Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-215/2025 22.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qazla təmin edilməsi məqsədilə məişət qaz istifadəçisi kimi iddiaçı ilə qaz alqı-satqı müqaviləsinin bağlanması, ona məxsus olan evə yeni qaz sayğacının quraşdırılması, onun adına abonent hesabının açılması və istifadə edəcəyi qaz sərfiyyatına görə ödənişləri həyata keçirmək üçün abonent kartının tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(118)-5518/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qazla təmin edilməsi məqsədilə məişət qaz istifadəçisi kimi iddiaçı ilə qaz alqı-satqı müqaviləsinin bağlanması, ona məxsus olan evə yeni qaz sayğacının quraşdırılması, onun adına abonent hesabının açılması və istifadə edəcəyi qaz sərfiyyatına görə ödənişləri həyata keçirmək üçün abonent kartının tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbi xidmət edir, Azərbaycanın ərazi bütövlüyü uğrunda İİ Qarabağ müharibəsində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmiş, müharibə veteranıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2720 Nli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi “veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən ona 10 iyun 2023-cü il tarixli “müharibə veteranı” vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli 22 iyun 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “güzəştli ipoteka kreditinin verilməsi qaydasına” uyğun olaraq hərbiçi kimi xx.xx.2023-cü il tarixdə ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Aldığı həmin evə 2023-cü ilin may ayının ortalarında əşyalarını köçürmüş, özü Qarabağda hərbi xidmətdə olduğuna görə aldığı evdə anası yaşayır, o da məzuniyyətə çıxanda gəlib anası ilə bilirikdə yaşayır. Mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qazla təmin edilməsi məqsədilə məişət qaz istifadəçisi kimi onunla qaz alqı-satqısı barədə müqavilə bağlanması, ona məxsus olan evə yeni qaz sayğacının quraşdırılması, onun adına abonent hesabı açılması və istifadə edəcəyi qaz sərfiyyatına görə ödənişləri həyata keçirmək üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan İddiaçı məxsus evin qaz sayğacına əməkdaşlar tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, həmin ünvada (ZENNER G-4 markalı **********312 nömrəli ) qaz sayğacı işləkdir və hal-hazırda təbii qazdan istifadə olunur. Qaz sayğacı İddiaçı həyat yoldaşı X1 adına qeydiyyatdadır. Bundan əlavə bildirir ki, abonent hər il qaz sərfiyatına görə ödəniş edir, abonentin ödəniş etmək ücün smart kartla da təmin edilmişdir.Hətta 26 iyun 2023-cü il tarixdə göstərilən ünvanda qaz sayğacına qanunsuz müdaxilə olunduğu üçün köhnə sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmiş və laboratoriyanın rəyinə əsasən Pərvanə Yusifovaya 17280 m3 , yəni 2073.60 manat itirilmiş qaza görə məbləğ hesablanmışdır. Abonent sayğaca müdaxilə etməklə, qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə qaz itkisinə yol verilmişdir. Bu faktla bağlı iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilməlidir. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Qeyd olunanalara əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-5518/2024 nömrəli qərardadı ilə iddia təmin edilmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yeni mülkiyyətçisi kimi həmin mübahisəli sayğacın qüsurlu işlədilməsində təqsiri yoxdur və həmin sayğacın problemli olması səbəbindən dəyişdirilməsi niyyətindədir. Fərdi yaşayış evinin sayğacından irəli gələn problemlərin əvvəlki mülkiyyətçi X2 mülkiyətində olduğu zaman olmasını nəzərə alan məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. İddiaçının hərəkətləri nəticəsində cavabdeh təşkilata ziyanın vurulması öz təsdiqini tapmamışdır. Cavabdeh mənzilin əvvəlki sahibindən borcu tələb edə bilər. Lakin yeni mülkiyyətçi ilə müqavilənin bağlanmasından imtina etməsinin hüquqi əsası yoxdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının yaşadığı evin smart qaz sayğacının fotosu və qaz istifadəçisi kimi abonent saldosunun surəti cavabdeh tərəfindən təqdim olunmuşdur. Əvvəlki ev sahibi abonent X4 ilə təbii qazın alqı-satqısına dair müqavilə bağlanılmış və hal-hazırki dövrə kimi İddiaçı tərəfindən həmin mənzildə qazdan istifadə olunur. Vətəndaşların öz aralarında olan hər hansı mülki hüquqi razılaşmadan, yəni evin alqı-satqı olunaraq sahibinin dəyişməsindən “Azərqaz” İB məlumatlı deyildir. Həmçinin bu istehlakçı təqsirli hərəkətləri nəticəsində Azəriqaz İB-nə dəymiş zərərin ödənilməməsinə əsas vermir. Məhkəmə tərəfindən qərar çıxarılarkən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin və sübutların heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qərar çıxarılmışdır. Abonentin təbii qaza olan borcunu məhkəmə nəzərə almamış, faktiki borcun mövcud olduğu təqdirdə digər abonentlə müqavilə bağlanması barədə ‘‘Azəriqaz” İB-nin üzərinə öhdəlik qoymuşdur. Abonentin qaz sayğacının olmasına baxmayaraq yeni qaz sayğacının quraşdırılmasına, abonent hesabının açılmasına və yeni abonent kartının tərtib edilməsi barədə əsassız qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə vətəndaş İddiaçı ünvan 3 ünvanında yerləşən mənzili əldə edərkən həmin ünvanda qaz sayğacı mövcud olmuş, abonent kodu və həmçinin ödəniş qaz kartı ilə birgə təchiz olunmuşdur. Bundan əlavə həmin ünvanda xx.xx.2023-cü il tarixdə sayğaca müdaxilə olunması faktı aşkar olunduğuna görə ******* saylı akt tərtib edillərək itirilmiş 17280 m3 qaz hesablanmışdır. İtirilmiş qazın dəyəri isə 2073.60 (iki min yetmiş üc manat altmış qəpik) manat hesablanmışdır.Məhz ünvanda borc olması faktı və həmin borcun ödənilməsi ilə bağlı hər hansı rəsmi sənədin olmaması qərarın əsassız olmasına dəlalət edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 04 №li Qərarı:
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya məxsus fərdi yaşayış evinin təbii qazla təmin edilməsi məqsədilə məişət qaz istifadəçisi kimi iddiaçı ilə qaz alqı-satqısı barədə müqavilənin bağlanması, ona məxsus olan evə yeni qaz sayğacının quraşdırılması, onun adına abonent hesabı açılması və istifadə edəcəyi qaz sərfiyyatına görə ödənişləri həyata keçirmək üçün onun adına abonent kartı tərtib edilib verilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibatı hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibatı icraat haqqında" Qanun anlamında inzibatı orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-cı il tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibatı orqanların Təsnifatında göstərilməmişdir. Digər tərəfdən, cavabdeh təbii inhisar subyektidir. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1.3-cü bəndinə əsasən, elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrindən birinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə əsasən “...Dövlətin əsas sosial funksiyası insanların layiqli həyat səviyyəsini təmin etmək və cəmiyyətə xidmət etməkdir. “İctimai maraq” demokratik, hüquqi dövlətin qəti və son məqsədini təşkil edir, ictimai ehtiyacların ödənilməsinə yönələn ictimai xidmətlər inzibati, iqtisadi, sosial, elmitexniki və mədəni xidmət növlərinə ayrılır. Onların hamısına davamlılıq və sabitlik, dəyişkənlik və keyfiyyət, obyektivlik və bərabərlik, qazanc məqsədinin güdülməməsi kimi prinsiplər xasdır. Təbii qazdan istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir, ictimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Təbii inhisar müəssisələri bazara təklif etdikləri məhsulu aşağı istehsal xərcləri ilə əldə etməklə yanaşı, hamını həmin məhsulla əlçatan şərtlərlə, rəqabətsiz təmin etmək imkanına malikdirlər. Təbii inhisar müəssisələri sosial sifarişi və tələbatı rəqabətsiz təmin etdiklərinə görə dövlətin nəzarəti ilə tənzimlənən qaydada fəaliyyət göstərirlər... Təbii inhisarların ictimai məqbul davranışının təmin edilməsinin iki vasitəsi mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimlənməsi. “Təbii inhisarlar haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir. Eyni zamanda, təbii inhisar subyektləri mülki münasibətlərin də iştirakçılarıdırlar... fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar... Təbii inhisar subyekti ilə bağlanan müştəri (abonement) müqaviləsi isə normativ xarakterli aktla tənzimləndiyindən hər bır şəxs üçün standart, yəni eyni müddəa və şərtlərlə müəyyən edilir. Bu növ müqavilənin tərəfləri müəyyən qədər qeyribərabər vəziyyətdə olurlar, istehlakçı müqaviləni olduğu kımı qəbul etmək məcburiyyətində olur, onun heç bır müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilmir. Xidmətlər daxili bazarda yalnız təbii inhisarçı tərəfindən verildiyindən şəxs iradəsindən asılı olmayaraq həmin müqaviləni qəbul etmək məcburiyyəti ilə üzləşir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, təbii inhisar subyekti də bu növ müqavilələrin bağlanması zamanı tam azad deyildir. Belə ki, “Təbii inhisarlar haqqında" Qanunun 10.3-cü maddəsində göstərilmişdir ki, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Bununla da, qanunverici təbii inhisar qarşısında tələbləri (xüsusi tarif qiymətləri, müqavilə bağlamaq məcburiliyi və s.) artıraraq onunla istehlakçılar arasında imkanları eyniləşdirir. Bu baxımdan ... elektrik enerjisi istehlakçısı ilə bağlanmış müqaviləni inzibati müqavilə ... hesab etmək düzgün olmaz... Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.” İstinad edilmiş Konstitusuya Məhkəməsinin Qərarında qeyd edildiyi kimi, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş «müqavilə» anlayışından bır qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranır və fərdi (xüsusi) xarakter daşıyır. Hazırki iş uzrə də iddiaçı ilə təbii inhisar subyekti olan “Azəriqaz" İB arasındakı münasibətlər mülki hüququ münasibətləri çərçivəsində yaranmışdır və fərdi xarakter daşıyır. Bu münasibət hakimiyyət - tabeçilik prinsipi əsasında qurulmamışdır. Göründüyü kimi, indiki halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti həm xarakterinə, hüquqi təbiətinə, həm də subyekt tərkibinə görə inzibati xarakterli hüquq münasibəti kimi çıxış etməmişdir. Halbuki inzibati məhkəmə icraatının predmeti qismində məhz inzibati xarakterli hüquq münasibətləri ilə bağlı mübahisəli hallar çıxış edir. Bu baxımından hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi əsassız olmuş, apellyasiya şikayətinin dəlilləri əsasslı olmuşdur. Həmçinin, məhkəmə kolegiyası iddiaçının diqqətinə onu çatdırır ki, hazırki iş üzrə mübahisə predmeti mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisə qismində çıxış etdiyindən, idiaçının iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş birinci instansiya məhkəməsi iddianı təmin edərək səhv nəticəyə gəldiyindən, apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğvi üçün əsas hesab edilməli, nəticə etibarilə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-5518/2024 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.