Məhkəmə qərarları › İş №2-1(105)-214/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-214/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-214/2023 17.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun, qeyri-yaşayış obyektləri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(118)-3104/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 0.04 və 0.05 ha torpaq sahələrində, İqriq kəndi ərazisində yerləşən 0.025 ha və 0.04 ha torpaq sahələrində və Qımılqazma kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış binaları üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********58 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş torpaq sahələrinə və qeyri-yaşayış binalarına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizədə qeyd olunan qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər və qeyri-yaşayış binalarına dair tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun adına Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 0.04 və 0.05 ha torpaq sahələrində, İqriq kəndi ərazisində yerləşən 250 kv.m və 400 kv.m torpaq sahəsində və Qımılqazma kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahələrində Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihələrdə göstərilən qeyri-yaşayış sahələrinin üzərində hüquqların dövlət qeydiyyatına alınması, Quba rayonu Alekseyevka bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış torpaq icarə müqaviləsi ilə Quba rayonu İqriq kəndi ərazisində ayrılmış 400 kv.m və 250 kv.m torpaq sahəsi, Quba rayonu Vəlvələ bələdiyyəsi ilə xx.xx.2018-ci ildə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu, Paşaoba kəndi ərazisində ayrılmış 0.05 ha və 0.06 ha torpaq sahəsi və Quba rayonu Qəçreş Bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu Qımılqazma kəndi ərazisində ayrılmış 0.06 ha torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi və müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının adına Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 0.04 və 0.05 ha torpaq sahələrində, İqriq kəndi ərazisində yerləşən 250 kv.m və 400 kv.m torpaq sahəsində və Qımılqazma kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahələrində Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihələrdə göstərilən qeyri-yaşayış sahələrinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, Quba rayonu Alekseyevka bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış torpaq icarə müqaviləsi ilə Quba rayonu İqriq kəndi ərazisində ayrılmış 400 kv.m və 250 kv.m torpaq sahəsi, Quba rayonu Vəlvələ bələdiyyəsi ilə xx.xx.2018-ci ildə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu, Paşaoba kəndi ərazisində ayrılmış 0.04 ha və 0.05 ha torpaq sahəsi və Quba rayonu Qəçreş Bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu Qımılqazma kəndi ərazisində ayrılmış 0.06 ha torpaq sahəsi üzərində icarə hüquqlarının rəsmiləşdirilməsi və müvafiq çıxarışları verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə müvafiq bələdiyyələr arasında bağlanmış icarə müqavilələrinə əsasən onun icarəsinə verilmiş torpaq sahələri üzərində icarə hüquqlarının, həmin torpaq sahələrində inşa edilmiş qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, ayrı-ayrı dövlət orqanlarından əldə edilmiş tələb olunan sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin ayrılmasına dair sənəd, yerləşdiyi ərazini əks etdirən sxem təqdim edilməmişdir. Bununla da torpaq sahəsinin yerləşdiyi yer, kateqoriyası məlum deyildir. Həmin daşınmaz əmlakın (torpaq sahəsi və tikililər) faktiki ölçüləri, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(118)-3104/2022 qərardadı ilə vəsatət təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(118)-3104/2022 qərarı ilə iddia təmin edilmiş, iddiaçının adına Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 0.04 və 0.05 ha torpaq sahələrində, İqriq kəndi ərazisində yerləşən 250 kv.m və 400 kv.m torpaq sahəsində və Qımılqazma kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahələrində Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihələrdə göstərilən qeyri yaşayış sahələrinin üzərində mülkiyyət hüquqlarının, Quba rayonu Alekseyevka bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış torpaq icarə müqaviləsi ilə Quba rayonu İqriq kəndi ərazisində ayrılmış 400 kv.m və 250 kv.m torpaq sahəsi, Quba rayonu Vəlvələ bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu Paşaoba kəndi ərasizində ayrılmış 0.04 ha və 0.05 ha torpaq sahəsi və Quba rayonu Qəçrəş bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu Qımılqazma kəndi ərasizində ayrılmış 0.06 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışların verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən tikililərin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna malik deyildir. Həmçinin, icarəyə verilmiş torpaq sahələri üzərində bələdiyyə mülkiyyət hüququna malik deyildir və bununla da həmin torpaq sahəsinə sərəncam verə bilməzdi. İddiaçı tərəfindən müvafiq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 0.04 və 0.05 ha torpaq sahələri, İqriq kəndi ərazisində yerləşən 0.025 ha və 0.04 ha torpaq sahələri və Qımılqazma kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində icarə hüquqlarının, eləcə də həmin torpaq sahələrində inşa olunmuş qeyriyaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi icarə mülkiyyət hüququnun, qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan torpaq sahələri üzərində inşa etdiyi qeyri-yaşayış sahələrini yerli icra hakimiyyəti orqanının sərəncamına əsasən inşa etmişdir. Həmin tikili hazır olduqdan sonra istismara qəbul edilməsinə dair akt olmasa da, eskiz layihə Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının müvafiq olaraq mülkiyyət və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azırbaycan Respublikası Qanununun 15-ci maddəsində maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən işin hallarını tam araşdırmamışdır. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 0.04 və 0.05 ha, İqriq kəndi ərazisində yerləşən 0.025 ha və 0.04 ha və Qımılqazma kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində icarə hüquqlarının; 2) Həmin torpaq sahələrində inşa olunmuş qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması. Məhkəmə kollegiyası birinci tələbə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddiaçı ilə Quba rayon Vəlvələ bələdiyyəsi arasında bağlanmış 17 may 2018-ci il tarixli icarə müqavilələrinə əsasən bələdiyyə mülkiyyətində olan Quba rayonu, Paşaoba kəndi ərazisində yerləşən 0.04 ha və 0.05 ha torpaq sahələrini sahibkarlıq məqsədi ilə 17 may 2018-ci il tarixdən 17 may 2023-cü il tarixədək, Quba rayon Qəçreş bələdiyyəsi arasında bağlanmış 18 may 2018-ci il tarixli icarə müqaviləsinə əsasən bələdiyyə mülkiyyətində olan Quba rayonu, Qımılqazma kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahələrini sahibkarlıq məqsədi ilə 18 may 2018-ci il tarixdən 17 may 2023-cü il tarixədək, Quba rayon Alekseyevka bələdiyyəsi arasında bağlanmış 11 iyun 2018-ci il tarixli icarə müqavilələrinə əsasən bələdiyyə mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 250 kv.m və 400 kv.m torpaq sahələrini sahibkarlıq məqsədi ilə 15 il müddətinə iddiaçının icarəsinə vermişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qeyd olunan hüquq normasının tələbindən göründüyü kimi bələdiyyə mülkiyyətində olan torpaqlar istənilən hüquq, o cümlədən icarə hüququ ilə fiziki şəxslərə bələdiyyə qərarı və müqavilə əsasında verilir. İş materiallarında Qanunun 6.2-ci maddəsində göstərilən məzmunda bələdiyyə qərarları mövcud deyildir, məhkəmə tərəfindən də müvafiq bələdiyyələrə sorğu verilərək bələdiyyə qərarlarının mövcud olub-olmaması müəyyən edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Qanunvericiliyin tələbindən göründüyü kimi hazırkı işin halları baxımından bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər, hansı ki hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməzdən əvvəl həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. İşə baxan məhkəmə bələdiyyələrin həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması, eləcə də torpaq sahələrinin hərrac və ya müsabiqə yolu ilə icarəyə verilib-verilməməsi məsələlərini araşdırılmamışdır. Həmçinin, cavabdeh iddia ərizəsinə etirazında torpaq sahəsinin ayrılmasına dair sənədin, yerləşdiyi ərazini əks etdirən sxemin təqdim edilmədiyini, bununla da torpaq sahəsinin yerləşdiyi yerin, kateqoriyasının məlum olmadığını, daşınmaz əmlakın (torpaq sahəsi və tikililər) faktiki ölçüləri, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilmədiyini qeyd etsə də, işə baxan məhkəmə cavabdehin dəlilləri ilə bağlı, ümumiyyətlə, araşdırma aparmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsində qeyd edilir ki, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız məqsədli təyinatı üzrə icarəyə verilir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən aidiyyəti qurumlara sorğular verilərək icarə müqavilələrinin əsli, torpaq sahəsinin faktiki yerləşmə sxemi, torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktı, torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının əks olunduğu müvafiq sənədlər tələb edilməli, torpaq sahəsinin kateqoriyası, eləcə də torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu təqdirdə, kənd təsərrüfatına yararlılıq dərəcəsi, torpaq sahəsindən təyinatı üzrə istifadə olunub-olunmaması, habelə torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üstə düşüb-düşməməsinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyi alınmalıdır. Kollegiya torpaq sahələrində inşa olunmuş qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu və 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair - tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə həmin tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. İstinad edilən normanı hazırki mübahisəyə tətbiq etdikdə, mübahisələndirilən qeyriyaşayış sahəsi üzərində iddiaçının müllkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün aşağıdakı hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır: -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, -istismara qəbul aktı. İşdən görünür ki, Quba rayon İcra Hakmiyyəti başçısının 28 dekabr 2018-ci il tarixli, 225 nömrəli sərəncamına əsasən iddiaçıya Quba rayonu, Paşaoba kəndində yerləşən 0.04 ha və 0.05 ha, İqriq kəndi ərazisində yerləşən 250 kv.m və 400 kv.m, Qımılqazma kəndində yerləşən 0.06 ha torpaq sahələrində sahibkarlıq fəaliyyəti məqsədilə qeyriyaşayış sahələrinin tikintisinə icazə verilmişdir. İddiaçı tərəfindən torpaq sahələrində qeyriyaşayış obyektləri inşa edilmiş və "xxxx" MMC tərəfindən həmin obyektlər 2018-ci ildə layihələndirilmiş və layihə Quba rayonu İHB-nin aparatı Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. Beləliklə, iş materiallarından yalnız müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qərarında bununla bağlı qeyri-yaşayış obyektinin istismara qəbul edilməsinə dair akt olmasa da, eskiz layihənin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edildiyini qeyd edərək həmin halı iddia tələbinin təmin edilməsi üçün yetərli hesab etmişdir. Məhkəmə qeyri-yaşayış obyektinin istismara qəbul aktının mövcud olub-olmamasını lazımi qaydada araşdırmamışdır. Halbuki, İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Kollegiya hesab edir ki, işə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd olunan xüsusatları araşdırılmaqla əldə olunan sübutlar əsasında işə hüquqi qiymət verilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(118)-3104/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun, qeyri-yaşayış obyektləri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar