Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-211/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Rəşad Nəbi oğlu Nəbizadənin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı X5rşı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan fərdi qarajın yüklülüyünə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-722/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı X5rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan fərdi qarajın yüklülüyünə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında öz hesabına 37,5 kv m ölçüdə fərdi qaraj tikmiş, həmin qaraja dair 2000-ci ildə texniki pasport tərtib edilmişdir. Bundan sonra onun həmin qaraj üzərində Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyatı aparılmış və qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı qarajın yüklülüyü barədə arayışın alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqanın xx.xx.2020-ci il tarixli **********64 saylı bildiriş məktubu ilə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın olmaması bildirilərək ərizənin icrasından imtina edilmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının müraciətə əlavə etdiyi 08 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən qeyri-yaşayış binasına (qaraja) dair arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı aşkar edilmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-722/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı Abşeron rayonlararası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 01 saylı reyestr kitabında 08 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2000-ci il tarixli qeydiyyat vəsiqəsində göstərilən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən qarajın yüklülüyünə dair arayışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı X7 üzərinə qoyulsundir. (hakim V.Əzizova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırılarkən müəyyən olunmuşdur ki, müraciət üzrə əlavə edilmiş 08 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən qeyri-yaşayış binasına (qaraja) dair arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: Abşeron rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 01 saylı reyestr kitabında 08 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2000-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən qaraj üzərində X2 mülkiyyət hüququ qeydə alınmışdır. 2000-ci ilin noyabr ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə qarajların texniki invertarlaşdırma və qiymətləndirməsinə dair” pasportdan görünür ki, 2000-ci ildə inşa edilmiş 48.1 kv m ölçüdə Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən qaraj X2 adına invertarlaşdırılmışdır. Cavabdeh inzibati orqanın iddiaçının ərizəsinə cavab olaraq ünvanladığı xx.xx.2020ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının adına olan 08 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən qeyri-yaşayış binasına (qaraja) dair arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı aşkar edilmişdir və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, keçmiş Abşeron rayonu Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyət hüququnun Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən qeyriyaşayış sahəsi (qaraj) üzərində mülkiyyət hüququna dair 08 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, lakin reyestr kitabında qeydiyyatı aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və ona əsaslanmışdır ki, cavabdeh inzibati orqanın iddiaçıya verilmiş qeydiyyat vəsiqəsinin etibarlılığına şübhə ilə yanaşması və bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlakın yüklülüyünə dair arayışın verilməsindən imtina cavabı verilməsi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə görə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat»ın 8.3-cü bəndində arayışın verilməsindən imtina halları nəzərdə tutulmuşdur : arayışın alınması üçün ərizə bu Təlimatın 1.2-ci bəndində göstərilmiş şəxslər tərəfindən verilmədikdə (8.3.1) məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatı ləğv edildikdə (8.3.2). Göründüyü kimi, cavabdeh inzibati orqan arayışın verilməsindən imtina edərkən arayışın verilməsindən imtina üçün əsas olan hallar mövcud olmamışdır. Kollegiya qeyd edir ki, qeydiyyat vəsiqəsinin reyestr kitabında qeydiyyatının aşkar edilməməsi müvafiq dövlət orqanlarının funksiyalarına aiddir və həmin sənədlərin və ya qeydiyyatın aşkar edilməməsi vətəndaşın mülkiyyət hüququnu məhdudlaşdırmamalıdır. Sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən qarajın X4 məxsus olması barədə qeydiyyat vəsiqəsi qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasında və apelyasiya şikayətində qeyd etdiyi dəlilləri əsaslı hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-722/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-211/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-211/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver