Məhkəmə qərarları › İş №2-1(105)-214/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-214/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-214/2025 16.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmdova Jalə Həsən qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Teyyub qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə inzibati aktın ləğv edilməsini, ona yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə işləyərək qazandığı və fərdi şəxsi hesabında 31 yanvar 2024-cü il tarixədək olan dövr üzrə indeksasiya nəzərə alınmaqla qeydə alınmış sığorta kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin və 31 yanvar 2024-cü il tarixdən hesablanmaqla keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(118)-5965/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 İmran Hüşəm oğluna göndərilmiş 29 mart 2024-cü il tarixli, 3-17-1/2-R73058/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” məktubundan görünür ki, Mərkəzi Filial tərəfindən 1 sentyabr 2015-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, 31 yanvar 2024-cü il tarixdə daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən pensiyası yenidən hesablanaraq (cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla) 4.024,01 manat məbləğində müəyyən edilib, həmçinin ötən dövr üzrə ödənilməli olan 1.960,56 manat fərq məbləği hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, ötən dövr üzrə hesablanmış 1.960,56 manat fərq məbləği cari aydan etibarən hissə-hissə (hər ay 108,92 manat) əmək pensiyasının (4.024,01 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə inzibati aktın ləğv edilməsini, ona yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə işləyərək qazandığı və fərdi şəxsi hesabında 31 yanvar 2024-cü il tarixədək olan dövr üzrə indeksasiya nəzərə alınmaqla qeydə alınmış sığorta kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin və 31 yanvar 2024-cü il tarixdən hesablanmaqla keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək “ona 2004-cü il tarixdən pensiya təyin edildikdən sonra 2015-ci ildə yenidən pensiya təyin edilən tarixədək işlədiyi dövr ərzində qazanılmış sığorta kapitalının nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, Ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin edildikdən sonra müxtəlif sahələrdə işləməkdə davam etmişdir. Hal-hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək onun əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını və ümumi məbləğinin artmasını xahiş etmişdir. Lakin müraciəti xx.xx.2024 tarixli cavab məktubu ilə natamam təmin edilib, qeydə alınmış sığorta kapitalının yalnız bir hissəsi nəzərə alınıb. Bildirir ki, o aidiyyəti üzrə cavabdehə müraciət edəndə məqsədi sığorta kapitalı əsasında pensiyasının məbləğinin artırılmasına nail olmaq idi. İstənilən hcdda iddia tələbində haqlı olduğunu hesab edir. Çünki barəsində yenidən hesablanma hüququnun yarandığı tarixdəki qanun və bununla bağlı məhkəmə təcrübəsi tətbiq edilməlidir. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, qanunvericiliyin müddəalarına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə əmək pensiyası keçmiş üç il müddət üçün aşağıdakı qaydada hesablanmışdır: iddiaçıya əmək pensiyası təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 31 oktyabr 2019-cu il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 11.294,64 manat təşkil etmişdir. Həmin 11.294,64 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikasının Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 243 aya bölünməklə (11.294,64:243 ay (64 il 6 ay-52 il 4 ay=146 ay+97 ay (144 ay-43 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=46,48 manat) 31 yanvar 2021-ci il tarixədək (Mərkəzi Filiala müraciət etdiyi üçün 31 yanvar 2024-cü il tarixdən üç il geriyə) mövcud olmuş onun pensiyasının (2.821,64 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 2.868,12 (2.821,64+46,48) manat məbləğində hesablanmışdır. Eyni zamanda, bildirilir ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası 1 yanvar 2024-cü il tarixdən 4.024,01 manat təşkil edir. Qeyd olunanlara əsasən, iddiaçıya keçmiş müddət üçün hesablanmış 1.960,58 manat fərq məbləği cari ilin mart ayından etibarən hissə-hissə pensiyasının (4.024,01 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Bundan əlavə, iddiaçı iddia növü kimi öhdəliyin icrası haqqında iddianı seçsə də, müvafiq inzibati aktın ləğv edilməsi və yeni inzibati aktın qəbul edilməsini xahiş edir. Göründüyü kimi, iddia ərizəsindəki tələblər mübahisələndirmə və məcburetmə haqqında iddia növlərinə aiddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(118)-5965/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim K.Həbibova) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbinin aydın ifadə olunmadığı, həmçinin iclasda iddia etdiyi tələb ilə (ərizədə qeyd olunan tələbdən fərqli olaraq) əlaqədar ilk öncə cavabdeh orqana müraciət edilmədiyi üçün, aparılmış qiymətləndirmənin nəticəsi olaraq iddia mümkün hesab edilməməlidir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi onun iddia tələbini mümkünsüz hesab etmədən əvvəl İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun hərəkət etməmiş, ona iddia tələbinin dəqiqləşdirilməsi üçün ağlabatan müddət müəyyən etməmiş və məhkəmə tərəfindən aydın hesab edilməyən halların hansı hallar olduğunu müəyyən etməmiş, bununla bağlı izahat təqdim edilməsi üçün ağlabatan müddət müəyyən etmədən, onun əlavə hüquqi yardım almağı üçün şərait yaratmadan, ümumiyyətlə qeyd olunan normanın tələblərinə əməl etməyə borclu olduğu halda bunu etməmişdir. O, hüquqşünas deyil, məhkəmədə iclas zamanı fikrini bildiyi sadə formada izah etmiş və iddia ərizəsində yazılı qaydada ifadə etdiyi tələbini dəqiqliklə aydın təfsilatı ilə nədən ibarət olduğu görünür. Lakin Məhkəmə hesab etmişdir ki, aydın şəkildə ifadə edilməyən hallar və fikirlər var. Belə olan halda, ən azından ona ağlabatan müddət müəyyən etməklə hüquqi yardım alaraq Məhkəmə tərəfindən aydın olmayan halların nədən ibarət olduğunu müəyyən edib iddia ərizəsinə düzəlişlər edə bilər, əlavə izahatlar təqdim edə bilər, ən pis halda iddia ərizəsini geri götürə bilərdi. Lakin məhkəmə qeyd olunan normanın tələblərinə uyğun hərəkət etmədən onun iddia tələbimi mümkünsüz hesab etmiş, bununla da mənim məhkəmə təminatı hüququmu pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçının ilkin tələbi cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə inzibati aktın ləğv edilməsini, ona yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə işləyərək qazandığı və fərdi şəxsi hesabında 31 yanvar 2024-cü il tarixədək olan dövr üzrə indeksasiya nəzərə alınmaqla qeydə alınmış sığorta kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin və 31 yanvar 2024-cü il tarixdən hesablanmaqla keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. İşə baxan məhkəmə iddia tələbinin aydın ifadə olunmadığı əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. Belə ki, iddiaçının ilkin tələbi bir neçə hissədən ibarətdir: 1) cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə inzibati aktın ləğv edilməsi, 2) ona yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə işləyərək qazandığı və fərdi şəxsi hesabında 31 yanvar 2024-cü il tarixədək olan dövr üzrə indeksasiya nəzərə alınmaqla qeydə alınmış sığorta kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması 3) 31 yanvar 2024-cü il tarixdən hesablanmaqla keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi Bir neçə tələbdən ibarət olan iddialara münasibətdə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 10.1 və 10.2-ci bəndlərində qeyd edilir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. O da nəzərə alınmalıdır ki, iddiaçı apellyasiya məhkəməsinin iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək ona 2004-cü il tarixdə pensiya təyin edildikdən sonra 2015-ci ildə yenidən pensiya təyin edilən tarixədək işlədiyi dövr ərzində qazanılmış sığorta kapitalının nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərarı ərizə icraata qəbul edilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, məhkəmə iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edilməsi barədə izah verilməsini göstərsə də, bununla bağlı iddiaçıya vaxt verməmiş, həmçinin iddiaçının həmin hüquqi yardıma öz münasibəti əks olunmamışdır (i.v 39-protokol). İddiaçı da haqlı olaraq bunu öz apellyasiya şikayətində göstərmişdir. Halbuki İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmçinin həmin məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bundan başqa birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasını həmçinin onunlaə əsaslandırmışdır ki, iddiaçı ilk öncə cavabdeh orqana müraciət etməli olduğu halda bunu etməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh orqana müraciət edərək ona pensiya təyin edildikdən sonra qazanılmış sığorta kapitalı əsasında pensiyanın artırılmaqla yenidən hesablanmasını xahiş etmişdir. O da nəzərə alınmalıdır ki, qeyd edilən ərizədə iddiaçıya pensiya təyin edildikdən sonra qazanılmış sığorta kapitalı əsasında pensiyanın artırılmaqla yenidən hesablanması xahiş edilsə də, cavabdeh tərəfindən iddiaçıya 2015-ci ildə ikinci dəfə pensiya təyin edildiyindən sonrakı dövr yenidın hesablanmış, iddiaçıya ilk dəfə pensiyanın 2004-cü ildə təyin edilməsi nəzərə alınmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının yenidən cavabdeh orqana 2004-cü il tarixdə ona pensiya təyin edildikdən sonra, 2015-ci ilədək yəni, yenidən pensiya təyin edilən tarixədək işlədiyi dövr ərzində qazanılmış sığorta kapitalının nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etməsinə zərurət yoxdur. Göründüyü kimi işə baxan məhkəmə iddiaçının irəli sürdüyü tələblərin mümkünlüyünə düzgün hüquqi qiymət verməmiş, iddiaçıya hüquqi yardımı düzgün şəkildə etməyərək iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində addımlar atmamış, həmçinin iddiaçının cavabdeh orqana müraciətinin olmasını nəzərə almamışdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2-1(118)-5965/2024 nömrəli qərardadı ləğv edilsin və inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar