Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-211/2025 08.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Qobu bələdiyyəsinin 22 noyabr 2006-cı il tarixli, 13 nömrəli qərarı ilə Qobu ərazisində ona ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(118)-1911/2022 nömrəli qərarından Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX Daşınmaz Əmlak Kadastr və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir.Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmiş lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi aidiyyəti olmayan bəhanələr gətirmiş və dövlət qeydiyyatının aparılmasından xx.xx.2022-ci il tarixli məktubla imtina etmişdir. Cavabdeh imtina məktubunda Qobu Bələdiyyəsi tərəfindən X1 xx.xx.2006-cı il tarixli, 13 saylı qərar ilə ayrıldığı halda alqı-satqı aktının və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin hazırki ərizəyə əlavə edilməməsinin müəyyən olduğu üçün torpaq satışının qanuna müvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamiivafiq qaydada (İəğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin möhürü ilə ) təsdiq edilmədiyi müəyyən edilmişdir. İddiaçı torpaq sahəsinin bələdiyyə tərəfindən mülkiyyətinə məhz fərdi yaşayş evinin tikintisi məqsədilə ayırdığını, torpaq sahəsinin naturada nışanlanaraq ona təhvil verilməsi barədə ayrıc aktı da səlahiyyətli orqanların iştirakı və imzası ilə (həmçinin müvafiq memarlıq xidmətinin səlahiyyətli şəxsinin imzas ilə) tərtib edilmişdir. Torpaq sahəsinin alınması ilə bağlı tərəfindən Qobu Bələdiyyəsinin hesabına müəyyənləşdirilmiş pul ödənilmişdir. Həmçinin iddiaçı torpaq sahəsinin alıcısı olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini,yəni müvafiq qaydaya uyğun müraciət etmiş, torpaq sahəsinə görə müəyyənləşdirilmiş pul məbləğini satıcının bank hesabına ödəmiş və torpaq sahəsini qəbul etmiş, hal-hazırda da həmin torpaqdan təyinatı üzrə istifadə edir. Buna görə də cavabdehin imtinası qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatından imtina etməsi əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1911/2024 nömrəli qərardadı ilə iddia tələbi təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilməmişdir. 29 noyabr 2024-cü il tarixdə məhkəməyə Maraqlı şəxs və onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti daxil olmuşdur. Həmin apellyasiya şikayəti iş materiallarına əlavə edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək Maraqlı şəxs və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılmasını qərara almışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil və nümayəndəsi X4 apellyaiya şikayətinin mümkün sayılmasını xahiş etdilər. Məhkəmə kollegiyası müraciət edən şəxsin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, Maraqlı şəxs və nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunvericiliklə müəyyən edilmiş müvafiq şərtlər ödənildikdə həyata keçirilir. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər nəzərdə tutulur. Bu cür şərtlərdən biri İnzibati Prosessual Məcəllənin “Apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraat” adlı X fəslinin 81.2-ci maddəsində qeyd edilmişdir. Həmin maddəyə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İPM-nin 87.2 və 87.3-cü maddələrində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin əsaslara məhz işə apellyasiya qaydasında baxılması üçün zəruri olan prosessual əsaslar daxildir. İnzibati prosessual qanunvericiliklə müəyyən edilmiş həmin əsasların olmaması halı özlüyündə apellyasiya şikayətinin icraata qəbulundan imtina edilməsinə səbəb olur. “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” xx.xx.2022-ci il tarixli qərardadının 52-ci bəndində göstərilmişdir ki, “qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. Həmin qərara görə: “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. ...28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat .. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, hazırki iş üzrə Maraqlı şəxs və onun nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilsə də, onun tərəfindən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və bununla bağlı birinci istansiya məhkəməsinin qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə vəsatət verilməmiş və nəticə etibarı ilə birinci instansiya məhkəməsi tərəfindən baxılmamışdır. Halbuki, yuxarıda göstərilənlərə əsasən hər hansı şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qərarından apellyasiya şikayətinə baxılması üçün ilk öncə həmin şəxsin üçüncü şəxs qismində cəlb edilməsi, birinci istansiya məhkəməsinin qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə vəsatətlə işə baxmış məhkəməyə müraciət etməsi zəruridir. Yalnız həmin vəsatətə baxılaraq birinci isntansiya məhkəməsi tərəfindən vəsatətin təmin edilməməsi barədə qərardad çıxarıldığı təqdirdə həmin qərardaddan apellyasiuya çikayəti vermək hüququ yaranmış olur. Bununla bağlı məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndələrinə və vəkilinə hüquqi yardım göstərilərək müvafiq vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(118)-1911/2022 nömrəli qərarından Maraqlı şəxs və vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmayaraq apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 81.2, 85, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(118)-1911/2022 nömrəli qərarından Maraqlı şəxs və vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.