Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-212/2025 27.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-5124/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci ildə qəbul edilmiş imtina qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2004-cü ildən ürək xəstəsidir. İddiaçı 2012-ci ildən “Stenokardiyanın digər formaları, ÜİX. g/s. FS İİİ. İnfarktan sonrakı kardioskleroz, QDÇ-İ1 dər. Hipertoniya İİİ mər. ü.b.f. ANS” dinaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra eyni xəstəliklə əlaqədar olaraq əlilliyin müddəti xx.xx.2015-ci ildə bir il, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə uzadılmışdır. Əlilliyin növbəti müayinə edilməsi xx.xx.2021-ci ildə həyata keçirilməli idi. İddiaçıya xx.xx.2021-ci il tarixdə əlilliyin təyin olunmasından imtina edilmişdir. İmtinaya səbəb kimi “əlavə müalicəyə ehtiyacın olması” göstərilmiş və məsləhət bilinmişdir ki, ixtisaslaşmış müalicə davam etdirilməlidir. Halbuki, əlilliyin təyinindən imtina edildiyi ərəfədə və ondan sonra onun səhhəti daha da ağırlaşmış və açıq ürək əməliyyatı keçirmişdir. Qeyd edilənlərə baxmayaraq xx.xx.2021-ci il tarixdə və xx.xx.2023-cü il tarixlərdə əlillik təyinindən imtina edilmiş və yalnız onun şikayətlərindən sonra imtina ləğv edilmiş və xx.xx.2023-cü ildə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Beləliklə, cavabdehin təqsiri üzündən ona xx.xx.2021-ci ildən əlillik təyin olunmamışdır. Nəticədə bu hal onun maddi vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Beləliklə, ilk dəfə ona xx.xx.2021-ci ildə əlillik dərəcəsi verilməsindən (xx.xx.2021-ci il tarixli bildirişlə) imtina edilmişdir. O, imtina ilə razılaşmır və 2022-ci ildə canlı olaraq əlillik təyini məqsədilə keçirilən komissiyada iştirak etmişdir. İmtinadan sonra təkrarən elektron qaydada əlillik təyini ilə əlaqədar cavabdehə göndəriş verilmişdir. Həmin vaxt əlavə olaraq canlı komissiyadan keçmişdir. Komissiyanın müayinəsindən sonra ona 3 dərəcəli (əmək qabiliyyətini 40% itirməsi) əlillik təyin edilmişdir. Lakin onun əlilliyinin əvvəlinin xx.xx.2021-ci ildən hesablanması yazılmamışdır. Hesab edir ki, onun əvvəllər əlilliyi olmuş və növbəti müayinə vaxtı xx.xx.2021-ci il olduğuna görə və təkrar müayinə zamanı onun əlilliyi təsdiq edildiyinə görə xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixə kimi olan müddət üçün də ona əlillik təyin edilməli idi. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 5124/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına görə xx.xx.2021-ci ildən sonra 2023-cü ilin iyul aylna qədər iddiaçının barəsində göndərişin (forma 88) verilməsi və onun əyani müayinədən keçməsi (əlilliyin qiymətləndirilməsi) müəyyən edilməmişdir. Hazırkı iddia tələbi əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi ilə bağlı olmaqla məcburetmə növündə baxılan iddialara aiddir. İPM-nin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin inzibati prosessual qanunvericiliyin yuxarıda istinad olunan normanın tələbinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İndiki halda isə iddiaçının məhkəməyə müraciət etmək hüququ cavabdehin imtinasını aldığı gündən 30 gün ərzində mövcud olduğu halda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 1 ilə yaxın müddət keçdikdən sonra müraciət etmişdir. Bununla bağlı məhkəmə hesab etmişdir ki, iddia müddətinin bərpa edilməsi barədə vəsatətlə müraciət etmək üçün hüquqi yardımın göstərilməsinə ehtiyac qalmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(118)-5124/2024 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur. Lakin məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmiş, qanunu səhv tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayəti müdafiə etdi və bildirdi ki, o, 2004-cü ildən ürək xəstəsidir. Xəstəliyi ilə əlaqədar əlilliyin müddəti xx.xx.2015-ci ildə bir il, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə uzadılmışdır. Əlilliyin növbəti müayinə edilməsi xx.xx.2021-ci ildə həyata keçirilməli idi. Ona xx.xx.2021-ci il tarixdə əlilliyin təyin olunmasından imtina edilmişdir. İmtinaya səbəb kimi “əlavə müalicəyə ehtiyacın olması” göstərilmiş və məsləhət bilinmişdir ki, ixtisaslaşmış müalicə davam etdirilməlidir. Halbuki, əlilliyin təyinindən imtina edildiyi ərəfədə və ondan sonra onun səhhəti daha da ağırlaşmış və açıq ürək əməliyyatı keçirmişdir. Qeyd edilənlərə baxmayaraq xx.xx.2021-ci il tarixdə və xx.xx.2023-cü il tarixlərdə əlillik təyinindən imtina edilmiş və yalnız onun şikayətlərindən sonra imtina ləğv edilmiş və xx.xx.2023-cü ildə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Beləliklə, cavabdehin təqsiri üzündən ona xx.xx.2021-ci ildən əlillik təyin olunmamışdır. Nəticədə bu hal onun maddi vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Beləliklə, ilk dəfə ona xx.xx.2021-ci ildə əlillik dərəcəsi verilməsindən (xx.xx.2021-ci il tarixli bildirişlə) imtina edilmişdir. Ona sonuncu dəfə əlillik təyin olunarkən qərarın surəti ona verilməmişdir. Bildirmişlər ki, 3-cü qrup əlillik əlillik təyin edilmişdir. Lakin əlilliyin hansı tarixdən təyin olunması barədə ona məlumat verilməmişdir. Hesab edir ki, onun əlillik müddətinin bərpası xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Çünki, onun səhhətində yaxşılaşma və ya sağalma olmamışdır. Onun hazırkı tələbi əlillik müddətinin əvvəlinin xx.xx.2021-ci ildən hesablanması və xx.xx.2023-cü il tarixə kimi olan dövrün onun əlillik müddətinə əlavə edilməsindən ibarətdir. Məhkəmə onun iddia tələbini müddət veçdiyinə mümkün saymayarkən səhvə yol vermişdir. Bu səbəbdən şikayətinin təmin edilməsini, iddia tələbinin icraatına qəbul edilməklə mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 şikayəti əsassız hesab edərək, iddia tələbinin mümkün hesab edilməməsi barədə birinci instnsiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada üçüncü şəxs Sumqayıt şəhər 4 saylı Xəstəxanasına xəbərdarlıq olunsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İşdən göründüyü kimi İddiaçı ilk öncə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, xx.xx.2021-ci ildə qəbul edilmiş imtina qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əlilliyin təyin edilməsi, yəni ona təyin edilmiş əlilliyin müddətinin əvvəlinin növbəti müayinə tarixindən xx.xx.2021-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə İddiaçı tələbini “cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edərək, 30 günlük müddət ötürülməsini əsas gətirməklə iddianı mümkün sayılmaması qənaətinə gələrkən haqlı olmamışdır. İddiaçı əlillik təyin olunmasına dair inzibati orqanın qərarı rəsmi qaydada verilməmiş və ona həmin qərardan şikayət vermək hüququ izah edilməmişdir. Bu səbəbdən iddiaçı inzibiti orqanın qərarından 30 gün müddətində deyil, 6 ay müddətində şikayət vermək hüququ olmuşdur. İddiaçı sonuncu dəfə ona xx.xx.2023-cü il tarixdə əlillik təyin olunduqdan sonra 6 ay müddət ərzində xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən müddət buraxılmasına görə iddianın mümkünsüz hesab edilməsi düzgün olmamışdır. Çünki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-cü maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu baxımdan, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-in 87.2.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-5124/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əlilliyin təyin edilməsi, yəni ona təyin edilmiş əlilliyin müddətinin əvvəlinin növbəti müayinə tarixindən xx.xx.2021-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair dair inzibati iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-212/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-212/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver