Məhkəmə qərarları › İş №2-1(105)-217/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-217/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-217/2025 14.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynli Nailə Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il 07 ay 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən 2023-cü ildə veirlmiş məlumat vərəqəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması və həmin vaxtdan yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2- 1(118)-3409/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. O, 1982-ci ildən etibarən Azərbaycan Respublikasının X4 müxtəlif vəzifələrdə xidmət etmiş, polis polkovnikidir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 iyun tarixli, 867 saylı sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Müharibə veteranı və əlildir. İddiaçı 18 iyun 2007-ci il tarixdə həbs edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3 və 204.1-ci maddələri ilə təqsirli bilinərək CMnin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə, CM-nin 204.1-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CMnin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq əmlakı müsadirə olunmamaqla 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 29 may 2008-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü dəyişdirilmiş, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən CMnin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə cinayət təqibinə xitam verilməsi və CM-nin 66.3-cü maddəsinin tətbiq edilib cəzaların toplanmasına dair hissənin hökmdən xaric edilməsi, ona CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 08 dekabr 2009-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək ona CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəza 2 il azaldılaraq üzərində 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzasının saxlanılması qərara alınmışdır. 07 iyun 2010-cu il tarixdə İddiaçı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1 və 3 (c) bəndlərinə əsaslanmaqla onun barəsindəki cinayət işinə məhkəmələrdə baxılarkən Konvensiyada nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İddiaçı 32370/10 saylı ərizəsi üzrə 30 yanvar 2020-ci il tarixli qərarında (İddiaçı Azərbaycana qarşı) Hökumətin verdiyi birtərəfli bəyannaməni nəzərə alaraq işin Məhkəmənin baxışından çıxarılması ilə bağlı qərar qəbul edib. Məhkəmənin tərəflərə mübahisənin dostyana həlli lə bağlı təklifi çərçivəsində Azərbaycan Hökuməti 6 sentyabr 2019-cu il tarixli bəyannamə ilə ərizəçinin Konvensiya ilə zəmanət verilən hüquqlarının pozulması ilə bağlı faktın müəyyən edildiyini bildirmişdir. Bəyannamənin 2-ci bəndində Hökumət ərizəçiyə dəymiş maddi və mənəvi zərəri, eləcə də xərcləri qarşılamaq üçün 3.000 (üç min) avro, o cümlədən həmin məbləğ üzrə ondan tutulacaq vergini ödəməyə hazır olduğunu bəyan etmiş və Məhkəməyə Konvensiyanın 37ci maddəsinin 1 (c) bəndi üzrə müraciəti işlər siyahısından çıxarmağı təklif etmişdir. AİHMin 30 yanvar 2020-ci il tarixli Qərarının 1-ci bəndində Azərbaycan Respublikası Hökumətinin birtərəfli qaydada bəyannamə yolu ilə ərizəçinin Konvensiya ilə zəmanət verilən hüquqlarının pozuntusunu tanıdığını etiraf etdiyi qeyd edilmişdir. AİHM-nin 30 yanvar 2020-ci il tarixli qərarından sonra hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu İddiaçı ilə bağlı ölkədaxili məhkəmələr tərəfindən qəbul edilmiş qərarlara yenidən baxmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 12(102)-3(a)/2022 saylı qərarına əsasən Ali Məhkəmənin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 08 dekabr 2009-cu il tarixli qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 29 may 2008-ci il qərarı İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə Sumqayıt Apellyasiya Məhkəməsində yeni apellyasiya baxışına təyin olunması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının l(105)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü İddiaçı Azərbaycan Respublikası CM- nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş, ona qarşı irəli sürülmüş CM-nin 234.4.3-cü maddəsinə dair ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Həmçinin İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. İddiaçı qanunsuz cinayət təqibinə məruz qaldığından və məhkum edildikdən sonra Daxili İşlər Nazirliyinin 14 yanvar 2008-ci il tarixli Ə-78 ş/h nömrəli əmri ilə "Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 3-cü bəndinə əsasən (cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olduqda) X4 xidmətdən 52 yaşında, yəni vaxtından 3 il əvvəl xaric edilmişdir. 10 yanvar 2008-ci il tarixə onun xidmət müddətinin təqvimi hesablama ilə 27 il 02 ay 20 gün, imtiyazlı hesablama ilə 34 il 03 ay 20 gün təşkil etməsi göstərilmişdir. İddiaçıya pensiya təyin edilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala 07 mart 2008-ci il tarixli 224 nömrəli məlumat vərəqi təqdim olunmuşdur. 01 iyul 2008-ci il tarixdən etibarən Mərkəzi Filial tərəfindən "Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə əsasən ona 34 il 03 ay 20 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 92 faizi həcmində xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. İddiaçının bəraət alması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəsini aldıqdan sonra, 11 iyul 2023cü il tarixdə X7 cənab Vilayət Eyvazova rəsmi müraciət edərək" Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 3-cü bəndinə əsasən (cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olduqda) X4 xidmətdən xaric edilməsi barədə DİN-nin 14 yanvar 2008-ci il tarixli Ə-78 ş/h nömrəli əmrinin məzmununun dəyişdirilməsi, həbsdə olduğu 5 il 10 ay 8 gün müddətin onun iş stajına daxil edilməsini və pensiyasının yenidən hesablanmasını xahiş edtmişdir. X6 12 dekabr 2023-cü il tarixli şəxsi heyət üzrə 3-13/Ə718/2023 nömrəli əmri ilə DİNnin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu stansiyasında xətt polis şöbəsinin Sumqayıt stansiyasında xətt polis məntəqəsinin rəisi, polis polkovniki İddiaçı X4n xaric olunması bərədə Nazirliyin 14 yanvar 2008-ci il tarixli şəxsi heyət üzrə 78 nömrəli əmrinə qismən dəyişiklik edilərək "Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 5-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə 26 aprel 2013-cü il tarixdən xidmətdən xaric edilmiş hesab olunmuş və 26 aprel 2013-cü il tarixə xidmət müddəti təqvimi hesablama ilə 32 il 06 ay 08 gün imtiyazlı hesablama ilə isə 39 il 07 ay 08 gün təşkil etməsi göstərilmişdir. Qeyd olunan əmr iddiaçının pensiyasının yenidən hesablanması üçün DİN Maliyyə-Plan idarəsinə göndərilmişdir. Nazirliyin Maliyyə-Plan idarəsi tərəfindən iddiaçı barədə əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 26 dekabr 2023-cü il tarixli 224 nömrəli məlumat vərəqi təqdim olunmuşdur. Təqdim olunan məlumat vərəqində iddiaçının 26 aprel 2013-cü il tarixdə yaşa görə DİO-dan xaric edilməsi və xidmət müddətinin təqvmi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il 07 ay 08 gün təşkil etməsi və xidmət müddətinə uyğun olaraq pensiyanın yenidən hesablanması göstərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 26 yanvar 2024-cü il tarixli 3-17-1/2-Q-19889-2024 nömrəli məktubu ilə iddiaçının pensiyasının yenidən hesablanmasından əsassız imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada İddiaçı 8 yanvar 2008-ci il tarixdən 34 il 3 ay 20 gün (ali təhsil illəri 2 il, təqvimi xidmət illəri 27 il 2 ay 20 gün, güzəştli xidmət illəri 5 il 1 ay) xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 29 iyun 2022-ci il tarixdən qüvvədə olan 9.6.1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. İddiaçı xx.xx.2013-cü il tarixdə yenidən ehtiyata buraxılmağı ilə əlaqədar sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş məlumat vərəqində təqvimi xidmət illəri 32 il 6 ay 8 gün təşkil etmişdir. Bununla əlaqədar, İddiaçı xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmədiyi üçün əmək pensiyasının yeni məlumat vərəqinə əsasən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il 07 ay 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası DİN-in 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən pensiyasının yenidən hesablanması, qeyd olunan tarixdən 8 faiz pensiya kəsirinin də hesablanaraq bir dəfəyə ona ödənilməsi və bundan sonra əmək haqqının 100 faizi məbləğində pensiyanın ödənilməsi üzərinə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il 07 ay 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən pensiyasının 2008-ci ilin yanvar ayından etibarən yenidən hesablanması və iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2-1(118)-3409/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vətəndaşın həbsdə olduğu müddətin iş stajına daxil edilməsi barədə işlədiyi orqanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli şəxsi heyət üzrə 3-13/Ə718/2023 nömrəli əmrinin olmasına baxmayaraq cavabdeh tərəfindən həmin dövrlərin staj olaraq nəzərə alınmaması iddiaçının yuxarıda qeyd olunan konstitusion hüququnun pozulması kimi qiymətləndirilir və sonuncunun həbsdə olduğu müddətin iş stajına daxil edilməsi iddiaçıya təyin edilmiş əmək pensiyanının yenidən hesablanması üçün əsas kimi nəzərə alınmalıdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazı ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 29 iyun 2022-ci il tarixdən qüvvədə olan 9.6.1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. İddiaçı xx.xx.2013-cü il tarixdə yenidən ehtiyata buraxılması ilə əlaqədar sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş məlumat vərəqində təqvimi xidmət illəri 32 il 6 ay 8 gün təşkil etmişdir. Bununla əlaqədar, İddiaçı xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmədiyi üçün əmək pensiyasının yeni məlumat vərəqinə əsasən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. b) İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz etdi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il 07 ay 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən 2023-cü il tarixdən etibarən yenidən hesablanması və həmin vaxtdan yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının müraciəti zamanı qüvvədə olan redaksiyası): Maddə 1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; (-) 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;https://eqanun.az/framework/11566 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;https://e-qanun.az/framework/11566 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olaraq hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 1 saylı Protokolun 1-ci maddəsinin müddəaları sosial və əmək pensiyası təminatı sisteminə də tətbiq edilir (Andreyeva Latviyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 77). 1 saylı Protokolun 1-ci maddəsi Konvensiya üzrə razılığa gələn dövlətlər üçün sosial təminat sisteminin hər hansı bir xüsusi formasını və ya belə sistem üzrə veriləcək əmək pensiyası növünü və ya miqdarını təmin etmək üçün heç bir pozitiv öhdəlik yaratmır (Suxanov və İlçenko Ukraynaya qarşı işi üzrə qərar, § 31; Stek və digərləri Birləşmiş Krallığa qarşı işi üzrə Böyük Palatanın qərarı, § 53). Lakin, razılığa gələn dövlətlər bu və ya digər sosial təminat sistemini təmin edərsə və onun daxili qanunvericiliyində həyata keçirilməsini müəyyən edərsə, bu hüququn qanun tərəfindən tanınması Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə düşən mülkiyyət marağı yarada bilər (Xoniakina Gürcüstana qarşı işi üzrə qərar, § 69). Beləliklə, qeyd etmək lazımdır ki, Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi müəyyən miqdarda əmək pensiyası verilməsi hüququnu təmin etmir, lakin, verilmiş əmək pensiyası məbləğinin azaldılması və ya ləğv edilməsi mülkiyyətdən dinc istifadəyə müdaxilə kimi qiymətləndirilə bilər (Rasmussen Polşaya qarşı işi üzrə qərar, § 71). Əgər əmək pensiyası məbləğinin azaldılması və ya ləğvi şəxsin fərdi hallarının dəyişməsi nəticəsinə görə deyil, qanunda dəyişikliklərin edilməsi və ya onun icrası nəticəsində baş vermişsə, bu Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlara müdaxilə kimi təsnif edilə bilər (X1rşı işi üzrə qərar, § 44). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, “... Beləliklə, müəyyən olunur ki, sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir... ....Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Digər tərəfdən, sosial təminat hüququ sahəsindən həyata keçirilən tənzimləmələr ədalət və hüquqi müəyyənlik prinsiplərinin tələblərinə də cavab verməlidirlər. Bu prinsiplər hər şeydən əvvəl hüquqi vəziyyətə dair aydınlığı, hüquqi tənzimləmələrin haqq-ədalətə əsaslanmalı olduğunu və qanunvericilik nizamlamalarının gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan görə bilmələri və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, insanların dövlətin hüquq siyasətinə etibarını artırır. Sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Hazırki inzibati iş üzrə iddiaçı iddia tələbini dəqiqləşdirərək, 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunmağı, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il 07 ay 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən 2023-cü il tarixdən etibarən yenidən hesablanması və həmin vaxtdan yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə bəraət aldıqdan sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli şəxsi heyət üzrə 3-13/Ə718/2023 nömrəli əmri ilə 14 yanvar 2008ci il tarixli Ə78ş/h nömrəli əmrinə düzəliş edilmişdir və qeyd edilmişdir ki, “DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu Nəqliyyatında Polis idarəsinin Sabunçu stansiyasında xətt polis şöbəsinin Sumqayıt stansiyasında xətt polis məntəqəsinin rəisi polis polkovniki İddiaçı X4n xaric olunması barədə Nazirliyin 14 yanvar 2008-ci il tarixli şəxsi heyət üzrə 78 nömrəli əmrinə qismən dəyişiklik edilərək "Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 5-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə 26 aprel 2013-cü il tarixdən xidmətdən xaric edilmiş hesab olunsun. 26 aprel 2013-cü il tarixə xidmət müddəti: təqvimi hesablama ilə - 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə - 39 il 07 ay 08 gün təşkil edir. Beləliklə, iddiaçının həbsdə olduğu 5 il 10 ay 8 gün müddət onun iş stajına daxil edilmişdir və onun əmək pensiyasının yenidən hesbalanması üçün müvafiq məlumat vərəqəsi cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdeh imtinasının dəlili kimi ona istinad edir ki, ”Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci və 9.6.1-ci maddələrinə əsasən… hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər istisna olmaqla hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir. Məhkəmə kollegiyası cavabdehin göstərilən normaya istinad etməsini əsassız hesab edir. Belə ki, göründüyü kimi həmin norma hərbi xidmətə yenidən qəbul edilmiş hərbi qulluqçulara şamil edilir ki, iddiaçı bu kateqoriya hərbi qulluqçulara aid deyildir. Hazırki mübahisənin hüquqi tənzimlənməsi “Əmək pensiyaları haqında” Qanunun 9.6-cı və 9.6.2-ci maddələri ilə həyata keçirilməlidir. Həmin normada deyilir ki, .... məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər ... istisna olmaqla hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir. Cavabdeh məhz bu normaya isntiad etməklə DİN tərəfindən iddiaçıya aid verilmiş məlumat vərəqsi əsasında əmək pensiyasının yenidən hesbalanmasını aparmalı idi. Bundan başqa məhkəmə kollegiyası yuxarıda istinad olunan Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, iddiaçının bəraət alması və bununla bağlı həbsdə olduğu müddətin sosial sığorta stajına daxil edilməsi 01 iyul 2017-ci il tarixdən sonrakı dövrə təsadüf etdiyinə və nəticə etibarı ilə bu halların onun iradəsindən asılı olmayan səbəblərlə bağlı olduğuna görə onun əmək pensiyasının yenidən hesablanması “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1ci maddəsində nəzərdə tutulmuş son 3 il müdəti ilə məhdudlaşdırılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3409/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il 07 ay 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən 2023-cü ildə veirlmiş məlumat vərəqəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması və həmin vaxtdan yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar