Məhkəmə qərarları › İş №2-1(105)-217/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-217/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-217/2022 29.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “0,0691 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(118)-1975/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçının İddiaçı nümayədəsi X1 rayonu, Masazır kəndində yerləşən iddiaçıya ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 11 iyun 2021-ci il tarixli, ********** nömrəli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********19 saylı məktubu ilə iddiaçı tərəfin müraciətinə imtina cavabı verərək bildirmişdir ki, aparılan araşdırma zamanı İddiaçı 0.10 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəsinin 21 avqust 1996-cı il tarixli, 27 saylı sərəncamı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktı təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanın birinci hissəsindəki sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Müraciət üzrə əlavə edilmiş sənədlərdə hüquq sahibinin ad və ata adına, eyni zamanda torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bundan başqa, sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin 02 sentyabr 1994-cü il tarixli, 435 nömrəli sərəncamına əsasən vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Masazır kənd nümayəndəliyinin sərəncamına verilmiş 7.07 ha torpaq sahəsindən nümayəndəliyinin 21 avqust 1996-cı il tarixli, 27 nömrəli sərəncamına əsasən ona 0.10 ha torpaq sahəsi ayrılmış və həmin sahədə ev tikməyə icazə verilmişdir. Torpaq sahəsinin ayrılmasından 25 il vaxt keçməsinə baxmayaraq hələ də əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır. İddiaçının nümayəndəsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Qeyd edir ki, DTXK-nın Abşeron Rayon Şöbəsi tərəfindən verilmiş 16 may 2014-cü il tarixli, S 74 nömrəli rəydən görünür ki, torpaq sahəsi qanunamüvafiqdir və şöbə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz etmir. Abşeron rayon Dövlət Arxivi tərəfindən xx.xx.2008-ci ildə verilmiş F.115, s.1.a, s.v.1 çıxarışdan görünür ki, Masazır kənd icra nümayəndəliyinin sözügedən sərəncamı qanuni əsaslarla verilmişdir. Hesab edir ki, cavabdehin bildirişindəki daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə tərəfindən şərait yaradılmaması barədə qeydlər həqiqətə uyğun deyil. Qeyd edir ki, tərəflərindən idarə ilə dəfələrlə əlaqə saxlanılıb lazım olan bütün zəruri köməkliklərin göstərilməsi təklif edilmişdir. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz edərək, etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, müraciət üzrə əlavə edilmiş sənəddə (Masazır kənd üzrə nümayəndəsinin 21 avqust 1996-cı il tarixli, 27 saylı sərəncamında) hüquq sahibinin ad və ata adına (Simuzar Bəhmən), eyni zamanda torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş və təsdiq edilməmiş sxemə əsasən torpaq sahəsinin 0,0691 ha olduğu qeyd edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Masazır kənd icra nümayəndəliyinin 21 avqust 1996-cı il tarixli, 27 nömrəli sərəncamına əsasən Simuzər Abdullayevə 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində fərdi ev tikintisi aparılarkən küçənin geniş olması məqsədilə küçə həyətlərinə doğru çəkildiyindən torpaq sahəsinin faktiki ölçüsü 0.0691 hektaradək azaldılmışdır. Torpaq sahəsinin könüllü olaraq azaldılmasını nəzərə alaraq torpaq sahəsinin 0.0691 ha hissəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(118)-1975/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Abşeron rayonu, Masazır kənd üzrə icra nümayəndəliyinin 21 avqust 1996-cı il tarixli, 27 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsinin 0.0691 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(118)-1975/2021 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (-). Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh dörd əsasla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apelyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) Torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilməməsi; 2)“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanın birinci hissəsindəki sənədlərin Siyahısı” nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamlarının nəzərdə tutulmaması; 3) Müraciət üzrə əlavə edilmiş sənədlərdə hüquq sahibinin ad və ata adına, torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olması; 4) Torpaq sahəsinə texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmaması. Cavabdehin 1-ci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, torpaq sahəsinin ayrıc aktı ayrılacaq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını özündə ehtiva edir ki, bu da məzmun və mahiyyət etibarilə elə plan sxemə bərabər sənəddir. İşdə olan Abşeron rayonu Masazır bələdiyyəsinin Yerquruluşu planından çıxarışdan görünür ki, 0.0691 ha torpaq sahəsinin yerləşmə vəziyyətinə görə naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və həmin sənəd DTXK-nin Abşeron rayon şöbəsi, eləcə də, Masazır bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Cavabdehin 2-ci dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilən sənədlərdən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə icra nümayəndəliyinin “vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında” 21 avqust 1996-cı il tarixli sərəncamından çıxarışa əsasən, X2 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması qərara alınmışdır. Sərəncamların verildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli, 372 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsində icra hakimiyyətinin başçısının əsas səlahiyyətləri sırasına torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək aid edilmişdi. Həmin Əsasnamənin 22-ci maddəsində isə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri təsbit edilmişdir. Orada, həmçinin, qeyd edilmişdir ki, İcra Hakimiyyəti başçısının nümayəndəsi İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir. İşin hallarından müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin ayrılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi nümayəndəliyinin 21 avqust 1996-cı il tarixli sərəncamı müstəqil qaydada deyil, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş səlahiyyətlərin ötürülməsi (deleqasiyası) qaydasında qəbul edilmişdir. Belə ki, sorğuya cavaba əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 01 fevral 1994-cü il tarixli, 46 nömrəli sərəncamı ilə fərdi mənzil tikintisi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 57 ailəyə 5,7 hektar həyətyanı və 1,37 hektar küçə və yollar altına cəmi 7.07 hektar torpaq sahəsinin Xırdalan südçülük sovxozundan alınıb Abşeron RİH-in başçısının Masazır kəndi üzrə nümayəndəliyinə verilməsi haqqında sənədlər təsdiq edilmiş, torpaqların vətəndaşlara Abşeron RİH-in başçısının Masazır kəndi üzrə nümayəndəliyinin sərəncamı ilə ayrılmasına icazə verilmişdir. Həmçinin, Abşeron Rayon İcra Hakimiyyəti başçısının “01 fevral 1994-cü il tarixli, 46 nömrəli sərəncamına əlavə” haqqında 02 sentyabr 1994-cü il tarixli, 475 nömrəli sərəncamına əsasən ayrılmış torpaq sahəsindən 6 ailəyə 0.60 ha torpaq sahəsinin tikinti üçün yararsız olduğundan geri alınıb Xırdalan südçülük sovxozuna geri qaytarılması, əvəzində Xırdalan-Masazır asfaltının qərb tərəfindən bir o qədər torpaq sahəsinin ayrılması və torpaqların vətəndaşlara nümayəndəlik tərəfindən paylanmasına icazə verilməsi qərara alınmışdır. Göründüyü kimi sərəncamlar verilərkən qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi ilə bağlı həyətyanı torpaq sahəsi ayırmaq səlahiyyəti Abşeron Rayon İcra Hakimiyyətinə məxsus olmuş, o isə özünün bu səlahiyyətini qanunvericiliyin müddədalarına uyğun şəkildə özünün tabeliyindəki qurum olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinə həvalə etmişdir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlərin ötürülməsi qaydasında qəbul edilmiş qərar hüquqa uyğun şəkildə səlahiyyət sahibi tərəfindən qəbul edilmiş qərar hesab olunur. Digər tərəfdən isə sərəncamlar verilərkən qüvvədə olan qanunvericilikdə səlahiyyətlərin sözügedən qaydada ötürülməsini mümkünsüz edən hər hansı müddəa da mövcud olmamışdır. Ona görə də, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyi tərəfindən qəbul edilmiş İddiaçı torpaq sahəsinin ayrılmasına dair sərəncam da əslində, hüquq sahibi olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncam hesab olunmalıdır. Beləliklə, torpaq sahəsi İddiaçı qanuni əsaslarla ayrılmış sahə olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən, aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilmişdir: “2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin 2-ci dəlili əsassızdır. Cavabdeh orqanın 3-cü dəlilinə münasibətdə kollegiya bildirir ki, iddiaçıya məxsus AZE seriyalı 04369401 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının adı, soyadı və ata adı “X3” kimi qeyd edilmişdir. Həmçinin, iş materiallarında olan bütün sənədlərdə iddiaçının məlumatları “İddiaçı” kimi göstərilmişdir. Cavabdeh icra nümayəndəliyinin sərəncamında iddiaçının adı və ata adının “Simuzar Bəhmən” qeyd edildiyini bildirsə də, məhkəməyə təqdim olunan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə icra nümayəndəliyinin 21 avqust 1996-cı il tarixli sərəncamından çıxarışdan görünür ki, iddiaçının adı və ata adı “Simuzar Bəhman” kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd etdiyi nümayəndəliyin sərəncamında iddiaçının adının “Simuzar” kimi qeyd edilməsi iddiaçının təqsiri deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Bundan başqa, cavabdeh sözügedən torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu, plan sxemə əsasən torpaq sahəsinin 0,0691 ha olduğunu qeyd etmişdir. Buna münasibətdə kollegiya qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” ndan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə icra nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 27 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsi sənəd üzrə 0,10 ha, faktiki 0,073 ha-dır. Bundan əlavə işdən görünür ki, iddiaçının nümayəndəsi ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək torpaq sahəsinin 0.0691 ha hissəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bu baxımdan, kollegiya cavabdehin 3-cü dəlilini də əsassız hesab edir. Cavabdehin 4-cü yəni, torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmaması dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfindən mübahisəsi gedən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinin hasar daxilində yerləşməsi, üzərində yaşayış evinin olması, yol və qonşu torpaq sahəsi ilə sərhəddə olması müəyyən edilmişdir. Yerində müayinə zamanı hər hansı mübahisə doğuran xüsusat müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(118)-1975/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar