Məhkəmə qərarları › İş №2-1(105)-215/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-215/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-215/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştrak etməsi barəsində nazirliyin arxivinə məlumatın daxil olmaması barəsində araşdırmanın aparılması və araşdırmanın nəticəsi olaraq döyüş əməliyyatlarında iştrak etməsi barəsində müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1083/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx xxx 1994-cü il tarixində elan olunan ataşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirıliyinin tabeliyində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətləri barədə olan məlumatlar əsasında araşdırmanın aparılması və araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştrak etməsi, 27 saylı əmrə əsasən ehtiyata buraxılmasına dair arxiv arayışının verilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1083/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov). Qərardaddan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1083/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Sumqayıt İnzibati məhkəməsi iddianın mümkün sayılmaması barəsində qərardad qəbul etmiş və qeyd etmişdir ki, iddiaçı tələbini düzgün qoymamışdır. Halbuki məhkəmənin hüquqi yardımı əsasında iddia tələbində dəqiqləşdirmə apararaq Müdafiə Nazirliyi ilə birlikdə Arxiv İdarəsini də cavabdeh kimi qoymuşdur. Bütün bunlardan sonra məhkəmə tərəfindən belə bir əsasla iddianın mümkün sayılmaması absurddur. Belə ki, hərbi biletində bütün xidmətlərin qanuna müvafiq surətdə göstərilməsi və həmin qeydlərə əsasən Müharibə Veteranı statusunun verilməsi qanunidirsə arxivdə hərbi hissənin sənədlərinin olmaması maneə yaratmamalıdır. Hərbi hissə tərəfindən sənədlərin arxivə verilməməsi onun günahı deyildir. Bütün bunlar bir daha təsdiq edir ki, bu iş barəsində verilən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qanunsuzdur, işə mahiyyəti üzrə baxılmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİMA HİSSƏ Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1083/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanması nəticəsinə gəlir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, hazırki işin hallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərkən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin məktubundan görünür ki, iddiaçının həmin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq iddiaçıya iddia tələbinə dəqiqləşdirilmə verilməsi təklif olunmuş və iddiaçının istəyinə uyğun olan sonuncu dəqiqləşdirilmə ərizəsi xx.xx.2020-ci ildə məhkəməyə təqdim edilmişdir. İddia ərizəsinə edilmiş son dəqiqləşmədən isə görünür ki, iddiaçı N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştrak etməsi barəsində nazirliyin arxivinə məlumatın daxil olmaması barəsində araşdırmanın aparılması və araşdırmanın nəticəsi olaraq döyüş əməliyyatlarında iştrak etməsi barəsində müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və bu zaman iddiaçının cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini qoyaraq tələbini ona yönəltsə də, həmin orqana eyni tələb ilə müraciətlərinin olmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İş materiallarından göründüyü kimi iddiaçı, N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştrak etməsi barəsində nazirliyin arxivinə məlumatın daxil olmaması barəsində araşdırmanın aparılması və araşdırmanın nəticəsi olaraq döyüş əməliyyatlarında iştrak etməsi barəsində müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etməmiş və cavabdehin həmin müraciətlə bağlı imtinası olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi(publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1083/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 69, 87 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1083/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar