Məhkəmə qərarları › İş №2-1(105)-216/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-216/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-216/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X4, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(118)- 803/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 nömrəli qərarına əsasən İddiaçı fərdi mağaza tikintisi məqsədilə bələdiyyənin ehtiyat fondundan Xaçmaz kəndinin (şəhərinin) ərazisindən 600 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Bələdiyyə qərarı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon torpaq şöbəsi tərəfindən onun adına 18 iyul 2003-cü il tarixli, JN-0008, KOD 30201004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 11 avqust 2003-cü il tarixli, 164 nömrəli sərəncamına əsasən Xaçmaz bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 nömrəli qərarı ilə İddiaçı satılmış 600 kv.m torpaq sahəsində mağaza və ağır yük maşınlarının təmiri və servis sexlərinin tikintisinə icazə verilmişdir. Həmçinin, Xaçmaz bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan Xaçmaz Niyazoba yolunun sağ tərəfində yerləşən torpaq sahəsindən avtomobillərə texniki xidmət obyektinin tikintisi üçün 120 kv.m torpaq sahəsinin X1 qərara alınmışdır. Sözügedən 120 kv.m torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27 fevral 2008-ci il tarixdə qeydiyyata alınaraq, MH seriyalı, ******* nömrəli, **********72 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı 2018-ci ildən etibarən, bir neçə dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Xaçmaz bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 nömrəli qərarı ilə ona satılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Həmin orqan iddiaçının müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın yerində müayinəsi zamanı həmin torpaq sahəsinin 120 kv.m hissəsinin Xaçmaz bələdiyyəsinin müvafiq qərarı əsasında digər şəxsə satıldığı və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində 27 fevral 2008-ci il tarixdə qeydiyyata alındığı aşkar edilmişdir. Torpaq sahələrinin kəsişməsi nəticəsində həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. Xaçmaz bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin naturada sərhədlərinin təyin edilməsi məqsədilə bələdiyyənin nümayəndəsinin iştirakının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinə və Xaçmaz bələdiyyəsinə müvafiq məktubla müraciət edilmişdir. Bələdiyyə tərəfindən müvafiq tədbirlər görüldükdən müraciətdə qeyd olunan məsələnin həllinə qanunamüvafiq qaydada baxılacaqdır. Xaçmaz bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin naturada sərhədlərinin təyin edilməsi ilə bağlı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin bələdiyyəyə edilmiş müraciətlə əlaqədar bələdiyyənin İddiaçı ünvanladığı 11 oktyabr 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Ərazi İdarəsi tərəfindən bələdiyyənin nümayəndəsinin iştirakı ilə mübahisəli 0,06 ha və 0,012 ha torpaq sahələrinin naturada sərhədlərinin müayinəsi aparılmış və müayinə zamanı X2 120 kv.m torpaq sahəsi ilə İddiaçı satılmış 600 kv.m torpaq sahələrinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. Daşınmaz əmlak üzərində hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra, İddiaçı cavabdeh X5, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və digərlərinə qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, N-0008, KOD 30201004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında onun mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin 120 kv.m sahəsini zəbt etmiş X4 torpaq sahəsindən çıxarılması, torpaq sahəsi üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi, sahənin boşaldılması və ona qaytarılması, dövlət reyestrindən S.S.Mahmudovun adına verilmiş torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatı barədə çıxarışın ləğv edilməsi və cavabdehlərdən maddi və mənəvi zərərin əvəzinin tutulub ona verilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(067)-245/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(105)-439/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(067)-245/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2020-ci il tarixli, 2(102)-3609/2020 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 2(105)- 439/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhkəməsi aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməməsinə dair hüquqi mövqeyi ilə razılaşaraq bildirmişdir ki, iddiaçı müvafiq torpaq sahəsinə dair cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş mülkiyyət hüququ barədə çıxarışın ləğvini xahiş etsə də, onun verilməsinə əsas olan Xaçmaz bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarını mübahisələndirməmişdir. Nə qədər ki, bələdiyyənin həmin qərarı qüvvədədir, belə olan halda dövlət reyestrindən verilmiş çıxarışın özü ləğv edilə bilməz. Bundan sonra İddiaçı cavabdeh Xaçmaz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X4 adına 120 kv.m. torpaq sahəsinin ayrılmasına dair Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarının, həmin qərar əsasında verilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən həmin sahədə aparılmış qanunsuz tikilinin sökülməsi və əvvəlki vəziyyətinə qaytarılmaqla onun əməli istifadəsinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, bundan sonra o, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X4 adına Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xaçmaz bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 saylı qərarı ilə ona satılmış 600 kv.m torpaq sahəsində tikinti işlərinə başlamış, bünövrə atmış, 8 kubik daşı hündürlüyü tikili inşa etmişdir. Qeyd edilən torpaq sahəsi ona qanuni əsaslarla verilməsinə baxmayaraq, cavabdeh bələdiyyə həmin sahəni müxtəlif qərarlar qəbul etməklə, 3 dəfə ayrı-ayrı şəxslərə satmışdır. İddiaçının bununla bağlı, məhkəməyə müraciəti ilə əlaqədar həmin qərarlar qanunsuz hesab edilməklə, onun hüquqları bərpa edilmişdir. Lakin, cavabdeh bələdiyyə yenə də qanunsuz hərəkətlərini davam etdirməklə, ona satılmış həmin torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə X5 120 kv.m torpaq sahəsi satmışdır. Torpaq sahəsi S.S.Mahmudova satılsa da, həmin torpaq sahəsinin ilkin xəritəsi verilməmişdir. İddiaçıya bu barədə məlumat yalnız həmin torpaq sahəsi üzərində hüququn qeydə alınması ilə bağlı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur. S.S.Mahmudov ona satılmış 120 kv.m torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydə alındığını əsas gətirərək iddiaçıya məxsus torpaq sahəsini 20 kv.m ölçüdə zəbt edərək avtomobil təmiri sexinin tikintisini aparmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilən “cavabdeh bələdiyyə torpaq sahəsinin müxtəlif qərarlarla 3 dəfə ayrı-ayrı şəxslərə satılması olması və məhkəmə aktları əsasında həmin qərarların qanunsuz hesab edilərək onun hüquqlarının bərpa edilməsi barədə” Xaçmaz bələdiyyəsində heç bir məhkəmə qərarı və ya hər hansı bir digər məlumat yoxdur. Hesab edir ki, iddia tələbi qanunsuzdur. Belə ki, X5 120 kv.m torpaq sahəsinin ayrılmasına dair Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarında həmin qərarın iddiaçıya 600 kv.m torpaq sahəsinin satılmasına dair bələdiyyənin xx.xx.2003-cü il tarixli, 02 saylı qərarına aidiyyatı olması barədə heç bir qeyd (cümlə) yoxdur. Belə ki, iddia ərizəsində göstərildiyi kimi iddiaçıya Xaçmaz bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli qərarı ilə satılmış 600 kv.m torpaq sahəsinin mülkiyyət hüquqlarını təsdiqləyən JN-0008, KOD 30201004 nömrəli Dövlət Aktı 23 iyul 2003-cü il tarixdə verilmiş, S.Mahmudova isə xx.xx.2008-ci il tarixdə MH seriyalı, ******* saylı çıxarış verilmişdir. Belə olan halda, AR MM-nin 152-ci maddəsində göstərildiyi kimi mülkiyyət hüquqları olan hər iki şəxsin onların özlərinə mənsub olduqları əmlaklarından istifadə etmək, sahiblik etmək və sərəncam verməkdə Xaçmaz bələdiyyəsinə heç bir aidiyyatı yoxdur. İndiki halda, hər iki mülkiyyətçi eyni hüquqa malik olduqları halda, birinə 20 il əvvəl, digərinə isə 4 ildən sonra qonşuluqdakı ərazidən torpaq sahəsi ayrılması haqqında verilmiş bələdiyyə qərarının ləğv edilməsi barədə heç birinin digərinə qarşı iddia qaldırmasını doğru hesab etmirlər. Bundan əlavə, iddiaçı ilə S.Mahmudov arasında olmuş hazırkı torpaq sahəsinə görə mülki mübahisələrlə əlaqədar Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 avqust 2019-cu il tarixli, 2(067)- 245/2019 nömrəli qətnaməsi ilə iddiaçının tələbi təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, ona Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə satılmış 120 kv.m torpaq sahəsi xx.xx.2008-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Hesab edir ki, iddiaçının tələbində istinad etdiyi 600 kv.m torpaq sahəsinin 15 ildir ki, onun faktiki istifadəsində olan 120 kv.m torpaq sahəsi və orada inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. İddiaçı ilə onun torpaq sahəsi arasında 20-30 il bundan əvvəl qazılmış köhnə xəndək hal-hazırda da öz yerində mövcud olmaqdadır. 2019-cu ildən başlayaraq iddiaçının hazırkı məsələ ilə bağlı iddiasına Xaçmaz Rayon Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi və son olaraq xx.xx.2020-ci il tarixli, 2(102)-3609/2020 nömrəli qərarla Azərbaycan Respublikası Ali Məhkəməsində baxılaraq onun iddia tələbi təmin edilməmişdir. Ona görə də hesab edir ki, iddiaçının hazırkı tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(118)-803/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi uzun illər iddiaçının istifadəsində olmuş, cavabdeh bələdiyyə həmin torpaq sahəsinin başqa şəxsin istifadəsində olması ilə bağlı məlumatlı olduğu halda, əsassız olaraq həmin sahəyə dair üçüncü şəxsin adına qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə əlaqadər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5922 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə üçüncü şəxsin xüsusi mülkiyyətində olan 120 kv.m torpaq sahəsinin koordinatlarının iddiaçının mülkiyyətində olan JN-0008 saylı, 30201004 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” nın koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu halın məlum olması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuzdur və bu səbəbdən, ləğv edilməlidir. Belə ki, o, bələdiyyə orqanına müraciət edərək qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün 120 kv.m torpaq sahəsinin ona satılmasını xahiş etmiş, bələdiyyənin hesabına pul ödəməklə həmin sahəni əldə etmiş, bələdiyyənin səlahiyyətli nümayəndəsi tərəfindən həmin torpaq sahəsi yerində ölçülərək ona təhkim edilmiş və sonradan müvafiq çıxarış, plan və ölçü sənədi əldə etmişdir. İş materiallarında olan Xaçmaz bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 saylı qərarının surətindən görünür ki, həmin qərarla Xaçmaz-Niyazabad yolunun sol tərəfi ərazisindən 600 kv.m torpaq sahəsinin iddiaçıya satılmasına icazə verilmişdir. Bələdiyyə qərarında iddiaçıya satılan torpaq sahəsinin Xaçmaz-Niyazabad yolunun sol tərəfində yerləşdiyi göstərildiyi halda, iddiaçı yolun sağ tərəfində yerləşən torpaq sahəsinə iddia edir. Bundan əlavə, iddiaçının adına 13 mart 2003-cü il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, həmin akt DT və XK-nin Xaçmaz rayon şöbəsinin imzası və torpaq şöbəsinin möhürü ilə təsdiqlənməmişdir, həmçinin, iddiaçıya satılan torpaq sahəsinə dair DT və XK Xaçmaz rayon şöbəsinin müsbət rəyi xx.xx.2003-cü il tarixdə verildiyi halda, sahənin satılmasına dair Xaçmaz bələdiyyəsinin qərarı rəydən bir gün əvvəl - 18 fevral 2003-cü tarixdə qəbul edilmişdir. İddiaçının adına verilmiş JN-0008, KOD 30201004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının dövlət reyestrinə təhvil verilmiş kitablarda qeydiyyata alınıb-alınmadığı da məlum deyildir. Qeyd edilənlərlə yanaşı, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının 21 avqust 2023-cü il tarixli ekspert rəyi ilə razı deyil. Belə ki, ekspert hər hansı araşdırma və yaxud tədqiqat aparmadan mütəxəssis rəyində göstərilənləri öz “rəy” inə köçürmüşdür. Digər tərəfdən, onun adına 120 kv.m torpaq sahəsinə dair müvafiq sənədlər hazırlanarkən iddiaçının mübahisəli 600 kv.m torpaq sahəsinə hüququ dövlət reyestrində qeydiyyata alınmış olsaydı, onun adına həmin ərazinin bir hissəsi olaraq 120 kv.m torpaq sahəsinə reyestrdən hər hansı bir çıxarış verilməzdi. Qeyd edir ki, ona məxsus 120 kv.m torpaq sahəsinin yerləşdiyi ərazidə boş olan 600 kv.m torpaq sahəsi yoxdur, onun torpaq sahəsi iddiaçının torpaq sahəsindən əvvəldən mövcud olan xəndəklə təcrid olunmuşdur. Qeyd edilənlərdən əlavə, iddiaçı Xaçmaz bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli, 02 saylı qərarından 2018-ci ildən məlumatlı olmuş, lakin həmin qərarı qanunla nəzərdə tutulmuş 1 ay müddətində mübahisələndirməmiş, 4 il 6 aydan sonra məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçı hazırkı tələb üzrə iddia müddətini ötürmüşdür. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz və üçüncü şəxsin apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı hər iki apellyasiya şikayətinə yazılı etiraz edərək qeyd etmişdir ki, apellyasiya şikayətlərində göstərilən 600 kv.m torpaq sahəsinin ona Xaçmaz-Niyazabad yolunun sol tərəfindən ayrılmasına dair qeyd edilənləri əsassız sayaraq bildirir ki, yolun sol tərəfinin ona ayrılan torpaq sahəsinə aidiyyatı yoxdur. Bundan əlavə, bələdiyyə qərarı ilə üçüncü şəxsə ayrılmış 120 kv.m torpaq sahəsinə dair ilkin xəritə verilmədiyindən iş üzrə müvafiq xüsusatlara hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti ekspertizası təyin edilmiş və bu barədə ekspert rəyi verilmişdir. Torpaq sahəsinə dair baxış keçirilməsi barədə məhkəmə tərəfindən üçüncü şəxsə 3 dəfə bildiriş göndərilsə də, həmin tərəf yerli baxışda iştirak etməmişdir. Habelə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, 0,06 ha torpaq sahəsinə dair JN-0008, KOD 30201004 nömrəli Dövlət Aktına aid məlumatlar elektron bazada mövcuddur. Bununla da, aydın olur ki, apellyasiya şikayətləri formal olaraq tərtib edilmişdir. Cavabdeh bələdiyyə ona məxsus olan torpaq sahəsini bilərəkdən üçüncü şəxsə satmışdırsa, onun hərəkətlərində Cinayət Məcəlləsinin 188-ci maddəsinin tərkib əlamətləri vardır. Bununla bağlı, Xaçmaz Rayon Polis Şöbəsinə müraciəti ilə əlaqədar aparılan təhqiqat araşdırmasından məlum olmuşdur ki, materialda CM-nin 188-ci maddəsinin tərkibi mövcuddur. Belə olan halda, MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Həmçinin, qeyd edir ki, ona giriş-çıxış üçün qoyulan 10 kv.m torpaq sahəsi də üçüncü şəxsin istifadəsindədir. Üçüncü şəxs torpaq sahəsindən çıxarılarkən bu hissə də nəzərə alınmalıdır. Hətta, DİN BDYP tərəfindən ona qadağa qoyulan 25 kv.m. sahə ona məxsus torpaq sahəsinin qarşısında boş olaraq saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və apellyasiya şikayətlərinə etirazla eyni məzmunda izahat verərək şikayətlərin təmin olunmamasını xahiş etmişdir. İddiaçı, həmçinin, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Xaçmaz bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və apellyasiya şikayətlərinə etirazla eyni məzmunda izahat verərək şikayətlərin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 145. Bələdiyyələrin qərarları İ. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. İİ. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İİİ. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Maddə 150. Bələdiyyə aktları İ. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 16. Bələdiyyənin iclası (-)

4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. (-) Maddə 48. Bələdiyyə qərarlarının məcburiliyi

1. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. (-)

3. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.

4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. (-) 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. (-)

Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: 15-ci bənd. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. 16-cı bənd. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: (-) 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (-) 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 36. Müəyyən etmə və ya tanınma haqqında iddia 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası, ilk növbədə, iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı bələdiyyə qərarının etibarsızlığının tanınmasıdır. İşdən göründüyü kimi, iddiaçının ilkin tələbi də Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarının məhz etibarsız hesab edilməsi barədə olmuş, daha sonra birinci instansiya məhkəməsinin yardımından sonra iddiaçı tələbini dəqiqləşdirərək, həmin bələdiyyə qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində icraat zamanı, kollegiya tərəfindən iddiaçıya bu istiqamətdə hüququ yardım edilərək, tələbin dəqiqləşdirilməsi təklif edilmiş və iddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Xaçmaz bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 nömrəli qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, işin müəyyən edilən hallarından göründüyü kimi Xaçmaz bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 nömrəli qərarı ilə iddiaçıya fərdi mağaza tikintisi məqsədilə bələdiyyənin ehtiyat fondundan 600 kv.m torpaq sahəsi ayrılmış, bundan sonra həmin torpaq sahəsinə dair DTXK-nin Xaçmaz rayon torpaq şöbəsi tərəfindən onun adına 18 iyul 2003-cü il tarixli, JN-0008, KOD 30201004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Hazırda həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Sözügedən torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada iddiaçının mülkiyyətində olmasına baxmayaraq, bələdiyyənin 28 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarı ilə bələdiyyə fonduna daxil olmayan, iddiaçının xüsusi mülkiyyətində olan həmin 600 kv.m torpaq sahəsinin bir hissəsinə - 120 kv.m hissəsinə sərəncam verilərək, avtomobillərə texniki xidmət obyektinin tikintisi üçün X1 qərara alınmışdır. İşin qeyd edilən xüsusatı hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsində alınmış mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 avqust 2023-cü il tarixli, 10/5922 nömrəli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş müvafiq mütəxəssis rəyinə əsasən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi və üçüncü şəxsin mülkiyyətində olan Xaçmaz-Niyazabad yolunun sağ tərəfindən yerləşən 0,012 ha torpaq sahəsi qonşuluqda yerləşir və elektron xəritə məlumatlarına əsasən həmin sahələrin cizgiləri bütünlükdə üst-üstə düşür. Ekspert rəyindən müəyyən edildiyi kimi bələdiyyə qərarı ilə üçüncü şəxsə ayrılmış 0,012 ha torpaq sahəsi bütövlükdə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Bu isə bir daha təsdiq edir ki, cavabdeh bələdiyyə səlahiyyəti olmadığı halda, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam verərək onun bir hissəsini, yəni 120 kv m sahənin üçüncü şəxsə ayrılması barədə inzibati akt qəbul etmişdir. Halbuki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Həmin maddənin ikinci bəndinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Qeyd olunan normaların tələblərindən göründüyü kimi dövlət mülkiyyətində olan, habelə xüsusi mülkiyyətə verilən torpaq sahələri bələdiyyə mülkiyyətinə verilən torpaqlardan istisna edilmiş, xüsusi mülkiyyətdəki sahələr üzərində hüquq subyekti kimi vətəndaşlar və hüquqi şəxslər, bələdiyyə mülkiyyətindəki sahələrin hüquq subyekti isə bələdiyyələr qəbul edilmişdir. Yəni, bələdiyyələr yalnız öz mülkiyyətlərində olan torpaq sahələri üzərində sərəncam vermək səlahiyyətinə malikdilər. Hazırkı işin hallarından isə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə bələdiyyə tərəfindən sərəncam verilərək, 120 kv.m torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə ayrılması barədə inzibati akt qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati aktlar əsasən səlahiyyət, forma, səbəb, məzmun və məqsəd ünsürlərinin vəhdətindən ibarət olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadının 27-ci bəndində göstərilmişdir ki, səlahiyyət inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Kollegiya hesab edir ki, torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair qərar səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilən inzibati akt kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən 64-cü və 65-ci maddələrinin tələblərindən göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, 65.1-ci maddədə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. 65.1.2-ci maddənin tələbləri baxımından müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, torpaq sahəsinin üçüncü şəxsə satılmasına dair Xaçmaz bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarı səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən onun etibarsızlığı tanınmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, hər iki apellyasiya şikayətində ekspert rəyinin iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə eyni məzmunda tərtib edildiyi, habelə bələdiyyə qərarında iddiaçıya ayrılmış sahənin Xaçmaz- Niyazabad yolunun sol tərəfində yerləşdiyi göstərildiyi halda, iddiaçının yolun sağ tərəfində yerləşən sahəyə iddia etdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası şikayətin qeyd edilən dəlillərini əsassız sayaraq bildirir ki, əvvəla, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” nin 2.0 və 2.0.2-ci bəndlərinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. Digər tərəfdən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq ərazi idarələrinin inzibati praktikasından məlumdur ki, elektron məlumat bazası məhz həmin orqanlardadır. Odur ki, daşınmaz əmlakların texniki inventarlaşdırılması və texniki sənədlərin tərtibi məhz ərazi idarələrinin səlahiyyətlərinə aid edildiyindən, daşınmaz əmlakın yerində müayinəsi, ölçüsü və digər əmlaklarla üst-üstə düşüb-düşməməsi ilə bağlı xüsusi bilik tələb edən sualların cavablandırıldığı mütəxəssis rəyi də mötəbər sübut sayılmaqla, məhkəmə araşdırmasının əhəmiyyəti baxımından kifayət edir. Hazırkı iş üzrə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 31 iyul 2023-cü il tarixdə məhkəməyə mütəxəssis rəyi təqdim edilmiş və həmin rəy əsasında ekspert rəyi verilmişdir. Bununla yanaşı, müvafiq torpaq sahəsinin harada yerləşməsi yalnız onun döngə nöqtələrinin koordinatlarının təsbit edildiyi müvafiq sənədlər əsasında müəyyənləşdirilə bilər. Hansı ki, bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsinin koordinatları da onun adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş, bu koordinatlar əsasında həmin torpaq sahəsinin yeri müəyyənləşdirilərək üçüncü şəxsə ayrılmış 0,012 ha torpaq sahəsinin həmin sahənin hüdudları daxilində yerləşdiyinə dair ekspert rəyi verilmişdir. Eyni zamanda kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində ekspert rəyi ilə müəyyən edilən hallar mübahisələndirilsə də, cavabdehin özünün iddiaçıya ünvanladığı yuxarıda qeyd olunan 11 oktyabr 2018-ci il tarixli məktubunda DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən iddiaçı və üçüncü şəxsə məxsus mübahisəli 0,06 ha və 0,012 ha torpaq sahələrinin naturada sərhədlərinin müayinəsinin aparılması nəticəsində həmin torpaq sahələrinin koordinatlarının üst-üstə düşdüyünün müəyyən edildiyini bildirmiş və bu baxımdan, iddiaçıya daşınmaz əmlak üzərində hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Apellyasiya şikayətinin digər dəlili hazırkı iddianın iddia müddəti ötürülməklə verildiyi olmuşdur. Bununla bağlı, kollegiya qeyd edir ki, dəqiqləşmiş iddia tələbi inzibati aktın etibarsız sayılmasına dair iddia olduğundan növünə görə müəyyən etmə və ya tanınma haqqında iddiaya aiddir. İnzibati prosessual qanunvericilikdə isə inzibati aktın etibarsızlığının tanınmasa haqqında iddiaya dair xüsusi mümkünlük şərti olaraq iddia müddəti nəzərdə tutulmamışdır. Cavabdeh və üçüncü şəxs şikayətlərin növbəti dəlillərində iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Xaçmaz bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 nömrəli qərarı qəbul edilərkən qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalara əməl edilməməsi: torpaqların alqı-satqısına dair aktın DT və XK-nin Xaçmaz rayon şöbəsinin imzası və torpaq şöbəsinin möhürü ilə təsdiqlənməməsi, bələdiyyə qərarının DT və XK-nin Xaçmaz rayon şöbəsinin torpaq sahəsinin ayrılmasına dair rəyindən bir gün əvvəl qəbul edilməsini bildirmişlər. Kollegiya şikayətlərin həmin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı mübahisə predmeti iddiaçıya torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarının deyil, məhz üçüncü şəxs barəsində qəbul edilmiş Xaçmaz bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarının etibarlılığı məsələsidir. Bu baxımdan, kollegiya şikayətin sözügedən dəlillərini əsassız hesab edir. İddiaçının adına “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının qeydiyyat kitablarında qeydiyyata alınmaması dəlilini də əsassız hesab edən kollegiya bildirir ki, əvvəla, Dövlət Aktlarının qeydiyyat kitabı adından da göründüyü kimi, aktların qeydiyyatı aparılan kitab olmaqla, hüquqmüəyyənedici sənəd deyildir. İddiaçının 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.1, 8.0.5-ci maddəsi, eləcə də Mülki Məcəllənin 139-1.1.1, 139-1.1.5-ci maddəsindən irəli gələn hüquqmüəyyənedici sənədlərə - Xaçmaz bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 nömrəli qərarına, həmçinin, 18 iyul 2003-cü il tarixli, JN-0008, KOD 30201004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsaslanır. Digər tərəfdən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış 14 yanvar və 07 may 2021-ci il tarixli məktublardan görünür ki, onun adına sözügedən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına aid məlumatlar elektron bazada mövcuddur. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqıa birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Xaçmaz bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarı etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(118)-803/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Xaçmaz bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarı etibarsız hesab edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar