Məhkəmə qərarları › İş №2-1(105)-217/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-217/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-217/2021 25.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X15, vəkili X9, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X13, onun nümayəndəsi X10, Cavabdehin və üçüncü şəxsin vəkili və nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri X4rşı (üçüncü şəxs X17) 31 oktyabr 2019-cu il tarixli 11 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2-1(118)-495/2020 saylı qərarından cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhəri X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan 2 saylı mənzilin həyətyanı torpaq sahəsinin 466 kvadrat metrlik hissəsinin X13 mülkiyyətinə ayrılması barədə X5 31 oktyabr 2019-cu il tarixli 11 saylı qəraınn ləğv edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil iddiaçının qardaşı X16 tərəfindən tutulduğundan, o iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək qardaşının ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan mənzildən çıxarılmaları və mənzilin açarlarının təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2(060)-215/2018 saylı qətnaməsi ilə onun iddia tələbi təmin olunsa da, cavabdehlərin ona qarşı verdikləri qarşılıqlı iddia ərizəsi də qismən təmin olunaraq cavabdehlər tərəfindən mənzilin təmirinə çəkilmiş xərc kimi ondan 7669 manat pul vəsaitinin tutularaq cavabdehlərə ödənilməsi qət olunmuşdur. Həmin məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(105)-2920/2018 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2(060)-215/2018 saylı qətnaməsi qarşılıqlı iddia ərizəsinin qismən təmin olunduğu hissədə ləğv edilərək qarşılıqlı iddia əizəsi tamamilə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(102)-538/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(105)-2920/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisələndirilən yaşayış sahəsi sənəddə mənzil kimi olsa da, faktiki olaraq isə həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evi kimidir. Belə ki, həmin ərazidə vətəndaşlara verilmiş mənzillər birmərtəbəli olduğundan və hər mənzilin ətrafında boş torpaq sahələri olduğundan, o da daxil olmaqla mənzil sahibləri sonradan həmin torpaq sahələrini hasarlayaraq və darvaza qoyaraq faktiki sahibliklərinə götürmüşlər. Mübahisələndirilən mənzil də tərəfindən hasarlanmış və bir darvazası olan torpaq sahəsinin içərisində yerləşir. Məhkəmə mübahisəsi getdiyi dövrdə X16 X5 işçiləri ilə əlaqəyə girərək onun xüsusi mülkiyyətində olan mənzilin yerləşdiyi hasar daxilində olan torpaq sahəsinin bir hissəsini qanunsuz şəkildə öz adına sənədləşdirmişdir. Bu səbəbdən yuxarıda adı çəkilən məhkəmə qətnaməsi icra edilməmişdir. Belə ki, X16 həyətə yeganə giriş olan darvaza hissəsindən içəridə torpağın bir hissəsini çəpərlədiyindən və darvazadan içəri daxil olmağına imkan vermədiyindən, o mənzilinə giriş edə bilmir. Bununla bağlı onun sorğusuna X5 verdiyi 12 dekabr 2019-cu il tarixli, 208 cavab məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin həyətyanı torpaq sahəsinin 466 kvadrat metrlik hissəsi X5 31 oktyabr 2019-cu il tarixli 11 saylı qərarı ilə X13 mülkiyyətinə verilərək onunla bələdiyyə arasında torpağın alqı-satqısı müqaviləsi bağlanılmışdır. Halbuki, yuxarıda adı çəkilən məhkəmə işinin icraatı aparılarkən o bələdiyyədə olaraq onunla X16 arasında yaranmış mübahisə barədə məlumat verərək bələdiyyə tərəfindən torpaq sahəsinə dair hər hansı qanunsuz əməllərə yol verilməməsi barədə xəbərdarlıq etmişdir. Təəssüf ki, onun xəbərdarlıq etməyinə baxmayaraq, X5 rəsmiləri onun xüsusi mülkiyyətində olan mənzilin hasar daxilində yerləşən torpaq sahəsini qanunsuz şəkildə başqa şəxsə satmışlar. O bu işlə bağlı X2muş və torpağın onun sahibliyində olduğunu bildirsə də, onun bu müraciəti heç bir nəticə verməmişdir. Bundan sonra artıq o, torpağın başqa şəxsərə satıldığına və bələdiyyənin ona torpağı qaytarmayacağına əmin olduğundan, məhkəməyə müraciət etməyi qərara almışdır. Belə ki, X3suzluğa yol verərək ona məxsus torpaq sahəsini başqa şəxsə satmışdır. O, X5 bu hərəkətlərini qanunsuz hesab edir, çünki bununla onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh torpaq sahəsinə yerində baxış keçirmədən, həmin torpaq sahəsində yerləşən evin kimə məxsus olmasını aydınlaşdırmadan, torpaq sahəsinin hasarın daxilində yerləşməsini və X13 həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmamasını nəzərə almadan ona məxsus torpaq sahəsini qanunsuz şəkildə başqasının mülkiyyətinə vermişdir. Bu səbəbdən cavabdehin yol verdiyi qanunsuzluqlar birbaşa onun hüquq və qanuni mənafeyinə toxunduğundan, məhkəməyə müraciət etməyə və yol verilmiş qanun pozuntularının aradan qaldırılaraq hüquqlarının bərpasını tələb etməyə məcbur olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2-1(118)-495/2020 saylı qərardadı ilə X16 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(118)-495/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi torpaq islahatı nəticəsində X5 mülkiyyətinə verilmiş və bələdiyyənin ehtiyat torpaq fonduna aid edilmiş torpaq sahəsidir və müvafiq torpaqayırma sənədlərində bələdiyyənin ehtiyat torpaq fondunun torpağı kimi nəzərdə tutulmuşdur.Belə ki,iş materiallarında olan sənədlərdən də görünür ki, iş üzrə üçüncü şəxs ünvan 2 ünvanında qeydiyyatda olan X16 ərizə ilə X8 müraciət edərək qəsəbə ərazisində yerləşən sahəsi 475 kvadrat metr olan torpaq sahəsinin qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq mülkiyyətinə verilməsini xahiş etmişdir. Adı çəkilən ərizə əsasında X12 tərəfindən 24 dekabr 2018-ci il tarixli, 260 saylı məktubla Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə müraciət olunaraq müvafiq rəyin verilməsi xahiş olunmuşdur. X5 müraciətinə cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 08 fevral 2019-cu il tarixli,12 saylı rəy verilərək Hacı Zeynalabdin qəsəbəsi ərazisində fərdi yaşayış tikintisi məqsədi ilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerquruluşu, təsərrüfat planına və baş plana uyğun olan 475 kvadrat metr torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra X12 tərəfindən 28 fevral 2019-cu il tarixli, 02 saylı qərar qəbul edilərək sözügedən torpaq sahəsinin ayrılmasına dair X13 müraciəti məqsəduyğun sayılmışdır. Bundan sonra X12 tərəfindən qanunvericiliyə uyğun şəkildə müvafiq rəyin alınması üçün Azərbaycan Respublikası keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt Ərazi şöbəsinə müraciət olunmuş və sonuncu tərəfindən 17 sentyabr 2019-cu il tarixli, 153 saylı rəy verilərək torpaq sahəsinin ölçüsünün 466 kvadrat metr olmaqla X5 mülkiyyətində olduğu, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilməklə torpaq sahəsinin bilavasitə X13 mülkiyyətinə verilməsinin mümkün olduğunu bildirmişdir. Müvafiq rəylər alındıqdan sonra sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 08 oktyabr 2019-cu il tarixdə X5 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və bu barədə bələdiyyənin adına "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" təqdim olunmuşdur. Qeyd edilən sənədlər əsasında X12 tərəfindən 31 oktyabr 2019-cu il tarixli, 11 saylı qərar qəbul edilərək sözügedən torpaq sahəsi X13 mülkiyyətinə ayrılmış, X16 tərəfindən torpaq sahəsinin alqı-satqı dəyəri olan 2940,46 (iki min doqquz yüz qırx manat qırx qəpik) manat məbləğində pul vəsaiti bələdiyyənin hesabına ödənilmiş və tərəflər arasında notariat qaydasında 23 noyabr 2019-cu il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanılmışdır. Bütün bu sadalananlar sözügedən bələdiyyə qərarının qanunvericiliyə tam uyğun şəkildə qəbul edildiyini və bu zaman hər hansı qanun pozuntusuna yol verilmədiyini sübuta yetirir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndində bələdiyyə mülkiyyətində olan torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara və ehtiyat fondu torpaqlarına ayrılmışdır. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinin müddəalarına əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Bu səbəbdən məhkəmənin bələdiyyənin mülkiyyətində olan və torpaqayırma sənədlərində hər hansı hüquqi və ya fiziki şəxsin hüququ ilə yüklü olmayan ehtiyat fondunun torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə bələdiyyə qərarını ləğv etməsini tamamilə əsassız və qanunazidd hesab edirlər. Belə ki, iddiaçının bələdiyyə mülkiyyətində olan sözügedən torpaq sahəsinə hər hansı hüququ yoxdur və torpağın adına sənədləşdirilməsi ilə bağlı heç vaxt X8 də müraciət etməmişdir. Eyni zamanda məhkəmə torpaq sahəsinin hüquqi statusu ilə yanaşı, İddiaçı da həmin torpaq sahəsinə münasibətdə hüquqi vəziyyəti barədə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi və üzərində X5 sərəncam verdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, M.Müşfiq küçəsi,ev 5 ünvanında yerləşən 2 saylı mənzillə hər hansı hüquqi bağlılığı mövcud deyildir. İddiaçının həmin yaşayış sahəsini formal olaraq mənzil, faktiki olaraq isə həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evi kimi məhkəməyə təqdim etməsi əsassız olsa da,məhkəmə iddiaçının bu əsassız mülahizəni qəbul edərək aşkar yanlışlığa yol vermişdir. Belə ki, həmin ərazidə vətəndaşlara verilmiş mənzillərin birmərtəbəli olması və hər mənzilin ətrafında boş torpaq sahələri olduğundan, iddiaçı da daxil olmaqla mənzil sahiblərinin sonradan həmin torpaq sahələrini hasarlayaraq və darvaza qoyaraq faktiki sahibliklərinə götürmələri barədə iddiaçının bildirdikləri həqiqəti əks etdirməməklə, adı çəkilən ərazidə yerləşən bələdiyyə torpaqları üzərində X5 sərəncam vermək hüququnun məhdudlaşdırılmasına əsas verə bilməz. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, iddiaçı üçüncü şəxsdən fərqli olaraq Hacı Zeynalabdin qəsəbəsi sakini deyildir və Bakı şəhərində daimi qeydiyyatda olmaqla oradakı mənzilində yaşayır. Bu səbəbdən iddiaçının mübahisələndirilən torpaq sahəsini hasarladığı barədə bildirdikləri həqiqətə uyğun deyildir. Məhkəmə sözügedən bələdiyyə qərarını ləğv edərkən iddiaçının həmin torpaq sahəsinin adına sənədləşdirilməsi məqsədi ilə X8 rəsmi qaydada müraciət edibetməməsini aydınlaşdırmamış, torpaq sahəsinə iddia etməsi üçün onun subyektiv hüququnun olub-olmaması məsələsinə münasibət bildirməmişdir. Üçüncü şəxs X5 ərazisində azyaşlı övladları və yaşlı anası ilə yaşadığından, şəxsi mənzilə və ya fərdi evə malik olmadığından yaşayış şəraitini yaxşılaşdırmağa ehtiyacı olan qəsəbə sakini kimi bələdiyyə tərəfindən müvafiq qaydada həyətyanı torpaq sahəsi ilə təmin olunmuşdur. İddiaçı isə Bakı şəhərində, eyni zamanda Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində şəxsi mənzillərə sahib olduğundan, həmin şəxsin bələdiyyə ərazisində torpaq sahəsini əldə etməsi üçün hər hansı hüquqi əsaslar və faktiki hallar mövcud deyildir. Bu səbəbdən məhkəmənin yalnız şəxsi mülahizəsinə əsaslanaraq mübahisələndirilən torpaq sahəsinin bilavasitə qəsəbə sakinin mülkiyyətinə verilməsini qanunsuz sayaraq, torpağın hərraca çıxarılmalı olduğu barədə gəldiyi nəticənin hər hansı hüquqi əsası yoxdur və bunu məhkəmənin birbaşa olaraq bələdiyyənin səlahiyyətlərinə, o cümlədən diskresion səlahiyyətinə qanunsuz bır müdaxiləsi kimi qiymətləndirirlər. Bu səbəbdən X5 mülkiyyətində olmuş 466 kvadrat metr torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə 31 oktyabr 2019-cu il tarixli,11 saylı qərarı qanunvericiliyə tam uyğun şəkildə qəbul olunmuşdur. Həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzillə hər hansı əlaqəsi olmadığından, iddiaçının bu torpaq sahəsinə münasibətdə məhkəmə qaydasında iddia etməsi üçün subyektiv hüququ yoxdur. Adı çəkilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğundan və üçüncü şəxs Hacı Zeynalabdin qəsəbəsində daimi yaşayaraq 5(beş) ildən artıq müddət qeydiyyatda olan şəxs kimi torpaq sahəsinin mülkiyyətimNə verilməsi üçün bələdiyyəyə müraciət etdiyindən, X3vericiliyə uyğun şəkildə bələdiyyənin bilavasitə qərarı ilə sözügedən torpaq sahəsi onun mülkiyətinə vermişdir. İddiaçının mülkiyyətində olan mənzilindən istifadə etməsi üçün yola ehtiyacı olması dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, onun qanunvericiliyə uyğun olaraq torpaqdan məhdud istifadə hüququnu- servitut tələb etmək hüququ mövcuddur. Eyni zamanda həmin mənzilin də içərisində yerləşdiyi hasar daxilində olan torpaq sahəsinin hasarının bir hissəsi avtomobil yoluna tərəf yerləşir və iddiaçı həmin hasarda darvaza yerləşdirməklə ayrıca yola və giriş-çıxışa malik ola bilər. Lakin istənilən halda iddiaçının bələdiyyə mülkiyyətində olan və torpaqayırma sənədlərində yüklü torpaq sahəsi kimi nəzərdə tutulmamış torpaq sahəsi üzərində X5 sərəncam vermək hüququnu mübahisələndirməsini əsassız sayırlar. İddiaçının belə bır iddia tələbi ilə Çıxış etmələri müvafiq qanunvericilik aktlarının tələbləri ilə ziddiyyət təşkil etməklə yanaşı, torpağın mülkiyyətçisi kimi X5 həm mülkiyyət hüququnu, həm dədiskresion səlahiyyətlərini aşkar şəkildə pozur. Üçüncü şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə torpaq sahəsinin hüquqi statusu və İddiaçı həmin torpaq sahəsinə münasibətdə hüquqi vəziyyəti barədə düzgün olmayan nəticələrə gəlmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi və onun mülkiyyətinə verilmiş torpaq sahəsinin iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilə hər hansı aidiyyəti yoxdur. Həmin mənzil formal olaraq iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilsə də, əslində ata-anasının vəsaiti ilə onlar tərəfindən ailələrinin istifadəsi üçün alınmışdır. Son dövrlərədək də həmin Mənzildə o, ailəsi ilə və anası ilə birlikdə yaşamışdır. İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək həmin mənzildən anasının və onun ailə üzvləri ilə birlikdə çıxarılmağını və mənzilin açarlarının ona təhvil verilməsini xahiş etmişdir. Eyni zamanda anası da İddiaçı qarşı “mənzilə çəkilmiş xərcin ödənilməsi barədə” qarşılıqlı iddia tələbi ilə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli,2(060)-215/2018 saylı qətnaməsi ilə həm İddiaçı iddia ərizəsi, həm də anasının ona qarşı verdiyi qarşılıqlı iddia ərizəsi təmin olunmuşdur. Lakin adı çəkilən məhkəmə qətnaməsindən İddiaçı apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(105)-2920/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2(060)-215/2018 saylı qətnaməsi qarşılıqlı iddia ərizəsinin qismən təmin olunduğu hissədə ləğv edilərək qarşılıqlı iddia əizəsi tamamilə rədd edilmişdir. Bu qətnamədən də tərəflərindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(102)-538/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin bu iş üzrə çıxardığı 27 iyun 2018-ci il tarixli,2( 105)-2920/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisələndirilən torpaq sahəsinin adı çəkilən yaşayış sahəsinə hər hansı aidiyyəti yoxdur, belə ki, sadalanan məhkəmə aktlarında da, müvafiq hüquq müəyyənedici sənədlərdə də ünvan 4 ünvanında yerləşən 2 saylı yaşayış sahəsinin fərdi yaşayış evi deyil, mənzil olduğu öz subutunu tapmışdır. İddiaçınm həmin yaşayış sahəsini formal olaraq mənzil, faktiki olaraq isə həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evi kimi məhkəməyə təqdim etməsi və məhkəmənin də bu əsassız mülahizəni qəbul etməsi tam qanunaziddir. Belə ki, həmin ərazidə vətəndaşlara verilmiş mənzillərin birmərtəbəli olması və hər mənzilin ətrafında boş torpaq sahələri olduğundan, iddiaçı da daxil olmaqla mənzil sahiblərinin sonradan həmin torpaq sahələrini hasarlayaraq və darvaza qoyaraq faktiki sahibliklərinə götürmələri barədə iddiaçının bildirdikləri nə həqiqəti əks etdirmir, nə də adı çəkilən yaşayış sahələrinin hüquqi statusunu dəyişdirmək üçün əsas qəbul edilə bilməz. Mübahisələndirilən mənzildə iddiaçı heç vaxt yaşamamış və işdə olan sənədlərdən də görünür ki, o, Bakı şəhərində daimi qeydiyyatda olmaqla oradakı mənzilində yaşamaqdadır. Bu səbəbdən iddiaçının guya torpaq sahəsini hasarladığı barədə bildirdikləri tamamilə yalandır və həqiqəti əks etdirmir. İddiaçının Bakı şəhərində mənizili olduğu, anası və ailə üzvləri ilə birlikdə yaşadığı və atasının iddiaçının adına sənədləşdirdiyi ünvan 4 ünvanında yerləşən 2 saylı mənzildən də onu və anasını çıxararaq mənzilə yiyələndiyi halda, indi də onun qanuni şəkildə mülkiyyətinə aldığı torpaq sahəsinə də iddia etməkdədir. Məhkəmə isə tamamilə əsassız olaraq bələdiyyə mülkiyyətində olmuş torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə bələdiyyə qərarını ləğv edərək iddiaçının tərəfini tutmuşdur. Halbuki, iddiaçı heç vaxt həmin torpaq sahəsinin adına sənədləşdirilməsi məqsədi ilə X8 rəsmi qaydada müraciət etməmiş və torpağa dair iddiasını irəli sürməmişdir. İddiaçının onun mənzilə yeganə giriş olan darvaza hissəsindən içəridə torpağın bir hissəsini çəpərlədiyi və darvazadan içəri daxil olmağına imkan vermədiyindən, onun mənzilə giriş edə bilməməsi barədə məhkəmədə bildirdikləri də həqiqətə uyğun deyildir. Belə ki, mənzilə girişə o, hər hansı əngəl törətməmiş və törətmir, eyni zamanda həmin mənzilin qarşısında 200 kvadrat metrədək boş torpaq sahəsi mövcuddur ki, həmin torpaq sahəsinin hasarının bir hissəsi avtomobil yoluna tərəf yerləşir və iddiaçı həmin hasarda darvaza yerləşdirməklə ayrıca yola və giriş-çıxışa malik ola bilər. O, yaşadığı mənzildən iddiaçı tərəfindən məhrum edildiyindən, ailəsinin və anasının normal yaşayışını təmin etmək məqsədi ilə bələdiyyə mülkiyyətində olan bu torpaq sahəsini əldə edərək orada ev tikmək məqsədindədir, çünki başqa yaşayış yeri olmadığından artıq xeyli müddətdir ki, kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. Əslində iddiaçıya torpaq sahəsi lazım da deyildir, sadəcə olaraq onu hər şeydən məhrum etmək niyyətindədir. X5 466 kvadrat metr torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qəbul etdiyi 31 oktyabr 2019-cu il tarixli 11 saylı qərarı tam qanuni və ədalətlidir. Mübahisəli torpaq sahəsinin ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilə hər hansı aidiyyəti olmadığı kimi, iddiaçının da bu torpağa iddia etməsi üçün hər hansı subyektiv hüququ mövcud deyildir. Qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğundan və o, da 5 ildən artıq müddətdir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayaraq daimi qeydiyyatda olan şəxs kimi torpaq sahəsinin mülkiyyətinə verilməsi üçün bələdiyyəyə müraciət etdiyindən, X12 tam qanuni olaraq özünün bilavasitə qərarı ilə sözügedən torpaq sahəsinin onun mülkiyətinə vermişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümyəndələri və vəkili apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs, onun nümayəndələri və vəkili apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apelyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2-1(118)-495/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilməli, verilmiş apelyasiya şikayətləri isə qismən təmin edilməlidir. İddianın mümkünlüyü ilə bağlı kollegiya qeyd edir ki, İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı xüsusi mülkiyyətində olan mənzilin həyətyanı torpaq sahəsinin üçüncü şəxsə satılması barədə cavabdeh inzibati orqanın qərarını mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər Cavabdeh və üçüncü şəxs apelyasiya şikayətində iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianın mümkün sayılmamasını xahiş etsələr də, kollegiya hesab edir ki, qaldırılmış iddia mümkün iddiadır, odur ki, bu hissədə hər iki apelyasiya şikayətinin dəlilləri əsassızdır və rədd edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, qaldırılmış iddia mümkün olsa da, mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, işin hallarından görünür ki, İddiaçı cavabdeh Sumqayıt şəhəri X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan 2 saylı mənzilin həyətyanı torpaq sahəsinin 466 kv.metrlik hissəsinin X13 mülkiyyətinə ayrılması barədə X5 31 oktyabr 2019-cu il tarixli, 11 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu öz qərarında onunla əsaslandırmışdır ki, bələdiyyələrin öz ərazisində beş ildən çox qeydiyyatda olan şəxslərə hərrac keçirilmədən torpaq sahəsini ayırmaq hüququ vardır. Lakin bir başa qanunda göstərilməsə də qeyd olunan torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə olduğu təqdirdə həmin torpaq sahəsinin hərrac keçirilmədən satılmasını məhkəmə düzgün hesab etmir. Nəzərə alınmalıdır ki, X12 torpaq sahəsini ayırmamışdan öncə əraziyə baxış keçirərək 03 may 2019-cu ildə akt tərtib etmiş və həmin aktda torpaq sahəsinin iki tərəfinin mişar daşla tikilməsini müəyyən etmişdir. Bu bir daha ona dəlalət edirdi ki, həmin torpaq sahəsi ilə bağlı iddia tələbi ola bilər. Belə olduğu təqdirdə torpaq sahəsi ayrılmamışdan öncə həmin torpaq sahəsinə iddia olan şəxslərin dairəsi müəyyən olunmalı və torpaq sahəsinin ayrılması zamanı ayrı seçkiliyə yol verməmək məqsədi ilə həmin torpaq sahəsi açıq hərrac vasitəsi ilə satıla bilərdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Faktiki hallar və sübutlar İş materiallarından görünür ki, Hacı Zeynalabdin qəsəbəsi ünvan 5-da qeydiyyatda olan X16 21.12.2018-ci ildə ərizə ilə X8 müraciət edərək, M.Müşfiq küçəsində yerləşən təqribən 475 kv.m. torpaq sahəsini fərdi ev tikmək məqsədilə mülkiyyət hüququ qaydasında rəsmiləşdirilməsini xahiş etmişdir. X12 vətəndaşın müraciətini aidiyyatı üzrə münasibət bildirmək məqsədilə 24.12.2018-ci il tarixdə 260 saylı məktubla Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərmişdir. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 08 fevral 2019-cu il tarixli, 12 saylı rəyində, Hacı Zeynalabdin qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerquruluşu, təsərrüfat və baş plana uyğun olan 475 kv m torpaq sahəsinin ayrılmasına etiraz edilməmiş və ayrılması nəzərdə tutulan torpaq sahəsinin mövqe planı Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. Sumqayıt şəhər X5 28 fevral 2019-cu il tarixli 02 saylı qərarına əsasən, Hacı Zeynalabdin qəsəbəsi ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan X13 fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə X8 müraciətini, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 12 saylı, 08.02.2019-cu il tarixli rəy və mövqe planını nəzərə alaraq, 'Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı, 23-cü və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddələrinə əsasən X13 mülkiyyətinə fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə müraciəti məqsədəuyğun hesab edilmiş, X5 yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan, qəsəbə ərazisində sahəsi 475 (dörd yüz yetmiş beş) kv.m. olan torpaq sahəsinin bilavasitə bələdiyyənin qərarı ilə vətəndaş X13 mülkiyyətinə verilməsi məqsədilə, Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 17-ci bəndinə əsasən həmin torpaq sahəsinin sənədlərinin X5 adına hazırlanması və alınmış rəyə, plan və ölçüyə əsasən torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinə müraciət göndərilməsi və sənədlər alındıqdan sonra "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 23-cü maddəsinə müvafiq olaraq sənədləşdirmənin başa çatdırılması qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt ərazi idarəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinin, X5 və Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi Bakı LTİ-nin nümayəndəsi tərəfindən tərtib edilmiş 05 may 2019-cu il tarixli aktdan görünür ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin iki tərəfi mişar daşı, bir tərəfi torla hasara alınmışdır. Torpaq sahəsinin daxilində tikili mövcud deyildir. Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt ərazi idarəsinin X8 ünvanladığı 17.09.2019-cu il tarixli rəydən görünür ki, bələdiyyə tərəfindən bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan 466m2 (0,0466 ha) torpaq sahəsi X5 mülkiyyətinə aid olmaqla, kateqoriyası - yaşayış məntəqələrinin torpaqları, təyinatı - fərdi yaşayış evinin tikintisi, uqodiyası sair torpaqlarıdır (boş torpaqlar) və alqı-satqı predmetidir. Torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir və hər hansı kommunikasiya xəttinin mühafizə zolağında yerləşmir. Qeyd edilənlərə əsasən X12 tərəfindən həmin torpaq sahəsinin (yerquruluşu planından çıxarış əlavə olunur) bilavasitə X13 mülkiyyətinə verilməsinə baxıla bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri. Hacı Zeynalabdin qəsəbəsindəki 0,0466 ha torpaq sahəsi 08.10.2019-cu il tarixdə mülkiyyət hüququ əsasında Bələdiyyənin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X5 vətəndaş X13 mülkiyyətinə fərdi ev tikintisi üçün yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsinin ayrılması haqqında 31 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, X5 28.02.2019-cu ıl tarıxiı 02 saylı protokolu, Sumqayıt şəhəri, Memarlıq və Şəhərsalma idarəsinin rəyini, Azərbaycan Respublikası Dövlət Komitəsinin 5 saylı Ərazi idarəsinin rəyini, Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrındə (reyestr nömrəsi **********98, 08.10.2019-cu il.) çıxarışını, torpaq sahəsinin plan və ölçüsünü nəzərə alaraq X5 mülkiyyətində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan, sahəsi 466 (dörd yüz altımış altı) kv.m olan həyətyanı torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılınası qaydaları haqqında” Əsasnamənin 23-cü bəndinə əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2, mənzil 46-da qeydiyyatda olan X13 mülkiyyətinə ayrılması, 16.03.2017-ci il tarixdə keçirilmiş son açıq torpaq Hərrac və ya müsabiqəsində satılmış torpaq sahəsinin 1 kv.metrinin dəyəri 6 manat 31 qəpik təşkil etməsi nəzərə alınaraq X16 tərəfindən 466 kv.m. torpaq sahəsinin 2940.46 manat məbləğində dəyəri ödənilməsi üçün 31.12.2019-cu il tarixınədək müddət müəyyən edilməsi, bu barədə F.Hüseynovun ünvanına 3 gün müddətinə bildiriş göndərilməsi, torpaq bazarı haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən torpağın dəyəri ödənildikdən sonra vətəndaş X16 ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanması qərara alınmışdır. Həmçinin qərarla F.Hüseynova ayrılmış 466 kv.m torpaq sahəsi 5 (beş)il müddətinə özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarından görünür ki, X12 ilə X16 arasında AN-İ ******* saylı, 23 noyabr 2019-cu il tarixli daşinmaz əmlakin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Bələdiyyə mülkiyyətində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 0.0466 ha olan torpaq sahəsini 2940.46 manata F.E.Hüseynova satmışdır. İş materiallarına əlavə edilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi, Kirov küçəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,83 kv.metr, köməkçi sahəsi 16,88 kv.metrdən ibarət olan 5 nömrəli evin 2 nömrəli yaşayış mənzili şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Həmin mənzilə dair 12.01.1995-ci il tarixdə tətib edilmiş fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportunun surətindən görünür ki, mənzil 2 otaqlı olmaqla, yaşayış sahəsi 35,83 kv.metr, köməkçi sahəsi 16,88 kv.metr olmaqla ümumi sahəsi 52.76 kv metrdir. Texniki pasportda mənzilin həyətyanı sahəsi barədə heç bir qeydiyyat aparılmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4-cü maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən, bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Hazırkı halda, işdən göründüyü kimi, Bələdiyyə tərəfindən üçüncü şəxsə satılan torpaq sahəsi bələdiyyənin mülkiyyətinə aid olmaqla, kateqoriyası - yaşayış məntəqələrinin torpaqları, təyinatı - fərdi yaşayış evinin tikintisi, uqodiyası sair torpaqlarıdır (boş torpaqlar) və alqı-satqı predmetidir. Torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir və hər hansı kommunikasiya xəttinin mühafizə zolağında yerləşmir. Bundan əlavə yuxarıda qeyd edilən normalara əsasən, müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Hazırkı iş üzrə 21 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 994 saylı 02.06.2021-ci il tarixli arayışdan görünür ki, X16 həqiqətən Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi Xətai küçəsi ev 2, mənzil 46-da yaşayır və qeydiyyatdadır. Qonşuların akına əsasən X16 1980-ci il tarixdən 1996-cı il tarixə qədər Xətai küçəsi, ev 2, mənzil 46-da yaşamış, sonra müvəqqəti olaraq 1996-cı il tarixdən dekabr 2019-cu il tarixə qədər M.Müşfiq küçəsi, ev 5, mənzil 2-də yaşamışdır. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxs 5 ildən artıq müddət ərzində Bələdiyyənin ərazisində daimi yaşamış və eyni zamanda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Belə olan təqdirdə kollegiya hesab edir ki, X12 tərəfindən mülkiyyətində olan 466 kvadrat metr torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə 31 oktyabr 2019-cu il tarixli,11 saylı qərarı qanunvericiliyin tələbləri gözlənilməhlə qəbul olunmuşdur İddiaçı, Bəldiyyə tərəfindən üçüncü şəxsin mülkiyyətinə verilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olan M.Müşfiq küçəsi 5 saylı evin 2 saylı mənzilinin həyətyanı sahəsi olaraq hasarlanaraq faktiki iddiaçının istifadəsində olduğunu, həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılması nəticəsində faktiki olaraq mülkiyyətində olan mənzilə daxil ola bilmədiyini bildirərək, Bələdiyyə tərəfindən qəbul edilmiş 31.10.2019-cu il tarixli 11 saylı qərarın ləğv edilməsini tələb etmişdir. İddiaçının dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. - 16.2-ci maddəsinə əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. - 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. - 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi iki halda qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsi onun geri qaytarılmasının mümkün olmaması əsası ilə onu istifadə edən şəxsin mülkiyyətinə verilə bilər: 1) sahə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilmiş olmalıdır və 2) sahə üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən ölçüdə istifadə edilmiş olmalıdır. Hazırkı işin halları ilə bağlı olaraq hər iki halın mövcudluğu müəyyən olunmadığı üçün iddiaçı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3 və 16.4-cü maddələrinə istinadla mübahisələndirilən sahənin geri qaytarılması mümkün olmayan sahə olduğu halından çıxış etməklə bələdiyyə qərarını mübahisələndirmək hüququ yoxdur. Belə ki, məhkəmə kollegiyası tərəfindən işin halları araşdırılarkən müəyyən edildi ki, mübahisəsi gedən torpaq sahəsi qeyri-qanuni istifadə edilən, yəni özbaşına tutulmuş torpaq sahəsi olmuş, bundan başqa, mübahisələndirilən torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış hər hansı torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahə də deyil, həmin sahədə iddiaçıya aid hər hansı tikili, qurğu və yaxud digər kommunikasiya olmamış, başqa sözlə torpaq sahəsi boş olmuşdur. Belə ki, məhkəmə kollegiyası tərəfindən mübahisəsi gedən torpaq sahəsinə tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Bələdiyyə tərəfindən üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin iki tərəfi mişar daşı, bir tərəfi torla hasara alınmışdır. Torpaq sahəsinin daxilində tikili mövcud deyildir. Həmin torpaq sahəsinin torla hasara alınmış hissənin o biri tərəfində iddiaçının mülkiyyətində olan mənzil yerləşir. Həmin mənzilin qarşısında 200 kvadrat metrədək boş həyətyanı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinin avtomobil yoluna baxan hissəsi mişar daşı ilə hasara alınmışdır. Həmçinin baxış zamanı müəyyən edildi ki, avtomobil yoluna baxan hasarın darvaza hissəsi üçüncü şəxsə ayrılmış torpaq sahəsinə düşsə də, iddiaçının mənzilinin qarşısındakı torpaq sahəsinin də avtomobil yoluna çıxışı vardır. Odur ki, iddiaçı yola baxan hissədəki hasarda qapı yerləşdirməklə öz mənzilinə müstəqil şəkildə daxil ola bilər. Belə olan təqdirdə kollegiya hesab edir ki, X12 31.10.2019-cu il tarixli, 11 saylı qərarı qəbul edərkən qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan sahəyə dair sərəncam vermişdir, həmin qərar iddiaçının hüquqlarını pozan inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını tam araşdırmadan maddi hüquq normalarını düzgün tətbiq etmədən iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2-1(118)-495/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar