Məhkəmə qərarları › İş №2-1(105)-212/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-212/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-212/2023 14.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, X14 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X5 adına verilmiş A№071711 saylı torpaq sahəsinin plan və ölçü sənədinin Abşeron rayonu, Masazır kəndində yerləşən Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23-6 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 0,10 ha-dan ibarət torpaq sahəsinə düşən hissəsinin ləğv edilməsi və iddiaçıya həmin torpaq sahəsinin 0,10 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(118)-3031/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Xırdalan qəsəbə İcraiyyə Komitəsinin 23-6 saylı, 30 mart 1990-cı il tarixli “Xırdalan südçülük sovxozunda işləyən, Ermənistan SSR-dən gələn köçkünlərə və sovxozun digər fəhlə və qulluqçularına verilmiş həyətyanı torpaq sahələrinə fərdi yaşayış evi tikilməsinə icazə verilməsi” haqqında qərarı ilə Xırdalan südçülük sovxozunun əmək kollektivi iştirakçısı ilk həmkarlar İttifaqının təşkilatı müdriyyətin 20 mart 1989-cu il tarixli 2 №-li və 26 noyabr 1989-cu il tarixli 9 №-li qərarı, sovxoz direktorunun 23 mart 1989-cu il tarixli 25 №-li v 28 noyabr 1989-cu il tarixli 108a №-li əmri ilə İddiaçı torpaq sahəsinin naturada bölgüsü RİK-i memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra təhkim edilmiş, həyətyanı torpaq sahəsində Azərbaycan SSR-də kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə fərdi ev tikilməsi məqsədəuyğun hesab edilmişdir.

2. İddiaçıya ayrılmış və istifadəsində olan 0,10 ha torpaq sahəsinə dair Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən torpaq sahəsinin koordinatları göstərilməkə yerquruluşu planından çıxarış tərtib edilmişdir.

3. İddiaçının nümayəndəsi qeyd edilən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydə alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli bildirişi ilə iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasının əsasları kimi: 0,10 ha torpaq sahəsinin Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli 23-6 saylı fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə sərəncamı ilə ayrıldığını; 2.Torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilmədiyini; 3. Sənəd üzrə 0.10 ha qeyd olunsa da faktiki müayinə olunan torpaq sahəsinin 0.09 ha olduğunu; Torpaq sahəsinin **********90-10301 reyestr nömrəli çıxarışa əsasən X6 məxsus fərdi yaşayış evinin yerləşdiyi (istifadəsində olan) torpaq sahəsi ilə üst-üstə düşdüyünü; 5. Torpaq sahəsinin bir hissəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədi ilə üst-üstə düşdüyünü; 6. Təqdim edilmiş yerquruluşu planından çıxarışa əsasən isə: a. torpaq sahəsinin 150 kv.m hissəsininyolun mühafizə zolağında yerləşdiyini, b. 65 kv.m hissəsinin ümumi istifadədə olan yol olduğunu; 7. Müraciətlə bağlı "xxxx" ASCnə sorğu göndərilmiş və sözügedən qurum tərəfindən cavab olaraq torpaq sahəsinin yaxınlığından 1400 mm olan magistral su kəmərinin keçdiyi bildirmişdir.

4. İddiaçının nümayəndəsi daha sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyi bildirilmişdir.

5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 10 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ayrılmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin yerləşdiyi ərazi (Abşeron rayonu, Əliağa Vahid küçəsi) yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə (0,10 ha torpaq sahəsi) avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır.

6. "xxxx" Açıq Səmdar Cəmiyyəti “Abşeron Sukanal” İdarəsinin 15 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin “Yerquruluşu planından çıxarış”ına əsasən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsində "xxxx" ASC-yə məxsus su və kanalizasiya xətti mövcud deyil.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq “Abşeron rayonu, Masazır kəndində yerləşən Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsi 30 mart 1990-cı il tarixli 23-6 saylı sərəncamı ilə ayrılmış 0.10 hadan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, X5 adına verilmiş A№ 071711 saylı torpaq sahəsinin plan və ölçü sənədinin Abşeron rayonu, Masazır kəndində yerləşən Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23-6 saylı sərəncamı ilə iddiçıya ayrılmış 0.10 ha-dan ibarət torpaq sahəsinə düşən hissəsinin ləğv edilməsi və iddiaçıya həmin torpaq sahəsinin 0.10 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, uzun illər Xırdalan südçülük savxozunda çalışmışdır. Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsi qeyd edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 mart 1989-cu il tarixli 111 nömrəli qərarı ilə fərdi ev tikmək üçün sovxozda işləyən Ermənistan SSR-dən gələn köçkünlərə və sovxozun digər fəhlə və qulluqçularına sovxozun direktorunun 23 mart 1989-cu il tarixli 25 nömrəli və 28 noyabr 1989-cu il tarixli 108 nömrəli əmri ilə hər bir işçiyə Masazır kəndindən 0.10 (ha) və Bakı quşçuluq fabriki sahəsindən 0.06(ha) torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Sovxozun müdriyyəti və Həmkarlar təşkilatı həmin torpaq sahələrində Azərbaycan SSR-də kənd yeri üçün tövsiyyə olunan layihə üzrə fərdi ev tikməyə icazə verilməsi barədə 27 mart 1990-cı il tarixli 66 və 67 nömrəli məktubla Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsindən xahiş etmişdir. Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsi 30 mart 1990-cı il tarixli qərarı ilə siyahıda adları qeyd edilmiş vətədaşların Azərbaycan SSR-də kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə fərdi ev tikməsini məqsədəuyğun hesab etmişdir. Həmin siyahıda 27ci sırada onun adı qeyd olunmuşdur. Bu torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə 28 iyun 2022-ci il tarixli ********* qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********79 nömrəli cavab məktubu ilə imtina edilmişdir. İmtina məktubunda müraciət etdiyi 0.10 ha torpaq sahəsinin Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli 23-6 saylı fərdi evinin tikintisinə icazə verilməsi barədə sərəncam ilə ayrıldığı və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilmədiyi yazılmışdır. Həmçinin torpaq sahəsinin yaxınlığından 1400 mm magistral su kəmərinin keçdiyi, torpaq sahəsinin 150 kv.m hissəsinin yolun mühafizə zolağında yerləşdiyi, 65 kv.m hissəsinin isə ümumi istifadədə olan yol olduğu bildirilmişdir. Hesab edir ki, imtina əsassızdır. Cavabdehin etirazının dəlilləri

10. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, aparılan araşdırma zamanı 1.0,10 ha torpaq sahəsinin Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli 23-6 saylı fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə sərəncamı ilə ayrıldığı; 2.Torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilmədiyi; 3. Sənəd üzrə 0.10 ha qeyd olunsa da faktiki müayinə olunan torpaq sahəsinin 0.09 ha olduğu; 4. Torpaq sahəsinin **********90-10301 reyestr nömrəli çıxarışa əsasən X6 məxsus fərdi yaşayış evinin yerləşdiyi (istifadəsində olan) torpaq sahəsi ilə üst-üstə düşdüyü; 5. Torpaq sahəsinin bir hissəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədi ilə üst-üstə düşdüyü; 6. Təqdim edilmiş yerquruluşu planından çıxarışa əsasən isə : a. torpaq sahəsinin 150 kv.m hissəsinin yolun mühafizə zolağında yerləşdiyi; b. 65 kv.m hissəsinin ümumi istifadədə olan yol olduğu; 7. Müraciətlə bağlı "xxxx" ASC-nə sorğu göndərilmiş və sözügedən qurum tərəfindən cavab olaraq torpaq sahəsinin yaxınlığından 1400 mm olan magistral su kəmərinin keçdiyi bildirildiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3031/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

12. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(118)-3031/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək X5 adına verilmiş A№ 071711 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Abşeron rayonu, Masazır kəndində yerləşən Xırdalan qəsəbə XDS İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23-6 saylı sərəncamı ilə İddiaçın ayrılmış 0.10 ha-dan ibarət torpaq sahəsinə düşən hissəsinin ləğv edilməsi və İddiaçı həmin torpaq sahəsinin 0.09 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Eyni zamanda iddiaçının üçüncü şəxsin “Torpaq sahəsinin plan və ölçü sənədi”nin ləğv edilməsi ilə bağlı müraciəti də qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsi əsassızdır.

14. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

18. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Üçüncü şəxs M.Hacıyev şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs X9 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21.Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 149. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən edilmiş dəyişikliklə yeni redaksiyada) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” 1.Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ...1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ...2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;

24. İnzibati icraat haqqında qanun Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

28. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz, habelə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri ilə bağlı araşdırma aparan birinci instansiya məhkəməsi düzgün olaraq həmin dəlillərin əsassız olması nəticəsinə gəlmişdir.

29. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının təqdim etdiyi Xırdalan qəsəbə İcraiyyə Komitəsinin 23-6 saylı, 30 mart 1990-cı il tarixli qərarı və həmin qərarda istinad edilən iddiaçıya torpaq sahəsinin ayrılması barədə Xırdalan südçülük sovxozunun direktorunun 23 mart 1989-cu il tarixli 25 №-li v 28 noyabr 1989-cu il tarixli 108a №-li əmri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə müəyyən edilmiş daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər siyahısına daxildir.

30. Həmin torpaq sahəsinin iddiaçının istifadəsində olması, qeyd edilən torpaq sahəsində iddiaçının razılığı ilə üçüncü şəxs M.Hacıyev tərəfindən fərdi yaşayış evi tikilməsi və həmin fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydə alınması işin mübahisəsiz hallarıdır. Belə olan halda cavabdehin imtinasının qeyd edilən torpaq sahəsinin ayrıc aktının təqdim edilməməsi barədə dəlilləri də imtina üçün əsas kimi çıxış edə bilməz. Belə ki, torpaq sahəsinin hazırda dəqiq yerləşmə yeri və koordinatları barədə məlumatlar da cavabdehə təqdim olunmuşdur.

31. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

32. İmtinanın və apellyasiya şikayətinin torpaq sahəsinin sənəd üzrə 0.10 ha qeyd olunsa da, faktiki müayinə olunan torpaq sahəsinin 0.09 ha olması barədə dəlillərinə gəldikdə isə yuxarıda qeyd edildiyi kimi birinci instasniya məhkəməsi tərəfindən iddia qismən - 0.09 ha torpaq sahəsinə münasibətdə təmin olunmuş, iddiaçı həmin qərarı mübahisələndirməmişdir.

33. Eyni zamanda torpaq sahəsinin bir hissəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədi ilə üst-üstə düşməsi ilə bağlı isə brinci instansiya məhkəməsi tərəfindən Z.Kərimov iş üzrə üçüncü şəxs qismində cəlb olunaraq müvafiq araşdırma aparılmışdır. Belə ki, A № 071711 saylı, 21 iyul 2001-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Abşeron rayon RİK-nin xx.xx.1990-cı il tarixli 250 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 1000 kv.m torpaq sahəsinə dair X5 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Bununla belə cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, X5 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olmuş sənədlər arxiv əsaslarında aşkar olunmamışdır. Eyni zamanda cavabdehin təqdim etdiyi ortofoto xəritəsindən çıxarışdan da müəyyən olunur ki, X5 adına verilmiş A№ 071711 saylı torpaq sahəsinin plan və ölçü sənədi yanlışlıqla, iddiaçıya məxsus olan torpaq sahəsinin koordinatları qeyd edilmiş, yəni Z.Kərimovun adına iddiaçıya məxsus olan torpaq sahəsi ilə bağlı texniki sənəd verilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qeyd edilən hissədə də təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.

34. İmtinanın və apellyasiya şikayətinin digər dəlilləri olan torpaq sahəsinin 150 kv.m hissəsinin yolun mühafizə zolağında yerləşməsi və yaxınlığından 1400 mm olan magistral su kəmərinin keçməsi ilə bağlı hallar üzrə isə birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmış, yuxarıda istinad edilən müvafiq sorğulara verilmiş cavablarla qeyd edilən hallar öz təsdiqini tapmamış, cavabdeh bununla bağlı hər-hansı sübutu birinci instansiya məhkəməsinə və apellyasiya baxışı zamanı təqdim etməmişdir.

35. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın hər hansı digər əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, qanuni və ədalətli qərar çıxarmışdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(118)-3031/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar