Məhkəmə qərarları › İş №2-1(105)-213/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-213/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-213/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(118)-2094/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq “sənədlərin təqdim edilməsi” tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 17.05.2021-ci il tarixli **********146875 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.8-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.06.2018-01.06.2021) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada 18.05.2021-ci il tarixli **********146903 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamə təqdim edilmişdir. Lakin, səyyar vergi yoxlaması zamanı "xxxx" MMC-nin rəhbərinin səlahiyyətli nümayəndəsi S.Vəliyev sənəd həcminin çox olması ilə əlaqədar sənədləri tam təqdim etməmişdir və yoxlama ilə əhatə edilən dövrə aid (01.01.2018-01.06.2021) sənədlərin (aşağıdakı sənədlərin elektron surəti: Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); Siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; Siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait, qeyri-maddi aktivlərin reyestri (excel faylda); Müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; Debitorkreditorlar barədə adlı siyahı, ödəmə tapşırıqları. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda). Yoxlama ilə əhatə edilən dövrə aid (01.01.2018-01.06.2021) NKA-nın fiskal hesabatı daxili alışın qaimələr üzrə açılışı) və yoxlamanın predmetinə aid olan 01.01.2018-ci il tarixdən 01.06.2021-ci il tarixədək olan dövr üzrə (vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı struktur dəyişiklikləri barədə məlumat və sənədlər; Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli; Vergi ödəyicisin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; İştirak payı göstərilməklə Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı; Dəyəri 2 000 min manatdan yuxarı olan bütün sığorta polisləri; Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları) sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti yoxlamaya qismən təqdim edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün 08.06.2021-ci il tarixdə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin təqdim edilməsindən imtina barədə iki nüsxədən ibarət akt tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi" haqqında 10.06.2021-ci il tarixli **********147464 nömrəli Qərar çıxarılmışdır. Lakin, vergi ödəyicisi 10.06.2021-ci il tarixli **********147464 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq 10.06.2021-ci il tarixində Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət Sənədlərin təqdim olunmasından imtina barədə Akt tərtib olunmuşdur. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(118)-2094/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim C.Məmmədov). Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh hal-hazıırda mövcud deyildir və hüquqi şəxslərin birləşməsi nəticəsində "xxxx" MMC 24.12.2019-cu ildə yenidən təşkil edilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 55.5-ci maddəsinə əsasən hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Qeyd olunan normanın tələbindən göründüyü kimi, hüquqi şəxsin qoşulma yolu ilə yenidən təşkilinin başa çatdırılması üçün qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə edilməlidir, göstərilən qeyd dövlət reyestrinə daxil olmadıqda qoşulan hüquqi şəxs ləğv olunmuş və yenidən təşkil başa çatmış hesab edilə bilməz. Hazırda cavabdeh Cavabdeh MMC-də aparılan səyyar vergi yoxlaması da Vergi Məcəlləsinin 38.3.8-ci maddəsinə (vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda) həyata keçirilir. Cavabdeh MMC-nin fəaliyyətinə xitam verilməsi ilə bağlı qeyd dövlət reyestrinə daxil edilmədiyindən həmin hüquqi şəxs hal-hazırda mövcud hesab edilir və göstərilən hüquqi şəxsə aid olan sənədlərin hər hansı digər hüquqi şəxsdən tələb edilməsi mümkün deyil. Apellyasiya şikayətində daha sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 16.5 və 16.7-ci maddələrinə istinad edilərək göstərilir ki, hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi üçün qurumun reyestrdən çıxarılması haqqında qərar qəbul edilməli və reyestrə müvafiq qeyd daxil edilməlidir. “Cavabdeh MMC barəsində isə müvafiq qərar qəbul edilməmiş və reyestrdə qeyd aparılmamışdır. Şikayət daha sonra onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadının əsası kimi istinad olunan və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərardad tamamilə əsassızdır və ləğv olunmalıdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 17.05.2021-ci il tarixli **********146875 nömrəli qərarı ilə Cavabdeh MMC-də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.8-ci maddəsinə əsasən (vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, vergi ödəyicisinə 18.05.2021-ci il tarixli **********146903 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. 08.06.2021-ci il traixində sənədlərin təqdim edilməsindən imtina barədə akt tərtib edilmiş və yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında 10.06.2021-ci il tarixli **********147464 nömrəli Qərar çıxarılmışdır. Lakin, vergi ödəyicisi qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri təqdim etməmişdir və bu barədə 10.06.2021-ci il tarixdə sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib olunmuşdur. Vergi Məcəlləsinin “sənədlərin və nümunə kimi əşyaların götürülməsi” adlanan 43-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir (maddə 43.11).Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən iddia ərizəsində sadalanan sənədlərin götürülərək iddiaçıya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibəti yarandığından İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, belə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı yoxlama aparılması ilə bağlı cavabdehdən sənədlərin təqdim edilməsini xahiş edir ki, bu da İnzibati Prosessual Məcəllənin 2.2.3 və 34.1-ci maddələrinə əsasən, öhdəliyin icrası haqqında iddia növüdür. Öhdəliyin icrası haqqında iddia özü-özlüyündə müəyyən hərəkətin edilməsinin tələb olunması ilə bağlıdır Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Lakin işə baxan məhkəmə iddianı mümkün saymamış və bu zaman ona əsaslanmışdır ki, Cavabdeh MMC-nin fəaliyyətinə xitam verildiyindən (24.12.2019-cu il tarixli çıxarışda yenidən təşkil edilməsi qeydinin olması səbəbindən) onun hazırkı, iddia tələbi üzrə cavabdeh qismində iddiaya cavab verməli olması kimi göstərilməsi yolverilməzdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Məhkmə kolegiyası ilk növbədə qeyd edir ki, iş materiallarından, o cümlədən birinci instansiya məhkəməsinin 07.12.2021 və 07.12.2021-ci il tarixli iclas protokollarından məhkəmənin qərardadda istinad etdiyi 24.12.2019-cu il tarixli çıxarışın (i/v 69) iş materiallarına hansı qaydada daxil edilməsini (tərəflərin təqdim etməsi, sorğuya cavab olaraq əldə edilməsi və s.) müəyyən etmək mümkün deyildir. Halbuki, İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir (78.1, 89.1 və 89.3-cü maddələr). Qeyd edilən hal birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halın – Cavabdeh MMC-nin mövcud olmamasının qeyri-mötəbər sübutlarla təsdiq edilməsi nəticəsinə gəlməyə əsas verir. Digər tərəfdən, istinad edilən 24.12.2019-cu il tarixli, **********508800 nömrəli çıxarış "xxxx" MMC-nin yenidən təşkil edilməsi ilə bağlıdır və həmin çxarış Cavabdeh MMC-nin “mövcud olmaması” yaxud “fəaliyyətinə xitam verilməsi” nəticəsinə gəlmək üçün əsas ola bilməz. Belə ki, məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 55.5-ci maddəsinə əsasən hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Göründüyü kimi, hazırkı halda "xxxx" MMC yalnız ona qoşulan Cavabdeh MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan yenidən təşkil edilmiş sayıla bilər. Hazırkı halda isə, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan, habelə işə əlavə edilmiş hüquqi şəxs haqqında məlumatdan (i/v24-27) görünür ki, Cavabdeh MMC-nin fəaliyyətinə xitam verilməmişdir, yəni onun fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməmişdir. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 12.8.1 və 14.1.10-cu maddələrinə əsasən hüquqi şəxslərin ləğv edilməsi barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. Həmin Qanunun 16.5-16.8-ci maddələrinə əsasən ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir. Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 16.5-ci maddəsində müəyyən edilmiş müddətdən gec olmayaraq qurumun reyestrdən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş şəxslərə məlumat verir. Qurumun ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər aparılır. Çatışmazlıqların aradan qaldırılması barədə məlumat verilmədikdə, qurum reyestrdən çıxarıla bilməz. Birinci instansiya məhkəməsi Cavabdeh MMC-nin iddiaya cavab verməli olması kimi göstərilməsinin yolverilməz olması əsası ilə hazırkı iddianı mümkünsüz hesab edərkən iddiaçının istinad etdiyi yuxarıda qeyd etdiyi halları, təqdim etdiyi sübutları, o cümlədən Cavabdeh MMC-nin baş mühasibi tərəfindən iddiaçıya onlayn kargüzarlıq vasitəsi ilə göndərdiyi 30.03.2020-ci il tarixli məktubu, səyyar vergi yoxlamasının məhz cavabdehin ləğv edilməsi barədə müraciətinin olması əsası ilə başlanılmasını və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə almayaraq düzgün hüquqi nəticəyə gəlməmişdir. Beləliklə, Cavabdeh MMC-nin fəaliyyətinə xitam verilməsi ilə bağlı qeyd dövlət reyestrinə daxil edilmədiyindən həmin hüquqi şəxs hüquqi baxımdan hal-hazırda mövcud hesab edilir və göstərilən hüquqi şəxsə aid olan sənədlərin hər hansı digər hüquqi şəxsdən tələb edilməsinin mümkün olmaması baradə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(118)-2094/2021 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar