Məhkəmə qərarları › İş №2-1(105)-216/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-216/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-216/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(118)- 311/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Komplesinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Saray bələdiyyəsinin 13 iyul 2007-ci il tarixli 13 saylı qərarı ilə Abşeron rayon Saray bələdiyyəsi ərazisində 0,06 ha torpaq sahəsi İddiaçı satılmışdır. Torpağa görə 48 saylı qəbzlə 800 manat pul ödənilmişdir. Torpaq sahəsinin satılmasını “Torpaqların alğı-satqısına dair" 11.07.2007-ci il tarixli akt təsdiq edir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 20.09.2007-ci il tarixli 278 saylı rəyi ilə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsində fərdi evin tikilməsinə görə hüquqmüəyyənedici sənədlərin verilməsinə etiraz edilmədiyi bildirilmiş və daha sonra torpaq sahəsinin plan və ölçüsü təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə 09.06.2020-ci ildə müraciət etmişdir. Cavabdeh özünün 14.07.2020-ci il tarixli ********** saylı məktubu ilə iddiaçının müraciətini təmin etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(118)-311/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməsinin 11-ci maddəsində hüquqi və fiziki şəxslərin müraciətlərində hansı məlumatların göstərilməsi dəqiq müəyyən edilmişdir. Həmin Əsasnamənin 17-ci maddəsinə görə “Bələdiyyə fiziki və hüquqi şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı” torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Həmin Əsasnamənin 22-ci maddəsinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadə ayrılması barədə (dəyəri ödənildikdə) qərar qəbul edir. Qeyd edilən hüquq normasından görünür ki, torpaq sahəsi əldə etmək istəyən şəxsin üzərinə bələdiyyəyə ərizə ilə müraciət etməkdən başqa hər hansı vəzifə, yəni müvafiq icra hakimiyyəti orqanlarından rəy almaq vəzifəsi qoymamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apellyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. İşdən görünür ki, Abşeron rayon Saray bələdiyyəsinin 13.07.2007-ci il tarixli 13 saylı qərarı ilə vətəndaş İddiaçı bələdiyyə torpaqlarının baş planına əsasən fərdi ev tikmək üçün 0.06 hektar torpaq sahəsinin satılması qərara alınmışdır. DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi barədə tərtib edilmişdir. Abşeron rayon Saray bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi barədədir. Torpaqların alğı-satqısına dair tərtib edilmiş və DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən 20.09.2007-ci il tarixdə qeydə alınmış aktdan görünür ki, həmin alğı-satqı aktı Abşeron rayon Saray bələdiyyəsi tərəfindən İddiaçı 0.06 ha torpaq sahəsinin satılması barədədir. Abşeron rayon DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2007-ci il tarixli rəydən görünür ki, Abşeron rayon Saray bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən yaşayış məntəqələrinə aid 0.06 ha torpaq sahəsi üzərində X2 hüququ qeydə alınmışdır. Cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 14.07.2020ci il tarixli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı Saray Bələdiyyəsi tərəfindən İddiaçı 0.06 ha torpaq sahəsinin 13 iyul 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alğı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 20 sentyabr 2007-ci il tarixdə verildiyi, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bundan başqa, müayinə baxışı keçirilərkən, torpaq sahəsinin təyinatına və hüquqi rejminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. “B+Ş” Audit Konsaltinq MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu Saray bələdiyyəsinin 13.07.2007-ci il tarixli 13 saylı qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin ətrafında olan məskunlaşmadan və yaşayış məntəqələrindən məlum olur ki, həmin torpaq (İddiaçı satılmış 0.06 ha ) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi deyildir. Sözügedən torpaq sahəsi X2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sənədlərində olan koordinatlar GPS aparatı vasitəsi ilə təyin olunduqdan sonra müəyyən olundu ki, İddiaçı satılmış 0.06 ha torpaq sahəsi X2 torpaq sahəsi ilə bitişik sahədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsası kimi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə istinad etmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Abşeron rayonu, Saray bələdiyyəsinin 13.07.2007-ci il tarixli, 13 nömrəli qərarı əsasən DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən 24 oktyabr 2007-ci il tarixli, A 020919 nömrə ilə verilmiş 0,06 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda (örüş sahəsində) yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Həmin Məcəllənin 12-ci maddəsinin 3-cü bəndinə əsasən, kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin Məcəllənin 12-ci maddəsinin 3-cü bəndinə əsasən, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 56-cı maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər... Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alğı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü hissəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutlardan göründüyü kimi mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, örüş sahədir. Yuxarıda sadalanan normalara əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar isə xüsusi mülkiyyətə verilə bilər. Bələdiyyənin mülkiyyətinə aid mübahisəli torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı olmaqla örüş sahə olduğundan alğı-satqı obyekti ola və xüsusi mülkiyyətə verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslıdır və imtinasını əsaslandırdığı hallar iddiaçının əldə etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Hazırkı işdən görünür ki, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən iddiaçıya fərdi yaşayış evi tikintisi üçün satılmışdır. Halbuki, yuxarıda sadalanan normalardan görünür ki, bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə icarəyə verilə bilər və kənd təsərrüfatına yararlı torpaqlar alğı-satqı obyekti ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.” “B+Ş” Audit Konsaltinq MMC tərəfindən verilmiş mütəxəssis rəyinə münasibətdə isə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qeyd olunan mütəxəssis rəyi yalnız torpaq sahəsinin ətrafında aparılmış məskunlaşmaya əsaslanmışdır. Bundan başqa, mübahisəli torpaq sahəsi ilə qonşuluqda yaşayış məntəqələrinin torpaqlarının olması iddiaçıya ayrılan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasını istisna edən hal deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün bələdiyyənin qərarına əsasən satılması qanunvericiliyə uyğun aparılmadığından mövcud iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(118)-311/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar