Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-213/2024 19.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 4711/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1966cı il təvəllüdlü X2, xx.xx.1994-cü il təvəllüdlü X1 Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1-ci məhəllə, 5 saylı evin, 2 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil xx.xx.1962-ci il tarixli, 02/1748 №-li orderə əsasən onun atası X10 məxsus olmuşdur. Atası xx.xx.2003-cü ildə vəfat etmişdir. Mərhum atasına məxsus mənzilin özəlləşdirilməsi ilə bağlı Asan Xidmətdən yaşayış yerinə dair arayış alarkən məlum olmuşdur ki, həmin mənzildə xx.xx.1966-cı il təvəllüdlü X5, xx.xx.1994-cü il təvəllüdlü X3 qeydiyyatdadırlar. Həmin şəxslər mənzildə qeydiyyatda olmalarına baxmayaraq, mənzildə heçvaxt yaşamayıblar. Üçüncü şəxslərin mənzildə qeydiyyatda olmaları həmin mənzilin üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatına alınması zamanı ciddi çətinliklər yaradır. Qeyd edilən şəxslərin mənzildə qeydiyyatda olmalarına baxmayaraq həmin ünvanda heçvaxt yaşamadıqlarına görə, üçüncü şəxslərin ünvan 2, 1-ci məhəllə, 5 saylı evin, 2 saylı mənzilə olan qeydiyyatlarının ləğvi ilə bağlı rəsmi qaydada Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-58/2-A-l 86xx/xx/2023 saylı imtina məktubunda qeyd olunur ki, “Sizin Sumqayıt Şəhər Polis darəsinə ünvanladığınız ərizənizə X4 baxılmışdır. Bununla əlaqədar bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq üçüncü şəxsin yaşayış yeri qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğundur. Odur ki, ərizənizdə göstərilən məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.” Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4711/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd etmişdir ki, Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1-ci məhəllə, 5 saylı evin 2 saylı mənzilin mülkiyyətçisi onun mərhum atası X14 olmuşdur. Atası xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Hal-hazırda atasının mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1-ci məhəllə, 5 saylı evin 2 saylı mənzildən xx.xx.1966-cı il təvəllüdlü X2 və xx.xx.1994-cü il təvəllüdlü X1 pasport qeydiyyatından çıxarılmasını məhkəmədən xahiş edir. Lakin o, hazırki iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən, mərhum atasının qanuni vərəsəsi olması ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Lakin Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, sözü gedən mənzil mərhum atası X9 xüsusi mülkiyyətində olmamışdır və atası X14 həmin mənzilin kirayədarı olmuşdur. Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1-ci məhəllə, 5 saylı evin 2 saylı mənzil 02/1748 №-li orderlə atasına məxsus olmuşdur. Mənzil xüsusi mülkiyyət hüquqi ilə atasına məxsus olmadığından həmin mənzil üzərində vərəsəlik hüquqlarından söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla ciddi qanun pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən prosessual pozuntulara yol verərək əsassız qərardad qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. AİHM-nin “Önəryıldız Türkiyəyə qarşı işi üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsfilatdan asılı deyil, məsələ bütovlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdiirlməsindən ibarətdir.Müvafiq olaraq bu müddəanın məqəsdləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil eədn bəzi hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır, ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələbləri də əhatə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma məsələsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtina əsası kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyini nəzərə alınaraq, X2, X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğun olması halına istinad edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti iddiaçının atasının qanun üzrə və ya vəsiyyət üzrə vərəsəsi olması halının müəyyən edilməməsi, mübahisə predmeti olan yaşayış evinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin yaşayış evi üzərində subyektiv hüquqa malik olması halının təsdiqini tapmaması kimi hallara istinad etməklə, əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, sözügedən mənzil Sumqayıt şəhəri ZDS İcraiyyə Komitəsi tərəfindən tərtib edilmiş müvafiq order əsasında iddiaçının atasına verilmiş, həmin orderdə iddiaçının adı ailə üzvi kimi qeyd edilmişdir. İddiaçının atası xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Həmçinin, iş materiallarından görünür ki, müvafiq məhkəmə qətnaməsi ilə mənzilə dair hüquqmüəyyənedici sənədin iddiaçının atasına məxsus olması faktı təsdiq edilmişdir. Göründüyü kimi indiki halda həmin mənzilə dair iddiaçının atasının xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin mənzillə bağlı hüquqa dair qanuni gözlənti hüququna malik olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının özünün də həmin orderdə adı olduğundan, həmin mənzil faktiki istifadəsində olduğundan həmin əmlaka dair onun qanuni sahibliyi mövcud olmuşdur. Mülki qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə sözügedən mənzilə dair iddiaçı qanuni sahib qismində çıxış etdiyindən, birinci instansiya məhkəməsi tərəfindən onun atasının vərəsəsi olması halının müəyyən edilməməsi və həmin əmlaka dair subyektiv hüququnun olmaması əsası ilə iddianın mümkün sayılmaması işin hallarına uyğun olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən əsasla iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə yalnış olmuş, qeyd edilən hissədə apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda sözgüedən mənzil dövlət mülkiyyətində olmaqla, iddiaçı və onun ailə üzvlərinin adına özəlləşdirilməmiş, habelə sözügedən mənzil oder əsasında iddiaçı və onun ailə üzvlərinə verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə işin halları (həmin şəxslərin qeydiyyata alınması və s.) baxımından müvafiq icra hakimiyyəti orqanının (dövlət mülkiyyətində olduğundan) maraqlarına və digər ailə üzvlərinin hüquqlarına toxunma ehtimalının olub-olmaması hallarını əlaqəli şəkildə təhlil etməklə, habelə qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin əmlak hüquqlarının mövcud olub-olmaması halları aydınlaşdırılmaqla, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqeyə uyğun olaraq işin halları araşdırılmaqla, iddianın mümkünlüyü məsələsini digər əsaslar üzrə yoxlanılması, digər əsaslar üzrə iddia mümkün sayıldığı halda mahiyyəti üzrə baxılması məqsədəmüvafiqdir. Həmçinin, məhkəmə kollegiyası eyd edir ki, iddiaçı apellyasiya şikayətində qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İndiki halda iddianın mümkünlük məsələsi məhkəmə prosesinin istənilən mərhələsində yoxlanılmalı olduğundan həmin hissədə şikayət əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4711/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-213/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-213/2024
19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver