Məhkəmə qərarları › İş №2-1(105)-215/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-215/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-215/2023 10.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(118)-1539/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filalı tərəfindən ona xx.xx.2020-ci il tarixdən müddətsiz yaşa görə müavinət təyin edilmişdir.

2. Dövlət Sosial Müdafiə Fondunun X1 əsassız ödənilmiş sosial müavinətin geri qaytarılması haqqında 14 fevral 2022-ci il tarixli 60 saylı qərarı ilə İddiaçı 09.04. 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yaranmış artıq ödəmə 2565.34 (iki min beş yüz altmış beş man.otuz dörd qəpik) manat məbləğində artıq ödənilmiş cəmi 2565.34 manat məbləğində sosial müavinət tələb edilərək 10 gün müddətində tələbkar Dövlət Sosial Müdafiə Fondunun X1 hesabına ödənilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 direktoru Ceyhun Süleymanovun xx.xx.2022-ci il tarixli, 60 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsində göstərir ki, ona, DSMF-nin Abşeron-Xızı regional filialı tərəfindən xx.xx.2020-ci il tarixdə müddətsiz yaşa görə sosial müavinət təyin edilərək ödəniş aparılmışdır. Daha sonra Filialın direktoru Ceyhun Süleymanovun xx.xx.2022-ci il tarixli, 60 nömrəli qərarı ilə ondan cəmi 2565.34 manat məbləğində müavinətin tələb edilərək 10 gün müddətində tələbkar DSMF-nin X1 hesabına köçürülməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, onun əmək fəaliyyətinin olması aşkarlanmış və bu səbəbdən də təyin olunmuş sosial müavinətin ödənilməsi dayandırılmışdır. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, bu müddət ərzində iddiaçı heç vaxt əmək fəaliyyəti ilə məşğul olmamışdır. cavabdeh qanunvericiliyin tələblərinin və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə müşaiyət olunan yuxarıda qeyd olunan qərarı ilə onun üçün qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “inzibati orqanların təsnifatı”na əsasən cavabdeh təşkilat inzibati orqan hesab edilmişdir. Odur ki, mübahisə predmeti olan inzibati aktın qəbul edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun tələblərinə diqqət yetirilməsi zəruridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə və ya vəsatətlərin verilməsində, ərizə və ya vəsatətdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.. Qanunvericilik normalarının tələbinə görə, qərar qəbul edərkən işin hallarını öz xidməti vəzifəsindən irəli gələrək araşdırılması inzibati orqanın borcudur. Obyektiv araşdırmanın prinsipi öz məzmununu onda ifadə edir ki, qərarın qəbul edilməsi üçün lazım olan araşdırmanın aparılması və faktların müəyyən edilməsi İnzibati orqanın vəzifəsidir və inzibati orqan bunun üçün məsuliyyət daşıyır. İşin halları barədə faktlar və digər sübutlar o həcmdə araşdırılmalıdır ki, qərarın qəbul edilməsi üçün inzibati orqan kifayət qədər yetərli əsaslara malik olsun. Əks halda aparılmış araşdırma qüsurla həyata keçirilmiş sayılır və onun nəticələri qanuni hesab edilmir. Cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli, 60 nömrəli qərarı iddiaçının ziyanına edilmiş fəaliyyət sayılır və qanuni hesab edilə bilməz.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

5. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, DSMF-nin Abşeron-Xızı regional filialı tərəfindən vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən müddətsiz yaşa görə sosial müavinət təyin edilərək ödənilmişdir. DSMF-nin Sosial ödənişlər departamenti tərəfindən daxil olmuş xx.xx.2021-ciil tarixli **********1 nömrəli xidməti məktuba əsasən vətəndaş İddiaçı əmək fəaliyyəti olduğu aşkar edilmiş və ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi dayandırılmışdır. Yuxarıda qeyd olunan xidməti məktuba əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir, bu Qanunun 11.1.2ci maddəsinə əsasən şəxs əmək fəaliyyətinə başladıqda müavinətin ödənişi dayandırılır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli məktubu ilə daxil olan təlimatı izahatın 5-ci bəndinə görə "Aktiv” statuslu VÖEN-i olanlara yaşa görə müavinətin təyin olunmasından imtina edilir. İddiaçı adına "Aktiv” statuslu VÖEN olduğu üçün ona artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Qeyd etmək lazımdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş arayışa əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2027-ci il tarixədək dayandırıldığına görə sosial müavinətin ödənilməsi vergi ödəyicisi kimi fəaliyyəti dayandırıldığı tarixdən bərpa edilmişdir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 11.1.2 bəndinə uyğun olaraq yaşa görə müavinət-şəxs əmək fəaliyyətinə başladıqda həmin halın yarandığı gündən dayandınlır. Bu qanunun 12-ci maddəsinin 12.1-ci bəndinə əsasən müavinət alan şəxs bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, təqaüd va kompensasiyaların təyinatını həyata keçirən müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. "İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur, inzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Beləliklə, filial İddiaçı xx.xx.2020-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək olan dövr üzrə heç bir əsas olmadan ödənilmiş 2565.34 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış, pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş, tərəflərindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

6. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(118)-1539/2022 nömrəli qərarına əsasən iddia təmin edilmişdir.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətlərinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə dair etirazla eyni məzmunda əsaslandırmış və “İnzibati icraat haqqında” Qanunun 82.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, inzibati aktın dayandırılmasına dair qərarın qəbulu işin uğurlu olacağı təqdirdə mümkündür. Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı pul tələbinin icraya yönəldilməsi haqqında qərarın qəbulunda qanunvericiliyin tələblərinə riayət etmiş və haqlı olmuşdur. Birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

12. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu Preambula - Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Maddə 1.0.1 sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 1.0.2 - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Maddə 7.0.2 yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Maddə 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. Maddə 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Maddə 10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Maddə 10.6. Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. Hazırkı mübahisənin predmeti iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 direktoru Ceyhun Süleymanovun qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 60 nömrəli qərarının ləğv edilməsindən ibarətdir.

19. Məhkəmə kollegiyası iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunan “Sosial müavinətlər haqqında” Qanunun preambulasına görə həmin qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Beləliklə, həmin qanun Göründüyü kimi, bu özündə sosial təminat sistemində sosial müavinət hüququ ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir.

20. Məhkəmə tərkibi qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinin tənzimləməsi altına düşür. Həmin maddədə aşkar olaraq göstərilir ki, artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Eyni zamanda həmin normada artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılması müəyyən olunmuşdur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş müavinətin qayatılmasından imtina edildikdə inzibati orqanın məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir.

21. Kollegiya cavabdeh inzibati orqanın etirazında və apellyasiya şikayətində istinad etdiyi “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin hazırkı mübahisəyə tətbiq edilməsinə dair dəlillərinə gəldikdə isə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanun ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının əlavə olaraq qeyd edir ki, xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmişdir və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.”

22. Konstitusiya Məhkəməsinin formalaşdırığı hüquqi mövqeni hazırki işin hallarına tətbiq etdikdə belə nəticəyə gəlinir ki, inzibati orqan kimi pensiya təyin edən orqan da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin “Sosial müavinətlər haqqında” Qanunun 12-ci maddəsi hazırkı mübahisəni tənzimləyən xüsusi normadır, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsi isə bu mübahisənin tənzimləməsində ümumi norma kimi çıxış edir. Odur ki, hazırkı mübahisəni həll etmək üçün xüsusi normalara üstünlük verilməlidir. Bu yanaşma “lex specialis derogat legi generali”, yəni xüsusi qanun ümumi qanunu ləğv edir prinsipindən irəli gəlir.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün hüquqi nəticəyə gəlindiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(118)-1539/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar