Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-218/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci tarixli, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.20 hektar torpaq sahəsi üzərində inşa etdirdiyi 1 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 1640.0 kv.m, tikintialtı sahəsi 1884.3 kv.m, həcmi 12348.0 kv.m olan yeni tikilinin onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-1066/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci tarixli, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.20 hektar torpaq sahəsi üzərində inşa etdirdiyi 1 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 1640.0 kv.m, tikintialtı sahəsi 1884.3 kv.m, həcmi 12348.0 kv.m olan yeni tikilinin onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində 0.20 ha torpaq sahəsi və həmin sahənin üzərində 650.2 kv.m əmlak kompleksi vardır. Həmin torpaq sahəsi və əmlak kompleksi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfində yerləşir. Abşeron rayon İcra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 254 nömrəli sərəncamına əsasən torpaq sahəsində mövcud qeyri-yaşayış obyektinin yenidənqurma və genişləndirmə işlərinin lahiyələndirilməsinə icazə verilmişdir. Obyekt tikintinin genişləndirilməsi barədə “xxxx” MMC tərəfindən tərtib olunmuş eskiz lahiyədə nəzərdə tutulmuş qaydada yenidən qurulmuş və genişləndirilmişdir. Yeni obyekt 1 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 1.640.0 kvm, tikintialtı sahəsi 1.884.3 kvm, həcmi 1.2348.0 kvm-dən ibarətdir. Bundan sonra tikiliyə dair ekspertiza rəyinin verilməsi məqsədi ilə Abşeron RİHB tərəfindən Azərbaycan Respublikası FHN-in X1 Baş idarəsinə müraciət olunmuş və həmin idarə tərəfindən tikiliyə xx.xx.2017-ci il tarixdə 24122/23667 nömrəli müsbət rəy verilmişdir. Rəydə qeyd olunur ki, “Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfində ticarət mərkəzi (dəyişikliklə əlaqədar)”nin işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılışdırılır. Abşeron Rayon İcra hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 008 nömrəli sərəncamına əsasən tikinti obyektinin istismarına icazə verilmiş və tikili xx xxx 2020-ci il tarixdə istismara qəbul olunmuşdur. Müvafiq sənədlər iddiaçı tərəfindən hazırlandıqdan sonra yeni tikilinin dövlət reyestrində qeydiyyata alınması üçün ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi idarəsinə müraciət olunmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla tikilini qeydiyyata almaqdan imtina etmişdir. İmtina məktubunda qeyd olunur ki, müəssisənin yerləşdiyi torpaq sahəsi Bakı-Sumqayıt yolunun mərkəzindən 24 metr məsafədə yerləşir, həmçinin-0.0106 ha hissəsi telekommunikasiya keçən kabel xəttinin, əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsinin 193 kvm hissəsi yolun, 387 kv.m hissəsi isə Ceyranbatan su kəmərinin mühafizə zolağında yerləşir. Cavabdeh təşkilat bu imtinanı ona göndərərkən əslində şəxsən özünün verdiyi xx.xx.2015ci il tarixli, ******* nömrəli çıxarışı şübhə altına almışdır. Yəni, bu imtinadan belə nəticə çıxır ki, torpaq sahəsi Bakı-Sumqayıt yolunun mərkəzindən 24 metr məsafədə yerləşdiyi, həmçinin 0.0106 ha hissəsi telekomunikasiya keçən kabel xəttinin əmlak kompleksi kimi müəssisənin tikintıaltı sahəsinin 193 kvm hissəsi yolun, 387 kvm hissəsinin isə Ceyranbatan su kəmərinin mühafizə zolağında yerləşdiyi üçün ona verilən çıxarış qanunsuzdur. Qeyd olunan qanunsuzluqlar nəyə görə çıxarış veriləndə aşkar olunmamışdı?. İddiaçı imtinanın bu hissəsini qanunsuz və əsassız hesab edir, bu müraciətə verilməli olan cavab olmamalı idi. Əlavə olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi məktubla da müəyyən olunur ki, ona məxsus olan torpaq sahəsi arasında xxxx MMC, KMTQ-nın balansında işlək kabel xətt təsərrüfatı yoxdur. İmtina məktubunun ikinci əsası isə guya sözügedən daşınmaz əmlaka dair tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin sənəddə aktın verilmə tarixi, qeydiyyat nömrəsi, kod nömrələri mövcud deyil. İmtinanın bu hissəsi də əsassızdır. Belə ki, sənədin verilmə tarixi xx xxx 2020-ci il, qeydiyyat nömrəsi Ö/003700 qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-1066/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci tarixli, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.20 hektar torpaq sahəsi üzərində inşa etdirdiyi 1 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 1640.0 m2, tikintialtı sahəsi 1884.3 m2, həcmi 12348.0 m2 olan yeni tikilinin onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırılmış və 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün əmlak kompleksinə müayinə baxışı keçirilərkən, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin Bakı-Sumqayıt yolunun (birtərəfli gediş-gəliş yolunun) mərkəzindən 24 metr məsafədə yerləşdiyi, həmçinin 0.0106 ha hissəsinin telekommunikasiya keçən kabel xəttinin, əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsinin 193 kv metr hissəsinin yolun, 387 kv metr hissəsinin isə Ceyranbatan su kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, aparılan araşdırma zamanı Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfində yerləşən yeni layihələndirilmiş əmlak kompleksi kimi müəssisənin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Həmçinin bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinə və "xxxx" ASC-yə məktub ünvanlanmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3/02-2420 saylı xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi avtomobil yolunun hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən ən azı 30 m aralı məsafə olmalıdır. Digər orqanlardan cavab göndərilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlə yanaşı tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Mövcud əmlak kompleksi binası tikintisinə icazə tələb olunan tikinti obyekti hesab olunduğundan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2. və 48.3.3.-cü maddələrinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir və layihəçi sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikası avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 18 saylı qərarının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 298 saylı qərarının tələbləri pozulmuşdur. Həmin qərara əsasən respublika əhəmiyyətli avtomobil yollarında mühafizə zolağı yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci və 180.2-ci maddələrinə əsasən lazımi icazələr almadan və ya tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətlərinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və ona əsaslanmışdır ki, inzibati orqanın arqumentləri məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı özünə mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Ceyraban qəsəbəsi, BakıSumqayıt şosesinin sağ tərəfində yerləşən 0.20 ha (2.000 m 2) torpaq sahəsinin üzərində inşa edilmiş 650.2 kv m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin genişləndirilməsi məqsədi ilə Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş və Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 2016-cı il tarixli 254 saylı sərəncamı ilə ona mülkiyyətində olan 0.20 ha torpaq sahəsində mövcud olan qeyri-yaşayış obyektinin yenidənqurma və genişləndirmə işlərinin lahiyələndirilməsinə icazə verilmişdir. Qeyri-yaşayış obyektinin yenidənqurma və genişləndirmə işlərinin lahiyələndirilməsinə icazə verilməsi məqsədi ilə Azərbaycan Respublikası FHN-nin X1 Baş İdarəsinin xx.xx.2017-ci il tarixli ********** saylı rəyi alınmış və həmin rəyə əsasən X3 qeyriyaşayış obyektinin genişləndirilməsinə razılıq verilmişdir. Müvafiq fəaliyyətlə məşğul olmaq üçün Lisenziyası olan “xxxx” MMC Lahiyə Smeta Bürosu tərəfindən qeyri-yaşayış obyektinə ediləcək dəyişikliklərlə bağlı eskiz layihəsi tərtib edilmiş və həmin layihə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmışdır. Hazırki iddia tələbi üzrə mübahisə predmeti olan qeyri-yaşayış obyektinin inşası tərtib edilmiş eskiz lahiyəsinə uyğun olaraq inşa edilmiş və tikinti işlərinin aparılması xx xxxx 2018-ci ildə başa çatmışdır. Tikilinin razılaşdırılmış qaydada həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən 003700 saylı “İstismara hazırlıq” aktı ilə rəsmiləşdirilmişdir. Daha sonra prosedur qaydalarına uyğun olaraq Abşeron rayon İcra Hakimiyyəti tərəfindən “Tikinti obyektinin istismarına” 008 saylı xx xxxxxx 2019-cu il tarixli “İcazə” verilmişdir. Qeyd olunan icazə sənədində tikinti altı sahəsinin 1814.08 m 2 olması, ümumi tikinti sahəsinin 1607.33 kv.m olması qeyd olunmuşdur, lakin həmin “İcazə”də olan “İstismara hazırlıq aktının verilmə tarixi və qeydiyyatı”, o cümlədən “Tikintilərin dövlət reyesteri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qrafaları boş saxlanılmışdır. İddiaçı xüsusi mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan qeyri yaşayış obyektinə edilmiş dəyişiklərin dövlət reyesterində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh həmin tikiliyə edilmiş əlavələrin qeydiyyata alınmasından imtina edir. Cavabdehin apelyasiya şikayətinin əsasını aşağıdakı dəlillər təşkil edir.
1. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi Bakı-Sumqayıt yolunun (birtərəfli gediş-gəliş yolunun) mərkəzindən 24 metr məsafədə yerləşir.
2. müəssisənin yerləşdiyi torpaq sahəsinin 0.0106 ha hissəsində telekommunikasiya keçən kabel xətti mövcuddur.
3. əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsinin 193 kv m hissəsi yolun, 387 kv m hissəsi isə Ceyranbatan su kəmərinin mühafizə zolağında yerləşir.
4. Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfində yerləşən yeni layihələndirilmiş əmlak kompleksi kimi müəssisənin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edilən dəlillərlə razılaşmır. Belə ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan qeyri yaşayış obyektinin magistral yolun mərkəzindən 24 metr məsafədə yerləşməsini bildirməsinə baxmayaraq, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh inzibati orqanın 193 kv metr hissənin avtomobil yollarının mühafizə zolağında yerləşməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tərəfindən torpaq sahəsinə deyil, həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyektinə dəyişiklik edilmişdir. Qeyd olunan 0.20 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ xx.xx.2015-ci ildə dövlət reyesterində qeydiyyata alınmış və tikilidə aparılmış dəyişikliklər torpaq sahəsindən kənara çıxmamışdır. Daha dəqiq, həmin torpaq sahəsinin yerləşdiyi sahə 2015-ci ildən əvvəl inşa edilmiş magistral yolun kənarında yerləşir. Bununla belə iş materiallarından bəlli olur ki, İddiaçı mülkiyyətində olan 0.20 ha torpaq sahəsi avtomobil yollarının mühafizə zolağında yerləşmir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxx” ASC “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 0-27 nömrəli məktubdan görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış obyekti avtomobil yolunun mühafizə zolağında yerləşmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri” nin tədtiq edilməsi haqqında xx xxxxxxxx 2015-ci il tarixli, 298 saylı Qərarının 1.1-ci yarımbəndinə əsasən respublika əhəmiyyətli avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının eni 30 metr təşkil edir. Həmin Qərarın 1.1-cı yarımbəndindən belə nəticəyə gəlmək olar ki, həmin mühafizə zolağında nəinki tikililər, həmçinin xüsusi mülkiyyətdə olan torpaq sahələri belə mövcud ola bilməz. Lakin İddiaçı mülkiyyət hüququ ilə məxsus olan 0.20 ha torpaq sahəsi nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hüquqi sələfi olmuş Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxx” ASC “xxxx” MMC tərəfindən, nə də hal-hazırda yolların mühafizəsinə nəzarət edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mübahisələndirilməmişdir. Bu isə bir daha qeyd olunan 0.20 ha torpaq sahəsinin avtomobil yollarının mühafizə zolağında yerləşməməsini sübut edir. Belə olduğu tədqirdə cavabdeh inzibati orqanın apelyasiya şikayətində istinad etdiyi həmin dəlilləri məhkəmə kollegiyası əsassız hesab edir. Cavabdehin apelyasiya şikayətində istinad etdiyi digər dəlilləri araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər də heç bir hüquqi əsasa söykənmir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC KMTQ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, K- 01/1056 nömrəli məktubdan (iş mat səh10) və məhkəmənin sorğusuna əsasən “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 04/01-5/4/14546 nömrəli məktubdan (iş mat səh 80) görünür ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus 0.20 ha torpaq sahəsinin altında xxxx MMC-nin, X11 Qovşağının balansında olan işlək kabel xətt təsərrüfatı yoxdur və Bakı-Sumqayıt şossesinin sağ tərəfində yerləşən obyekt Ceyranbatan magistral su kəmərinin mühafizə zolağında yerləşmir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Kollegiya qeyd edir ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən mülkiyyətində olan tikiliyə edilmiş dəyişiklik müvafiq icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasıda həyata keçirilmiş və FHN tərəfindən möhürlə təsdiqlənmiş istismara hazırlıq aktı tərtib edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 008 saylı icazə sənədində formal xəta olan “hazırlıq aktının tarixi və qeydiyyatının göstərilməməsi” isə tikilmiş qeyri-yaşayış sahəsinin istismarına qadağa hesab edilə bilməz. Bundan başqa, 008 saylı icazə sənədində doldurulmamış tikinti obyektinin kod nömrəsi dövlət reyesteri tərəfindən verilir və həmin orqanın özü tərəfindən veriləcək kod nömrəsinin 008 saylı icazə sənədində göstərilməməsi səbəbindən qeyriyaşayış obyektinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz. Həmin kod nömrəsi qeydiyyat orqanının özü tərəfindən də müəyyən edilə bilərdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 43.1-ci bəndinə əsasən dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. Göründüyü kimi, qeyd olunan dəyişikliklər cavabdeh təşkilatın özü tərəfindən edilə bildiyi halda, inzibati orqan tərəfindən edilmiş formal xətalar cavabdeh təşkilat tərəfindən imtina üçün əsas gətirilir. Halbuki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Beləliklə, cavabdehin apelyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyektinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə aktlar hesab olunur ki, bununla əlaqədar həmin torpaq sahəsində müvafiq tikintilərin aparılması üçün rəy və icazələr müvafiq qurumlar tərəfindən verilmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasında və apelyasiya şikayətində qeyd etdiyi dəlilləri əsaslı hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-1066/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.