Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-210/2025 03.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-859/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2-1(118)- 859/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********172986 nömrəli qərarı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən tətbiq edilmiş 6.997,38 manat maliyyə sanksiyası hissəsində istisna olmaqla ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" MMC-yə vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasna görə məsuliyyətə cəlb edilməsi haqqında **********172986 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş **********172986 nömrəli xx.xx.2023-cü il tarixli qərarının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən tətbiq edilmiş 6.997,38 manat maliyyə sanksiyası hissəsində istisna olmaqla ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra MMC) 2018-ci ildə təsis edilmiş və Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olur və fəaliyyət dövrü ərzində üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən vergiləri vaxtı vaxtında vergi orqanında bəyan etməklə ödəmişdir. Dəfələrlə vergi orqanı tərəfindən əsassız olaraq qəbul edilmiş əlavə vergilərin hesablanması barədə qərarları iddiaçı tərəfindən mübahisələndirilmiş və yekun məhkəmə aktlarına əsasən ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş **********172986 nömrəli Qərarla MMC-yə 1.113.490,18 manat əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləğinə 556.704,6 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, aparılmış yoxlama dövründə vergi ödəyicisi müxtəlif çeşiddə malları idxal edib topdan və pərakəndə satışını həyata keçirmişdir. Vergi ödəyicisinin 2019-cu il ərzində mənfəət vergisi bəyannaməsində göstərdiyi 9.727.613,74 manat dövriyyəsinin 183018,19 manat elektron qaimə fakturalara əsasən təsdiq olunduğu halda fərq kimi müəyyən edilən (9.727.613,74- 183.018,19) = 9.544.595,55 manat dövriyyə təsdiqedici sənədlər əsasında təsdiqini tapmamışdır. Belə ki, vergi ödəyicisi tərəfindən pərakəndə satışla bağlı dövriyyənin açılışı ilə əlaqədar təqdim edilən excel fayl məlumatlarında müvafiq dövrlər üzrə əldə edilmiş yük gömrük bəyannamələrinə əsasən əldə edilmiş mallar üzərinə 2% ticarət əlavəsi tətbiq edilmiş satışlar mövcud olmuşdur. Nəzarət kassa vasitəsilə həyata keçirilən satışlara dair vergi ödəyicisi tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərində satışlar həyata keçirilən şəxslərin məlumatları tam olmadığından həmin şəxslərin vergi ödəyicisi olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Halbuki, MMC tərəfindən ticarət əlavəsi 2% həddində olduğu halda cavabdeh qurum isə daha çox ticarət əlavəsinin qoyulmasını tələb edərək özlərinin müəyyənləşdirdiyi həddə hesablamalarını aparmışlar. İddiaçı hesab edir ki, qərarda göstərilən əsaslar həqiqəti əks etdirmir. Bu səbəbdən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazla eynilik təşkil edir. Əlavə olaraq Vergi Məcəlləsinin 67-ci maddəsinin ardıcıllıqla tətbiq edilməli olması üzrə məhkəmənin əsaslandırmasına münasibətdə bildirilmişdir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin birinci cümləsinə əsasən maddədə qeyd edilən əlaqəli məlumatlardan hər hansı birindən istifadə edilərək verginin hesablanması vergi orqanın hüququdur. Qeyd edilən maddədə verginin hesablanması üçün istifadə edilən məlumatlardan istifadə olunması ilə bağlı hər hansı ardıcıllıq müəyyən edilməmiş, həmin məlumatlardan istifadə olunması ardıcıllığı vergi orqanın mülahizəsinə buraxılmışdır. Odur ki, məhkəmənin verginin qeyd edilən məlumatlardan istifadə edilmədən hesablanmasına istinad edərək hesablamanı əsassız hesab etməsi qanuni deyildir. Belə ki, mənfəət vergisinin hesablanması üçün konkret olaraq əlaqəli məlumatlardan istifadə edilmiş və həmin əlaqəli məlumatların hüquqi əsasları konkret olaraq qeyd edilmişdir. Məhkəmənin işin faktiki hallarını bu şəkildə təhrif etməsi və qanunun müddəalarını bu şəkildə yanlış təfsir etməsi gəldiyi yanlış və əsassız nəticənin əsalandırılmasına xidmət etmişdir. Əlavə olaraq bildirilmişdir ki, VM-in 67-ci maddəsinin düzgün tətbiqi ilə əlaqədar Ali Məhkəmənin bir neçə qərarı (2-1(102)-167/14 saylı xx.xx.2014-cü il tarixli, 2-1(102)-31/2019 saylı xx.xx.2019-cu il tarixli qərarlar) mövcuddur ki, bu da mövcud məsələ barəsində formalaşmış məhkəmə mövqeyinin olduğunu deməyə əsas verir. Əlavə olaraq bildirilmişdir ki, müəssisə yoxlama üçün zəruri olan sənədləri yoxlamaya təqdim etmədiyi üçün vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. Analoji vergi ödəyicisinin müəyyən edilməsi üçün aidiyyəti şöbəyə xx.xx.2023-cü il tarixli **********613100 nömrəli məktubla müraciət olunmuşdur. Analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin olmadığı barədə xx.xx.2023-cü il tarixli **********699900 nömrəli məktubla aidiyyəti şöbədən cavab alınmışdır. Məhkəmə tərəfindən qeyd olunanlar da nəzərə alınmamışdır. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edir ki, barəsində şikayət olunan Sumqayıt İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, iddiaçı xərc sənədlərini tam şəkildə təqdim etməmişdir. Mallar böyük dövriyyəsi olan şirkətlərə kassa üsulu ilə satılmışdır. Malların hərəkət cədvəlləri, qaimələr təqdim olunmamış, rəsmi qaydada satış həyata keçirilməmişdir. Təqdim olunan sənədlər qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilməmişdir. İdxal olunan malların çeşidi çox olmuş, mallar nağd qaydada kassa üsulu ilə satılmışdır. ƏDV alt sistemində öz əksini tapmışdır. Malların hərəkət cədvələri, hansı malların hansı qiymətə satılması barədə məlumat təqdim olunmamışdır. Kassa çekində ümumi rəqəmlər əks olunur, konkret qiymət görünmür. Satılan şirkətlərlə vergi ödəyicisi arasında müqavilə bağlanmamışdır. Qaimə ilə satılmalı olduğu halda, mallar kassa üsulu ilə satılmışdır. Malların satıldığı şirkətlər sahibkar kimi qeydiyyatda deyillər. Növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilməklə mənfəət vergisi hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir. Hesab edir ki, borc düzgün hesablanmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********3172986 nömrəli qərara əsasən iddiaçı "xxxx" MMC-yə münasibətdə 1.113.490,18 manat əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləğinə 556.704,60 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mübahisə ilə bağlı iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********3172986 nömrəli qərarın - 6.997,38 manat maliyyə sanksiyası hissəsində istisna olmaqla, ləğvinə yönəlmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən qərar əsasında iddiaçıya mənfəət və ƏDV üzrə əlavə vergi məbləğləri hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbləri - yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergi tutma anı barədəki fikir ayrılığıdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə vergilərin hesablanması sonuncunun sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı aparılmış səyyar vergi yoxlaması nəticəsində həyata keçirilmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Vergi Məcəlləsinin 24.1-ci maddəsinə əsasən vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Vergi Məcəlləsinin 53-cü maddəsinə əsasən: 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Vergi Məcəlləsinin 55-ci maddəsinə əsasən: 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; 55.2. Bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları (xx.xx.2024cü il tarixədək qüvvədə olan redaksiyası): Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. ... 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. ... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. İşdə olan sənədlərdən müəyyən edilir ki, cavabdeh vergi orqanı vergi ödəyicisinin çəkdiyi xərcləri birbaşa müəyyən etmək, eyni zamanda səyyar vergi yoxlaması zamanı vergilərin əlaqəli məlumatlar və analoji vergi ödəyiciləri barədə məlumatlar əsasında hesablanmasının mümkün olmamasına əsaslanaraq həmin xərcləri Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarı ilə şərti rentabellik səviyyəsi 20 % götürülərək müəssisəsinin əldə etdiyi gəlir əsasında hesablamışdır. Yəni, vergi orqanı iddiaçının gəlirini və xərcini Nazirlər Kabinetinin 55 saylı Qərarına istinad etməklə şərti rentabellik əsasında müəyyən etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən istifadə olunan bu üsul düzgün olmamış və iddiaçının əsassız olaraq əlavə məsuliyyətə cəlb olunmasına səbəb olmuşdur. Belə ki, mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olmuş Vergi Məcəlləsinin 67.14-cü maddəsinə (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarının 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında müəyyən edir: M1= (G1 /(100 + R))xR burada: M1 - vergi ödəyicinin mənfəəti(gəliri); G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. Həmin Qərarın 6.1.3-cü bəndinə müvafiq olaraq vergi ödəyicisinin mənfəəti (gəliri) şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin sistemli təhlili o nəticəyə gəlməyə əsas verir ki, yalnız vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadığı halda, Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq olunur. Yəni, ödənilməli olan verginin məbləğini şərti rentabellik əsasında hesablamış vergi organı, 67.1.1-67.1.9-cu maddələrində sadalanmış əlaqəli məlumatlardan istifadə etməklə vergini hesablamaq mümkün olmadığını sübut etməlidir. Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı əsasında verginin hesablanmasından əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün oimadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni mənfəət vergisinin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanının hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Birinci instansiya məhkəməsi iddiaçıya hesablanmış əlavə dəyər vergisinə münasibətdə düzgün olaraq bildirmişdir ki, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi, hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdakı göstəricilər müəyyən edilməlidir: a. vergi tutulan dövriyyədən hesablanan verginin məbləği; b. elektron vergi hesab-fakturala və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği. Hesabat dövrü ərzində bu iki göstərici arasındaki fərq ödənilməli ƏDV-nin məbləğidir. Başqa sözlə desək, büdcəyə ödəniləcək ƏDV hesablamaq üçün vergi tutulan dövriyyədən hesablanan ƏDV məbləğindən əvəzləşdirilməli olan ƏDV-nin məbləğini çıxmaq lazımdır. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Göründüyü kimi, malların təqdim edilməsi, işlərin və xidmətlərin göstərilməsi əlavə dəyər vergisinin vergi tutma obyekti kimi çıxış edir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDVnin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Göründüyü kimi, həmin maddədə iki növ ödəmələr nəzərdə tutulmuşdur: - elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr; - ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlar ödənilən vergi. Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə ƏDV məbləği hesablanarkən, yoxlama dövr ərzində bank hesabları olmadığı üçün bütün dövriyyədən mədaxillərin kassa medaxil order vasitəsi ilə rəsmiləşdirildiyi, bu səbəbdən də yoxlama kassa mədaxil orderlər əsasında aparılmışdır. Məhkəmə kollegiyası bildirir ki, ƏDV-nin məbləğinin hesablaması üçün yuxarıda da qeyd olunduğu kimi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği və elektron vergi hesab-fakturalar və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği müəyyən edilməsi zəruridir. Yalnız bu göstəricilər müəyyən edildikdən sonra hər iki məbləğ arasındaki fərqin ödənilməli ƏDV məbləği müəyyən olunur. Lakin hazırkı işdən və işin yuxarıda qeyd olunan hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının yoxlama dövrü üzrə vergi tutulan dövriyyəsi düzgün müəyyən olunmadığından, nə vergi tutulan dövriyyədən hesablanan verginin məbləği, nə də ki ƏDV məbləği düzgün hesablanmamışdır. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi: Cavabdeh vergi orqanının xx.xx.2023-cü il tarixli **********172986 nömrəli qərarı ilə iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Hazırkı iş üzrə cavabdeh vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Qeyd edilənlər nəzərə alındığında, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulu üçün bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Başqa sözlə, cavabdeh qərarın qəbulundan sonra yaranmış hallara istinad edə bilməz. Digər tərəfdən, mənbəyi bəlli olan əlaqəli məlumatların məhz nələrdən ibarət olduğu və bu halların növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri etdiyi məhz qərarın özündə əsaslandırılmalıdır. Nəhayət, hazırkı işin xüsusi halına münasibətdə onu qeyd etmək lazımdır ki, məhkəməyə təqdim edilən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış sənədinin “Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas” bölməsindən də müəyyən edilir ki, səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarda olduğu kimi bu sənəddə də yoxlamanın keçirilməsinin zəruriliyini əsaslandırılmamış, yalnız VM-nin 38.3.5-ci maddəsinə istinadən səbəb kimi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyindən göstərilmişdir. Kollegiya, eyni zamanda qeyd edir ki, hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2-1(102)-2258/2023 nömrəli qərarında da növbədənkənar səyyar vergi yoxlamasının əsaslandırılmalı olmasına dair məhkəmənin eyni mövqeyi ifadə olunmuşdur. Beləliklə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı sübuta yetirilmədiyindən, kollegiya hesab edir ki, onun nəticəsində qəbul edilmiş məsuliyyət qərarı da qanunsuz olmuşdur. Lakin, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə vergi orqanının xx.xx.2023-cü il tarixli qərarında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən qanuni sayılmış və iddiaçı bu qərarla razılaşaraq, apellyasiya şikayəti verməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdehin etirazında və apellyasiya şikayətində sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-859/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-210/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-210/2025
03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver