Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-216/2021 29.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı onun hərbi xidmət illəri və Əmək kitabçasında qeyd olunan müəssisələrdə (“xxxx” ASC-də işlədiyi illər daxil olmadan) işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı tarixdən, yəni 01.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1210/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun 20.10.1972-22.03.1974-cü illərdə 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində 2-ci dərəcəli dülgər vəzifəsində, 09.05.1974-27.05.1976-cı illərdə Sovet Ordusunda xidmətini, 06.07.1976-cı ildə 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində fəhlə kimi 05.11.1982-ci ilə kimi, 15.07.1983-16.06.1985-ci illərdə Azərbaycan Dəmir Yolları Bakı Vaqon DEPO-da sərnişindaşıma vaqonunda bələdçi, 06.08.1986-cı il tarixdən 10.11.1987-ci il tarixə kimi 1 saylı Trestin 11 saylı Tikinti Mexanizasiya İdarəsində 3-cü dərəcəli asfalt-betonçu, 13.01.1988-ci il tarixdən 18.04.1988-ci il tarixə kimi Sumqayıt “Yaşıllaşdırma” gülçülük İdarəsində 2-ci dərəcəli bağban-fəhlə, 04.05.1988-ci il tarixdən 26.12.1988-ci il tarixə kimi MPMK 23 saylı Trestin “Aqrarsənayetikinti-2”-də 3-cü dərəcəli dülgər, 02.01.1989-cu il tarixdən 09.03.1989-cu il tarixə kimi Sumqayıt Sanitar təşviqat Evində rəssam, 13.03.1989-cu il tarixdən 02.01.1990-cı il tarixə kimi Sumqayıt “Azneftkimyazavodtəmir”in İxtisaslaşdırılmış təmir-mexanizasiya sahəsində 2-ci dərəcəli fəhlə, 01.02.1990-cı il tarixdən 20.06.1996-cı il tarixə kimi Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər X9 nəzdində mühafizə bölməsində mühafizəçi, 25.06.1996-cı il tarixdən 28.02.2006-cı ilə kimi Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində 6-cı dərəcəli avtomobil təmiri üzrə çilingər, 01.03.2006-cı il tarixdən 13.08.2009-cu il tarixə kimi “xxxx” firmasının Mexanizasiya sahəsində 6-cı dərəcəli avtomobil təmiri çilingəri kimi işlədiyi müddətlərin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edərək ona 64 yaşdan, yəni 01.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1955-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, hal-hazırda, Sumqayıt şəhərində yaşayır. O, 20.10.1972-22.03.1974-cü illərdə Sumqayıt şəhərində əmək fəaliyyətinə başlayaraq 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində 2-ci dərəcəli dülgər vəzifəsində işləmiş, 09.05.1974- 27.05.1976-cı illərdə Sovet Ordusunda xidmət etmiş, 06.07.1976-cı ildə 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində işə başlayaraq 01.09.1976-cı ildən 3-cü dərəcəli dülgər vəzifəsində işləmiş, 01.08.1979-cu ildə həmin müəssisədə 2-ci peşə-bənna sənəti üzrə 4-cü dərəcə almış və 05.11.1982-ci ildə öz xahişi ilə işdən azad olmuş, 15.07.1983-16.06.1985-ci illərdə Azərbaycan Dəmir Yolları Bakı Vaqon DEPO-da sərnişindaşıma vaqonunda bələdçi vəzifəsində işləmiş, 06.08.1986-cı il tarixdən-10.11.1987-ci il tarixə kimi 1 saylı Trestin 11 saylı Tikinti Mexanizasiya İdarəsində 3-cü dərəcəli asfalt-betonçu vəzifəsində işləmiş, 26.12.1988-ci il tarixdən 18.04.1988-ci il tarixə kimi Sumqayıt “Yaşıllaşdırma” gülçülük İdarəsində 2-ci dərəcəli bağban-fəhlə vəzifəsində işləmişəm. 04.05.1988-ci il tarixdən 26.12.1988-ci il tarixə kimi MPMK 23 saylı Trestin “Aqrarsənayetikinti-2”-də 3-cü dərəcəli dülgər vəzifəsində işləmiş, 02.01.1989-cu il tarixdən 09.03.1989-cu il tarixə kimi Sumqayıt Sanitar təşviqat Evində rəssam işində, 13.03.1989-cu il tarixdən 02.01.1990-cı il tarixə kimi Sumqayıt “Azneftkimyazavodtəmir”in İxtisaslaşdırılmış təmir mexanizasiya sahəsində 2-ci dərəcəli fəhlə vəzifəsində, 01.02.1990-cı il tarixdən 20.06.1996-cı il tarixə kimi Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər X9 nəzdində mühafizə bölməsində mühafizəçi vəzifəsində, 25.06.1996-cı il tarixdən- 02.02.1998-ci il tarixə kimi Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində 6-cı dərəcəli avtomobil təmiri üzrə çilingər vəzifəsində, 01.09.1998-ci ildə həmin mexanizasiya İdarəsi Mexanizasiya sahəsi adlandırılıb və həmin tarixdə Azərkimyatikinti trestinin və 4 N-li TTQŞ-nin bazasında yaradılmış “xxxx” ATSC-nin Mexanizasiya sahəsində 6-cı dərəcəli avtomobil təmiri üzrə çilingər kimi işləməkdə davam etmiş, 17.01.2006-cı il tarixdə “xxxx” ATSC “xxxx” ASC adlandırılıb və 28.02.2006-cı ilə kimi həmin müəssisədə işləməkdə davam etmiş və göstərilən tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olmuş, 01.03.2006-cı il tarixdən 13.08.2009cu il tarixə kimi həmin “xxxx” firmasının Mexanizasiya sahəsində 6-cı dərəcəli avtomobil təmiri çilingəri kimi işləməkdə davam etmişdir. 01.11.2019-cu ilə kimi onun ümumi 34 il 3 ay 27 gün əmək stajı vardır. Əmək pensiyası almaq ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət etmişəm. Lakin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Sumqayıt şəhər şöbəsi ərizəsini rədd edərək bildirmişdir ki, tələb olunan ümumi iş stajınız olmadığına görə yaşa görə əmək pensiyası hüququnuz yoxdur, əmək pensiyası təyin edilməsi qanuna ziddir, narazı qaldığınız halda məhkəməyə müraciət edə bilərsiniz. Ona görə də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, imtina əsassızdır. Çünki onun əmək kitabçası var, bundan əlavə işləməyini təsdiq edən sənədləri, hərbi biletini və sairə rəsmi sənədləri də cavabdehə təqdim etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirmə barədə ərizə təqdim edərək onun hərbi xidmət illəri və Əmək kitabçasında qeyd olunan müəssisələrdə (“xxxx” ASC-də işlədiyi illər daxil olmadan) işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı tarixdən, yəni 01.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1210/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. Onun qanunvericiliyə əsasən 01,05.2020-ci ildə yaşa görə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir. İddiaçı əmək kitabçasında qeyd olunan 25.06.1996-cı il tarixdən 28.02.2006-cı il tarixədək olan sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Bildirilir ki, birinci instansiya məhkəməsinə tərəflərindən verilmiş, iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrdə işləməsi ilə sorğularla əlaqədar vəsatətləri təmin edilməmiş, iddiaçının işlədiyi mübahisəli illərlə bağlı müəssisənin arxiv sənədlərinin müəyyən edilməsi və qeyd edilən dövrlərin araşdırılması üçün heç bir cəhd göstərilməməsi nəticəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz. Məhkəmənin funksiyası inzibati orqanlar tərəfindən aparılmış icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini həyata keçirməkdən ibarətdir. Eyni zamanda ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, zərurət yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı) əsli və lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilrnəyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Qeyd edilməlidir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İnzibati prosessual məcəllənin 86-cı maddəsinə əsasən sübutların araşdırılması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Məhkəmələr zərurət olduqda müəssisənin iddiaçının işlədiyi dövrlərdə mövcud olubolmamasını yoxlamalı, bununla bağlı müvafiq sorğular verməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının Sumqayıt Kimya Tikinti ASC-də işləyib-işləməməsi ilə bağlı yuxarıda qeyd olunan illərə dair sorğu verilməmiş nəticədə işin hərtərəfli və obyektiv araşdırılmaması səbəbindən əsassız qərarın qəbuluna gətirib çıxarmışdır. Bundan əlavə iddiaçının işlədiyi “xxxx” ASC-ilə bağlı verilmiş sorğuda iddiaçının 2006- 2009-cu illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda isə “Sığorta AS (hesabat)” alt sistemində İddiaçı məlumatları öz əksini tapmamışdır. Hətta iddiaçı özü qeyd olunan “xxxx” ASC-ilə bağlı məlumatların əmək kitabçasında necə yazıldığından xəbərsiz olduğunu bildirmişdir. Bütün bunlar iddiaçının əmək kitabçasındakı digər qeydlərini də şübhə altına alır. Lakin birinci instansiya məhkəməsi qeyd olunanlara əhəmiyyət verməmişdir. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının **********5 nömrəli məktubundan da məlum olduğu kimi iddiaçının məcburi sosial sığorta haqları işlədiyi “xxxx” ASC tərəfindən ödənilməmişdir. Şəxsin işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirilmişdir. Məhz bu səbəbdən qeyd olunan illərin iş stajına daxil edilməsi qanunauyğun deyildir. İddiaçı əmək kitabçasına əsasən 34 il 7 ay 3 gün iş stajının olmasına baxmayaraq onun 25.06.1996-cı il tarixdən 28.02.2006-cı il tarixədək (9 il 8 ay 3 gün) işlədiyi illərin qarşılıqlı yoxlanmasının mümkün olmaması və eyni zamanda 01.03.2006-cı il tarixdən 13.08.2009-cu il tarixədək (3 il 5 ay 12 gün) olan dövr ərzində firma tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi müddətin, yəni ümumilikdə isə 13 il 1 ay 15 gün mübahisəli iş stajını nəzərə almadıqda, onun 21 il 5 ay 18 gün iş stajı qalır. Belə olan halda isə qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı yaşa görə əmək pensiyası təyin etmək qanuna müvafiq deyildir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, 1996cı ildə İddiaçıla bir yerdə işləmişdir. Belə ki, iddiaçı Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində avtomobili çilingər vəzifəsində işləyirdi. O, isə zavodda işləyirdi. Sonra həmin idarə 1998-ci ildə Sumqayıt Kimya Tikinti ATSC adlandırılmışdır. Bundan sonra o, idarənin həyətində yükləyici vəzifəsində işləmişdir. Həmin vaxt iddiaçı da idarənin həyətində çilingər vəzifəsində işləyirdi. Həmin idarə 2006-cı ildə isə “xxxx” ASC, sonra isə “xxxx” firması adlandırılmışdır. İddiaçı həmin idarədə 2009-cu ilə qədər işləmişdir, o, isə 2014-cü ildə idarə bağlandıqdan sonra işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Sumqayıt Kimya tikinti ATSC-də 2004-cü ildə işə başlamışdır. O, mexanizasiya sahəsində mexanik, sonra isə rəis vəzifəsində işləmişdir. O, işlədiyi vaxt iddiaçı qarajda çilingər vəzifəsində işləyirdi. 2006-cı ildə “xxxx” ASC yaradıldı. Sonra isə idarə “xxxx” firması adlandırılmışdır. O, 2007-ci ildə işdən çıxmış, iddiaçı isə idarədə qalıb işləyirdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan НЗ №2278202 hərbi biletin surətindən görünür ki, İddiaçı 09.05.1974-cü il tarixdən 27.05.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ИТ-İ № ******* seriyalı 10.11.1987-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 20.10.1972-ci il tarixdən 22.03.1974-cü il tarixədək 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində, 06.07.1976-cı il tarixdən 05.11.1982-ci il tarixədək 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində, 15.07.1983-cü il tarixdən 16.06.1985-ci il tarixədək Azərbaycan Dəmir Yolları Bakı Vaqon DEPO-da, 06.08.1986-cı il tarixdən 10.11.1987-ci il tarixədək 1 saylı Trestin 11 saylı Tikinti Mexanizasiya İdarəsində, 13.01.1988-ci il tarixdən 18.04.1988-ci il tarixədək Sumqayıt “Yaşıllaşdırma” gülçülük İdarəsində, 04.05.1988-ci il tarixdən 26.12.1988-ci il tarixədək MPMK 23 saylı Trestin “Aqrarsənayetikinti-2”-də, 02.01.1989-cu il tarixdən 09.03.1989-cu il tarixədək Sumqayıt Sanitar təşviqat Evində, 13.03.1989-cu il tarixdən 02.01.1990-cı il tarixədək Sumqayıt “Azneftkimyazavodtəmir”in İxtisaslaşdırılmış təmir-mexanizasiya sahəsində, 01.02.1990-cı il tarixdən 20.06.1996-cı il tarixədək Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər X9 nəzdində mühafizə bölməsində, 25.06.1996-cı il tarixdən 28.02.2006-cı il tarixədək Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində, 01.03.2006-cı il tarixdən 13.08.2009-cu il tarixədək “xxxx” firmasında işləmişdir. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10.11.2020-ci il tarixli **********351600 saylı məktubundan görünür ki, “xxxx” ASC 09.07.1998-ci il tarixdə D 2804 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. 17.01.2006-cı il tarixdən “xxxx” ASC (VÖEN **********) adlandırılmışdır. Sorğuda qeyd edilən 17.01.2006-cı il tarixdən 28.02.2006-cı il tarixədək olan dövrdə və 01.03.2006-cı il tarixdən 13.08.2009-cu il tarixədək olan dövrdə “xxxx” ASC-nin fəaliyyəti aktiv olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 26.10.2020-ci il tarixli 111 saylı məktubundan görünür ki, Azərkimyatikinti Trestinin 1999- 2006-cı illərə dair arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin 15.05.2020-ci il tarixli **********6 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajına qarşı 21 il 02 ay 26 gün sığorta stajının olması səbəbindən iddiaçıya əmək pensiyası təyin edilməsinin qanuna zidd olması və iddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 25.06.1996-cı il tarixdən 28.02.2006-cı il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yarandığı, lakin müəssisənin arxiv sənədlərinin olmaması səbəbindən qeyd edilən dövrlərin yoxlanılmasının mümkün olmadığı göstərilmişdir. İşdən görünür ki, iddiaçı hərbi xidmət illəri və Əmək kitabçasında qeyd olunan müəssisələrdə (“xxxx” ASC-də işlədiyi illər daxil olmadan) işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı tarixdən, yəni 01.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, iş materiallarında olan И-İ ******* nömrəli Əmək kitabçasının surətindən müəyyən olunmuşdur ki, iddiaçı 1972-ci ildən 2006-cı ilə qədər müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmışdır. Eyni zamanda H3 ******* nömrəli Hərbi biletin surətindən də görünür ki, iddiaçı 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Cavabdeh təşkilatın gətirdiyi əsas arqumentlərdən biri ondan ibarət olmuşdur ki, İddiaçı 25.06.1996-cı il tarixdən 28.02.2006-cı il tarixədək sosial sığorta stajının yoxlanılmasının mümkün olmaması səbəbindən iddiaçının həqiqətən də həmin təşkilatlarda işləməsi şübhəlidir. Cavabdeh təşkilatın imtinasının bu hissəsində gətirdiyi arqumenti araşdıraraq, məhkəmə hesab etmişdir ki, müvafiq müəssisələrin sığorta haqlarının lazımi qaydada həyata keçirilməməsi səbəbindən və ya cavabdehin sosial sığorta stajının yoxlanılmasının mümkün olmaması səbəbindən iddiaçının pensiya ilə təmin edilməsi hüququ məhdudlaşdırıla bilməz. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunan maddələrin tələbləri baxımından müəyyən olunur ki, hazır ki, iş üzrə cavabdeh təşkilat DSMF-nin 1 saylı regional ərazi filialı İddiaçı Əmək kitabçasında qeyd olunan müəssisələrində işləməsi ilə bağlı təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığını sübut edə bilməmişdir. Halbuki, DSMF-nin 1 saylı regional ərazi filialı İddiaçı Əmək kitabçasında qeyd olunan müəssisələrində işləməsi ilə bağlı təqdim etdiyi sənədlərin mötəbərliyini müəyyən etməli idi. Belə olduğu təqdirdə İddiaçı Əmək kitabçasında olan qeydlər həqiqi hesab edilməlidir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatın imtinasında qeyd etdiyi bu arqumentlər də əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmək kitabçasına görə İddiaçı əmək stajı (2 il hərbi xidmət, 28 ildən çox iş stajı) 30 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64,6 yaşında, 01.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq, fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı həmin maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı 09.05.1974-cü il tarixdən 27.05.1976-cı il tarixədək hərbi xidmətdə olmuş (2 il 19 gün), əmək kitabçasına əsasən 20.10.1972-ci il tarixdən 22.03.1974-cü il tarixədək 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində (1 il 5 ay 3 gün), 06.07.1976-cı il tarixdən 05.11.1982-ci il tarixədək 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində (6 il 4 ay), 15.07.1983-cü il tarixdən 16.06.1985-ci il tarixədək Azərbaycan Dəmir Yolları Bakı Vaqon DEPO-da (1 il 11 ay 2 gün), 06.08.1986-cı il tarixdən 10.11.1987ci il tarixədək 1 saylı Trestin 11 saylı Tikinti Mexanizasiya İdarəsində (1 il 3 ay 5 gün), 13.01.1988-ci il tarixdən 18.04.1988-ci il tarixədək Sumqayıt “Yaşıllaşdırma” gülçülük İdarəsində (3 ay 6 gün), 04.05.1988-ci il tarixdən 26.12.1988-ci il tarixədək MPMK 23 saylı Trestin “Aqrarsənayetikinti-2”-də (7 ay 23 gün), 02.01.1989-cu il tarixdən 09.03.1989-cu il tarixədək Sumqayıt Sanitar təşviqat Evində (2 ay 8 gün), 13.03.1989-cu il tarixdən 02.01.1990-cı il tarixədək Sumqayıt “Azneftkimyazavodtəmir”in İxtisaslaşdırılmış təmirmexanizasiya sahəsində (9 ay 20 gün), 01.02.1990-cı il tarixdən 20.06.1996-cı il tarixədək Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər X9 nəzdində mühafizə bölməsində (6 il 4 ay 20 gün), 25.06.1996-cı il tarixdən 28.02.2006-cı il tarixədək Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində (9 il 8 ay 4 gün), 01.03.2006-cı il tarixdən 13.08.2009-cu il tarixədək “xxxx” firmasında (3 il 5 ay 13 gün) işləmişdir. Göründüyü kimi iddiaçının hərbi xidmət illəri və Əmək kitabçasında qeyd olunan müəssisələrdə (“xxxx” ASC-də işlədiyi illər daxil olmadan) 30 il 11 ay 20 gün iş stajı olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsinə əsas iddiaçının 25 il sığorta stajına qarşı 21 il 02 ay 26 gün sığorta stajının olması səbəbindən iddiaçıya əmək pensiyası təyin edilməsinin qanuna zidd olması və iddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 25.06.1996-cı il tarixdən 28.02.2006-cı il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yarandığı, lakin müəssisənin arxiv sənədlərinin olmaması səbəbindən qeyd edilən dövrlərin yoxlanılmasının mümkün olmadığı göstərilmişdir. Məhkəmə kollegiyası iddiaçının 25.06.1996-cı il tarixdən 28.02.2006-cı il tarixədək (9 il 8 ay 4 gün) Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində işlədiyi illərin qarşılıqlı yoxlanmasının mümkün olmaması ilə bağlı cavabdehin imtinasına və apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X3 ifadəsi ilə iddiaçının 25.06.1996-cı il tarixdən 28.02.2006-cı il tarixədək Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində işlədiyi təsdiq olunur. Həmçinin şahid qismində dindirilmiş adı çəkilmiş şəxslərin özlərinin həmin dövrdə Azərkimyatikinti Tresti Mexanizasiya İdarəsində işləməsi iş materiallarına əlavə edilmiş onlara məxsus əmək kitabçası ilə sübut olunur. Bundan başqa 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10.11.2020-ci il tarixli **********351600 saylı məktubundan da görünür ki, Azərkimyatikinti Trestinin bazasında yaradılmış “xxxx” ASC 09.07.1998-ci il tarixdə D 2804 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, 17.01.2006-cı il tarixdən “xxxx” ASC (VÖEN **********) adlandırılmışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası iddiaçının “xxxx” ASC-də işlədiyi 2006-2009-cu illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda “Sığorta AS (hesabat)” alt sistemində İddiaçı məlumatları öz əksini tapmadığı ilə bağlı cavabdehin apelyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı sonradan iddia tələbinin dəqiqləşdirmə barədə ərizə təqdim edərək “xxxx” ASC-də işlədiyi illər daxil olmadan onun hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Həmin Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olduğunu və 30 ildən çox iş stajının olduğunu nəzərə aldıqda ona 64,6 yaşında yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxs 1 saylı regional ərazi filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1210/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(105)-216/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-216/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver