Məhkəmə qərarları › İş №2-1(105)-215/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-215/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-215/2022 03.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Sosial Ödənişlərin X1rşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Sosial Ödənişlərin X1rşı yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2- 1(118)-1851/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1956-cı ildə Qobustan rayonunun Sündü kəndində anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası hüququ 28.06.2021-ci il tarixdə yaranmışdır.

2. İddiaçı pensiya təyin edilməsi üçün müvafiq sənədləri təqdim edərək ona əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.

3. Cavabdeh 31.08.2021-ci il tarixli, **********7 saylı məktubu ilə iddiaçının tələb olunan 25 illik sığorta stajı olmadığına və eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunan pensiya kapitalından az olduğundan görə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığını bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 08.09.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, DSMF-nin Sosial Ödənişlərin X5 Filialının 31 avqust 2021-ci il tarixdə **********7 saylı imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 65 yaşı var. Əmək pensiyası təyin olunması üçün sənədlərini toplayıb DSMF-nun 11 saylı Regional Ərazi İdarəsnə təqdim etmişdir. Ərazi idarəsi ərizəni baxılmaq üçün DSMF-nin Sosial Ödənişlərin X5 filiala göndərmişdir. Əmək kitabçası üzrə sığorta stajı 24 il olduğundan 31 avqust 2021-ci il tarixdə **********7 saylı məktubla iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. Belə ki, iddiaçının 1971-ci ilin aprel ayından 1973-cü ilin sentyabr ayınadək və 1977-ci ilin iyul ayından 1977-ci ilin dekabr ayına kimi Sündü kənd Partiyanın XXİ qurultayı adına sovxozda işlədiyi müddət 2 il 11 ay sığorta stajına hesab olunmamışdır. Hansı ki, bu müddət üçün əmək haqlarına dair arxiv arayışları var. 1971-ci ilin aprel ayından 1973-cü ilin sentyabr ayınadək iddiaçıya ümumuyyətlə əmək kitabçası təqdim olunmamışdır. 1977-ci ilin iyul ayından 1977-ci ilin dekabr ayına kimi Sündü kənd Partiyanın XXİ qurultayı adına sovxozda işlədiyi müddətin hesablanmamasının səbəbi isə əmək kitabçasında əmrin 13 dekabr 1977-ci il kimi göstərilməsidir. Bu bir texniki səhvdir. Həmin qrafada və əmrlər kitabında əmrin verilmə tarixi 13 iyul 1977-ci il kimi göstərilir. Qeydin hansı əsasla, hansı əmrlə verildiyi qrafada isə tarix 13 12.1977-ci il kimi qeyd olunmuşdur. Bu bir texniki səhvdir. Bunlardan əlavə “Azerneft "MM-də işlədiyi 4 ay və 01.04.1974-cü ildə 01.06.1974-cü il tarixə kimi Az.Resp.havameteroloji stansiyasında işlədiyi 2 ay da sığorta stajına hesab edilməmişdir. Həmin ayların əmək haqqı cədvəlləri tapılmadığından bu aylar da sığorta stajına hesab edilməmişdir. Bunlar da iddiaçının sığorta stajına hesablanacağı halda iddiaçının 27 ildən çox sığorta stajı yaranır. Demək, DSMF-nin Sosial ödənişlərin X5 filialının 31 avqust 2021ci il tarixdə 216 32283627 saylı imtinası əsassız hesab olunmalı və iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmalıdır.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 25 il sosial sığorta stajı və ya 28800 manat pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsinin qanunazidd olduğu, həmçinin 1971-1973-cü illərə dair əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olduğu vurğulanmış və onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Etirazda müvafiq normativ-hüquqi aktlara istinad edilməklə göstərilir ki, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Daha sonra göstərilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011- ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.1.1-ci bəndinə görə, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı ümumi iş stajı 24 ildir. Belə ki, iddiaçının 1971-ci il tarixdən 1973-cü il tarixədək Şamaxı rayonu Sündü kəndi “Partiyanın XXİ qurultayı” adına sovxozda işlədiyini iddia etdiyi dövrlər arxiv arayışı ilə təsdiqləndiyindən və əmək kitabçasında öz əksini tapmadığından həmin müddətlər sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

7. Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(118)-1851/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X3 27 oktyabr 2021-ci il tarixli, 335/85 saylı Arxiv arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda iddiaçının 1971-ci ilin aprel ayından 1973-cü ilin sentyabr ayınadək Sündü kəndi Partiyanın XXİ qurultayı sovxozunda işləməsi və əmək haqqı alması öz təsdiqini tapmışdır. Arxiv arayışları nəzərə alındığı halda, iddiaçının 25 ildən artıq sosial sığorta stajı mövcuddur və o pensiya yaşına çatdığına görə ona pensiya təyin edilməlidir.

