 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasına sorğu göndərilmişdir. Eyni zamanda Ağdam rayonu işğal olunduğu üçün iddiaçıya 10 may 1994-cü il tarixli “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş verindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin № 181 qərarı tətbiq olunmuşdur. Belə ki, həmin qərara əsasən, Respublikaya edilmiş hərbi təcavüz nəticəsində 1000-ə yaxın təhsil və 700-dən çox səhiyyə müəssisəsi, 2000-dən artıq mədəniyyət ocağı və digər humanitar istiqamətli sosial obyektlər işğal altında qalmış, burada işləyən on minlərlə qulluqçu və fəhlələr iş yerlərindən məhrum olaraq acınacaqlı vəziyyətə düşmüşlər. Eyni zamanda qərarın 2-ci bəndinə görə, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin etsinlər. Bundan başqa İddiaçı 09.08.1984-cü il tarixdən 02.05.2020-ci il tarixədək “2 saylı Ağdam Rayonlararası Psixiatriya xəstəxanasında” işlədiyini dövrlər ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta vəsaitləri və digər məlumatların təqdim edilməsinə göstəriş verilməsi barədə Dövlət Sosial Müdafiə Fonduna 07.10.2020-ci il tarixli № **********9 xidməti məktub göndərilmişdir. 20.10.2020-ci il tarixli № **********4 cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Sığortaedən 2 saylı Ağdam rayonlararası Psixiatriya Xəstəxanası (SUN: **********0) tərəfindən təqdim edilmiş 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara əsasən Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölməsində sığortaolunan İddiaçı **********764 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim etmişlər. Eyni zamanda bildirmişlər ki, Nazirliyin “X1 Sistemi”nin "Sığorta (Hesabat)" altsistemində sığortaedən "2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanası"nın 2017-2019-cu illərin l-İV rübləri və 2020-ci ilin l-ll rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatları aşkar olunmamışdır. İddiaçı 2017-ci il yanvarın 1-dək əmək haqqının ödənməsi 10 may 1994-cü il tarixli “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin № 181 qərarının 2-ci bəndinin birbaşa göstərişidir. Belə olan halda iddiaçının işləmədən orta aylıq əmək haqqı aldıqını və məcburi dövlət sosial sığorta haqlarının həmin məbləğdən tutulduğu nəzərə alınsa, vətəndaş 12.05.2020-ci il tarixdə işdən azad edilə bilməz. Əmək kitabçasında qeyd olunmuş isdən azad edilmə tarixinin düzgün olmaması, işə qəbul tarixinə dair də əsaslı şübhələr yaradır. Belə ki, əmək kitabçasında İddiaçı 09.08.1984-cü ildən 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi qeyd olunmuşdur. Lakin Ağdamın işğal zonası olduğunu və müəssisəyə dair heç bir sənədin arxivə verilmədiyini nəzərə alınsa, işə qəbul tarixinin hansı sənəd əsasında qeyd olunduğunu müəyyən etmək qeyrimümkündür. İddiaçı himayəsində sağlamlıq imkanı məhdud uşağı olduğundan “Əmək pensiyaları haqqında” qanunun 8-ci maddəsinə əsasən, Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bütün bu hallarla yanaşı İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması zamanı yaş həddi 5 il azaldılsa da, fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplanmadığından və ya 25 il sığorta stajı olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil.
Birinci instansiya məhkəməsində icraat:
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-283/2021 saylı 19.04.2021-ci il tarixli qərarı (hakim V.E.Əzizova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
8. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-283/2021 saylı 19.04.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri:
9. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-283/2021 saylı 19.04.2021-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddia ərizəsində qeyd olunanlara əlavə olaraq qeyd etmişdir ki, himayəsində iki xəstə övladı vardır. 21.04.1983-cü il təvəllüdlü X5 anadangəlmə lal-kardır. Ağdam rayonu işğal olunduğu üçün ona aid sənədlər arxivə təhvil verilmədiyindən həmin illərdə həmin işdə işləməsini sənəd əsasında sübut edə bilmir, ancaq qeyd edir ki, əmək kitabçasında bu fakt təsdiq edilir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialından Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuş etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan əlavə iddiaçıya məxsus əmək kitabçasında qeyd olunmuş isdən azad edilmə tarixinin düzgün olmaması, işə qəbul tarixinə dair də əsaslı şübhələr yaradır. Belə ki, əmək kitabçasında İddiaçı 09.08.1984-cü ildən 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi qeyd olunmuşdur. Əmək kitabçasının 12.05.2020-ci ildə doldurulduğunu nəzərə alaraq, doldurulmaya əsas verən əmrlərin və əmək haqqı cədvəlinin, eyni zamanda qeyd olunan dövrlərdə “2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasının” (VÖEN**********) mövcudluğuna dair məlumatların təsdiq olunmuş sürətinin təqdim edilməsinə dair göstəriş verilməsi üzrə Bərdə rayonu, Uşaq Xəstəxanasının binasında yerləşən 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasına sorğu göndərilmişdir. 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasından daxil olmuş 27.11.2020-ci il tarixli 24 nömrəli məktubda İddiaçı təqdim olunmuş əmək kitabçasının həmin vaxt iddiaçı ilə birlikdə işləmiş işçilərin şahidliyi əsasında tərtib olunduğu qeyd olunmuşdur. İşə obyektiv və hərtərəfli baxılmasının təmin edilməsi məqsədi ilə vətəndaş İddiaçı 09.08.1984-cü il tarixdən 02.05.2020-ci il tarixədək “2 saylı Ağdam Rayonlararası Psixiatriya xəstəxanasında” işlədiyini dövrlər ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta vəsaitləri və digər məlumatların təqdim edilməsinə göstəriş verilməsi barədə Dövlət Sosial Müdafiə Fonduna 07.10.2020-ci il tarixli № **********9 xidməti məktub göndərilmişdir. Fonddan daxil olmuş 20.10.2020-ci il tarixli № **********4 cavab məktubunda İddiaçı dair Nazirliyin “X1 Sistemi”nin "Sığorta (Hesabat)" altsistemində sığortaedən "2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanası"nın 2017- 2019-cu illərin l-İV rübləri və 2020-ci ilin l-ll rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatları aşkar olunmadığı göstərilmişdir. Əmək kitabçasında qeyd olunmuş işdən azad edilmə tarixinin düzgün olmaması, işə qəbul tarixinə dair də əsaslı şübhələr yaradır. Belə ki əmək kitabçasında İddiaçı 09.08.1984-cü ildən 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi qeyd olunmuşdur. Lakin Ağdamın işğal zonası olduğunu və müəssisəyə dair heç bir sənədin arxivə verilmədiyini nəzərə alaraq işə qəbul tarixinin hansı sənəd əsasında qeyd olunduğunu müəyyən etmək qeyri-mümkündür.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, 1984-cü ildən başlayaraq Ağdamda yaşayan müddətdə 10 ilə qədər işləmiş, sonra köçkün düşmüşlər və Ağdam rayonu işğal olunandan sonra xəstəxana Bərdə rayonunda məskunlaşmış, 2006-2016-cı illərdə əmək haqqı almış, ondan sonra dayandırılmışdır. O, yaşa görə pensiya işilə bağlı müraciət edəndə baş həkim cavab vermişdir ki, sənədlər işğal zonasında qalıb. Sonradan Bərdəyə gəlib məskunlaşanda orada da xəstəxanada yangın olub sənədlər yanıb. Baş həkim indi İlham həkimdir, köçkün gələndən sonra Bərdəyə baş həkim odur, amma əvvəllər özü də xəstəxanada həkim işləyib. 2017-ci ilə qədər müavinət almış, 2020-ci ildə özü ərizə verib işdən çıxmışdır. Göstərilənlərə əsasən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 283/2021 saylı 19.04.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasında 09.08.1984-cü ildən 12.05.2020-ci il tarixinədək Ağdam Rayonlararası 2 №-li Psixiatriya Xəstəxanasında işlədiyi qeyd olunmuş, lakin əmək kitabçasının 12.05.2020-ci ildə doldurulduğunu nəzərə alınaraq, doldurulmaya əsas verən əmrlərin və əmək haqqı cədvəllərinin, eyni zamanda qeyd olunan dövrlərdə Ağdam Rayonlararası 2 №-li Psixiatriya Xəstəxanasının mövcudluğuna dair məlumatların təsdiq olunmuş surəti bizə təqdim edilməsinə dair göstəriş verilməsi üzrə Bərdə rayonu Uşaq Xəstəxanasının binasında yerləşən Ağdam Rayonlararası 2 №-li Psixiatriya Xəstəxanasına sorğu göndərilmiş və xəstəxanadan daxil olmuş 27.11.2020-ci il tarixli 24№-li məktubda İddiaçı təqdim olunmuş əmək kitabçasının həmin vaxt iddiaçı ilə birlikdə işləmiş işçilərin şahidliyi əsasında tərtib olunduğu qeyd olunmuşdur. Ağdam rayonu işğal olunduğu üçün iddiaçıya 10.05.1994-cü il tarixli “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 181 №-li qərarı tətbiq olunmuşdur. İşə obyektiv və hərtərəfli baxılmasının təmin edilməsi məqsədilə vətəndaş İddiaçı 09.08.1984-cü il 02.05.2020-cı il tarixədək Ağdam Rayonlararası 2 №-li Psixiatriya Xəstəxanasında işlədiyi dövrlər ərzində əmək haqqindan tutulan məcburi dövlət sosial sığorta vəsaitləri və digər məlumatların təqdim edilməsinə göstəriş verilməsi barədə Dövlət Sosial Müdafiə Fonduna 07.10.2020-ci il tarixli xidməti məktub göndərilmis və fonddan daxil olmuş 20.20.2020-ci il tarixli cavab məktubunda İddiaçı dair Nazirliyin “X1 Sistemi”nin Sığorta (Hesabat) altsistemində sığortaedən “Ağdam rayonlararası 2 №-li Psixiatriya xəstəxanası”nın 2017-2019-cu illərin İ-İV rübləri və 2020-ci ilin İ-İİ rubləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”ları aşkar olunmadığı göstərilmişdir. İddiaçı himayəsində sağlamlıq imkanı məhdud uşağı olduğundan “Əmək pensiyaları haqqinda” qanunun 8-ci maddəsinə əsasən Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasi hüququ vardır. Bütün bu hallarla yanaşı İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması zamanı yaş 5 il azaldılsa da fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplanmadığından və ya 25 il sığorta stajı olmadığından “Əmək pensiyaları haqqinda” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin yeni nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının indiki qanunvericiliyin tələblərinə əsasən güzəş tətbiq olunmasa, yaşa görə əmək pensiyası 2028-ci ilin aprel ayının birindən təyin edilməlidir. Lakin iddiaçı sağlamlıq imkanı mədud uşağına qulluq etdiyinə görə 5 il azaldılmaqla onun pensiya hüququ 2019-cu ilin aprel ayının 1-i yaranır. İddiaçının əmək kitabçasında qeyd edilib ki, iddiaçı 1984-cü il avqust ayının 9-u işə qəbul edilib, 2020-ci ilin mayında isə işdən azad edilmişdir. İddiaçının əmək kitabçası onun işdən azad olunduğu tarixdə doldurulmuşdur. Bununla bağlı birinci instansiya məhkəməsində 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasına sorğu ünvanlandı. Sorğuya cavab məktubunda qeyd edilmişdir ki, onlarda İddiaçı dair heç bir sənəd mövcud deyildir. Göründüyü kimi, iddiaçıya aid heç bir sənəd mövcud olmadığı halda onun 1984-cü ildə işə qəbul olunma faktının qeyd edilməsi qanunamüvafiq deyildir. Eyni zamanda məktubda qeyd ediblər ki, əmək kitabçası düzgün qaydada tərtib edilməyibsə, onu yenidən düzgün qaydada tərtib edə bilərlər. Ona görə da iddiaçının həmin müəssisədə işləməsi mübahisələndirilir. Lakin 2006-cı ildən sonrakı dövr mübahisəsiz olaraq qəbul edilir. Çünki həmin dövrdə iddiaçının adına məcburi sosial sğıorta haqları ödənilib ki, 2006-cı ildən 2019-cu ilin aprel ayına qədər iddiaçının 9 il stajı mövcuddur və bu mübahisələndirilmir. Bundan əlavə iddiaçının pensiya kapitalı barədə qeyd etmişlər ki, mübahisəsiz qəbul olunan 9 ilə münasibətdə iddiaçının pensiya kapitalı 3567.49 qəpik təşkil edir, bu da tələb olunan 23040 manatdan azdır. Apellyasiya Məhkəməsində iddiaçı uşağa baxdığı dövrün də staj kimi hesablanmasını istəmiş, bununla bağlı akt mövcud olacağı təqdirdə həmin illər mübahisəsiz staja daxil edilə bilər, lakin iddiaçıda belə bir akt da mövcud olmamışdır. Ona görə də həmin dövrü staja daxil edə bilməmişlər. İddiaçının qulluq illəri ilə bağlı akt iş apellyasiya məhkəməsinin icraatında olan zaman tərtib edilmişdir. Nəticədə iddiaçı 11.06.2020-ci il tarixdə yaşa görə pensiya təyinatı üçün inzibati orqana müraciət zamanı həmin aktı təqdim etməmiş, inzibati orqan tərəfindən həmin akta münasibət bildirilməmiş və X4 qulluq illəri Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq işə şikayət həddində və mahiyyəti üzrə baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 283/2021 saylı 19.04.2021-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş edirlər.
Tədbiq edilən hüquq
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
15. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
16. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
17. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
18. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
19. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
20. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
21. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
22. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
23. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
24. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
25. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
26. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
27. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
28. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
29. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 149, Vİİ bənd. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
30. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər.
31. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
32. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
33. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sığortaolunanlann qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydalann 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34-cü maddəsinə uyğun olaraq aparılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hazırkı qərarın 14-23-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflətin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
36. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçının adına 12.05.2020-ci ildə açılmış əmək kitabçasından görünür ki, onun işə qəbul ediməsi barədə əmrlər qrafasında “akta əsasən” sözləri, 12.05.2020-ci il tarixdə isə öz arzusu ilə işdən azad edilməsi qeyd edilmişdir. Əmək kitabçasında aparılan qeydlərdən görünür ki, hər iki qeyd eyni şəxs tərəfindən aparılmış və qeydlər “baş həkim Əmriov R.” və “Süleymanov L.” Qrafaları qarşısındakı imza eyni şəxs tərəfindən icra edilmişdir. İddiaçının 09.08.1984-cü il tarixdən 12.05.2020-ci il tarixədək 2 saylı X2 işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir və bu ziddiyyətin yoxlanılması üçün iddiaçının işə qəbul edilməsi, işdən azad edilməsi, əmək haqqı cədvəlləri və s. mötəbər sübutların təqdim edilməsi zəruri olmuş, lakin həmin sənədlərin aşkar edilməməsi araşdırmanı imkansız etmişdir. 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi dövr iddiaçının sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamam olmadığından iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. Əmək kitabçasında aparılan qeydlər sözügedən müddətin sosial sığorta stajına daxil edilməsi üçün kifayət etmədiyindən iddia tələbi təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir, həmçinin cavabdehin arqumentlərini qənaətbəxşt hesab etmir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür; O, məcburi köçkün statusuna malikdir; iddiaçı 11.06.2020-ci il tarixdə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh iddiaçının saglamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyini qəbul edərək onun 56 yaşı tamam olan zaman (01.04.2019 ildən) pensiya hüququ qazana bilməsini istisna etmir və İddiaçı 2006-cı ildən sonra (01.04.2019-cu il tarixədək) ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına görə mübahisəsiz sığorta stajının 9 il olmasını, həmçinin pensiya karitalının 3567,49 manat olmasını qəbul edir, lakin imtinasını bununla əsaslandırır ki, iddiaçının 25 il sığorta stajı və ya 23.400 manat pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin edilə bilməz.
38. Məhkəmə kollegiyası cavabdehin özünün apellyasiya şikayətinə etirazda göstərdiyi halları nəzərə alaraq qeyd edir ki, Ağdam rayonu işğal olunduğu üçün iddiaçıya 10.05.1994-cü il tarixli “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 181 №-li qərarı tətbiq olunduğu halda, həmçinin sığortaolunanın hesabı cədvəlinə əsasən 2006-cı ilin yanvar ayından 2016-cı ilin dekabr ayınadək iddiaçının adına aparılmış məcburi sosial sığorta haqları ödənişlərinin nəzərə alınmaqla 2019-cu ilin aprel ayına qədər iddiaçının 9 il stajı mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilmədiyi halda, iddiaçıya pensiya təyin edilməsi barədə 11.06.2020-ci il tarixli ərizəsinə imtina verilərkən iddiaçının işğal olunmuş ərazidə 09.08.1984-cü ildən 01.01.2006-cı illərə aid işlədiyi müddətin sosial sığorta stajına daxi edilməməsi anlaşılan deyil, halbuki həmin müddət iddiaçıya məxsus əmək kitabçasının dublikatında öz əksini tapmışdır. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması barədə ərizə ilə cavabdeh şöbəyə müraciət etsə də, cavabdeh inzibati orqan iddaçının işlədiyi müəssisənin sənədlərinin işğal zonasında qaldığı və yoxlamanın mümkün olmadığı səbəbindən müraciətin təmin edilməsindən imtina etmişdir. Araşdırılan qərardan göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərkən gəldiyi qənaətinə görə iddiaçının əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir və bu ziddiyyətin yoxlanılması üçün iddiaçının işə qəbul edilməsi, işdən azad edilməsi, əmək haqqı cədvəlləri və s. mötəbər sübutların təqdim edilməsi zəruri olmuş, lakin həmin sənədlərin aşkar edilməməsi araşdırmanı imkansız etmişdir.
39. Kollegiya hesab edir ki, əmək kitabçasında göstərilən dövrlərin yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Hətta, cavabdehin özünün apellyasiya şikayətinə etirazda istinad etdiyi “X1 Sistemi”nin "Sığorta (Hesabat)" altsistemində sığortaedən "2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanası"nın 2017- 2019-cu illərin l-İV rübləri və 2020-ci ilin l-ll rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatları aşkar olunmaması, lakin İddiaçı 2017-ci il yanvarın 1-dək əmək haqqının ödənməsi 10 may 1994-cü il tarixli “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin № 181 qərarının 2-ci bəndinin birbaşa göstərişinə uyğun olaraq ödənilməsi özü-özlüyündə iddiaçının "Ağdam rayonlararası 2 saylı Psixiatriya Xəstəxanası"nda işğaldan əvvəl də işləməsinə dəlalət edir.
40. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinə etirazda istinad etdiyi iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin şübhələr yaratması barədə göstərilənlər də əsaslı hesab edilə bilməz ona görə ki, işdə olan “”2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanası"nın 16.03.2021-ci il tarixli 07 saylı məktubundan görünür ki, xəstəxananın işçisi İddiaçı həqiqətən də 1984-cü ildən 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasının 2-ci şöbəsində işləmiş, xəstəxananın yerləşdiyi ərazi 1993-cü ilin iyulunda ermənilər tərəfindən işğal olunduğu üçün həmin tarixə qədər olan sənədlər işğal zonasında qalmış, daha sonra xəstəxana müdiriyyəti və mühasibatlıq Bərdə şəhər poliklinikasında 4-cü mərtəbədə yerləşmişdir. 2006-cı ildə poliklinikanın 4-cü mərtəbəsində yanğın hadisəsi baş vermiş, yanğının söndürülməsi prosesində, digər sənədlərlə birlikdə mühasibat sənədləri də yararsız vəziyyətə düşmüşdür. Daha sonrakı tarixdən isə maaşlar elektron qaydada işlənmişdir. İşçinin həqiqətən həmin tarixdən işlədiyini həmin şöbənin müdiri, böyük tibb bacısı tərəfindən təsdiq edilməsi mümkündür. Nazirlər Kabinetinin göstərişinə əsasən 31.12.2016-cı il tarixdən dondurulmuş əmək haqlarının verilməsi dayandırılmış və müvafiq olaraq həmin tarixdən İddiaçı və daha 130 işçi bugünə kimi əmək haqqı almır. Səhiyyə Nazirliyi tərəfindən idarənin bağlanması haqda heç bir göstəriş verilmədiyi və qalan işçilər işdən azad edilmələri haqda ərizə ilə müraciət etmədiklərinə görə hələ də işçi kimi sayılırlar”. Həmçinin, X9 filialının 07.12.2020-ci il tarixli 71 saylı məktubundan da müəyyən olunur ki, X3 arxiv sənədləri, (1984-2006) X9 filialına təhvil verilmədiyindən İddiaçı işləməsi barədə heç bir məlumat vermək mümkün deyildir(i.v.49, 54).
41. Məhkəmə kollegiyasının sorğusuna əsasən Fövqəladə Hallar Nazirliyi Əməliyyat- İstintaq İdarəsinin 02.09.2021-ci il tarixli 37/34-06596 saylı sorğuya cavab məktubundan görünür ki, 31.07.2008-ci il tarixində Bərdə şəhər poleklinikasında baş vermiş yanğın hadisəsilə əlaqədar Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılmış və toplanmış materialda yanğın nəticəsində Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasına aid sənədlərin yararsız hala düşməsi barədə məlumatlar öz əksini tapmamışdır. Qeyd olunan yanğın hadisəsilə əlaqədar 25.08.2008-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir(i.v.110).
42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan başqa iddiaçı həmin dövrlərdə işləməsini təsdiqi kimi hazırkı qərarın 38-39-cu bəndlərində istinad edilən, habelə cavabdeh tərəfindən qəbul edilən sübutlarla da təsdiq edilir.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə əldə olunaraq əlaqəli şəkildə tədqiq edilmiş sənədlərə əsasən cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, həmçinin birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmaması səbəbindən apellyasiya şikayətinin əsaslı olması qənaətinə gəlinir və işin yuxarıda qeyd edilən hallarına əsasən bu nəticəyə gəlinir ki, apellyasiya şikayəti təmin edilməklə Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(118)-283/2021 saylı qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-283/2021 saylı 19.04.2021-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin Abşeron-Xızı regional filialına qarşı “09.08.1984-cü il tarixdən 01.01.2006-cı il tarixə kimi 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilsin. İddiaçı “09.08.1984-cü il tarixdən 01.01.2006-cı il tarixə kimi 2 saylı Ağdam Rayonlararası Psixiatriya Xəstəxanasında işlədiyi müddəti” sosial sığorta stajı kimi hesablanmaqla, ona 56 yaşı tamam olduğu 01.04.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin Abşeron- Xızı regional filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.