Məhkəmə qərarları › İş №2-1(105)-216/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-216/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-216/2023 02.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2,cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla reyesterdən çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-1(118)-2303/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 9535 nömrəli, 24 iyul 2002-cü il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən və sahəsi 0.12 ha olan 1392 saylı bağ torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 X11 tərəfindən 24 iyul 2002-ci il tarixdən X4 icarəsinə verilmişdir.

2. 2775 inventar nömrəli Azərbaycan Respublikası Sumqayıt şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu”nda Sumqayıt şəhəri, Novxanı bağ massivi 1392 ünvanda yerləşən torpaq sahəsinin ölçüsü 1200 kv.m göstərilmişdir.

3. Sumqayıt şəhər X11 tərəfindən verilmiş AA seriyalı 001922 saylı, 14 avqust 2002-ci il tarixli, CHZ seriyalı 033300 saylı, 02 iyun 2003-ci il tarixli mədaxil qəbzindən görünür ki, X6 tərəfindən 14 avqust 2002-ci il tarixdə 20400 manat, 02 iyun 2003-cü il tarixdə 11181 manat ödəniş edilmişdir.

4. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın, plan və ölçüsünün verilməsi barəədə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli bildirişlə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş “Baş sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 9535 nömrəli xx.xx.2002-ci il tarixli müqavilənin həqiqiliyinə şübhə yarandığı üçün müqavilənin verilməsinə əsas kimi qeyd olunan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın xx.xx.1996-cı il tarixli 435 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına sorğu ünvanlanmış, sorğuya cavab olaraq “Bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 435 nömrəli ümumi sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini məhdudlaşdırmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edərək qaldıraraq iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 1392 ünvanda yerləşən torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqidləşdirərək ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1392 ünvanında yerləşən 0.12ha torpaq sahəsinin üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla ona torpaq sahəsinə dair çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 24 iyul 2002-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Kommunal Təsərrüfat Birliynin X11nin 1392 nömrəli, 0,12 hektarlıq bağlıq sahəsini almışdır. Qeyd olunan bağ sahəsində 20 il ərzində zəruri abadlıq-becərmə işləri görülmüş, bağ sahəsi iki tərəfdən mişarlanmış əhəngdaşı ilə hasarlanmışdır. Ağacların becərilməsi üçün sayğaclı su xəttinin çəkilməsini təmin etmişdir. Uzun illər apardığı kultivasiya və becərmə işləri ilə bağda çoxsaylı bəzək kolları, meyvə ağacları yetişdirilmişdir. xx.xx.2022-ci il tarixdə ona və ailəsinə məxsus olan Novxanı bağ massivində yerləşən 1392 nömrəli 0,12 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planölçüsünün verilməsi ilə əlaqədar 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, ərizə ********** nömrəsi ilə qeydə alınaraq baxılmş və əsassız olaraq təmin olunmasından imtina edilmişdir. Ərizə təqdim olunarkən bağın iddiaçıya məxsus olmasını özündə əks etdirən sənədlər paketini tam şəkildə idarənin məsul şəxsinə təqdim etmişdir. İyun ayının 1-i idarənin mühəndisi X7 zəruri tədbirlərin icrası və torpaq sahəsinə yerində baxılması üçün şərait yaradılmasını xahiş etmişdir. Həmin gün sözügedən bağ sahəsinə gəlmişlər və Şahin Muxtarov özü ilə gətirdiyi xüsusi sputnik cihazından istifadə edərək əraziyə baxış keçirmiş və rəy hazırlamışdır. Şahin Muxtarov həmçinin onun, iki qonşusunun, bələdiyyə işçisinin və özünün iştirakı ilə akt tərtib edilmişdir ki, həmin bağ həqiqətən onun istifadəsindədir və qonşuları kimlərdir. Ərizənin icrası barədə telefona SMS gələcəyini bildirib Şahin Muxtarov tərtib edilən aktı özü ilə aparıb iş yerinə qaytımışdır. İdarədə ona 125 manat dövlət rüsumunun ödənilməsi bildirilmişdir. Həmin rüsum idarənin xəzinəsinə ödənilmişdir (qəbzin kserosürəti təqdim edilmişdir). Bundan 22 gün keçdiyindən və ona hər hansı SMS gəlmədiyi səbəbindən ərizənin icrası ilə maraqlandıqda məlum olmuşdur ki, ərizənin müsbət icrasından imtina olunmuşdur. Cavabdeh şəxsi mülahizəsi ilə heç bir əsas göstərmədən qanunsuz olaraq müraciətinin təmin olunmasından imtina etmişdir.

Cavabdehin etirazının dəlilləri

7. Cavabdeh etirazında xx.xx.2022-ci il tarixli bildirişin məzmununa istinad edərək göstərmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1392 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin plan ölçüsünün verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə əlavə olunmuş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 9535 nömrəli xx.xx.2002-ci il tarixli müqavilənin həqiqiliyinə şübhə yarandığı üçün, müqavilənin verilməsinə əsas kimi qeyd olunan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın xx.xx.1996-cı il tarixli 435 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına sorğu ünvanlanmış və sorğuya cavab olaraq "Bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 435 nömrəli ümumi sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdehnə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

8. Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-1(118)-2303/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh öz imtinasının dəlili kimi sözügedən torpaq sahəsinə dair müqavilənin həqiqiliyinə şübhəli olmasını göstərsə də bu şübhənin nədən ibarət olmasını, şübhənin əsaslarını qeyd etməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh orqandan icarə maqaviləsinin arxiv nüsxəsi əldə edilmiş, qeyd olunan şübhənin əsasları müəyyən edilməmişdir. Eyni zamanda həmin müqavilənin qüvvədən düşdüyü müəyyən edilməmiş, cavabdeh tərəfindən də onun qüvvədən düşdüyünü təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, Bağlar İdarəsinin xx.xx.2022-ci il tarixdə İddiaçı ilə bağladığı bağ icarə müqaviləsinin hüquqi əsası kimi komissiyanın xx.xx.1996-cı il tarixli 435 nömrəli protokolu mövcud deyildir. “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 saylı sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanıhüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır.

12. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış apellyasiya şikayətinə dair yazılı etirazda apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.

14. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

17. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli, 2186 nömrəli Sərəncamı:

18. 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram:

1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün;

19. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının icarəsinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

25. Cavabdeh imtinasında ərizəyə əlavə olunmuş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 9535 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin həqiqiliyinə şübhə yaranmasını göstərmişdir.

26. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

27. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən imtinada və etirazda torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsası kimi göstərilən hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən edən 15-ci maddədə nəzərdə tutulan hər hansı bir əsasa söykənmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.

28. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8.0.7-ci maddəsinə əsasən iddiaçının adına olan və məhkəmə araşdırması zamanı arxiv nüsxəsi də müəyyən edilən Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 9535 nömrəli, 24 iyul 2002-cü il tarixli müqavilə həmin müqavilədə göstərilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeyd alınması üçün əsas qismində çıxış edir. Qeyd edilən icarə müqaviləsinin təsdiq olunmuş surəti sorğu əsasında cavabdehin özü tərəfindən xx.xx.2022-ci il tarixli məktubla birinci instansiya məhkəməsinə təqdim olunmuş, habelə torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğu bildirilmişdir.

29. Kollegiya qeyd edir ki, məhkəmənin icraatında olmuş digər oxşar iş üzrə (X5 iddia tələbi üzrə 2-1(105)-628/2022 saylı iş) müəyyən edilmişdir ki, cavabdehin imtinasında və apellyasiya şikayətində “ümumi sərəncam” kimi göstərdiyi Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 435 saylı sərəncamı ilə “Bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamə” təsdiq edilmişdir ki, hazırkı işdə də, iddiaçının adlna müvafiq bağ sahəsinə dair icarə müaviləsi məhz həmin Əsasnamənin şərtlərinə uyğun olaraq bağlanılmışdır.

30. Beləliklə cavabdehin etirazının və apellyasiya şikayətinin oxşar dəlillərinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının adına olan müvafiq torpaq sahəsinə dair 24 iyul 2002-cü il tarixli müqavilənin mötəbərliyini şübhə altına alan hər-hansı hal, o cümlədən iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istisna edən digər hallar müəyyən edilməmişdir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından iddiaçının adına olan Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 9535 nömrəli, 24 iyul 2002cü il tarixli müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatdı aparmaqdan imtina edilməsi ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı olmamışdır.

32. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

33. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-1(118)-2303/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar