Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-218/2025 15.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Sumqayıt Şəhər Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində Sumqayıt şəhər bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli 17 saylı qərarı ilə "xxxx" Kiçik Müəssisəsinə ayrılmış 132 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-873/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sumqayıt şəhəri, 16cı mikrorayon ərazisində "xxxx" Kiçik Müəssisəsi tərəfindən inşa edilmiş qeyri-yaşayış binası üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını, reyestrdən çıxarış və texniki pasportun verilməsi cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində Sumqayıt şəhər bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli, 17 saylı qərarı ilə "xxxx" Kiçik Müəssisəsinə ayrılmış 132 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər XDS Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 36 saylı protokolu ilə 16-cı mikrorayon ərazisində dükan tikintisi məqsədi ilə "xxxx" kiçik müəssisəsinə 72 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində inşa etdikləri qeyri-yaşayış sahəsinə çıxarış verilmişdir. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən, 16-cı mikrorayon ərazisində dükan tikintisi məqsədi ilə ayrılmış 72 kv.m torpaq sahəsindən əlavə istifadə etdikləri 132 kv.m torpaq sahəsi mərhum həyat yoldaşı X2 müraciəti əsasında "xxxx" kiçik müəssisəsinə ayrılmışdır. Cəmi ayrılmış 204 kv.m torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsi inşa etmişdirlər. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixdə "Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikili istismara qəbul edilməsi haqqında" istismara qəbul aktı almışdırlar. Yəni artıq 20 ilə yaxındır ki, inşa etdiyi tikinti fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat imtina məzmununda cavab vermişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət 3-21-3-31/1-1424/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ərizəyə sözügedən qeyri-yaşayış binasının qeydiyyata alınması üçün nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər, torpaq sahəsi üzərində hüquqları müəyyən edən sənəd, tikintiyə icazə sənədi, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə təqdim edilməmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 29 nömrəli xx.xx.2023-cü il tarixli torpaq icarəsi müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara zidd olaraq hərracdan kənar bağlanmışdır. 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən sözügedən daşınmaz əmlak üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququ faktının tanınması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixi 2(060)-12084/2016 saylı qətnaməsindən xx.xx.2017-ci il tarixində apellyasiya şikayəti verilmişdir. Lakin iş üzrə yekun məhkəmə qərarı idarəyə daxil olmamışdır. Qeyd edirlər ki, idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət torpaqlarına aiddir. Qeyriyaşayış binasının 78.1 kv.m hissəsi "xxxx" Kiçik Müəssisəsinin adına **********75- 06301 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmış, sonradan 94.0 kv.m hissəsi artırılmışdır. Tikilinin 6.8 kv.m hissəsi isə **********34-06301 reyestr nömrəli qeyriyaşayış binası ilə üst-üstə düşür. Bundan əlavə, hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin nizamnaməsi və dövlət reyestrindən çıxarış təqdim edilməmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı İddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-873/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində Sumqayıt şəhər bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli 17 saylı qərarı ilə "xxxx" Kiçik Müəssisəsinə ayrılmış 132 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti idia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. İddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin yalnız müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilməz. Göründüyü kimi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi idarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt inzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəflərindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur.Bundan başqa, hazırkı iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Sumqayıt Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları;.... Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatını dinləyib və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. İndiki halda iddiaçının tələbi qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına 132 kv.m. torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır.İş materiallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçı tərəfindən inşa edilmiş layihə üzrə ölçüsü 204 kv.m. olan və faktiki ölçüsü 210 kv.m. olan tikilinin istismara qəbul edilməsi haqqında akt tərtib edilərək, təsdiq edilmiş, habelə texniki baxış-rəyi tərtib edilmişdir. İş materiallarından görünür ki, 0,00781 ha (dövlət mülkiyyətində olan) torpaq sahəsində yerləşən ümumi sahəsi 60 kv.m. olan tikili üzərində iddiaçının adına xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, onun adına çıxarış verilmişdir.Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisində yerləşən 132 kv.m. torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə iddiaçının adına mülkiyyət hüququ faktı tanınmışdır. Məhkəmə araşdırması zamanı qeyd edilən məhkəmə qətnaməsinə dair mülki işin materialları tələb edilərək, baxış keçirilmiş, həmin məhkəmə qətnaməsinin icraya yönəldilməməsi halı müəyyən edilmişdir. Bundan əlavə, müvafiq icra şöbəsinə sorğu ünvanlanmış, qeyd edilən məhkəmə qətnaməsinə dair icra sənədinin mövcud olması halı aşkar edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 78 kv.m. torpaq sahəsində inşa edilmiş tikili ilə 132 kv.m. torpaq sahəsində inşa edilmiş tikili faktiki olaraq vahid əmlak kimi mövcud olmuş, tikilinin bir hissəsinə (78 kv.m. torpaq sahəsində yerləşən hissəsi) dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, digər hissəsinə (132 kv.m. torpaq sahəsində yerləşən hissəsi) dair mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tanınsa da, dövlət qeydiyyatına alınmamışdır. İndiki halda iddiaçının hüquqi marağı məhz 132 kv.m. torpaq sahəsində olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, nəticə etibarilə vahid əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Göründüyü kimi iddiaçı sözügedən əmlak üzərində mülkiyyət hüququnun tanındığı və müvafiq məhkəmə qətnaməsinin icrası qaydasında həmin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olduğu halda, ayrıca iddia icraatı qaydasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair tələb irəli sürmüşdür. Başqa sözlə desək, iddiaçının sözügedən əmlaka dair mülkiyyət hüququ artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tanındığından, qeyd edilən hal isə yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edildiyindən,iddiaçının ayrıca iddia icraatı qyadasında deyil, məhz həmin məhkəmə qətnaməsinin icrası qaydasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ mövcud olmuşdur. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən qəbul edilmiş məhkəmə aktının icraya yönəldilməsi, habelə verilmiş icra sənədinin vaxtında və lazımi qaydada icra edilməsi, icra sənədinin icrasının təmin edilməsinə yönəlmiş qanunla müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsinə nəzarət məhz müvafiq məhkəmə aktını qəbul etmiş və həmin məhkəmə aktı əsasında icra sənədini vermiş müvafiq məhkəmə tərəfindən həyata keçirilir. İndiki halda iddiaçının hüquqi marağına uyğun mümkün hüquqi müdafiə vasitəsi məhz iddiaçı tərəfindən artıq sözügedən əmlak üzərində mülkiyyət hüququnun tanınmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldilməsini tələb etməkdən ibarət olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, hazırki halda iddiaçının hüquqi marağı mülki məhkəmə icraatı qaydasında baxılan tələblə və həmin tələbə dair mülki məhkəmə icraatı qaydasında qəbul edilmiş müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldilməsi və icra edilməsi ilə bağlı olduğundan, həmin məsələyə isə məhz məhkəmə aktını qəbul etmiş məhkəmə tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, hazırki iddia tələbi inzibati məhkəmə icraatının predmeti qismində çıxış etməmişdir. Göründüyü kimi, hazırki halda iddiaçının iddia tələbi mülki məhkəmə icraatı qaydasında qəbul edilmiş məhkəmə aktının icrası ilə bağlı olmaqla, məhz həmin icraat çərçivəsində araşdırılmalı olan məsələ qismində ortaya çıxmışdır. Başqa sözlə desək, məhkəmə qərarının icrası məhz həmin məhkəmə qərarının qəbul edilməsi ilə bağlı aparılmış məhkəmə araşdırmasının tərkib hissəsi olmaqla, ayrıca icraat çərçivəsində deyil, məhz həmin məhkəmə qərarının icrası qaydasında baxılmalı olan məsələ kimi çıxış edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respulikası Konstitusiya məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il traixli Qərarının məzmununda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir.... “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10,24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8 və 26-cı maddələrinin müddəalarına müvafiq olaraq, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. Eyni zamanda, məhkəmələr tərəfindən bu qaydalara riayət edilməməsi icra məmurunu icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərmək vəzifəsindən azad etmir. Qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki iddia tələbi ayrıca iddia predmeti olmadığından və inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələb olmadığından, iddia mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlük şərtləri yoxlanılmamış, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, iddia tələbinə mahiyyəti üzrə baxmış, bununla da iş üzrə gəldiyi qənaəti yanlış olmuşdur. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə aid hissədə təmin edilməli, qalan hissədə isə iddia mümükn sayılmadığından, cavabdeh isə şikayətində iddianın təmin edilməməsini xahiş etdiyindən, həmin hissədə təmin edilməməlidir. Həmçinin, kollegiya iddiaçının diqqətinə onu çatdırmağı zəruri hesab edir ki, indiki halda iddiaçı sözügedən əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair hüquqlarının təmin edilməsi məqsədilə məhz Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12084/2016 saylı 10 oktyabr 2016-cı il tarixli qətnaməsinin icraya yönəldilməsi və icra edilməsinə dair ərizə ilə həmin məhkəməyə müraciət etməklə (icra icraatı qaydasında) mümkün hüquqi müdafiə vasitəsindən istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-873/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.