9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. İddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılan apellyasiya şikayətində göstərilir ki, iddiaçının ümümi iş stajı 24 ildir. İddiaçının 1971-ci il tarixdən 1973-cü il tarixədək Şamaxı rayonu Sündü kəndi “Partiyanın XXİ qurultayı” adına sovxozunda işlədiyini iddia etdiyi dövrlər arxiv arayışı ilə təsdiqləndiyindən və əmək kitabçasında öz əksini tapmadığından həmin müddətlər sosial sığorta stajına daxil edilməmişdir.Şikayətdə daha sonra göstərilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normative hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibəytə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

12. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

15. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

19. SSRİ Nazirlər Sovetinin 17 oktyabr 1964-cü il tarixli, 859 saylı qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinə pensiyalar təyin edilməsi və verilməsi qaydası haqqında” Əsasnamə: İş stajını aşağıdakı sənədlər sübut edə bilər a) ... arxiv idarələrinin arayışları.

20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

21. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.01.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. İş materiallarına əlavə edilmiş arayışlardan və şəxsiyyət vəsiqəsinin surətindən iddiaçının 65 yaşına çatması işin mübahisəsiz haldır, habelə cavabdeh imtinasında və apellyasiya şikayətində iddiaçının 24 il sığorta stajının olmasını mübahisələndirməmişdir.

26. Cavabdehin imtinasında iddiaçının tələb olunan 25 illik sığorta stajının olmamasına və iddiaçının arxiv arayışında göstərilən 1971-ci il tarixindən 1973-cü il tarixinədək Şamaxı rayonu Sündü kəndi “Partiyanın XXİ-ci Qurultayı” sovxozundakı fəaliyyət dövrünün əmək kitabçasında öz təsdiqini tapmamasına istinad etmişdir.

27. Cavabdehin imtinası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X3 27 oktyabr 2021-ci il tarixli, 335/85 saylı Arxiv arayışında qeyd olunan dövrün nəzərə alındığı halda, iddiaçının 25 ildən artıq sosial sığorta stajı mövcuddur və o, pensiya yaşına çatdığına görə ona pensiya təyin edilməlidir. Belə ki, həmin arayışda iddiaçının 1971-ci ilin aprel ayından 1973-cü ilin sentyabr ayında, habelə 1977-ci ilin iyul-dekabr aylarında Şamaxı rayonu Sündü kəndi “Partiyanın XXİ-ci Qurultayı” sovxozunda işlədiyi və müvafiq əmək haqqı aldığı göstərilmişdir.

28. Cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək yuxarıda göstərilən 27 oktyabr 2021-ci il tarixli, 335/85 saylı Arxiv arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir.

29. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1971-ci ilin aprel ayından 1973-cü ilin sentyabr ayınadək və 1977-ci ilin müvafiq dövrlərində Sündü kənd Partiyasının XXİ qurultayı sovxozunda işləmədiyi dövrdə qüvvədə olan qanunvericilik normaları (bu qərarın 20-ci bəndi) arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu.

30. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, əmək stajının müəyyən edilməsi zamanı arxiv arayışları iş stajını təsdiq edən sənəd qismində qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və həmin təcrübəyə əməl edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının 1971-ci ilin aprel ayından 1973-cü ilin sentyabr ayınadək Sündü kənd Partiyasının XXİ Qurultayı Sovxozunda fəaliyyətinin onun sosial sığorta stajına daxil etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.

31. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, iddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən 24 il sığorta stajı vardır (13-cü bənd). Yuxarıda qeyd edilən arxiv arayışı ilə təsdiq olunan 1971-ci ilin aprel ayından 1973cü ilin sentyabr ayınadək Sündü kənd Partiyasının XXİ qurultayı sovxozunda işlədiyi müddət də əlavə edildikdə iddiaçının 25 ildən artıq sığorta stajı olur ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya (65 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası) təyin edilməsinə əsas verir.

32. İddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(118)-1851/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar