Məhkəmə qərarları › İş №2-1(105)-210/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-210/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-210/2023 17.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Sədrlik edən və məruzəçi hakim X8, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X12, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7, Üçüncü şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X13 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(118)-353/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Siyəzən rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli xx.xx.1997-ci il tarixli protokoluna əsasən, Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin X3 qərara alınmışdır. AZ-İ № 995057 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.1998-ci ildə vəfat etmişdir. 3. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1998-ci ildə vəfat etmiş X14 vərəsəsi İddiaçıdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X13 adına qeydə alınmasını xahiş etmişdir. Cavabdeh 4 iyun 2020-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina etmişdir. Cavabdeh imtinasının belə əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin müəyyən edilmiş sənədlər əsasında aparılır. Sözügedən daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunvericiliyin tələbinə uyğun baxıla bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X13 adına qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, X25 ilə 6.11.1987- ci il tarixdə nikaha daxil olmuşlar. Ağayev Qabil xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı mərhum həyat yoldaşı X13 yeganə vərəsəsidir. İddiaçının həyat yoldaşı X25 vəfat etməmişdən öncə X29 Komissiyasının qərarına əsasən Siyəzən rayonu Qalaşıxı kəndində yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının dəyərini ödəməklə almışdır. Bununla bağlı iddiaçı tərəfindən DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmişdir, lakin 4 iyun 2020ci il tarixdə imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil1 müraciəti araşdırılarkən müraciətə əlavə olunmuş “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X4 barədə X36 İslahat Komissiyasının üzvlərinin imzası ilə təsdiq olunmuş 30 dekabr 1997-ci il tarixli 08 saylı protokolun itməsi barədə polis arayışı və qəzet elanı adıçəkilən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsas olmadığı bildirilmişdir. Sözügedən sənədin X36 İslahat Komissiyasının üzvlərinin imzası ilə təsdiq olunmuş 30 dekabr 1997-ci il tarixli 08 saylı protokolun Siyəzən rayon Dövlət Arxivi tərəfindən təsdiq olunmuş surəti X15 22 sentyabr 2019-cu il tarixli ərizəsi ilə idarəyə daxil olmuş və müraciətə 02 oktyabr 2019-cu il tarixli **********66 nömrəli məktubla münasibət bildirilmişdir. Təkrar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Sözügedən daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağı İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 bildirilmiş və bu barədə ona 04 iyun 2020-ci il tarixli **********96 qeydiyyat nömrəli cavab göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(118)-353/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sovxoz və kolxoz əmlakının satılması, yəni müəyyən qiymətin müqabilində pay almaq hüququ olan subyektə verilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Bununla yanaşı məhkəmədə Q.Ağayevin həmin kolxozda işləməsi faktı öz təsdiqini tapmamışdır. İddiaçı tərəf protokolun məzmununa istinad edərək mərhum Q.Ağayev tərəfindən ödənişin edildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmalı, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflərin çəkişmə prinsipinə əsasən təqdim etdikləri dəlilləri yoxlamalı, bu dəlillərin hər hansı mötəbər sübutla öz əksini tapmasını müəyyən etməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-353/2021 saylı inzibati iş üzrə olan 28 dekabr 2021-ci il tarixli qərarı şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalara görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Siyəzən rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli xx.xx.1997-ci il tarixli protokolundan görünür ki, Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin göstərilən qiymətə Ağayev Qabilə satılması qərara alınmışdır. Habelə iddiaçının mərhum həyat yoldaşı X25 vəfat etməmişdən öncə X29 Komissiyasının qərarına əsasən Siyəzən rayonu Qalaşıxı kəndində yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının dəyərini ödəməklə almışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(105)-323/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(118)-353/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1610/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-323/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat İddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizzə təqdim edərək, Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X19 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı əriznin nəzərə alınmaqla, apellyasiya şikayətinin təmin edilməsini, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X20 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X10 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi X16 iddia tələbinə münasibət bildirilməsinə dair məhkəməyə təqdim edilmiş yazılı ərizənin məzmununa uyğun izahat verdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar .... Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər... Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Maddə 9. Sovxozların və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydaları Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins malqara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin ,təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları . müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1610/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-323/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq əmlaka (qoyunçuluq yatağına) dair mülkiyyət hüququnun vəfat etmiş şəxs X21 məxsus olmasına dair arayışın verilməsi təşkil edir. Cavabdeh inzibati orqan imtinasının əsası kimi həmin əmlaka dair hüquqmüəyyənedici sənədlərin olmaması halına istinad edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və məhkəmə gəldiyi qənaətini qeyd edilən əmlakın X26 tərəfindən satın alınması, ona dair ödənişin verilməsi halının müəyyən edilməməsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada satışın başa çatdırılmaması halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarındanda olan X30 Komissiyasının 03 dekabr 1997-ci il tarixli protokolundan görünür ki, Siyəzən rayonu Yuxarı “Qalaşıxı” qoyunçuluq yatağı və çoban evinin X4 qərara alınmışdır. İş materiallarından görünür ki, X25 xx.xx.1998-ci il tarixdə vəfat etmiş, onun barəsində vərəsəlik işi açılmış, İddiaçı onun vərəsəsi kimi çıxış etmişdir. Həmçinin, iş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyətinin 08 yanvar 2020-ci il tarixli 6/2-974 №li məktubunun məzmunundan görünür ki, X36 İslahat Komissiyasının müvafiq qərarı ilə keçmiş Zarat təsərrüfatına məxsus olan qoyunçuluq yatağı 1997-ci ildə X1. X11 vəfat etdiyindən sənədləşdirilmə işləri başa çatdırılmamışdır. İş materiallarında olan Siyəzən Rayon Dövlət arxivinin 05 noyabr 2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, Siyəzən rayonu, X30 Komissiyasının iclas protokollarında nəinki X13, daşımaz əmlak alan digər subyektlərin də qəbzləri arxivə təhvil verilməmişdir. İş materiallarınad olan Siyəzən Rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, Siyəzən rayonu, X30 Komissiyasının qərarı ilə keçmiş Zarata təsərrüfatına məxsus 1997-ci ildə X6 qoyunçuluq yatağı üçün ödəniş edilməsi barədə heç bir sənəd aşkar edilməmişdir. İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, Siyəzən rayonu, X30 Komissiyasının qərarı ilə keçmiş Zarata təsərrüfatına məxsus 1997-ci ildə X6 qoyunçuluq yatağı üçün onun tərəfindən ödəniş edilibedilməməsi barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyətinin 13 noyabr 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, X36 İslahat Komissiyasının müvafiq qərarı ilə keçmiş Zarat təsərrüfatına məxsus olan qoyunçuluq yatağı 1997-ci ildə X1. X11 vəfat etdiyindən sənədləşdirilmə işləri başa çatdırılmamışdır. Siyəzən rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli xx.xx.1997-ci il tarxli qəraraının ləğv edilməsi, həmin sahənin geri alınması və ya hər hansı şəxsə ayrılması barədə Rayon İcra Hakimiyyətində hər hansı məlumat mövcud deyildir. Həmçinin, sözügedən yatağın iddiaçının adına rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Həmçinin, qeyd edilməlidir ki, sözügedən əmlakın X13 və onun vəfatından iddiaçının hazırki vaxtadək faktiki istifadəsindədir, bu hal məhkəmə araşıdırması zamanı (iş üzrə tərəflərin, habelə üçüncü şəxs qismində çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsinin izahatı və digər sübutlar əsasında) təsdiq olunmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, həmin əmlakın X4 halı müvafiq yerli Aqrar İslahat Komissiyasının qərarı (iclas protokolu) və Siyəzən Rayon İcra Hakimiyyətinin məktubu əsasında öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, həmin əmlak məhz yerli Aqrar İslahat Komissiyasının qərarı (iclas protokolu) ilə satılmış, indiki halda isə yerli icra hakimiyyəti orqanı tərəfindən həmin əmlakın X4 halı təsdiq edilmiş, habelə həmin əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına etirazının olmadığını bildirmişdir. Eyni zamanda qeyd edilməlidir ki, indiki halda sözügedən əmlakın X4 barədə yerli aqrar islahat komissiyasının qərarının ləğv edilməsi halı müəyyən edilməmiş, hazırda da həmin qərar qüvvədədir. Bundan əlavə, məhkəmə araşdırması zamanı həmin əmlakın iddiaçıdan (sağlığında əmlakın satıldığı şəxsdən) geri alınması və ya başqa şəxsə verilməsi halı müəyyən edilməmişdir. Göründüyü kimi indiki halda qeyd edilən əmlak 1997-ci il tarixdə X17 (satılmaqla) mülkiyyətinə verilmiş, onun mülkiyyət hüququ yaranmışdır, həmin vaxdan indiyədək qeyd edilən əmlak onun, o vəfat etdikdən sonra isə vərəsələrinin faktiki istifadəsindədir. Buna baxmayaraq, qeyd edilməlidir ki, birinci instansiya məhəməsi tərəfindən əmlakın satılmasına dair yerli aqrar islahata komissiyasının qərarı mövcud olduğu, habelə müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən həmin əmlakın X4 halı təsdiq edildiyi halda, işin qeyd edilən hallarını nəzərə almamışdır. Halbuki, həmin əmlak dövlət mülkiyyətində olan əmlak kimi çıxış etmişdir. İndiki halda yerli icra hakimiyyəti orqanı məhz müvafiq ərazidə dövlət əmlakının idarə edilməsi, ondan səmərəli istifadə edilməsinin təmin edilməsi, bu sahədə dövlət maraqlarının və mülkiyyətin qorunması ilə bağlı səlahiyyətli qurum kimi çıxış edir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, yerli icra hakimiyyəti orqanı tərəfindən həmin əmlakın X4 halının təsdiq edilməsi iş üçün əhəmiyyətli hal olduğu halda, məhkəmə tərəfindən bununla bağlı araşdırma aparılmamış, iş üzrə qəbul ediləcək qərar yerli icra hakimiyyəti orqanının maraqlarına toxunma ehtimalı olduğu halda, onun adi cəlbetmə qaydasında iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsini həll etməmiş, qeyd edilən hallar baxımından mübahisəyə hüquqi qiymət verməmişdir. Bundan əlavə, məhkəmə kolegiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi öz qənaətini sözügedən əmlakın satılması ilə bağlı ödəniş qəbzinin olmaması, satışın qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməməsi halına istinad etməklə əsaslandırmışdır ki, məhkəmə kollegiyası bu mövqe ilə də razılaşmır. Belə ki, iş materiallarında olan müvafiq arxiv idarəsinin məktubunda X30 Komissiyasının iclas protokollarında nəinki X13, daşımaz əmlak alan digər subyektlərin də qəbzləri arxivə təhvil verilməmişdir. Belə olan halda ödəniş qəbzinin arxivə təhvil verilməməsi, bununla da aşkar edilməməsi halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Bu baxımından məhkəmə kolegiyası hesab edir ki, həmin hal iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas olan hal kimi çıxış edə bilməz, əksinin tətbiq edilməsi özlüyündə qanunvericiliyin tələbinə ziddir. ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Həmçinin, qeyd edilməlidir ki, iş materiallarında olan müvafiq arxiv idarəsinin 05 noyabr 2021-ci il tarixli məktubunda Siyəzən rayonu, X30 Komissiyasının iclas protokollarında nəinki X13, daşımaz əmlak alan digər subyektlərin də qəbzləri arxivə təhvil verilməməsi halı qeyd edilsə də, birinci instansiya məhkəməsi həmin halı da diqqətdən qaçırmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, iş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyətinin 08 yanvar 2020-ci il tarixli 6/2-974 №li məktubunun məzmunun X36 İslahat Komissiyasının müvafiq qərarı ilə keçmiş Zarat təsərrüfatına məxsus olan qoyunçuluq yatağı 1997-ci ildə X5, X11 vəfat etdiyindən sənədləşdirilmə işləri başa çatdırılmaması halı qeyd edilsə də, birinci instansiya məhkəməsi sözügedən əmlakın satılmasının qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmaması halına istinad edərək, işin qeyd olunan hallarını diqqətdən qaçıraraq, işin halları baxımından düzgün hüquqi qiymət verməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, X2 əmlaka dair mülkiyyət hüququ mövcud olduğundan, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, cavabdehin bununla bağlı imtinası əsassız olmuşdur. Yuxarıda istinad edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, cavabdehin imtinası əsassız olduğu halda, iddia tələbini rədd etməklə bağlı gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, indiki halda əmlaka dair mülkiyyət hüququ məxsus olan şəxs X25 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2.-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən əmlaka dair X13 mülkiyyət hüququ yarandığından, bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsaslar müəyyən edilmədiyindən, habelə əmlaka dair mülkiyyət hüququ mövcud olan şəxs vəfat etdiyindən, əmlaka dair mülkiyyət hüququnun X19 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasına dair iddia tələbini irəli sürməkdə haqlı olmuş, nəticə etibarilə apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddia tələbində sözügedən əmlakın vəfat etmiş şəxsə məxsus olması barədə arayışı verilməsi qeyd edilsə də, əmlaka dair mülkiyyət hüququ qeyd olunmamışdır. Məhkəmə kollegiyası İPM-in 52-ci maddəsini tələbini əsas götürərək, hesab edir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, gələcəkdə müvafiq məhkəmə qərarının icrası ilə bağlı yarana biləcək anlaşılmazlığın qarşısının alınması üçün sözügedən əmlaka dair mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi halının qərarın nəticə hissəsində qeyd edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyindən, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(118)-353/2021 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağına dair mülkiyyət hüququnun X19 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar